Valentina MATVİYENKO: Strateji tərəfdaşlar olan Azərbaycan və Rusiya münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir

Azərbaycan paytaxtında keçirilən  IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko mətbuata müsahibə verib. 

Dövlətlərarası iqtisadi əlaqələrdən söz açan V.Matviyenko deyib: “Son illər Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edib, ticarət-iqtisadi əməkdaşlığın dinamikası yüksəkdir. Strateji tərəfdaşlar olan Azərbaycan və Rusiya münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir və bu, iki ölkənin liderlərinin - Azərbaycan və Rusiya prezidentlərinin səyləri sayəsində mümkün olub.

Azərbaycan və Rusiya prezidentləri arasında münasibətlər  qarşılıqlı etimada söykənən konstruktiv münasibətlər xarakteri daşıyır. Prezidentlər təkcə bu il üç dəfə görüşüblər. Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən Sammitində sanballı qərarların qəbul edilməsinə müvəffəq olmağımız, o cümlədən Rusiya ilə Azərbaycanın  səmərəli qarşılıqlı fəaliyyətinin nəticəsidir".

V.Matviyenko bildirib: “İqtisadiyyatlarımız  fəal inkişaf edir, çox böyük  potensialımız var. Özü də təkcə  mineral-xammal sahəsində deyil, həm də intellektual, sənaye, elmi sahələrdə”. O deyib ki, qarşılıqlı mal dövriyyəsinin həcmi artsa da, ölkələrimizin potensialına uyğun deyildir. Xəzər Sammiti zamanı dövlətlərimizin  başçılarının çox konstruktiv danışıqları olub.  Bu danışıqlarda  növbəti ciddi razılaşmalar əldə olunub,  o cümlədən qarşılıqlı investisiyaların müdafiəsinə dair sənədlər imzalanıb ki, bu da  investisiya əməkdaşlığının inkişafına kömək edəcəkdir. Federasiya Şurasının sədri deyib: “Biz  münasibətlərimizi  bütövlükdə müsbət qiymətləndiririk. Rusiya ilə Azərbaycanın səmərəli qarşılıqlı fəaliyyəti  regionda ciddi sabitlik amilidir. Beynəlxalq və  regional  problemlərin çoxuna dair mövqeyimiz ya yaxındır, ya da üst-üstə düşür. Biz Birləşmiş Millətlər Təşkilatında da, digər beynəlxalq məkanlarda da, o cümlədən parlament xətti ilə də Azərbaycan ilə  çox fəal əməkdaşlıq edirik”.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri barədə suallara cavab verən  V.Matviyenko bildirib ki, Azərbaycan Rusiya bazarını yetərincə iri həcmdə kənd təsərrüfatı məhsulları, o cümlədən  meyvə-tərəvəz və ət ilə təchiz edir.

Federal Məclisin Federasiya Şurasının sədri daha sonra qeyd edib: “Hazırda  kənd təsərrüfatı  məhsullarının göndərilməsinə əlavə tələbat, əlavə imkanlar yaranıb və bu barədə artıq razılaşmalar əldə olunub. Həmin razılaşmalar ticarət münasibətlərimizin  artmasına və genişlənməsinə gətirib çıxaracaq. Moskva meri Sergey Sobyaninin  Bakıya səfəri zamanı kənd təsərrüfatı məhsullarının satışının artırılmasına  dair konkret  müqavilələr imzalanıb və ən başlıcası təchizatın logistikasının yaradılması barədə razılaşmalar əldə olunub”.

Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışan V.Matviyenko deyib: “Bu forumu “Davos forumu” adlandırılar. Forumun əhəmiyyəti iqtisadi forumlardan heç də geri qalmır”.

Humanitar Forumun ölkəmizdə keçirilməsinin önəmindən danışan V.Matviyenko qeyd edib ki, Azərbaycanın mövqeyi dünyada sayılıb-seçilir. Biz çalışmalıyıq ki, dünyamız humanist olsun. Ona görə Bakıya toplaşan ekspertlərin, alimlərin, Nobel mükafatı laureatlarının təcrübəsindən istifadə etməliyik.  Humanitar dəyərlərə  önəm verilsə, heç bir münaqişə olmaz. Bakı Forumu müxtəlif xalqların bir araya gəlməsinə öz töhfəsini verir və hər zaman yüksək səviyyədə keçirilir.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında