Umud Rəhimoğlu: Azərbaycan jurnalisti səngərdə olan əsgərlərimizdən böyük məsuliyyət daşıdığını dərk etməlidir

Məlum olduğu kimi, avqustun 29-da Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında informasiya təhlükəsiziliyinə dair müşavirədə aktual məsələlər müzakirə edilmişdir. Prezident Administrasiyasının rəhbəri müşavirədə  qeyd etmişdir ki, kütləvi informasiya vasitələrinin rəhbərləri və dövlət orqanlarının rəsmi şəxslərinin iştirakı ilə keçirilən toplantının əsas məqsədi Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələləri müzakirə etmək və mövzu ətrafında fikir mübadiləsi aparmaqdır. Tədbirin mahiyyəti, ölkəmiz, cəmiyyətimiz və dövlətçiliyimiz üçün əhəmiyyəti barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlunun fikirlərini öyrəndik :

– Umud müəllim, uzun illər uğurlu fəaliyyəti ilə seçilən bir təşkilatın rəhbəri kimi hörmətli akademikin yanında baş tutan bu müşavirənin media və QHT sektoru üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Əslində, illərdir ki, mətbuatımızda informasiyanın mənbəyinin fərqinə varmadan, dəqiqləşdirmə aparmadan yaymaq, cəmiyyətə ötürmək və digər bu kimi problemlər var idi. Bu problem xüsusilə avqust ayının əvvəllərində cəbhə xəttində baş verən son hadisələrdə aktuallığını bir daha nümayiş etdirdi. Regionlara səfər etmədən, istər cəbhədəki vəziyyətdən, istərsə də oradakı tikinti-quruculuq işlərindən zərrə qədər xəbəri olmayan bəzi KİV mənsubları, internet portalları ölkəmizin təhlükəsizliyinə ziyan gətirəcək səviyyədə informasiya yaymağa başladılar. Bir-birindən köçürmə ilə, mənbəni aydınlaşdırmadan bu işə qol qoyan bir sıra xəbər portalları oldu ki, onların bu istiqamətdəki fəaliyyəti həqiqətən ciddi tənqid olunmağa layiqdir. Media mənsubları bu məsələyə diqqətlə yanaşmağa borcludurlar. Çünki belə məsələlər olduqca diqqət çəkən məqamlardır. Həqiqətən, cəmiyyətin alt şüuruna təsir imkanları baxımından  media alternativsiz sahə hesab olunur. Jurnalistlər hansı nöqtəyə qədər gedə bilərlər, harada çəkiliş və ya reportaj apara bilərlər – bunun özü çox incə məsələdir. Bütün bunlarla bağlı mövcud qaydalar, beynəlxalq standartlar var. Son hadisələrdə şahidi olduq ki, bunlara əməl etməyən bəzi jurnalistlərin fəaliyyəti nəticəsində xoşagəlməz, pessimist, məlumatlar cəmiyyətə ötürüldü. Təbii ki, bu məsələdə hörmətli akademikin narahatlığı əsaslıdır.

– Cəmiyyət, əksər media və QHT qurumları bu müşavirəni böyük ictimai əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirdilər. Lakin bu müşavirənin üzərinə kölgə salmağa çalışan bəzi qüvvələr də oldu ki, bunu təzyiq kimi təhlil etdilər. BAMF sədri olaraq bu məsələyə münasibətiniz?

– Hörmətli Ramiz müəllim həmin tədbirdə çox incə şəkildə, təzyiq olmadan bu məsələləri diqqətə çatdırdı. Vurğuladı ki, bu vəziyyət ciddi problemlərə yol açır. Bəli, nəzərə alsaq ki, biz milyondan artıq qaçqını və məcburi köçkünü olan, torpaqları işğal altında olan ölkəyik, belə bir regionda jurnalistlərin bir neçə mənbədən dəqiqləşdirmə apararaq, informasiyanı peşəkar səviyyədə cəmiyyətə ötürməsi aktual məsələdir.  Belə problemlər meydana çıxanda mən hesab edirəm ki, jurnalistlər münaqişə bölgələrinə səfər üçün akkreditasiya olunsunlar. Bəlli olsun ki, kimlər bu ərazilərə səfər edə bilərlər. Həmin jurnalistlərin imzası tanınsın, cəmiyyətə məlum olsun. Təsadüfi adamların sosial şəbəkələrdə yaydığı informasiyalar yox, peşəkar, akkreditasiya olunmuş şəxslərin məlumatları əsas götürülməlidir. Bu mənada hörmətli Ramiz müəllimin çaldığı həyəcan təbili təbiidir və bunu başa düşmək lazımdır. Müşavirə çox səmimi bir şəkildə qurulmuşdu və tədbirdə iştirak edən heç bir media mənsubu deyə bilməz ki, orada hansısa basqı və yaxud, təzyiq elementi var idi. Bu, sadəcə məsuliyyətə, vətənpərvərliyə bir çağırış və medianın üzərində böyük bir yükün olmasını onlara xatırlatmaqdan ibarət idi.

Media dördüncü hakimiyyətdir. Cəmiyyətin və dövlətçiliyin inkişafında medianın əvəzsiz rolu vardır. Bəzi KİV nümayəndələrinin buna əməl etməməsi, əlbəttə ki, ciddi təssüf doğurmaya bilməz. Bu baxımdan Azərbaycan kimi mürəkkəb geostrateji  regionda yerləşən məmləkət üçün hər bir addımın “yüz ölçülüb bir biçilmiş” şəkildə atılması zəruridir. Ölkəsinin gələcəyi və taleyi ilə bağlı narahat olan hər bir şəxs düşünürəm ki, bu prinsiplərə ciddi əməl etməlidir.

– Təşkilatınız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından ciddi layihələrə imza atmışdır. Hazırda BAMF hansı planların reallaşdırılması üzərində çalışır?

– Təşkilatımız 20 ildən artıqdır ki, fəaliyyət göstərir. 2007-ci ildən BMT İqtisadi- Sosial Şurasının (ECOSOC) xüsusi məşvərətçi statuslu üzvü olmaqla yanaşı, həm də Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının, ABŞ Dövlət Departamenti İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun, Beynəlxalq Mətbuat İnstitutunun üzvüyük. Xüsusi olaraq qeyd etməliyəm ki, 2014-cü ilin yanvar ayında təşkilatımız ECOSOC-un QHT Komitəsinin 19 daimi ölkə nümayəndəliyinin yekdil rəyi ilə qurumun ən yüksək Əsas Məşvərətçi Statuslu üzvü olmaqla BMT ilə əməkdaşlıq edən 31 min QHT sırasından bu statusa layiq görülən 138- ci təşkilat oldu. BAMF Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları sırasından bu yüksək statusu qazanmış ilk və yeganə qeyri hökumət təşkilatıdır. Bu status təşkilatımızın BMT-də tədbirlər keçirməklə yanaşı , dünyanın ən müxtəlif ölkələrində vətəndaş cəmiyyəti təmsilçilərini bir araya toplayıb aktual məsələləri müzakirə etməyə imkan verir.

Bizim əksər layihələrimiz münaqişədən əziyyət çəkmiş regionlarda həyata keçirilir. Hazırda Tərtər və Füzuli rayonlarında regional ofislərimiz fəaliyyət göstərir.   İstər hərbçilərlə, istərsə də münaqişə bölgələrinin yerli əhalisi ilə sıx ünsiyyətimiz mövcuddur. Biz  əsasən sosialyönümlü layihələr həyata keçiririk ki, bu da daha çox həmin bölgə əhalisinin rifahının yüksəlməsinə, işsizlik problemlərinin aradan qaldırılmasına, insanların maarifləndirilməsinə xidmət edir. Belə hesab edirəm ki, bu cür layihələrin həmin regionlarda həyata keçirilməsinə ehtiyac var. Biz müharibənin faciələrini özündə əks etdirən fotosalnamə reallaşdırırıq. Bu layihəni biz litvalı jurnalistlərlə birgə hazırlayırıq. Digər layihəmiz isə macar jurnalistlərlədir. Məqsəd regionda işğalın qurbanı olmuş əhalinin durumunu onlara təqdim etmək, tanıtmaqdan ibarətdir.

– BAMF sədri olaraq informasiya təhlükəsizliyinin dövlətimiz üçün əhəmiyyətini nədə görürsünüz?

– Bilirsiniz, informasiya böyük bir silahdır. Ondan güclü silah hazırda yoxdur. Super güclərin əksər hallarda istifadə etdiyi silah düzgün qurulmuş informasiya siyasətidir. Milyardlarla xərclənməli olan bir sahədə informasiyanın gücü ilə, yəni çox az bir məbləğdə vəsait xərcləməklə istəklərinə nail olan dünyanın böyük qüvvələri mövcuddur. Dövlətlərin yaşaması, onların taleyüklü problemlərin ağırlığından üzüağ çıxmaları üçün bu silahın düzgün istifadəsi vacib faktordur. Bu gün Azərbaycana xaricdən çox böyük basqılar mövcuddur. Həmin basqıların içində böyük bir maraq var ki, biz haqqımızı tələb etməyək, torpaqlarımızı işğaldan azad etmək üçün heç bir cəhd göstərməyək. Sanki taleyimizlə barışaq. Müstəqilliyimizi kimlərəsə, nəyəsə qurban verək. Bu ədalətsiz basqıları biz görməyə bilmərik. Hesab edirəm ki, hörmətli akademikin başçılığı ilə belə bir müşavirənin keçirilməsi tam zamana uyğun, proseslərə müvafiq bir addım idi.

Eyni zamanda, onu demək istəyirəm ki, Azərbaycanın media sektoru ilə bağlı qanunları kifayət qədər yerində olan qanunlardır. Səhv informasiya yayan istənilən qurumla, milli təhlükəsizliyimizə zərərli olan informasiyanın yayılması ilə qanunamüvafiq şəkildə mübarizə aparılmalıdır. Bu məsələ artıq kifayət qədər müzakirə olunur. Artıq hər gün izləyirik, görürük ki, bu müşavirə jurnalistlər arasında ciddi müzakirələrə səbəb olub. Və Azərbaycan mətbuatının peşəkarları bu problemin aradan qaldırılmasında maraqlıdırlar, bunun əhəmiyyətini yüksək qiymətləndirirlər.

Bilirsiniz, ulu öndər Heydər Əliyev  vaxtılə senzuranı ləğv elədi. Uzun illərdir ki, bu qurum fəaliyyət göstərmir. Lakin bu, o demək deyil ki, hər bir media nümayəndəsinin daxilində bir senzura olmamalıdır. Bu gün biz dəfələrlə müşahidə edirik ki, olmayan problemin həddindən artıq qabardılması və cəmiyyətdə müəyyən tərəddüdlərə yol açılması cəhdləri müşahidə edilir. Diqqət yetirəndə görürsən ki, bunu edən hansısa qeyri-ciddi bir portaldır. Yəni bu kimi halların təkrarlanmaması üçün hamılıqla çalışmalıyıq. Bu gün bütün cəbhəboyu bölgələrdə dövlətimiz tərəfindən çox böyük tikinti-quruculuq işləri həyata keçirilir. Bu günlərdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məsul nümayəndəsi ilə Bərdədə, Ağcabədidə, Ağdamda tədbir keçirdik. Həmin şəxs çıxışında vurğuladı ki, bu gün Azərbaycanda həyata keçirilən bu inkişafa istiqamətlənmiş layihələr dünyanın heç bir yerində belə sürətlə həyata keçirilmir. Bu, bir həqiqətdir ki, bu gün Azərbaycana gələn bütün qonaqlar buradan xoş təəsüratla qayıdırlar.

Son olaraq onu bildirmək istəyirəm ki, Azərbaycan jurnalisti səngərdə olan əsgərlərimizdən daha böyük məsuliyyət daşıdığını dərk etməlidir. Bu, hər bir jurnalistimiz üçün bir həyat devizinə çevrilməlidir.

 

Anar TURAN,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında