Türkiyənin paytaxtı Ankarada beynəlxalq “Anadolu günləri-11” festivalı keçirilmişdir. Ankaranın Etimesqut Bələdiyyəsi tərəfindən təşkil olunan ənənəni festivalda Azərbaycanı 2012-ci ildə olduğu kimi, bu il də Şirvan şəhərinin mahnı və rəqs ansamblı təmsil etmişdir. Şirvanlıların festival tamaşaçılarına təqdim etdiyi proqramın təşkilatçılarından biri və rejissoru, Şirvan Şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Əziz Abbasovdan aldığımız müsahibəni oxuculara təqdim edirik.
– Əziz müəllim, əvvəcə sizi və rəhbərlik etdiyiniz kollektivi beynəlxalq “Anadolu günləri-11” festivalında uğurlu çıxmasına görə təbrik edirik. Bütün türk dünyasının maraqla izlədiyi nüfuzlu festivalda Azərbaycanı ləyaqətlə təmsil etmək, festival iştirakçılarında doğma Vətənimiz haqqında xoş təəssürat yaratmaq, doğrudan da, böyük uğurdur. Arzu edirik ki, belə uğurlar davamlı olsun.
– Çox sağ olun. “Xalq qəzeti”nin daimi oxucusu kimi, diqqətinizə və xoş arzularınıza görə minnətdarlığımı bildirirəm.
– Yaxşı olar ki, festival haqqında oxucularımıza məlumat verəsiniz.
– Hər il keçirilən bu beynəlxalq festival Ankaranın Etimesqut bələdiyyəsi tərəfindən təşkil olunur. Festivalın təşkilində məqsəd türk dövlətləri arasındakı qardaşlıq əlaqələrini möhkəmləndirmək, milli mədəniyyətləri uca tutaraq ortaq türk mədəniyyətinə yiyələnmək, onu bütün dünyaya tanıtmaq, türk mədəniyyətini yad ünsürlərdən qorumaq, onun assimilyasiyaya uğramasının qarşısını almaqdır. Festivala türk dövlətlərindən, habelə, başqa ölkələrin ərazisində toplum halında yaşayan türk xalqlarından nümayəndələr dəvət olunur. On gün davam edən festivalın hər günü bir türk ölkəsinə, yaxud xalqına həsr olunur. Festival yüz minə yaxın tamaşaçı tutumuna malik arenada keçirilir.
– Necə oldu ki, Azərbaycandan məhz sizin kollektiv dəvət olundu?
– Bir neçə ildir ki, Etimesqut ilə Şirvan şəhərləri arasında sıx əməkdaşlıq münasibətləri yaranmışdır. Üç il əvvəl Etimesqut Bələdiyyəsinin nümayəndələri Şirvan şəhərinə qonaq gəlmişdilər. Şəhərimizin Heydər Əliyev adına meydanında böyük konsert təşkil etdik. Etimesqutlular sənətçilərimizi həmin konsertdə görüb bəyənmişdilər. Buna görə də bizi festivala dəvət etdilər.
Festivala çox ciddi hazırlaşdıq. Musiqiçilərin, müğənnilərin, rəqqasların seçimi, repertuarın müəyyənləşdirilməsi, Azərbaycanın və Şirvanın inkişafını, görməli yerlərini əks etdirən videoçarxın hazırlanması, gərgin məşqlər, bir sözlə, az zaman içərisində hər şeyi yoluna qoyduq.
Yeri gəlmişkən, qeyd edim ki, festivala yaxşı hazırlaşmağımızda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun və onun ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Elmira xanım Ağayevanın da böyük köməkliyi olmuşdur.
– Festivaldan aldığınız təəssürat necədir?
– Çox zəngin təəssüratımız var. Hər şey ən yüksək səviyyədə təşkil olunmuşdu. Tamaşaçı izdihamı, sənətçilərimizin hər çıxışının gurultulu alqışlarla qarşılanması, səhnə arxasındakı ekranda Azərbaycan və Şirvan şəhəri haqqında bir-birini əvəz edən videogörüntülər, zövqlə bəzədilmiş səhnə, güclü işıq effekti, Azərbaycan və Türkiyə bayraqlarının qoşa dalğalanması, Azərbaycana olan böyük məhəbbət və maraq adamı vəcdə gətirirdi.
– Mədəniyyət və incəsənətimizi təmsil etmiş sənətçilər haqqında məlumat versəniz yerinə düşərdi.
– Tədbirə Şahin Gülmaliyevin rəhbərlik etdiyi “Şirvan” instrumental ansamblı,müğənnilər Afaq Abbasova, Təranə Əhmədova, Azər Həsənov, Cavid Ziyadinin rəhbərliyi ilə rəqqas və rəqqasələr Zenfira Vəliyeva, Günel Qurbanova, Əmrah Qəhrəmanov, Nurtən Cahangirova, Aytac Mustafazadə, Kənan Məhərrəmov, Nizami Cəfərzadə, Nurlan Hüseynzadə və bədii qiraətçi Xanımbacı Şirəliyeva qatılmışdılar.
– Festival barədə daha nələri demək istərdiniz?
– Tədbirin sonunda Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyinin müşaviri Ceyhun Zeynalov və Mərdan Camalov çıxış edərək bir millətin iki dövləti arasındakı qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi zərurəti haqqında dəyərli sözlər dedilər. Mərdan Camalov və Etimesqut bələdiyyəsinin başkanı Ənvər Dəmirəl bir-birinə xatirə hədiyyələri verdilər.
– Festival çərçivəsində Azərbaycanla bağlı daha hansı tədbirlər keçirildi?
– Festivalın sonuncu gecəsi “Azərbaycan gecəsi” kimi qeyd olundu. Azərbaycanın Türkiyədəki səfirliyi bu gecəyə xüsusi hazırlıq işləri görmüşdü. Belə ki, festivalın keçirildiyi ərazidə “Azərbaycan evi” təşkil olunmuşdu. Ev Azərbaycanın uğurlarını əks etdirən əyani təbliğat vasitələri ilə yüksək zövqlə tərtib edilmişdi. İstər Türkiyənin, istərsə də Azərbaycanın tanınmış elm, mədəniyyət, incəsənət adamları, gənclər “Azərbaycan evi”nə həvəslə gəlirdilər. Qonaqlara türk dilində nəşr olunmuş “Heydər Əliyev” və “İlham Əliyev” kitabları hədiyyə verildi, Azərbaycan şirniyyatları paylanırdı.
– Qarşıda daha hansı maraqlı tədbirlər gözlənilir.
– Noyabr ayında uşaq rəqs kollektivlərinin II Respublika müsabiqəsi keçiriləcəkdir. İndi həmin müsabiqəyə hazırlaşırıq.
Mehdi MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.