Heydər Əliyev milli neft strategiyasının banisidir (əvvəli qəzetimizin 19 sentyabr 2014-cü il tarixli sayında)

Müsahibimiz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadədir

Təkcə doğulduğu Pirşağıda və neft Bakısında deyil, bu gün  bütün Azərbaycanda az qala uşaqdan-böyüyə kimi hər kəsin yaxşı tanıdığı bu insanla görüşüm məni xeyli uzaqlara apardı. Hələ 1994-cü ildə Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Rasim Dadaşovun 4-cü mərtəbədə yerləşən otağında onu görmüşdüm. Hər dəfə də qədim neft diyarından, Bakı neftçilərinin fədakar əməyindən vurğunluqla danışan Rasim müəllimin söhbətlərindən neft korifeylərimiz Azad Mirzəcanzadəni, Firudin Əliyevi, Sabit Orucovu, Bəhmən Hacıyevi, Səyyad İbrahimovu, Akif Əlizadəni tanımışdım. Bu söhbətlərdə onun da adı həmişə çəkilib və Rasim müəllim deyərdi ki, Xoşbəxt Bakı neftinin canlı tarixi və Azərbaycanı dünya neft sənayesinin beşiyi kimi tanıdanlardandır. Bakı neftinin taleyini özünün həyat amalı seçən Xoşbəxt müəllimin-bu sadə və böyük insanın söylədikləri isə həm də Azərbaycanın tale yoludur. O, danışır: həyat tərzinə, yaşına uyğun bir vüqar və təmkinlə, dövlətinə, millətinə vurğunluqla...

Azərbaycan həm də böyük qaz ölkəsidir

- Sizin məşhur bir fikriniz var: “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, “Şahdəniz” ölkəmizi xaricdə qaz ölkəsi kimi tanıtdı”. Demək olarmı ki, 21-ci əsr qaz layihələri əsri oldu?

- Bu, həqiqətən də belədir. 2013-cü ildə Azərbaycanda 29,4 milyard kubmetr qaz hasil edilib ki, bu da 2004-cü ildə çıxarılmış 5 milyard kubmetr qazla müqayisədə 5,9 dəfə çoxdur. Qaz hasilatındakı bu artım, ilk növbədə, “Şahdəniz” yatağı ilə bağlıdır. Ötən il yataqda istismarda olan 6 quyudan 9,8 milyard kubmetr qaz və 2,45 milyon ton kondensat hasil edilib. Orta hesabla gündə 27 milyon kubmetr qaz və 7 min kubmetr kondensat çıxarılıb.

Ümumiyyətlə, deyim ki, 1999-cu ilin iyulunda Xəzərin Azərbaycan sektorunda nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və eyniadlı qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi təkcə Azərbaycanın deyil, bütün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi işinə böyük töhfə oldu. “Şahdəniz” yatağının bu günə təsdiq edilmiş karbohidrogen ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarətdir. İşlənmənin əvvəlindən “Şahdəniz” yatağından 14 milyon ton kondensat və 54 milyard kubmetr qaz hasil edilib. 2014-cü il sentyabrın 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənubi-Qafqaz Boru Kəməri ilə Gürcüstana 4 milyard kubmetr və Türkiyəyə 29 milyard kubmetr qaz verilib.

2007-ci ilin iyul ayında istifadəyə verilmiş Cənubi-Qafqaz (Bakı-Tbilisi-Ərzurum) Boru Kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlanır, Azərbaycan və Gürcüstan ərazilərindən keçib, Türkiyənin Ərzurum şəhərinə çatır və burada Türkiyənin BOTAŞ şirkətinin kəmərlər sisteminə qovuşur. Kəmərin ümumi uzunluğu 971 kilometrdir ki, bunun da 443 kilometri Azərbaycan, 248 kilometri Gürcüstan və 280 kilometri Türkiyə ərazisindən keçir. Qaz kəmərinin diametri 1066 mm və yaxud 42 düymə, keçiricilik qabiliyyəti ildə 20 milyard kubmetrə  qədərdir.

“Şahdəniz” strukturu birinci dəfə 1954-cü ildə Azərbaycan geofizikləri tərəfindən aşkar edilmiş və 1983-cü ildə dərin axtarış qazmasına hazırlanmışdı. Lakin həmin sahədə dənizin dərinliyinin çox olması və iqtisadi çətinliklərlə əlaqədar burada aparılan işlər nəticə verməmişdi. “Şahdəniz” strukturunun yenidən dərin kəşfiyyat qazmasına daxil edilməsi 1996-cı il iyunun 4-də xarici şirkətlərlə “Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” perspektivli sahəsinin kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında” sazişin imzalanması hesabına mümkün oldu. Saziş üzrə aparılan axtarış-kəşfiyyat işləri nəticəsində “Şahdəniz” yatağı 1999-cu ilin iyul ayında aşkar edildi.

Həmin il iyulun 12-də yataqda əldə edilmiş nəticələrin təqdimat mərasimində çıxış etmək üçün ulu öndərimiz mənə də söz verdi. Mən Xəzərdə zəngin neft və qaz yataqlarının kəşf edilməsində və işlədilməsində ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışdım və “Şahdəniz” yatağı barədə məlumat verərkən bildirdim ki, bu yatağın da taleyi Heydər Əliyevlə bağlıdır. Qeyd etdim ki, “Azərbaycan geoloqları, geofizikləri iyirmi ildir bu yatağın perspektivinə inanırdılar, orada iş görürdülər, amma ortada bir şey yox idi.

Yadımdadır, 1996-cı ilin may ayı idi. Hörmətli Prezidentimiz hamımızı yığdı, bizi dinlədi. Sonra da öz qətiyyəti ilə belə bir qərar verdi ki, biz Azərbaycanı təbii qazla mütləq təmin etməliyik və bunun üçün “Şahdəniz” yatağında xaricilərlə birlikdə işləməliyik”. Daha sonra “Şahdəniz” yatağının ehtiyatları məsələsinə toxunaraq dedim ki, biz inanırıq, yataqda ikinci-üçüncü quyular qazılandan sonra onun ehtiyatı gözləniləndən də  artıq olacaqdır və buna heç bir şübhəmiz yoxdur. Bu vaxt Heydər Əliyev çxışımı kəsərək  mənə sual verdi: “Demək, indi ehtiyat 700 milyard kubmetrdir. Bunu deyirsiniz?!”

Cavab verdim ki, bəli, amma mənə qalsa, deyə bilərəm ki, orada ehtiyat bir trilyon kubmetrdən az olmaz. Bəlkə, artıq olacaq, amma əskik olmaz.

Zaman və görülən işlər fikirlərimizin doğruluğunu təsdiq etdi. Artıq məlumdur ki, “Şahdəniz” yatağının karbohidrogen ehtiyatları bir trilyon 200 milyard kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarətdir. Bu sahə dünya dənizlərində indiyədək kəşf olunmuş nəhəng qaz-kondensat yataqlarından biridir.

Təqdimat mərasimindəki yekun nitqində Heydər Əliyev əldə edilən nailiyyətlərə görə ARDNŞ-i, “Şahdəniz” konsorsiumunu və bu konsorsiuma daxil olan şirkətləri təbrik edərək dedi: “Bu gün şəxsən mənim üçün böyük bir bayramdır. Çünki hörmətli Xoşbəxt Yusifzadə burada xatırlatdı, 1969-cu ildə mən Azərbaycana başçılıq etdiyim zamandan- 70-80-ci illərdə Azərbaycanın neft sənayesinin inkişaf etdirilməsi üçün çox böyük işlər görmüş və böyük xidmətlər göstərmişdim. Xoşbəxt Yusifzadə düz deyir, əgər o illərdə biz Xəzərin dərinliklərində olan neft və qaz yataqlarından istifadə edilməsi üçün lazımi maddi-texniki baza yaratmasaydıq və bu işləri aparmasaydıq, şübhəsiz ki, indiki nailiyyətləri əldə edə bilməzdik. ...Bu gün “Şahdəniz” konsorsiumunun prezidenti bəyan etdi ki, 400 milyard kubmetr qaz var, ancaq 700 milyard kubmetrə qədər çata bilər. Bizim çox hörmətli geoloqumuz isə, demək olar, Azərbaycanda Xəzər dənizini Yusifzadə kimi bilən ikinci adam yoxdur, deyir ki, orada bir trilyon kubmetrə qədər qaz olacaqdır”.

Ertəsi gün- iyulun 13-də Bakının İdman-Sərgi Kompleksində Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyində olmasının 30 illiyinə həsr edilmiş möhtəşəm “Quruculuq salnaməsi” sərgisinin açılış mərasiminə böyük öndərin özü də gəlmişdi. Sərgi Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın qazandığı misilsiz nailiyyətlərdən faktların, sənədlərin və fotoşəkillərin dili ilə bəhs edirdi. Burada ARDNŞ-in də ekspozisiyası nümayiş etdirilirdi. Bu, maraqlı bir ekspozisiya idi. Onun eksponatları belə bir həqiqəti bir daha açıb göstərir və təsdiq edirdi ki, neft sənayemizin inkişafı üçün möhkəm bünövrəni ümummilli liderimiz hələ Azərbaycan keçmiş Sovet İttifaqının tərkibində olarkən qoymuş, dənizdə neft hasilatı sürətli inkişaf yoluna məhz onun rəhbərliyi illərində çıxmışdır.

Sərgidə mən Heydər Əliyevin rəhbərliyi altında görülən işlərin nəticələrindən ətraflı danışaraq, yenidən “Şahdəniz” yatağında bir trilyon kubmetrdən çox qaz ehtiyatı olduğunu bildirdim. Heydər Əliyev dedi: “Sənin dediklərinin hamısı düzdür. Şirkətdə çalışanların əksəriyyəti bir-iki ildir ki, burada işləyir. Sən isə bu işdə canını qoymusan, həyatının əlli ilini dənizdə neft çıxarılmasına həsr etmisən. Bu stendi də çox yaxşı düzəltmisiniz. Mən bunu dünənki müzakirələrin yekunu hesab edirəm”.

2002-ci ilin may ayında ulu öndərlə İrana səfərimiz də yadımdadır. Orada Heydər Əliyev məni İran Prezidenti cənab Məhəmməd Xatəmiyə təqdim edəndə də dedi ki, “Xəzər dənizini Xoşbəxt qədər bilən ikinci adam yoxdur. Biz onu əlimizin üstündə saxlayırıq. İranda da onu yaxşı tanıyırlar. Sizə də məsləhət görürəm ki, nə qədər o, hələ işdədir, ondan istifadə edin”.

Ulu öndərimizin mənim barəmdə söylədiyi bütün bu xoş sözləri xatırlayanda, həqiqətən də özümü dünyanın ən bəxtəvər adamı sayıram. Bəli, mən çox xoşbəxtəm ki, ömrümün ən dəyərli anları, əmək fəaliyyətimin və elmi yaradıcılığımın inkişaf səhifələri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərlə sıx bağlıdır. O, mənim xətrimi həddən artıq çox istəyirdi. Respublikanın neft və qaz sənayesinin inkişafında xidmətlərimə görə 2000-ci ilin yanvarında məni “İstiqlal”ordeni ilə təltif etməsi və anadan olmağımın 70 illiyi münasibətilə mənə səmimi təbriki də bu hörmətin parlaq təzahürlərindən biri idi.

Ümummilli liderimizin Azərbaycan xalqı və dövləti üçün, eləcə də respublikamızın neft sənayesi üçün gördüyü işləri danışmaqla, yazmaqla qurtarmaz. Müstəqil Azərbaycanın yaradıcısı və böyük qurucusu olan Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir. O, böyük şəxsiyyət və böyük vətəndaş idi. Ölkəmizin və xalqımızın xoşbəxtliyi ondadır ki, bu gün ümummilli liderimizin işinin cənab İlham Əliyev kimi ləyaqətli davamçısı var. Ölkəmizin yeni neft strategiyasının son on bir ildəki nailiyyətləri, müstəqil Azərbaycanın quruculuq yollarındakı uğurları və respublikanın dünyanı heyran edən inkişaf modeli bilavasitə möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır.

- İranı xatırladınız. Son vaxtlar bu ölkə ilə əlaqələrin genişlənməsi barədə nə deyə bilərsiniz?

- Neft-qaz sahəsində İranla əməkdaşlığımızın, təqribən, qırx beş illik tarixi var. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi yaradılanda SSRİ Neft Sənayesi Nazirliyi dəniz şəraitində iş təcrübəmizi nəzərə alaraq, həmin ildən sektorlara bölünmüş Xəzərin bütün sektorlarında - İranla sərhəddən Şimali Xəzərə kimi geniş bir sahədə geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi. O illərdə Xəzərin cənubunda – dənizin İran sektorunda 45 struktur aşkar olundu. İki dərin axtarış quyusu qazıldı.

İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq Azərbaycanın müstəqilliyi illərində davam etdirilib. Bu əməkdaşlıq özünü böyük neft-qaz sazişlərində də göstərib. Məsələn, “Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişində İran İslam Respublikasının NİKO şirkəti 10 faizlik paya malikdir. Şahdəniz qazının dünya bazarına nəql edilməsi üçün çəkilmiş Cənubi Qafqaz İxrac Boru Kəməri layihəsində də (Bakı-Tbilisi-Ərzurum) NİKO-nun 10 faizlik payı vardır.

Lakin həm Azərbaycan, həm də İran neftçilərinin fikrincə, bu əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur və onlardan istifadə edilməsi ölkələrimiz üçün qarşılıqlı şəkildə faydalı olardı.

Rəhbərlik etdiyim ARDNŞ nümayəndə heyəti İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkəti (KEPKO) rəhbərliyinin dəvəti ilə bu il avqustun 18-dən 20-dək İran İslam Respublikasının Neft Nazirliyində, bu ölkənin milli neft və qaz şirkətlərində, Tehrandakı Elmi-Tədqiqat Neft Sənayesi İnstitutunda olarkən İranın neft nazirinin birinci müavini, İran Milli Neft Şirkətinin baş direktoru Rüknəddin Cavadi, İranın neft nazirinin beynəlxalq məsələlər və ticarət üzrə müavini Əli Məcidi, İran Milli Qaz Şirkəti baş direktorunun beynəlxalq məsələlər üzrə müavini, şirkətin qaz ixracı üzrə idarə heyətinin sədri Əzizulla Ramazani, KEPKO şirkətinin baş direktoru Əli Osuli ilə söhbətlərimizdə bu barədə ətraflı danışdıq. İranlı həmkarlarımızla işgüzarlıq şəraitində keçən görüş və danışıqların sonunda “Anlaşma haqqında memorandum” da imzalandı.

ARDNŞ Azərbaycanı etibarlı tərəfdaş kimi tanıdır

-  ARDNŞ ölkəmizin ən böyük investor şirkətidir. Onun bu günü və gələcəkdə görmək istədiyi işlər barədə danışmağınızı xahiş edirəm.

- Bəli, ARDNŞ artıq 1994-cü ildəki şirkət deyil. Aparıcı reytinq agentliklərinin məlumatına görə, 2009-cu ildən o, dünyanın ən iri 50 şirkəti sırasındadır. Hazırda ARDNŞ-in təsisçiliyi ilə yaradılmış 36 birgə müəssisənin, 6 alyansın, xarici ölkələrdəki çoxsaylı törəmə şirkətlərin və 13 nümayəndəliyin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. ARDNŞ 15 ölkənin 25 şirkəti ilə imzalanmış 17 hasilatın pay bölgüsü sazişində (HPBS) Azərbaycan dövlətini uğurla təmsil edir. HPBS-lər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycan Respublikasının neft-qaz sektoruna təqribən 51,6 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. ARDNŞ dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir. “Azərbaycandan kənarda” deyəndə mən, ilk növbədə, Türkiyəni, Gürcüstanı və bir sıra digər ölkələri nəzərdə tuturam. ARDNŞ bu ölkələrin iqtisadiyyatına milyonlarla dollar sərmayə qoymuşdur. Türkiyədə “Petkim” kimi nəhəng neft-kimya kompleksinin payçısı olan ARDNŞ-in sərmayəsi hesabına bu ölkədə yeni dəniz limanı tikilir, “Star” adlı böyük neft emalı zavodu inşa edilir.

Şirkətimiz Gürcüstanda da çox işlər görüb. Orada Kulevi terminalını istifadəyə verib, geniş yanacaqdoldurma məntəqələri şəbəkəsi və qazpaylaşdırıcı şəbəkə yaradıb. TANAP və TAP layihələrində ARDNŞ-in başlıca tərəf kimi iştirakı da şirkətimizin beynəlxalq nüfuz və imkanlarının yüksək göstəricisidir.

ARDNŞ neft və qaz hasilatı üzrə layihələri müvəffəqiyyətlə həyata keçirir, “karbohidrogenlərin hasilatı-nəqli-emalı-satışı” beynəlxaq sisteminə inteqrasiya edən sistem yaradır, Xəzər-Qaradəniz-Avropa regionunda energetika sahəsində aparıcı rollardan birini oynayır. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, o cümlədən ABŞ, Çin, Tailand, Braziliya və s. kimi ölkələrə, qaz isə Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana nəql edilir.

ARDNŞ axtarış-kəşfiyyat və qazma işləri sahəsində də müasir metod və texnologiyalara yiyələnmiş şirkətdir. Düzdür, hələlik biz xarici sifarişçilər üçün servis müqavilələri üzrə müəyyən işlər görürük. Lakin məqsədimiz gələcəkdə bu işləri genişləndirməkdir. Biz Xəzərin Azərbaycana aid olmayan sektorlarında və dünyanın digər regionlarında   neft və qaz yataqlarının kəşfiyyatı ilə məşğul olacağımızı da istisna etmirik, çünki bunun üçün müvafiq imkanlar var.

-  Azərbaycan neftçiləri ölkənin şanlı neft salnaməsinə yeni-yeni səhifələr yazır, ulu öndərimizin arzularının həqiqətə çevrilməsi üçün inamla çalışır, axtarış-kəşfiyyat işlərini davam etdirirlər. Qısaca da olsa, bu barədə məlumat verin.

-  Əvvəlcə son illərin daha iki böyük hadisəsi haqqında. Birincisi odur ki, 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Xəzərdə yeni bir yataq - “Ümid” qaz-kondensat yatağını kəşf etdi. Yatağın karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmindədir. İkincisi isə 2011-ci il sentyabr ayının 9-da baş vermiş hadisədir. Həmin gün Fransanın “Total” və “Gas de France” şirkətləri ilə ARDNŞ məlumat verdilər ki, onların əməkdaşlığı nəticəsində Xəzərin Azərbaycan sektorunda yeni bir iri qaz-kondensat yatağı - “Abşeron” kəşf edilib. Bu yatağın  karbohidrogen ehtiyatları 350 milyard kubmetr qazdan və 45 milyon ton kondensatdan  ibarətdir.

“Abşeron” və “Ümid” yataqlarının kəşfi Xəzərin Azərbaycan sektorunda yeni neft-qaz yataqlarının açılması ehtimalını yüksəltdi. Əldə edilmiş yeni məlumatlar “Babək”, “Naxçıvan”, “Zəfər”, “Məşəl”, “Asiman”, “Şəfəq” strukturlarının perspektivliyinə  inamı artırır. Şirkətimizin ilkin hesablamalarına görə, bu strukturlar üzrə karbohidrogen ehtiyatları 1,5 trilyon kubmetr qaz və 225 milyon ton kondensat həcmindədir. Bundan əlavə, “Azəri-Çıraq-Günəşli” saziş sahəsində məhsuldar qatın alt çöküntülərinin qaz ehtiyatı 200-250 milyard kubmetr həcmində qiymətləndirilir.

Beləliklə də deyə bilərik ki, Azərbaycanda bu günə dəqiqləşdirilib təsdiq olunmuş çıxarıla bilən neft ehtiyatı 2 milyard ton, qaz ehtiyatı isə 2 trilyon 550 milyard kubmetr həcmindədir. Proqnozlaşdırılan neft ehtiyatı 2 milyard ton, qaz ehtiyatı isə 3 trilyon 450 milyard kubmetrdir. Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4 milyard 550 milyon ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5 milyard 450 milyon tondur ki, bunlar da üst-üstə neft ekvivalentində 10 milyard ton karbohidrogen ehtiyatı deməkdir.

Bununla yanaşı, Azərbaycanın dəniz və quru sahələrində daha dərində yatan və mürəkkəb geoloji quruluşa malik olan Mezozoy çöküntülərində neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı mühüm əhəmiyyət kəsb edir ki, bu da fəaliyyətimizin mühüm sahələrindən biridir. Görüləsi işlərimiz çoxdur və neftçilərimiz bu gün xüsusi bir ruh yüksəkliyi ilə çalışırlar. Çünki haralara baxırlarsa, öz əməklərinin bəhrəsini görürlər.

Ölkəmizin və xalqımızın bir xoşbəxtliyi də ondadır ki, bu gün ümummilli liderimizin işinin dövlət başçısı İlham Əliyev kimi ləyaqətli davamçısı var. Ölkəmizin yeni neft strategiyasının son on bir ildəki nailiyyətləri, müstəqil Azərbaycanın quruculuq yollarındakı uğurları və respublikanın dünyanı heyran edən inkişaf modeli bilavasitə möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Bizim neft və qaz kimi zəngin təbii sərvətlərimiz, Azərbaycan neftçilərinin böyük təcrübə və fədakarlığı respublikamız üçün həmişə böyük dayaq olub. Bu zəmin getdikcə möhkəmlənəcək və Azərbaycan iqtisadiyyatını hələ uzun müddət öz güclü qolları üstündə irəliyə aparacaq.

Yeri gəlmişkən: Aparıcı reytinq agentliklərinin fikrincə, 2009-cu ildən başlayaraq, ARDNŞ dünyanın ən iri 50 şirkətinin sırasındadır və  bu gün ölkəmizin ən böyük investor şirkətidir.  Türkiyədəki “Petkim” layihəsinə 2018-ci ilə qədər 17 milyard dollar investisiya qoyulacaq. ARDNŞ-in “Petkim”ə qoyduğu sərmayələr və onun perspektivləri Egey bölgəsinə yeni bir həyat gətirməkdədir. Son illərdə həyata keçirilən layihələr göz qarşısındadır: ARDNŞ Türkiyədə də neft emalı və neft-kimya sahəsində inkişafı baxımından mühüm layihələr həyata keçirir.

Türkiyədə səhmlərinin 61,32 faizi şirkətimizə məxsus olan “Petkim”i xammalla təchiz etmək məqsədilə yeni neft emalı zavodunun tikintisinə başlanılmışdır. Oradakı liman da genişləndirilir və tezliklə Türkiyənin ən böyük limanı olacaqdır. “Petkim”in enerji təminatını yaxşılaşdırmaq məqsədi ilə yeni elektrik stansiyasının tikintisinə hazırlıq gedir. “STAR Rafinerisi”nin tikintisi, görkəminə görə ən məşhur universitetlərə bənzəyən Heydər Əliyev Sənaye Peşə Liseyinin həyata vəsiqə alması bu günün gerçəkləridir.

Son söz

“Əsrin müqaviləsi” Azərbaycanın həyatına çox böyük uğurlar gətirdi— bu barədə uzun illər danışılmış və danışılacaqdır. Əvvəla, saziş dünyanın aparıcı ölkələri və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Heç təsadüfi deyil ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 33 müqavilə bağlandı. Bu, əslində,  sazişin necə bir  böyük siyasi əhəmiyyət daşıdığını ortaya qoydu.

Ölkəmiz  “Əsrin müqaviləsi”nin 20 illiyini təntənəli şəkildə qeyd edir. Artıq 15-ci ildir ki, Azəri-Çıraq-Günəşli yatağı layihəsinin iştirakçıları, o cümlədən Azərbaycan “mənfəət nefti”ndən  gəlir əldə edir.  1999-cu ilədək  neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin  ilin dekabrından Azərbaycanın “mənfəət nefti” ilə dolu  tankerlər xarici  bazarlara çıxarılır. 2014-cü il mayın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 177,2 milyon tona qədər mənfəət nefti satılmışdır. Bu həcm ilbəil artır. “Mənfəət nefti”nin  satışından əldə edilmiş gəlir ulu öndərimiz tərəfindən yaradılmış “Neft Fondu”nda toplanır,  Azərbaycan Respublikasının qeyri-neft sektorunun inkişaf etdirilməsinə və xalqın rifahının yaxşılaşdırılmasına sərf edilməkdədir.

Bütün bunlar - böyük Azərbaycan nefti uğrunda gərgin mübarizənin gedişində əldə edilmiş nailiyyətlər, həyata keçirilmiş beynəlxalq və regional layihələr və onların nəticələri ümummilli liderimiz Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi, onun layiqli davamçısı olan cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilən yeni neft strategiyasının həyatiliyini, xalqımız və dövlətimiz üçün misilsiz əhəmiyyətini parlaq şəkildə nümayiş etdirir.

Xoşbəxt müəllim qeyd edir ki, son 20 ildə Azərbaycanın neft-qaz sənayesinin keçdiyi yola nəzər salarkən belə fikri xüsusi vurğulamaq istəyirəm ki, “Əsrin müqaviləsi” ilə başlanmış yeni neft strategiyası Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsi üçün təməl olmuşdur. Keçən müddət ərzində qazanılmış nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin əvəzolunmaz xidmətləridir. Neftçilərə xüsusi münasibətini və qayğısını  heç vaxt unutmadığımız bu parlaq şəxsiyyəti xalqın tarixi yaddaşında yaşatmaq, onun yaratdığı və həyata vəsiqə verdiyi neft strategiyasının hərəkətverici qüvvəsi olan “Əsrin müqaviləsi”nin nəinki Azərbaycanın, eləcə də Avropa və dünya dövlətlərinin iqtisadiyyatındakı rolunu dəyərləndirmək ücün hələ uzun illər lazım olacaqdır.

Onun qürur hissi ilə vurğuladığı bir söz də yadımdadır: ölkəmizin taleyi Azərbaycanda dövlətçiliyin qarantı olan, Heydər Əliyev siyasi xəttini və diplomatiyasını beynəlxalq aləmdə uğurla təmsil edən, yüksək intellektual səviyyəsi, biliyi, bacarığı ilə seçilən yeni tipli dövlət xadimi Prezident İlham Əliyevə bağlıdır və məhz onun başçılığı ilə müstəqil Azərbaycan ulu öndərin arzuladığı çiçəklənən diyara  çevrilməkdədir.

 

Namiq ƏHMƏDOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında