Heydər Əliyev milli neft strategiyasının banisidir

Müsahibimiz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadədir

 Təkcə doğulduğu Pirşağıda və neft Bakısında deyil, bu gün  bütün Azərbaycanda az qala uşaqdan-böyüyə kimi hər kəsin yaxşı tanıdığı bu insanla görüşüm məni xeyli uzaqlara apardı. Hələ 1994-cü ildə Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Rasim Dadaşovun 4-cü mərtəbədə yerləşən otağında onu görmüşdüm. Hər dəfə də qədim neft diyarından, Bakı neftçilərinin fədakar əməyindən vurğunluqla danışan Rasim müəllimin söhbətlərindən neft korifeylərimiz Azad Mirzəcanzadəni, Firudin Əliyevi, Sabit Orucovu, Bəhmən Hacıyevi, Səyyad İbrahimovu, Akif Əlizadəni tanımışdım. Bu söhbətlərdə onun da adı həmişə çəkilib və Rasim müəllim deyərdi ki, Xoşbəxt Bakı neftinin canlı tarixi və Azərbaycanı dünya neft sənayesinin beşiyi kimi tanıdanlardandır. Bakı neftinin taleyini özünün həyat amalı seçən Xoşbəxt müəllimin-bu sadə və böyük insanın söylədikləri isə həm də Azərbaycanın tale yoludur. O, danışır: həyat tərzinə, yaşına uyğun bir vüqar və təmkinlə, dövlətinə, millətinə vurğunluqla...

 

“1968-ci il: Heydər Əliyevlə də, Süleyman Dəmirəllə də onda tanış oldum...”

– Neftçilər Günü və “Əsrin müqaviləsi“”nin 20 illik yubileyi münasibətilə sizi və bütün Azərbaycan neftçilərini redaksiyamızın əməkdaşları adından təbrik edirik.

– Çox sağ olun. Mən də sizi təbrik edirəm. Neftçilər Günü hamımızın bayramı, “Əsrin müqaviləsi”nin 20 illiyi isə Azərbaycanın iqtisadi müstəqilliyi üçün əlahiddə əhəmiyyəti olan bir layihənin yubileyidir.

– Məlumdur ki, Azərbaycanın milli neft strategiyasının banisi ulu öndərimiz  Heydər  Əliyevdir. Söhbətimizə bu barədə deyəcəklərinizlə körpü salaq.

– Azərbaycanın bugünkü beynəlxalq nüfuzunu, onun iqtisadi qüdrətini, şəhər və kəndlərimizin müasir mənzərələrini, xalqın rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli üçün görülən işləri gözlərimiz önünə gətirsək, deyə bilərik ki, son 20 ildə ölkəmiz əsrə bərabər bir yol keçib. Bu, ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində böyük oyanış, sürətli inkişaf və misilsiz nailiyyətlər yoludur. Ulu öndərimizin böyük məharətlə və uzaqgörənliklə işləyib hazırladığı, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi yeni neft strategiyası bütün bu illər ərzində bizi daim irəliyə aparan lokomotiv rolunu oynayıb.

Yeni neft strategiyasının həyata keçirilməsinə “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə məşhur sazişlə - “Əsrin müqaviləsi” ilə başlanıb. Bu saziş müstəqil Azərbaycanın memarı Heydər Əliyevin şah əsərlərindən biri, respublikamızın şanlı neft salnaməsinin möhtəşəm bir fəslidir.

– “Əsrin müqaviləsi” barəsində sizə ətraflı suallarımız olacaq. Amma ilkin olaraq Azərbaycanı bu müqaviləyə gətirən yola qayıtmağınızı, bəzi hadisələri yada salmağınızı istəyirik. O cümlədən, Heydər Əliyevlə ilk tanışlığınızı necə xatırlayırsınız?

– Mən ümummilli liderimiz Heydər Əliyevin respublikada neft hasilatının artırılması, neftçilərin sosial problemlərinin həll olunması üçün gördüyü böyük işləri xatırlayanda ürəyim iftixar hissi ilə döyünür. Çünki ömrümün təxminən yarısı, həyatımın bir çox maraqlı və mənalı çağları bu böyük insanın, ulu şəxsiyyətin, qüdrətli siyasət və dövlət xadiminin xalqımıza rəhbərlik etdiyi dövrlərlə bağlı olmuş, həyatımda heç vaxt  silinməyən izlər qoymuşdur.

Adı dünyanın müasir tarixinə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi yazılmış  Heydər  Əliyev təmsil etdiyim yaşlı nəslin gördüyü və yaxşı tanıdığı ən parlaq, ən zəkalı və ən müdrik insan, mürəkkəb dünya siyasətində ən görkəmli  simalardan biri idi. Dövlət və siyasət adamına, müdrik bir xalqın liderinə lazım olan bütün keyfiyyətləri özündə birləşdirmiş ulu öndərin həyatı və mübarizəsi bütünlüklə doğma xalqa həsr olunmuş parlaq ömür epopeyasıdır.

Mənim onunla ilk tanışlığım 1968-ci ildə başlandı. Ulu öndərimiz o vaxt Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin  sədri idi. Türkiyənin o zamankı Baş naziri  Süleyman Dəmirəl Moskvada keçirdiyi  rəsmi görüş və danışıqlardan sonra Azərbaycana gəlmişdi. Burada o, dəniz neftçilərinin işi ilə tanış olmaq istəmişdi. O vaxt  hörmətli qonağı Qum adasına müşayiət edən  rəsmi şəxslərdən biri də Heydər Əliyev idi. Tale mənim üzümə gülmüşdü, çünki Türk dünyasının iki böyük oğlu ilə  bir gündə tanış olmuşdum. Süleyman Dəmirələ dəniz yataqları barəsində məlumat verdim. Bu hadisə və ulu öndərimizlə ilk tanışlığım  yaddaşıma həmişəlik həkk olundu. Sonralar bizim çox görüşlərimiz oldu. Tale mənə bütün həyatını Azərbaycan xalqının tərəqqisinə həsr etmiş bu unudulmaz insanın tapşırıqlarına əməl etmək, onun qayğısına layiq olmaq xoşbəxtliyini nəsib etdi və qəlbimdə silinməz izlər buraxdı.

– 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilmiş Heydər Əliyevin rəhbərliyi ilə neftimizin itirilmiş şöhrətini bərpa etmək üçün mühüm işlər görüldü. Ötən əsrin 70-80-ci illəri Azərbaycanın neft sənayesində hansı uğurları ilə yadda qalır?

– Ötən əsrin altmışıncı illərində Azərbaycana gələn xarici qonaqların əksəriyyəti dənizdəki neft mədənlərini görmək, neftçilərimizlə görüşüb söhbət etmək istəyirdilər. Bu, təbii bir istək idi, çünki Azərbaycan dənizdə neftçıxarmanın pioneri kimi böyük şöhrət qazanmışdı. Amma bununla belə, həmin illərdə respublikamızın neft sənayesində vəziyyət ürəkaçan deyildi. Respublika iqtisadiyyatının digər sahələri kimi neft və qaz sənayesi də tənəzzülə uğramışdı. Ötən əsrin 60-cı illərinin sonlarını xatırlayanlar yaxşı bilirlər ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda respublika iqtisadiyyatının bütün sahələrində, o cümlədən neft və qaz sənayesində böyük tənəzzül hökm sürürdü. Respublikanın ağır iqtisadi vəziyyəti, ölkənin döyünən ürəyi olan neft və qaz sənayesindəki gerilik Azərbaycanı keçmiş ittifaq miqyasında nüfuzdan salır, sosial həyata da mənfi təsir göstərirdi. Belə təsəvvür yaranırdı ki, Azərbaycan nefti daha heç kəsi maraqlandırmır və Moskva respublikada neft sənayesinin inkişafına vəsait ayırmaq istəmir.

Belə bir vaxtda - 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilmiş Heydər Əliyevin geriliyə dözməyəcəyi elə ilk günlərdən məlum oldu. Bu, bizi çox sevindirdi, çünki qədim “Odlar diyarı” kimi tanınmış respublikamızın bu sahədə geriləməsi neftçilərə, həqiqətən də ağır gəlirdi.

1970-ci ildə Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyevin məruzəsi də göstərdi ki, respublikanın rəhbərliyi neftimizin itirilmiş şöhrətini bərpa etmək, iqtisadiyyatı sürətlə inkişaf etdirmək xəttini götürmüşdür. Həmin plenumu mən yaxşı xatırlayıram və yadımdadır ki, plenumdakı məruzəsində Heydər Əliyev neft sənayesinin işini ətraflı təhlil etdi, uzunmüddətli geriliyin səbəblərini göstərdi, görüləcək işlərin proqramını verdi. Beləliklə də hərtərəfli düşünülmüş, qlobal tədbirlərin həyata keçirilməsinə start verildi. Ötən əsrin 70-80-ci illərində neft sənayesi üçün müxtəlif təyinatlı 400-dən çox gəmi alındı. Bunların arasında kran gəmiləri, o cümlədən 2500 ton gücündə “Azərbaycan” kran gəmisi, borudüzən və seysmik gəmilər, sərnişin gəmiləri və s. var idi. O vaxt dünyada analoqu olmayan dərin dəniz özülləri zavodu inşa edildi. Geoloji-kəşfiyyat işləri üçün neftçilərin sərəncamına əvvəlcə “Xəzər” tipli özüqalxan qazma qurğuları, sonra isə “Şelf” tipli yarımdalma üzən qazma qurğusu verildi...

Bütün bunlar 1970-ci ildən bilavasitə dənizin içərilərinə doğru istiqamətləndirilmiş mühüm təşkilati tədbirlərin məntiqi davamı idi. Həmin il Azərbaycanın Neft Sənayesi Nazirliyi ləğv olundu və əvəzində “Xəzərdənizneft” İstehsalat Birliyi yaradıldı. SSRİ Neft Sənayesi Nazirliyi Azərbaycan neftçilərinin dəniz şəraitindəki iş təcrübəsini nəzərə alaraq, Xəzərin bütün sektorlarında - İranla sərhəddən Şimali Xəzərədək uzanan çox geniş bir ərazidə geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar işlərini və s. bizə həvalə etdi. Beləliklə də Xəzərin daha böyük dərinliklərində neft və qazla zəngin   yataqların  kəşf edilməsinə imkan yarandı. İndi adları dünyada məşhur olan “Günəşli”, “Azəri”, “Çıraq”, “Şahdəniz”, “Kəpəz” yataqları kəşf olundu.

Heydər Əliyevin rəhbərliyi dövründə respublikanın neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə ümumi neft və qaz hasilatı şərti yanacaqla 27,1 milyon tona çatdırıldı. Sovet İttifaqı dağılanadək dənizin Türkmənistan, Qazaxıstan və Rusiya sektorlarında da səmərəli kəşfiyyat işləri aparan Azərbaycan neftçiləri dənizdə 350-dən çox struktur aşkar etdilər. Onlar Xəzərin Azərbaycan sektorunda yeni yataqlarla yanaşı, dənizin Türkmənistan sektorunda Şərqi Livanov, İ.M.Qubkin adına, Barinov adına, LAM və Çələkənyanı günbəz, Rusiya sektorunda İnçixe-dəniz 1 və İnçixe-dəniz 2 neft yataqlarını və Qazaxıstan sektorunda bir neft yatağını kəşf etdilər.

Ötən əsrin 70-80-ci illəri neft sənayemizin tarixində, əsasən, bu faktlar və hadisələrlə yadda qalır. Həmin illərdə görülmüş işlərin, yaradılmış infrastrukturun müstəqillik dövründə respublikamız üçün çox böyük faydası oldu.

– Heydər Əliyevin respublikamıza rəhbərliyinin sovet dövrü təkcə istehsalat nailiyyətləri ilə deyil, həm də ümummilli liderimizin neftçilərə böyük qayğısı ilə xarakterizə edilir.

–  Neftçilərin  rifahının  yaxşılaşdırılması, onların sosial məsələlərinin    həlli ulu öndərimizin daim diqqət mərkəzində idi. Onun respublikaya rəhbərlik etdiyi illərdə neftçilər üçün tikilən mənzillərin sayı rekord həddə çatmışdı.   70-ci illərin sonlarında mənzilə ehtıyacı olan neftçilərin 95 faizindən çoxunun mənzil problemi həll edilmişdi. Mən hələ ailəli və subay neftçilər üçün çoxsaylı yataqxanaları demirəm.

O illərdə neftçilərin və onların ailələrinin istirahəti, müalicəsi məsələlərinə də ciddi fikir verilirdi. Hər il minlərlə neftçi sağlamlığını Azərbaycanda, SSRİ-nin digər regionlarında və xaricdə fəaliyyət göstərən sanatoriya-kurort müəssisələrində bərpa edir, çoxsaylı istirahət düşərgələrinin xidmətindən bəhrələnirdi. Respublikamızda neftçilərə xidmət göstərən müalicə-sağlamlıq ocaqlarının geniş şəbəkəsi yaradılmış, neftçi ailələrinin uşaq bağçalarına ehtiyacı xeyli azalmışdı.

70-ci illərdə Azərbaycanın yüzlərlə neftçisi SSRİ-nin orden və medallarına, fəxri adlara layiq  görülmüşdü. Beş nəfərə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, bir nəfər isə “Əmək şöhrəti” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdu. O illərdə mən də ulu öndərin diqqətindən kənarda qalmadım. Neft sənayesinin inkişafında xidmətlərim iki Qırmızı Əmək Bayrağı və bir “Şərəf nişanı” ordeni ilə qeyd edildi. Ulu öndərimiz insanları, onların zəkasını və əməyini belə qiymətləndirirdi.

– Məlumdur ki, neft sənayesi qarşısında xidmətləriniz yüksək qiymətləndirilib. Ümummilli liderimiz sizə həmişə böyük etimad göstərib, sizi mühüm vəzifələrə təyin edib və uzun illər onun rəhbərliyi altında işləmisiniz. Xahiş edirik, onunla görüşlərinizi də xatırlayasınız.

– Heydər Əliyevin diqqət və qayğısını mən həmişə hiss etmişəm. 1970-ci ildə Azərbaycanda neft sənayesi nazirliyi ləğv olunanda və “Xəzərdənizneft” İstehsalat Birliyi yaradılanda o, məni bu yeni qurumun baş direktorunun müavini - baş geoloq vəzifəsinə təyin etdi.

İllər keçdi. Sovet İttifaqı dağıldı və müstəqilliyini elan etmiş Azərbaycanda Dövlət Neft Konserni - “Azerineft” təsis olundu. Bu qurumda mənə birinci vitse-prezident vəzifəsi təklif edildi və mən də təklifi qəbul etdim.

Yadımdadır, 1992-ci ildə Azərbaycan Dövlət Neft Konserninin əməkdaşlarından ibarət mütəxəssislər qrupu “Azəri” neft-qaz yatağının xarici şirkətlərlə birgə işlədilməsinə dair danışıqları davam etdirmək üçün ABŞ-ın Hyuston şəhərinə getmişdi. Orada eşitdik ki, Azərbaycanda hakimiyyət “cəbhəçi”lərin əlinə keçib və onlar neft sənayesində də bəzi dəyişikliklər ediblər. Konsern ləğv olunub, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) təsis olunub və bununla əlaqədar olaraq, Sənan Əlizadə Konsernin prezidenti, mən isə birinci vitse-prezidenti vəzifəsindən azad edilmişik.

Hyustondan qayıdandan sonra mənə bildirildi ki, “Azərbaycan Respublikasının yeni rəhbərliyi sizin və Qurban Abbasovun ARDNŞ prezidentinin müşavirləri kimi qalıb işləməyinizi məsləhət görüb. Otağınız, maşınınız və maaşınız olduğu kimi qalacaq”. Cavab verdim ki, sabaha qədər fikirləşmək istəyirəm. Özüm isə düşündüm ki, bəlkə akademik Midhət Abasovun rəhbərlik etdiyi instituta gedim. Telefonun dəstəyini qaldırıb, ona zəng etdim və məsələnin nə yerdə olduğunu danışdım. Cavab verdi ki, “Bu institutun qapısı sənin üzünə həmişə açıqdır. Hansı işi istəyirsənsə, de, əmrini elə bu gündən verim”.

Amma xeyli götür-qoydan sonra ARDNŞ-də qalıb, müşavir kimi işləməyə başladım. Əlbəttə, operativliyə alışmış və daim hərəkətdə olan bir adam üçün “heç vaxt heç yerə tələsmədən işləmək” elə də asan deyildi. Mən şirkət prezidentinin ayrı-ayrı tapşırıqlarını yerinə yetirir, hərdənbir də xarici şirkətlərlə danışıqlarda iştirak edirdim...

1993-cü il iyunun 15-də Azərbaycanın ictimai-siyasi həyatında yenidən dəyişiklik baş verdi. Elçibəy hakimiyyəti süqut etdi. Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu dövrdə ARDNŞ rəhbərliyində də dəyişiklik oldu. Natiq Əliyev şirkətin prezidenti təyin edildi.

Ötən əsrin 60-cı illərinin sonlarından üzü bəri diqqət və qayğısını daim hiss etdiyim ulu öndərimiz Heydər Əliyev o vaxt mənə də böyük etimad göstərdi. Məni yenidən ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti təyin etdi.

Bizim o qədər görüşlərimiz olub ki! Həmişə məni gülə-gülə qarşılayıb, gülə-gülə salamlayır, işimi, təcrübəmi yüksək qiymətləndirirdi.

 

Yeni neft strategiyasına aparan yol Bakıdan başlandı

– Ötən əsrin 90-cı illərində - o böhranlı illərdə yeni milli neft strategiyası ideyasının ortaya çıxması hansı reallıqlardan doğurdu?

– 1991-ci ilin sonunda dünyanın siyasi xəritəsində böyük dəyişiklik baş verdi. Sovet İttifaqı dağıldı. Keçmiş müttəfiq respublikalar müstəqillik əldə etdilər. Azərbaycan da öz milli müstəqilliyini elan etdi. Lakin bu vaxt respublikada acınacaqlı bir vəziyyət yaranmışdı. Keçmiş ittifaqın respublikaları ilə əlaqələr qırılmış, maliyyə və texniki təchizat məsələləri son dərəcə kəskinləşmiş, iqtisadiyyat iflic olmuşdu. Siyasi həyat qeyri-sabit idi, işsizliyin və yoxsulluğun səviyyəsi təşviş doğururdu. Belə bir mürəkkəb şəraitdə respublika iqtisadiyyatını neft-qaz sənayesi xilas edə bilərdi. Amma o dövrdə neft və qaz sənayesinin özü də ağır böhran içində idi.

Azərbaycanda müstəqilliyi, suverenliyi, dövlətçiliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir,-söyləyən rəhbər yaxşı bilirdi ki, ağır vəziyyətdən çıxmaq üçün dünyanın nəhəng, qüdrətli şirkətlərini, onların maddi və texniki potensialını Azərbaycana cəlb etmək  lazım idi.

Hələ 1979-cu ildə kəşf edilmiş “Günəşli” yatağının dərinsulu hissəsində, 1985-ci ildə kəşf olunmuş “Çıraq” və 1987-ci ildə kəşf olunmuş “Azəri” yataqlarında işləmək mümkün deyildi. Gücümüz, imkanımız yalnız “Günəşli” yatağının suyun dərinliyi 200 metrə qədər olan hissəsində işləməyə çatırdı. Buna son qoymaq və iqtisadi dirçəlişə nail olmaq üçün “Günəşli” yatağının dərinsulu hissəsinin, “Çıraq” və “Azəri” yataqlarının işlənilməsini təmin etmək lazım idi. Lakin zəruri maliyyə vəsaiti və müvafiq texniki vasitələri olmayan Azərbaycan bu işi təkbaşına, yalnız öz qüvvəsi ilə görmək iqtidarında deyildi.

Reallıq  belə idi və o vaxt Azərbaycanda ikinci dəfə siyasi rəhbərliyə gələn Heydər Əliyev vəziyyətin mürəkkəbliyini hamıdan yaxşı görürdü. Azərbaycanı böhrandan çıxartmaq və onu dirçəltmək üçün təcili tədbirlər görülməliydi. Bax, ulu öndərimizin yeni neft strategiyası o vaxt onun gərgin düşüncələrinin məhsulu kimi meydana gəldi. Bu strategiyanın təməli isə “Azəri”, “Çıraq”, “Günəşli” (dərinsulu hissə) yataqları ehtiyatlarının mənimsənilməsinə başlamaqla qoyuldu.

– Neft-qaz hasil etmək üçün xarici şirkətlərlə işbirliyinin qurulması dünya təcrübəsində geniş yayılmış bir üsul olsa da, Azərbaycanda buna münasibət birmənalı deyildi. Xarici şirkətlərlə birgə işləmək ideyası özünə necə yol açdı?

– “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi məsələsi iki variantdan birini seçməyi tələb edirdi: ya gərək ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləyəydik, ya da xarici neft şirkətlərini respublikaya dəvət etməliydik. O vaxt Azərbaycanın özündə və onun sərhədlərindən kənarda elə qüvvələr var  idi ki, onlar xarici neft şirkətlərinin ölkəmizə sərmayə qoymasını istəmirdilər. Bu yolun əleyhdarları da var idi və onlar müxtəlif amilləri ortaya qoymaqla əsaslandırmaq istəyirdilər ki, bu işlər Azərbaycanın daxili imkanları sayəsində həyata keçirilə bilər. Bu şəxslər məsələni belə qoyurdular ki, yataqların sərvətini biz təkbaşına - öz gücümüzlə çıxarmalıyıq. Belə deyəndə onlar bəzi problemləri qəsdən unudurdular: maliyyə vəsaiti, müasir texnika və texnologiyalar yox, respublika iqtisadiyyatı da böhran içində.

Əslində, müharibə və daxili çəkişmələrin, eləcə də hakimiyyətsizliyin  yoxsullaşdırdığı respublika bu işlərin öhdəsindən gəlmək gücündə deyildi. Digər tərəfdən, məlumdur ki, dənizin dərinsulu sahələrində neft-qaz yataqlarının işlənilməsi çox mürəkkəb məsələdir və belə yataqlardan neft-qaz hasil etmək üçün xarici şirkətlərlə işbirliyinin qurulması dünya təcrübəsində geniş yayılmış bir üsuldur. Eyni zamanda, dünyanın ABŞ, Böyük Britaniya, Fransa kimi qüdrətli dövlətləri və iri neft şirkətləri riskləri azaltmaq üçün dərinsulu akvatoriyalarda səylərini, imkanlarını birləşdirməyə daha çox meyl edirlər.

Buna görə də Azərbaycan Prezidenti bizi - neftçi mütəxəssisləri ətrafına toplayıb, məsələnin aydınlaşdırılmasının zəruriliyini qeyd etdi, məsləhətləşdi və nəticədə fikir belə oldu ki, xarici neft şirkətlərini ölkəmizə dəvət etmək lazımdır.

Qeyd etməliyəm ki, xarici şirkətlərlə işbirliyinin qurulmasında təəccüblü heç nə yoxdur. Dünyanın demək olar ki, bütün neft ölkələri - ABŞ, Böyük Britaniya, Norveç və başqaları bu metoddan geniş istifadə edirlər. Bunun səbəbi məlumdur: neft sənayesi böyük sərmayə qoyuluşu tələb edir və heç bir ölkə, xüsusilə də dənizdə bu riskli işə təklikdə getmək istəmir.

Xatırladıram ki, Xəzər dənizində xarici şirkətlərlə birlikdə iş görmək ideyası bizdə hələ keçmiş ittifaq dövründə - ötən əsrin 80-ci illərinin sonlarında meydana gəlmişdı. Lakin bu sahədə danışıqlar qurtarmamışdı. Ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə yenidən respublikanın sükanı arxasında dayandıqdan sonra bu işi sürətləndirdi. Danışıqların reallaşması Heydər Əliyevin respublika rəhbərliyinə ikinci qayıdışından sonra mümkün oldu. Bütün mürəkkəb məsələlər barəsində dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə razılıq əldə edildi. 1994-cü il sentyabrın 20-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və respublika Prezidenti cənab İlham Əliyevin bilavasitə iştirakilə işlənib hazırlanmış və tarixə “Əsrin müqaviləsi” kimi düşmüş məşhur saziş imzalandı. Bununla da Azərbaycanın yeni neft strategiyası həyata vəsiqə aldı.  Yeri gəlmişkən deyim ki, Prezident Heydər Əliyevin fərmanı ilə sentyabrın 20-si  2001-ci ildən ölkəmizdə Neftçilər Günü kimi qeyd olunur.

Bizi “Əsrin müqaviləsi”nə aparıb çıxaran yol Bakıdan başlandı. Yəni, danışıqlara Azərbaycan paytaxtında start verildi. Sonra İstanbulda, ABŞ-ın Hyuston şəhərində davam etdirildi. Tərkibi ümummilli liderimiz tərəfindən müəyyən olunmuş nümayəndə heyəti - onun üzvlərindən biri də mən idim - 1994-cü ilin iyul ayında Birləşmiş Ştatlara getdi. Orada danışıqlar 45 gün çəkdi. Danışıqlar asan getmirdi. Tərəflərin hər biri öz mövqeyini, öz mənafeyini qoruyurdu. Bəzən iş o yerə çatırdı ki, ya qarşı tərəf, ya da biz danışıqları tamamilə dayandırmaq istəyirdik. Bir dəfə qarşı tərəf şərt qoydu: Azərbaycan Rusiya ilə danışıb, Xəzər dənizinin hüquqi statusunu həll etməsə, danışıqlar davam etdirilməyəcəkdir. Təsəvvür edirsinizmi, bu nə demək idi? Məlum olduğu kimi, Rusiya ilə bu məsələ Prezident Heydər Əliyevin səyi nəticəsində yalnız 2002-ci ildə həll edildi. Deməli, 1994-cü ildə Hyustonda danışıqlar dayandırılsaydı, biz yeddi-səkkiz il gözləməli olacaqdıq. Nümayəndə heyətimizin üzvü, o vaxt ARDNŞ-nin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev qarşımıza qoyulmuş şərt barədə ulu öndərimizə məlumat verdi, onun göstərişi ilə Vaşinqtona uçdu. Nümayəndə heyətimizin digər üzvlərinə isə danışıqlarda iştirak edən şirkətlərə getmək, məsələni ətraflı izah etmək tapşırıldı. Yadımdadır ki, o vaxt mən “Yunokal” şirkətində oldum.

Nəzərə almaq lazımdır ki, o zaman müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi almış və sonra da həmin institutda dərs demiş cənab İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapması və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi.

Nəhayət, bütün bu gərgin işin nəticəsində 1994-cü il sentyabrın 20-də ulu öndərimiz Heydər Əliyevin titanik əməyi sayəsində tarixə “Əsrin müqaviləsi” kimi düşmüş “Hasilatın pay bölgüsü” sazişi imzalandı. Bu tarixdən başlayaraq, müstəqil Azərbaycanın neft siyasəti dövlətin həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissəsinə çevrildi. Azərbaycanda yeni neft strategiyasının həyata keçirilməsi illəri - misilsiz inkişaf dövrü başlandı. Ötən əsrin 90-cı illərində dərin böhran içində boğulan respublika XXI əsrin ilk illərindən sürətlə inkişaf edib çiçəklənən bir diyar, dünyanın nüfuzlu dövlətlərindən biri kimi şöhrətləndi.

Ölkəmizin müstəqillik illərindəki misilsiz inkişafında Azərbaycan neftinin həlledici rolu bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Respublikamıza rəhbərlik etdiyi illərdə o, neft sənayesinə ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi kimi baxmış, ona böyük önəm vermiş və neftçilərdən qayğısını heç vaxt əsirgəməmişdir. Bunu mən böyük Azərbaycan nefti uğrunda ümummilli liderimizin çoxillik gərgin mübarizəsinin şahidlərindən və iştirakçılarından biri kimi deyirəm.

 

“Əsrin müqaviləsi” dünyanın ən iri layihələri sırasında yer alır

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri 2005-ci il may ayının 28-də istismara verildi. Kəmərin təntənəli açılışı isə 2006-cı il iyul ayının 13-də oldu. Açılış mərasiminin iştirakçısı kimi deməliyəm ki, bu əsas ixrac neft kəməri bütün dünyaya səs saldı. Azərbaycan Prezidenti İlham Əliyev təntənəli mərasimdəki nitqində əmin olduğunu bildirdi ki, neft kəməri Avropa və dünya dövlətləri arasında iqtisadi əlaqələrin və dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayacaqdır.

– “Əsrin müqaviləsi”nin siyasi və iqtisadi əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Karbohidrogen ehtiyatlarının və qoyulan sərmayələrin həcminə görə dünyanın ən iri müqavilələri sırasına aid edilən bu Müqavilənin iki əsas müsbət cəhətini qeyd etmək istəyirəm.

Siyasi cəhətdən müqavilənin əhəmiyyəti ondadır ki, o, Azərbaycanın müstəqil dövlət və etibarlı tərəfdaş olduğunu göstərdi, dünyanın aparıcı dövlət və şirkətlərini əmin etdi ki, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Bu tendensiya artıq 20 ildir ki, davam edir.Təsadüfi deyil ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 32 müqavilə bağlandı.

“Əsrin müqaviləsi”nin iqtisadi əhəmiyyətinə gəldikdə isə deməliyik ki, neft hasilatı bizim neftçıxarma tariximizdə ən aşağı səviyyədən - 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Başqa sözlə, neft hasilatı 5,6 dəfə artdı.

Respublikada karbohidrogen hasilatı artımının əsas hissəsi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları hesabına əldə edilir. Hazırda “Çıraq”, “Azəri” və “Günəşli” yatağının dərinsulu hissəsində 79 hasilat quyusundan gündə orta hesabla 90 min tona qədər neft və 35 milyon kubmetr qaz hasil olunur. İşlənmənin əvvəlindən bu il sentyabrın 1-dək “Azəri-Çıraq-Gunəşli” yatağından 345 milyon ton neft və 100 milyard kubmetr qaz hasil edilib.

Artıq 15-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” yatağı layihəsinin iştirakçıları, o cümlədən Azərbaycan “mənfəət nefti”ndən gəlir əldə edir. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf edilirdisə, həmin ilin dekabrından Azərbaycanın “mənfəət nefti” ilə dolu tankerlər xarici bazarlara çıxarılır. 2014-cü il sentyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 185 milyon ton “mənfəət nefti” satılmışdır. Mənfəət neftinin həcmi ilbəil artır. Təkcə 2014-cü ilin 8 ayı ərzində Azəri-Çıraq-Günəşli yatağından hasil edilmiş 22 milyon ton neftin 15 milyon tonu, yəni 68 faizi Azərbaycanın payına düşən mənfəət nefti olmuşdur. “Mənfəət nefti”nin satışından əldə edilən gəlir ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Neft Fondunda toplanır, Azərbaycan Respublikasının qeyri-neft sektorunun inkişaf etdirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına sərf edilir.

Azərbaycan nefti Avropaya və dünya bazarlarına 1997-ci ildən “Şimal istiqaməti” (Bakı-Novorossiyski) və 1999-cu ildən “Qərb marşrutu” (Bakı-Supsa) ilə çıxarılırdısa, 2006-cı ilin mayında bunlara Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri də əlavə olundu.

Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının ərazilərindən keçib, birbaşa Aralıq dənizinə çıxan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri unikal bir kəmərdir. Onun ümumi uzunluğu 1769 kilometr, keçiricilik qabiliyyəti ildə 50 milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq olar.

2014-cü il sentyabrın 1-dək dünya bazarlarına 357 milyon ton neft, o cümlədən Bakı-Tbilisi-Ceyhan kəməri ilə 255 milyon ton, Bakı-Supsa kəməri ilə 69 milyon ton, Bakı-Novorossiysk kəməri ilə 11,3 milyon ton və dəmir yolu ilə 20,4 milyon ton neft ixrac edilib.

(ardı var)

 

Namiq ƏHMƏDOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında