Bilik Fondu müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərindən yaranan bir qurumdur

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Prezident İlham Əliyevin 2014-cü il 7 may tarixli fərmanı ilə təsis edilib. Yarandığı vaxtdan keçən qısa müddətdə fond öz fəaliyyət istiqamətlərini müəyyənləşdirib, bir sıra layihələrin icrasına başlayıb. Bilik Fondunun icraçı direktoru Oqtay Səmədovun AzərTAc-a müsahibəsində bu qurumun fəaliyyətindən, görəcəyi işlərdən  geniş söhbət açılır.

- Oqtay müəllim, Azərbaycan Prezidenti  İlham Əliyevin fərmanı ilə Bilik Fondu təsis olundu. Oxucularımıza Bilik Fondunun yaranma zərurəti barədə məlumat verə bilərsinizmi?

-  Prezident İlham Əliyevin qeyd edilən bu fərmanının əsas qayəsi insanları maarifləndirməkdən ibarətdir. Cəmiyyətin inkişaf meyarlarından birinin bilik olması danılmazdır. Məhz bu həqiqətdən çıxış edərək deyə bilərik ki, Bilik Fondunun yaranması ölkəmiz üçün çox əhəmiyyətli hadisədir.

Bu gün Azərbaycanın hərtərəfli inkişafı göz qabağındadır. Əhalinin həyat səviyyəsinin gündən-günə daha da yaxşılaşması, insanların sosial problemlərinin həlli məqsədilə həyata keçirilən işlər hər birimizi sevindirir.

Ölkəmizin iqtisadi, siyasi, hüquqi, mədəni sahələrdə inkişafını dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatları dilə gətirir, bu inkişafı yüksək dəyərləndirirlər.

Tarixə nəzər salsaq, ötən əsrin 90-cı illərinin əvvəllərindən bu günədək həyata keçirilən islahatların insanların həyatındakı rolunu açıq-aydın görərik. Son 10 ildə isə iqtisadi inkişafdan əldə olunan kapital birbaşa insan kapitalının inkişafına yönəldilib.  Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bizim ən böyük qazancımız insanlarımızın təfəkkürünü, düşüncəsini ölkəmizin potensialının yüksəldilməsinə istiqamətləndirməkdir. Azərbaycan vətəndaşlarının ölkənin daxili və xarici siyasətini, aparılan islahatları, görülən işlərin nəticələrini bilib dəyərləndirməsi, aydın dərk etməsi çox vacibdir. İnsan özünü, yaşadığı ölkəni daha yaxşı tanımalıdır. Bununla bərabər, insan dünyanı daha yaxşı tanımalıdır.

Bilik Fondunun Nizamnaməsində üç əsas fəaliyyət istiqaməti göstərilib. Bunlar ölkə əhalisinin daha sistemli və dərindən maarifləndirilməsi, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin insanlara çatdırılmasından, xaricdə əldə edilən elmi nailiyyətlərin ölkəmizə gətirilməsindən ibarətdir.

Bu mənada Bilik Fondu  ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsinə, banisi olduğu azərbaycançılıq məfkurəsinin geniş təbliğinə, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən hadisələrin mahiyyətinin açıqlanması və əhalinin bütün təbəqələrinə çatdırılmasına xüsusi önəm verəcək. Biz ölkə əhalisinin bütün təbəqələrinin nümayəndələrini nur yayan bilik çırağı ətrafında toplamağı düşünürük. Bu istiqamətdə ən önəmli vəzifəmiz yerli ziyalı potensialından, yerli yeniyetmə və gənclərin gücündən məqsədəuyğun istifadə etməkdir.

- Bilik Fondu bu missiyasını hansı yollarla həyata keçirməyi planlaşdırır?

- Ölkə rəhbərliyinin bizə həvalə etdiyi bu şərəfli missiyanı layiqincə yerinə yetirmək üçün bütün mütərəqqi yollardan istifadə olunacaq. Bilik Fondu məhz elmi-texniki, sosial-iqtisadi, hüquqi, humanitar biliklərin davamlı şəkildə artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin əhali arasında geniş təbliği, gənclərin ekoloji təfəkkürünün formalaşdırılması məqsədilə fəaliyyətə başlayıb.

Məqsədimiz insanlara bilik çatdırmaqdırsa, bu prosesdə təkcə fondun əməkdaşları deyil, bütün ölkə vətəndaşları iştirak etməlidir. Biz Bilik Fondu olaraq bu amal ətrafında insanları birləşdirməyə, yerlərdə müxtəlif layihələrə cəlb etməyə çalışacağıq. Niyyətimiz həm də həyata keçirəcəyimiz layihələrdə ən ucqar kənd və qəsəbələrin əhalisinin də fəal iştirakını təmin etməkdir.

Bilik Fondunun məqsədi və vəzifələrindən irəli gələn məsələlərin həlli üçün artıq bir sıra layihələrə başlamışıq. “Docendo discimus” layihəsi, adından da göründüyü kimi, öyrədərək öyrənməyə xidmət edir. Bu sırada “Ustad və şəyird”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda”, “Epizod”, “Auditoriya+”, “Qardaşlaşmış məktəblər”, “Dini abidələrdə tarixin izləri” kimi layihələri də  göstərmək olar.

Qeyd edə bilərəm ki, mətbuatda haqqında geniş məlumat verilmiş “Dini abidələrdə tarixin izləri” və “Qardaşlaşmış məktəblər” layihələri cəmiyyət tərəfindən çox böyük maraqla qarşılanıb. Birinci layihə çərçivəsində Bərdə İmamzadəsində olan fondun əməkdaşları yerli ziyalıların və Bərdə camaatının layihəyə böyük marağını  vurğulayırlar. Məlumdur ki, Bərdə İmamzadəsində beşinci imam Məhəmməd Bağırın qız nəvəsi Şahzadə İsmayıl dəfn olunub. İmamzadənin ətrafında xeyli sayda tarixi şəxsiyyətlərin məzarları var. Əməkdaşlarımız ilkin mərhələdə qəbirüstü yazıların və daş kitabələrin fotoşəkillərini çəkib, kompleksi lentə alıblar. Sonrakı mərhələdə bu yazılar oxunub təhlil ediləcək, tariximizin müvafiq dövrünə əlavə qeydlərin mümkünlüyü müəyyənləşdiriləcəkdir.

- Bildiyimizə görə, bərdəlilər İmamzadənin vaxtilə ermənilərin  müdaxiləsinə məruz qaldığını, daşlar üzərindəki yazıların, əsasən də, tarixlərin silindiyini deyirlər. Abidənin indiki vəziyyəti də ürəkaçan deyil. Layihə çərçivəsində bərpa işlərinin həyata keçirilməsi planlaşdırılırmı?

- Ölkəmizdə dini və tarixi  abidələrin qorunması, bərpası, məscidlərin, o cümlədən sinaqoq və kilsələrin təmir olunması dövlətin diqqət mərkəzindədir. Ölkə başçısının bu istiqamətdəki sərəncamları, gerçəkləşdirilən layihələr əsaslı addımların atılmasına, dini abidələrdə tarixin izlərinin aşkara çıxarılmasına zəmin yaradır. Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyası alimlərinin və digər qurumlardakı peşəkar bərpaçıların iştirakı ilə Bərdə İmamzadə kompleksinin müəyyən təmiri və bərpasını nəzərdə tutur. Məqsədimiz ilin sonuna qədər  bu məkanı insanların mənəvi rahatlıq tapa biləcəyi, məktəblilərin Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı kifayət qədər əlavə bilik ala biləcəyi  yerə çevirməkdir. Layihəyə cəlb edilmiş Bərdə gəncləri məzarlıqda görülən təmizlik və bərpa işlərində böyük həvəslə çalışırlar. Layihənin növbəti mərhələlərində ölkəmizin müxtəlif bölgələrində yerləşən digər dini abidələrimizin də gizlində yaşayan tarixin izləri üzə çıxarılacaqdır.

- Mətbuatda Bilik Fondunun “Qardaşlaşmış  məktəblər” layihəsi ilə bağlı  məlumatlar yayılıb. Bu layihə ilə bağlı fikir bildirməyinizi xahiş edirik.

- “Qardaşlaşmış məktəblər” layihəsinin  koordinatoru Bilik Fondu aparatının rəhbəri, professor Rəfail Həsənovdur. Layihə çərçivəsində sentyabrın 5-dən başlayaraq 15-dək  silsilə tədbirlərimiz nəzərdə tutulur. Müxtəlif  bölgələrdən seçilmiş 10 məktəbin hər birindən, təxminən, 12-14 nəfər şagird, digər bölgələrdən 10 məktəbin şagirdlərinin qonağı olacaq. Məktəblər arasında qardaşlıq müqaviləsi imzalanacaq. Birlikdə tarixi-mədəni yerlərə gəzintilər təşkil olunacaq, bilik yarışmaları, dəyirmi masalar keçiriləcək. Onu da qeyd edim ki, bu layihənin işinə digər məktəblərin müəllim və şagirdləri, yerli əhali və ziyalılar da cəlb olunacaq.

Sentyabrın 15-i - “Bilik günü”ndə isə Azərbaycanın bütün rayonlarında məktəblərdə tanınmış şəxslər - elm və mədəniyyət adamları mühazirələr oxuyacaqlar. Təsəvvür edirsinizmi, ölkənin tanınmış bir alimi rayonda bir kənd məktəbində mühazirə oxuyacaq. Şübhəsiz, həmin gün hər bir şagirdin yaddaşına əbədi həkk olunacaq. Əlamətdar olan budur ki, məktəblərlə bu yöndə əlaqələrimiz təkcə “Bilik günü”ndə  deyil, ilboyu davam edəcək.

Bu layihə “İlboyu bilik” proqramının tərkibinə daxil olan layihələrdən yalnız biridir.

Bilik Fondu hər işdə yaradıcılığa üstünlük verir. Yaradıcılıq canlılıq gətirir. Bildiyiniz kimi, Bakı Slavyan Universitetində xeyli müddətdir yaradıcılıq fakültəsi fəaliyyət göstərir. Təcrübə göstərdi ki,  istedadlı gənclərin üzə çıxarılmasında və onların peşəkar vərdişlərə yiyələnməsində bu fakültənin rolu böyükdür. Ona görə də, regionlarda yaradıcılıq fakültəsinin filiallarını yaratmağı planlaşdırmışıq. Gənclər vaxtlarını boş keçirməkdənsə, onlara təklif  olunan maraqlı layihələrdə iştirak etməyə üstünlük verirlər. Təki bu gənclərlə ünsiyyətimiz baş tutsun.

Onu da xüsusi qeyd edim ki, bizim layihələrimizin hər biri davamlı olması ilə fərqlənəcəkdir.

- Oqtay müəllim, Bilik Fondunun fəaliyyəti necə tənzimlənəcək?

- Bilik Fondunun fəaliyyəti Fondun Himayəçilik Şurası tərəfindən tənzimlənəcək. Şuraya Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, hörmətli alimimiz akademik Akif  Əlizadə rəhbərlik edir. Ölkə Prezidentinin sərəncamı ilə tanınmış ictimai xadimlər və alimlər - Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli, Azərbaycan Teatr Xadimləri İttifaqı idarə heyətinin sədri, professor Azərpaşa Nemətov, Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı, professor Sahibə Qafarova, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatı Mübariz Qurbanlı Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər. Belə dəyərli alimlərin himayəçilik etdiyi Bilik Fondu, əlbəttə, öz missiyasını layiqincə yerinə yetirmək  gücündədir. Bilik Fondu Himayəçilik Şurasının hər bir üzvünün imkanlarından, təcrübəsindən və məsləhətlərindən yararlanmağı düşünür. Bu məqsədlə fondun Himayəçilik Şurasının üzvü akademik Kamal Abdullayev yeni formalaşan kollektivimizlə davamlı treninqlər keçirir. Çox böyük əhəmiyyəti olan bu treninqlərin gələcəkdə Himayəçilik Şurasının digər üzvləri ilə də keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, Bilik Fondunun ölkəmizdə müxtəlif elm, mədəniyyət, ictimai, sosial sahələrdə fəaliyyət göstərən, cəmiyyət tərəfindən çox yaxşı tanınan ziyalılarımızdan ibarət Ekspert Şurası da formalaşmaqdadır. Təbii ki, fəaliyyətimizin istiqamətləndirilməsində bu ekspertlər bizə yaxından kömək edəcəklər.

- Bilik Fondunun Nizamnaməsində xarici ölkələrdə nümayəndəliklərin və ölkə daxilində filialların, “Bilik evləri”nin yaradılması nəzərdə tutulub. Bu istiqamətdə hansı işlər görülməkdədir?

- Bilik Fondunun bölgələrdə filiallarının, “Bilik evləri”nin və xaricdə nümayəndəliklərinin yaradılması sahəsində  hazırda işlər gedir. Artıq rayonlarda Bilik Fondunun rayon ziyalılarından ibarət nümayəndələri müəyyənləşib, bizim onlarla sıx əlaqələrimiz var.  Fond rayonlarda keçirəcəyi layihələrə yerli ziyalıların və ictimaiyyət nümayəndələrinin cəlb olunmasını rayon nümayəndələrinin vasitəsilə həyata keçirəcək. Maarifləndirici layihələrin gerçəkləşməsində fondun dayaq nöqtəsinə çevriləcək filialların üzvləri öz bölgələrində nüfuz sahibi olan tanınmış ziyalılar, elm və təhsil işçiləridir. Yaxın gələcəkdə Bilik Fondunun xarici ölkələrdə də filiallarının yaradılması nəzərdə tutulur. Bu istiqamətdə Azərbaycanın dostları ilə birgə fəaliyyət göstərəcəyik.

- Oqtay müəllim, Bilik Fondunun fəaliyyəti ilə bağlı daha nələri söyləmək istərdiniz?

- Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyəti artıq müəyyən məsuliyyətdən xəbər verir. Biz əminik ki, Bilik Fondunun layihələri ən qısa zamanda öz  bəhrəsini verəcək. İndi ictimaiyyətin bizdən gözləntiləri çoxdur. Demək istəyirəm ki, Bilik Fondu hər kəsin üzünə açıqdır. Biz hər bir səmərəli ideyanı, yeni fikri dinləməyə hazırıq. Hər kəsi Bilik Fondu ətrafında gücünü səfərbər etməyə və Azərbaycanımızın inkişafına öz töhfəsini verməyə dəvət edirəm.

 

AzərTAc

 

 

 

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında