Elm və təhsildən bəhrələnməyi bacaran xalq zirvələr fəth edir

Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı pedaqoji idealları daim uca tutur
İndi haqqında söhbət açmaq istədiyim təhsil müəssisəsi ilə çoxdan - ulu öndər Heydər Əliyevin bu institutun və filialın yaradılması barədə fərman imzaladığı vaxtdan tanışam. Şəki-Zaqatala zonası üzrə bölgə müxbiri kimi tşləməyə başlayandan sonra isə bu filialda keçirilən bir sıra tədbirlərdə iştirak etmişəm. Açığını deyim ki, burada əvvəllər vəziyyət ürəkaçan olmayıb. Hamı təsdiqləyər. Son vaxtlar isə burada yaradılmış səliqə-sahman, təhsil ocağının maddi-texniki bazasının son dərəcə müasir standartlara cavab verən şəkildə yenidən qurulması, əmək intizamı, müəllimlərin təhsillə bərabər elmi yaradıcılığa da böyük önəm verməsi hamının gözü qarşısında baş verib. Diqqətli oxucu unutmayıb. Bu barədə dəfələrlə qəzetimizdə söz açmışam, filial haqqında çox danışmışam. Ancaq sən demə bu təhsil müəssisəsini hələ o qədər də yaxşı tanımırammış. Belə qənaətə gəlməyimin əsas səbəbi isə avqustun son günlərində rayonda eşitdiyim iki fakt oldu.
Birinci faktı YAP rayon təşkilatının sədri, rayon təhsil şöbəsinin müdiri Habil Qurbanovdan eşitdim. O, rayonun ictimai-siyasi həyatı barədə söz açarkən dedi ki, müəllimlər institutunun Zaqatala filialı bölgədə böyük nüfuz, hörmət qazanıb. Oradakı əmək intizamı və səliqə-sahman əsl müəllim nümunəsi göstərir.
Habil müəllim daha sonra haqqında söz açdığı təhsil ocağının uğurları barədə konkret faktlarla danışdı. Doğrusu, mən həmin uğurlarla eşitdiyim şəkildə dərindən tanış deyildim.
İkinci faktı isə Zaqatalanın sayılıb-seçilən ziyalılarından olan bir dostumdan eşitdim. Sən demə o, bu il ali məktəbə qəbul imtahanı zamanı yüksək bal toplayan oğluna ixtisas seçimində "şəxsən kömək etmiş", birinci yerdə məhz Müəllimlər İnstitutunun Zaqatala filialının adını yazdırıbmış. Mən ali təhsil almaq üçün hamının Bakıya getmək istədiyi bir vaxtda dostumun nə üçün belə seçim etdiyinin səbəbini öyrənmək istədim. Məntiqli səbəbə siz də fikir verin. "Əvvəla, təhsil müəssisələrinin hamısı dövlətin xüsusi nəzarətindədir. Bütün ali məktəblər bərabər şəkildə inkişaf etdirilir. Oxumaq istəyən tələbə hər yerdə yaxşı mütəxəssis ola bilər. İkinci, sizin dediyiniz o, Bakıya axın məsələsinə gəlincə, bildirim ki, indi Müəllimlər İnstitutunun Zaqatala filialına da böyük axın mövcuddur. Özü də, bunu hamı görür və etiraf edir".
Bax beləcə, "Əsl müəllim nümunəsi göstərən", bölgələrdə fəaliyyət göstərən ali məktəblər arasında öz auditoriyalarına ən çox tələbə axınını təmin edən filiala üz tutdum. Ali təhsil sisteminin peşəkar təşkilatçılarından olan, filialın bu gün həqiqi bir ali məktəbə çevrilməsində xüsusi rolu olan direktor Tovuz xanım Eminli ilə görüşmək istədim.
...Sanki il yarım əvvəl gəldiyim filial deyildi. Dərs ili üçün tam hazır vəziyyətə gətirilmiş həyətə, təhsil korpusuna, tələbə yeməkxanasına, ətrafdakı əsrarəngiz gözəllik yaradan gül-çiçəyə, yaşıllığa buranı ilk dəfə görən adam kimi baxırdım. Bu "nabələdliyimi" sezən filial əməkdaşı kimi istədiyimi biləndə qəribə fikir söylədi: - Tovuz xanım ya "Heydər Əliyev muzeyi"ndədir - oraya bu gün təzə eksponatlar gətiriblər, ya kompyuter mərkəzində. Bəlkə də linqafon kabinetindədir. Çünki orada ustalar işləyir.
- İndi mən o dediyin üç ünvandan hansına gedim?
- Heç birinə. Direktor özü indi tələbə yeməkxanasına baş çəkəcək, təmirdən sonra oradakı vəziyyətlə tanış olacaqdır.
Gözlədim və Tovuz xanım gəldi. - Yeni dərs ilinə ciddi hazırlaşırıq - dedi. - İstəyirik ki, hər şey ürəkaçan olsun. Bu da səbəbsiz deyil. Bu gün Azərbaycan təhsili ölkənin ümumi inkişafı fonunda tərəqqi edir. Azərbaycan Müəllimlər İnstitutu bu prosesin fəal iştirakçısıdır - desək səhv etmərik. Zaqatala filialı da məhz institut rəhbərliyinin müəyyən etdiyi inkişaf istiqamətlərini reallaşdıraraq qeyd edilən uğurlara imza atır. Əgər Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının fəaliyyətində qəzet səhifəsinə çıxarılmalı uğurlar varsa, bu ilk növbədə Prezident İlham Əliyevin ölkə təhsilinə qayğısının, nazirliyimizin ali təhsil müəssisələrinin inkişafını xüsusi diqqət mərkəzində saxlamasının və nəhayət bizim rektorumuz, professor Aqiyə xanım Naxçıvanlının filiallarda işin təşkilinə bilavasitə özünün nəzarət etməsinin nəticəsidir. Etiraf etməliyik ki, bir çox məsələləri Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həll edirik. Yəni tələbələr üçün yaratdığımız bu müasir şəraitin ərsəyə gəlməsində hamının özünəməxsus xidməti var.
Məhz bu məqamları nəzərə alaraq, eyni zamanda, bizim institutun əvvəlki adla fəaliyyətə başlamasının 80 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il dekabrın 7-də rektorumuz Aqiyə xanım Naxçıvanlını "Şöhrət" ordeni ilə, institutun 17 nəfər əməkdaşını isə "Tərəqqi" medalı ilə təltif etmişdir. Bununla yanaşı, Prezident sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun 17 nəfər işçisinə əməkdar elm xadimi, əməkdar müəllim və əməkdar mədəniyyət işçisi fəxri adları verilmişdir. Dövlət başçısının həmin qiymətləndirmələri bizim fəaliyyətimiz üçün yeni stimul olmuş, məsuliyyətimizi qat-qat artırmışdır. Prezidentin son sərəncamı ilə müəllimlərin əmək haqlarının, doktorant, magistr və bakalavrların təqaüdünün artırılması isə kollektivimizin növbəti sevincinə səbəb olmuşdur.
- Ancaq əsas məsələ mövcud imkanları ümumiləşdirərək ümumi məqsədə gedən yolun qısaldılmasına, rəvanlaşdırılmasına nail olmaqdır. Siz həmin təşkilatçılıq işlərini müvəffəqiyyətlə yerinə yetirmisiniz.
- Bu, Heydər Əliyev idarəçilik prinsiplərinin bizə öyrətdiyi keyfiyyətlərdir. Diqqət yetirirsinizsə, Azərbaycanın bu gün dünya miqyaslı çoxsaylı uğurlar əldə etməsinin əsas səbəbi də məhz Heydər Əliyev siyasi kursudur. Bir neçə gün əvvəl Prezident İlham Əliyev Bakının ən görkəmli yerində Dövlət Bayrağı Meydanının açılışını etdi. O zaman mənim ürəyimdən belə bir hiss keçdi ki, kaş dünyanın ən hündür qülləsi üzərində quraşdırılan Azərbaycan bayrağının dalğalanmasını ulu öndər Heydər Əliyev də görəydi. Çünki bu bayrağın əbədiyaşarlığını məhz o təşkil etmiş, dövlət müstəqilliyimizi o əbədiləşdirmişdir. Biz çox şadıq ki, ulu öndərin qoruduğu üçrəngli bayrağı cənab Prezidentimiz İlham Əliyev Ginnesin Rekordlar kitabına düşəcək bir səviyyədə ucaltdı. Bu həqiqətlər bizi daha yaxşı işləməyə, daha məsuliyyətli fəaliyyət göstərməyə ruhlandırır. Bayraq meydanının açılış mərasimində dövlət başçımız müəllimlərin üzərinə böyük vəzifə qoyaraq söylədi: "Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər, Vətənə sadiq olsun. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini biz təmin etməliyik". Mən çox şadam ki, həm Zaqatala filialının tələbələrini dövlət başçımızın tövsiyə etdiyi şəkildə tərbiyə edirik, həm də məzunlarımız işlədikləri məktəblərdə gənc nəslin yüksək səviyyədə tərbiyə olunmasına özünəməxsus töhfələr verirlər. Filialımız fəaliyyətə başlayandan sonra minlərlə məzunumuz Azərbaycanın ən ucqar rayonlarının orta məktəblərində dövlətin və Təhsil Nazirliyinin qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetitirlər.
Çox şadıq ki, Azərbaycan ali təhsil sistemində dövri olaraq hər il bir yenilik tətbiq edilir və bu yeniliklər ümumi inkişafa təkan verinr. Sentyabrın 4-də "Gülüstan" Sarayında keçirilən rəhbər təhsil işçilərinin ənənəvi respublika konfransında təhsil naziri Misir Mərdanov dedi ki, bu il Azərbaycan təhsil tarixində ilk dəfə olaraq ali təhsil müəssisələrində adambaşına maliyyələşmə mexanizminin tətbiq edilməsi mühüm hadisədir. Elə Azərbaycan təhsilinin Avropa təhsil məkanına - Boloniya prosesinə qoşulması da böyük uğurlardan biridir. Bu gün Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində həyata keçirilən istənilən tədbirin müsbət nəticələr verməsinə nail olunur. Yeri gəlmişkən əlavə edim ki, bizim filialda 3 ildir ki, tələbələr Boloniya təhsil prosesinin tərkib hissəsi olan kredit sistemi ilə təhsil alırlar. Bu isə təhsilin ümumi keyfiyyətini artırır. Təkcə 2010-cu ildə filialın məzunlarından 10 nəfəri magistraturaya qəbul olunmuşdur ki, bu da çox yaxşı göstəricidir.
Filialımız haqqında əhatəli şəkildə söz açmaq istəmirəm. Ancaq bəzi konkret faktları və məqamları hörmətli oxucuların nəzərinə çatdırmaq mümkündür. Bildiyiniz kimi Azərbaycan Müəllimlər İnstitutu ulu öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə yaradılmışdır. Bu institut ölkədə mövcud olan bütün ali təhsil müəssisələrindən bir neçə cəhətdən fərqlənir. Burada 12 filial fəaliyyət göstərir. Öhdəsinə düşən kadr hazırlığı vəzifəsi mürəkkəbdir, çox istiqamətlidir. Bununla belə bu ali məktəbin fəaliyyəti ona xüsusi nüfuz, çəki qazandırmışdır. Dövlət pedaqoji kadrların yenidən hazırlanması və onların ixtisaslarının artırılması kimi mühüm bir işi məhz Azərbaycan Müəllimlər İnstitutunun öhdəsinə vermişdir. Filialda tələbələr bakalavr təhsil pilləsində yeddi ixtisas üzrə təhsil alırlar. İbtidai təhsilin pedaqogika və metodikası, məktəbəqədər təhsilin pedaqogika və metodikası, Azərbaycan dili və ədəbiyyatı, tarix, tarix və coğrafiya, riyaziyyat və fizika, nəhayət, riyaziyyat və informatika. Bu ixtisaslar üzrə ilkin müəllim hazırlığı həyata keçirilir. Filial Zaqatala, Balakən və Qax rayonlarının təhsil müəssisələrinin pedaqoji kadrları və mütəxəssisləri üçün ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə elmi və tədris-metodik mərkəzə çevrilmişdir. Hazırda burada pedaqoji təhsil və müəllim hazırlığı fasiləsiz aparılır. Son beş ildə təxminən 2000 nəfərə yaxın pedaqoji kadr ixtisasartırma kurslarından keçib. 300 nəfərə yaxın müəllim yenidən hazırlanma təhsili alaraq ikinci ixtisasa yiyələnib.
- Fəaliyyət sahəniz də, gördüyünüz işin həcmi də olduqca böyükdür. Bu qədər işin öhdəsindən gəlmək üçün kifayət qədər kadrların toplanmasının özü bir məsuliyyətli vəzifədir.
- Əlbəttə, ümumi işçilərimizin sayı 104 nəfərdir. İndi filialda 2 nəfər professor, 18 nəfər elmlər namizədi, 6 nəfər dosent, 9 nəfər baş müəllim, 1 nəfər əməkdar müəllim, 4 nəfər dissertant və bir çox başqa mütəxəssislər fəaliyyət göstərir. 1 nəfər isə "Tərəqqi" medalı almış müəllimimiz var. Bir fakültə və iki böyük kafedra təlimin daha səmərəli qurulmasında mühüm rol oynayır. Əlavə təhsil kabineti, kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabineti, eləcə də müasir təlim metodları və dayaq məntəqələri ilə iş kabineti çoxdan fəaliyyət göstərirdi. İndi həmin sıraya linqafon kabineti də əlavə edilib.
Filialda kitabxana (2500-dən çox ədəbiyyat vardır), laboratoriya, 120 yerlik tələbə yeməkxanası, geniş idman zalı, 220 yerlik akt zalı, 10 auditoriya, yarım hektar sahədə tələbə şəhərciyi kollektivin istifadəsindədir. Ayrıca guşədə yaradılmış "Heydər Əliyev Muzeyi" yeni eksponatlarla zənginləşdirilib. Bütün əlamətdar günlər, eləcə də gənclərin YAP sıralarına qəbulu məhz burada keçirilir. Filialda bütün şöbələr və otaqlar kompyuterləşdirilib. Hörmətli rektorumuz, professor Aqiyə xanım Naxçıvanlının dəstəyi ilə filial əsaslı şəkildə təmir olunub. Bu gün cəsarətlə demək olar ki, filial yeni dərs ilinə tamamilə hazır vəziyyətə gətirilib.
Tovuz xanımla xeyli söhbət etdik. Azərbaycan Müəllimlər İnstitutunun gördüyü möhtəşəm işlərdən həvəslə danışırdı. Və sonda onu əlavə etdi ki, bu gün bu təhsil ocağında oxuyan tələbələr bilik əldə etməklə yanaşı, sözün əsil mənasında bir vətəndaş kimi yetişirlər. Fəxr olunmalı sözlərdir. Bunu təhsil müəssisəsində özümüz gördük, özümüz eşitdik...

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında