Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam etdirilir. Hazırda bu tərəqqini iqtisadi həyatın, demək olar ki, bütün sahələrində görmək mümkündür.
Son illərdə gəlirlə işləmək prinsipini həyat normasına çevirmiş, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynamış sahələrdən biri olan “Azərpoçt” MMC və onun regional filialları da Azərbaycanın inkişafına öz töhfələrini verməkdədir. Bu baxımdan Füzuli poçt filialı qabaqcıl müəssisələrdən biri kimi rayon əhalisinin etimadını qazanmışdır. Filialın rəisi Ceyhun Məmmədovla söhbətimiz də elə bu qurumun işi və qazandığı uğurlarla bağlı oldu.
C. Məmmədov dedi:
– Bütün şöbələrin işçiləri öz üzərlərinə düşən məsuliyyəti lazımınca dərk edir və əhaliyə yüksək səviyyədə xidmət göstərirlər. Kollektiv üzvlərinin əksəriyyəti təcrübəli, peşəsini sevən işçilərdir.
Şöbələrdə, eləcə də bütövlükdə filialda büdcəyə və büdcədənkənar fondlara ödənişlərin vaxtında ödənilməsi sahəsində heç bir problemimiz yoxdur, bu məsələlər vaxtlı-vaxtında həll edilir.
Poçt göndərişləri və dövri mətbuatın ünvanlara vaxtında çatdırılması məqsədilə rayon poçt filialına verilən “Niva Chevrolet” markalı avtomaşınla şöbələrlə gündəlik poçt mübadiləsi aparılması təmin olunur. Eyni zamanda, poçt xidmətinin daha da yaxşılaşdırılması məqsədilə yeni tədbirlər həyata keçirməyi planlaşdırmışıq.
Filialın rəhbər heyəti tərəfindən şöbələrdə vaxtaşırı reydlər keçirilir, səliqə-sahman işləri görülür, müvafiq uçot kitablarının aparılmasına nəzarət olunur və təlimat xarakterli göstərişlər verilir.
Filialda iş planının müvafiq bəndlərinin icrası ciddi nəzarətdə saxlanılır, ayrı-ayrı poçt şöbələrində sənədli və qəfləti maliyyə-istismar araşdırmaları aparılır. Əhalidən qaz və elektrik enerjisi haqlarının toplanılması işinə də diqqətlə yanaşılır. Poçt şöbələrinə daxil olan vəsaitlərin müvafiq təşkilatların hesablarına gecikdirilmədən köçürülməsi təmin edilir.
Payız-qış mövsümünə hazırlıq işləri də filialın tədbirlər planına uyğun şəkildə, demək olar ki, tam həyata keçirilmişdir.
Ümumiyyətlə, son vaxtlarda Füzuli poçt filialının fəaliyyəti müsbət göstəricilərlə müşayiət olunur. Bu da təbii ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların uğurlu nəticəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin regionlara qayğısı, rayon və kəndlərimizin inkişafı naminə imzaladığı sənədlər, gördüyü ardıcıl tədbirlər bizi də yeni-yeni nailiyyətlərə ruhlandırır. İndi yerlərdə hər kəs yaşadığı, işlədiyi bölgənin tərəqqisi üçün böyük həvəslə çalışır.
Onu da deyim ki, filialımız bu ilin 9 ayının proqnoz tapşırıqlarını vaxtından əvvəl 109 faiz yerinə yetirmişdir.
Filial üçün Horadiz şəhərində yeni inzibati bina tikilmiş və avadanlıqlarla təmin olunmuşdur. Hazırda işğaldan azad olunmuş ərazilərdə salınan yeni qəsəbələrdə 23 poçt şöbəsi fəaliyyət göstərir. Həmin şöbələrdən 20-si təzə tikilmiş binalarda yerləşir. Bir sıra kənd poçt şöbələri “kolver” sisteminə qoşulmaqla əhaliyə və idarə, müəssisələrə kompüterlər vasitəsilə yüksək səviyyədə poçt maliyyə xidmətləri göstərir.
Nəhayət, kollektivimiz adından səmərəli fəaliyyət üçün yaradılmış şəraitə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, o cümlədən “Azərpoçt” MMC-nin rəhbərliyinə dərin təşəkkürümü bildirmək istəyirəm. Əmin edirəm ki, filialımız bundan sonra da inkişaf tempini qətiyyətlə qoruyub saxlayacaq və daha yüksək nailiyyətlər qazanmağa çalışacaq.
Sonda xatırlatmaq istərdim ki, müəssisənin rəisi Ceyhun Məmmədov ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə “Rabitə ustası” fəxri adına layiq görülmüşdür.
İnanmaq istərdik ki, Füzuli poçt filialının kollektivi bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək və öncül mövqelərini qoruya biləcəkdir.
Z. SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.