Azərbaycan Prezidenti İlham Əliyev bu il avqustun 28-də Beyləqan rayonunda yerli sakinlərlə görüşündə Ermənistanın özünun artıq xarici yardım olmadan yaşaya, iqtisadi inkişafa nail ola və hətta öz təhlükəsizliyini qoruya bilmədiyini etiraf etdiyini vurğuladı. Cənab Prezident dedi ki, bu, əslində, erməni dövlətinin iflası deməkdir: “Ermənistanın işğalçı siyasəti imkan vermədi ki, erməni xalqı da əsl müstəqilliyə qovuşsun. İndi asılı vəziyyətdə, aciz durumda xarici yardım, ianə olmadan yaşaya bilmir”.
Dövlətimizin başçısı həmin görüşdə demişdir: “...Biz hələ çalışırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Ancaq öz ardıcıl siyasətimizi aparırıq, Ermənistanı bütün layihələrdən təcrid etmişik, orada çox böyük böhran yaşanır, həm iqtisadi, həm siyasi, həm hərbi böhran və eyni zamanda, getdikcə əhalinin sayı azalır. Bizdə artır, orada azalır və tarixin gedişatı ona gətirib çıxaracaq ki, bir neçə ildən sonra bu fərq, bu uçurum o həddə çatacaq ki, bu, özü-özlüyündə danışıqlar prosesində müsbət rol oynayacaq. Biz isə ordumuzu gücləndirməklə, iqtisadi gücümüzü artırmaqla, regionları inkişaf etdirməklə və beynəlxalq arenadakı mövqelərimizi möhkəmləndirməklə güclənirik. Hər gün biz güclənirik, hər gün Ermənistan zəifləyir”.
Azərbaycan Prezidentinin regiondakı vəziyyət, xüsusən də getdikcə zəifləyən Ermənistan ilə bağlı bəyanatı münaqişənin həllində ölkəmizin mövqeyinin ciddi şəkildə güclənməsindən xəbər verir. Bu, həm də bir daha təsdiq edir ki, regional layihələrdə düşmən qonşumuzun sıxışdırılması ilə bağlı Azərbaycanın apardığı strateji-gepolitik siyasət artıq öz müsbət nəticəsini göstərməkdədir. Danılmaz faktdır ki, Azərbaycan və respublikamızla əməkdaşlıq edən Gürcüstan inkişaf edir, Ermənistan isə hələ də iqtisadi böhran bataqlığında çapalayır. Ermənistan hökumətinin həyata keçirdiyi separatçı siyasət nəinki regionda təhlükəsizliyin formalaşmasına mane olur, eyni zamanda, bu ölkəni yoxsulluq girdabında saxlamaqda davam edir.
Yuxarıda qeyd edilənlərlə bağlı iqtisad elmləri namizədi, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov dedi:
– İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının yaydığı hesabatda qeyd edilir ki, iqtisadi inkişaf münaqişələrin həllində artıq əsas vasitəyə çevrilir. Müharibələrin xalqların iqtisadi inkişafına mənfi təsir etdiyini bir daha vurğulayan təşkilat ekspertlərinin rəyinə əsasən, münaqişə zonalarında inkişaf mövcud problemin həlli üçün baza rolunu oynaya bilər. Bu, bir daha təsdiq edir ki, işğalçı siyasəti davam edənədək Ermənistanın sıxışdırılması siyasəti strateji cəhətdən əsaslandırılmış bir yanaşmadır.
Keçmiş İttifaq dövründə Moskvanın maliyyə dəstəyindən faydalanan Ermənistanda iqtisadi-sosial durum SSRİ dağılan zaman Azərbaycandan heç də ciddi fərqlənmirdi. O vaxt müharibəyə iqtisadi baxımdan üstün mövqe ilə başlayan düşmən qonşumuz 22 il sonra məhz öz işğalçı siyasətinin nəticəsində regional inkişafdan geri qaldı.
İstər Azərbaycanın, istərsə də düşmən qonşumuzun rəsmi rəqəmlərinin müqayisəli təhlili göstərir ki, son 10 ildə regionda iki fərqli dövlət formalaşıb: güclu Azərbaycan və yoxsul Ermənistan. Nəinki beynəlxalq təşkilatların, hətta Ermənistanın dövlət qurumlarının yaydığı rəqəmlər də təsdiq edir ki, mənfur qonşumuz yalnız yoxsulluq içərsində yaşamır, eyni zamanda, iqtisadi baxımdan ölkəmiz ilə hətta müqayisəyə belə gələ bilmir. Bir misal. Bu gün Azərbaycanın dövlət gəlirləri Ermənistanın qazancından nə az-nə çox, düz 10 dəfə çoxdur. Dövlət büdcəmizin gəlirləri 25 milyard dollara çatdığı halda, bu göstərici Ermənistanda cəmi 2,5 milyard dollardır.
Sosial-iqtisadi böhran şəraitində yaşayan Ermənistan il ərzində hərbi məqsədlər üçün 451 milyon dollar xərcləyir. İllik 2,1 milyard dollar müdafiə xərcinə malik olan Azərbaycan bu kateqoriya üzrə düşmən ölkəni 5 dəfəyə yaxın üstələyir. Digər tərəfdən, Ermənistan ümumi büdcə xərclərinin 20 faizini hərbi sektora ayırmaqla Avropa Birliyinin bu kateqoriya ilə bağlı standartlarına məhəl qoymur. Azərbaycanın isə müdafiə xərclərinin dəyər ifadəsində çox olmasına baxmayaraq, bu xərc maddəsinin ümumi büdcə xərclərində payı 8 faizə yaxındır. Bu baxımdan hərbi xərclərin dəyər ifadəsində Azərbaycana kəskin uduzan Ermənistan, əslində, hərbi xərclər ilə bağlı Avropa faiz kvotasına məhəl qoymasa da, reallıq budur ki, ölkəmizin müdafiə xərcləri təxminən düşmən qonşumuzun ümümi büdcəsi həcmindədir.
Təbii ki, düşmən qonşumuz bütün makro-iqtisadi göstəricilərə görə Azərbaycandan dəfələrlə geri qalır. Cəmi 10 milyard dollar ümumi daxili məhsula malik olan Ermənistanda iqtisadiyyatın formalaşmasında lobbi yardımlar və ianələr xüsusi rol oynayır və bu, düşmən ölkənin iqtisadi inkişafı üçün dayanıqlı zəmin yaratmır. Amma 74 milyard dollar ÜDM-ə malik olan ölkəmizin iqtisadi potensialı düşmən ölkə ilə müqayisədə 7,4 dəfə çoxdur. Beləliklə, dövlət gəlirlərində ciddi müqayisəli üstünlüyə malik olan Azərbaycan iqtsiadiyyatı miqyasına görə də düşmən ölkəni kəskin üstələyir.
Ermənistan iqtisadiyyatı ilə bağlı digər diqqətçəkən məqam isə iqtisadi artımın real olmamasıdır. Belə ki, ötən ilin yekunlarına görə 3,5 faiz iqtisadi artım əldə edən işğalçı ölkədə inflyasiya səviyyəsi 5,9 faiz olub. Bu isə o deməkdir ki, inflyasiya iqtisadi artımı 60 faiz istəliyib. Qeyd edək ki, 2013-cü ildə ölkəmizdə iqtisadi artım 5,8, inflyasiya səviyyəsi isə 2,4 faiz olub. Artımın reallığı baxımından da Azərbaycan Ermənistanı kəskin üstələyir. Belə ki, ölkəmizdə iqtisadi artım inflyasiya səviyyəsindən 2,5 dəfə çoxdur. Bu isə Ermənistandan fərqli olaraq Azərbaycanda artımın real olduğunu göstərir.
Göründüyü kimi, Azərbaycan pozitiv real iqtisadi artıma, düşmən qonşumuz isə neqativ artıma malikdir. Başqa sözlə, inflyasiya nəzərə alınanda Ermənistanda artım deyil, əslində geriləmə başa düşülməlidir.
Ermənistan yoxsulluq səviyyəsinə görə, MDB respublikaları arasında ən pis göstəriciyə malikdir. Bu ölkənin Milli Statistika Komitəsinin məlumatına görə, əhalinin 32,4 faizi yoxsulluq həddində yaşayır. Amma BMT-nin İnkişaf Proqramının hesabatına əsasən, həmin göstərici 48 faizə bərabərdir. Digər tərəfdən, söhbət sadəcə Dünya Bankının qiymətləndirmələrinə əsasən gündəlik gəliri 2 dollardan az olan insanlardan gedir. Halbuki, BMT-nin son metodologiyası Ermənistan əhalisinin yarıdan çoxunun yoxsulluq həddində yaşadığından xəbər verir.
Ermənistan Dövlət Statistika Komitəsinin digər bir məlumatında bildirilir ki, ölkədə işsizlik səviyyəsi 17,9 faizdir. Beynəlxalq hesabatlarda isə bu göstəricinin 36 faizə yaxın olması qeyd edilir. Bir sözlə, həm rəsmi, həm də beynəlxalq hesabatlarda sözügedən ölkədə işsizliyin əsas sosial bəla olması vurğulanır.
İşsizlik problemi, eyni zamanda, Ermənistanda ölkəni tərk edənlərin sayındakı artımda da özünü büruzə verir. Bu isə düşmən ölkədə demoqrafik vəziyyətin heç də yaxşı olmamasını göstərir.
Ermənistanın xarici borcu artıq 6 milyard dollara çatıb və bu, ümumi daxili məhsulun (ÜDM) 56 faizi deməkdir. 2013-cü ildə sözügedən ölkdə ÜDM-də artım 3,5 faiz olduğu halda, xarici borc 5 faizdən çox artıb. Ermənistanın xarici borcunun 85,2 faizi dövlət borcudur ki, bu da düşmən dövlətin xarici asılılığının daha da dərinləşməsinə gətirib çıxarır. Başqa tərəfdən, bu gün Ermənistanda hər bir uşaq 2100 dollara yaxın xarici borc ilə dünyaya gəlir. Azərbaycanın xarici borcu ilə bağlı diqqətçəkən müsbət məqam isə odur ki, ölkə xarici borcun ümumi daxili məhsuldakı payına görə, MDB-də ən yaxşı göstəriciyə malikdir.
Beləliklə, sosial-iqtisadi göstəricilərin müqayisəli təhlili göstərir ki, Azərbaycan iqtisadi inkişafı ilə qələbəyə hər an yaxınlaşır. İqtisadi inkişaf ölkəmizin mövqelərinin güclənməsinə müsbət təsir göstərir. Belə vəziyyət isə tezliklə işğal altında olan topraqlarımızın azad olunacağına da böyük inam yaradır.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.