Vergilər üzrə milli qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması prioritet hesab edilir

Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov AzərTAc-a müsahibəsində vergilər üzrə milli qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması və digər prioritet məsələlərdən söhbət açıb.

- Vergilər Nazirliyi vergi sisteminin 2013-2020-ci illərdə inkişafı üzrə strateji plan həyata keçirir. Bu planda nəzərdə tutulan tədbirlərdən biri də Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə və DTT-nin tələblərinə uyğunlaşdırılmasıdır. Hazırda bununla bağlı hansı işlər görülür?

- Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinin mühüm şərtlərindən biri də ölkəmizin mövcud qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasından ibarətdir. Bu, ölkəmizin Avropaya inteqrasiyasının sürətləndirilməsi istiqamətində əsas prioritetlərdəndir.

Məsələnin həlli Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş vergi sisteminin inkişafı üzrə Strateji Planda nəzərdə tutulub. Artıq bu sahədə hazırlıq işlərinə başlanılıb. Qanunvericiliyin uyğunlaşdırılması ilə bağlı ilkin mərhələdə Avropa İttifaqının dolayı vergitutma sahəsində 7 direktivi üzrə əsas tələblər təhlil edilərək müəyyənləşdirilib.

Avropada belə bir fikir formalaşıb ki, uyğunlaşdırılmayan vergi qanunvericilikləri ölkələr arasında malların, xidmətlərin və kapitalın sərbəst hərəkətinə mane olur və rəqabət prinsiplərini pozur. Bu baxımdan milli qanunvericiliklərin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması prioritet hesab edilir. Uyğunlaşdırma prosesi isə birmənalı olaraq əsasən dolayı vergilər sahəsində aparılır ki, bu da yalnız həmin qrup vergilərin qarşılıqlı ticarət münasibətlərinə təsir etməsi ilə şərtlənir.

Birbaşa vergilərə gəldikdə isə, bu qrupa daxil olan vergi növlərinin harmoniyasına ehtiyac duyulmur. Birbaşa vergilər dolayı vergilər kimi kapitalın, malların sərbəst hərəkətinə və xidmətlərin göstərilməsinə birbaşa təsir etmir. Birbaşa vergilər hər bir ölkənin daxili iqtisadi siyasətinə uyğun olaraq müəyyən edilir.

Avropa İttifaqının əsas tələblərindən biri təhsil xidmətlərinin ƏDV-dən azad olunması ilə bağlıdır. Avropa İttifaqının 2006-cı il 28 noyabr tarixli direktivinin tələblərinə uyğun olaraq 2013-cü il yanvarın 1-dən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164-cü maddəsinə dəyişiklik edilməklə ödənişli təhsil xidmətlərinin göstərilməsi ƏDV-dən azad edilib.

Hazırda Avropa İttifaqının ƏDV və aksizlərlə bağlı digər direktivlərinin aksizli malların əhatə dairəsi, ƏDV-yə cəlb olunan əməliyyatlar, ƏDV-nin dərəcəsinin diferensiallaşdırılması barədə tələblərinin tətbiqi imkanlarının müəyyən olunması ilə bağlı araşdırmalar və müzakirələr davam etdirilir.

- Hazırda aktual məsələlərdən biri də ölkədə nağdsız hesablaşmaların inkişaf etdirilməsidir. Vergilər Nazirliyi bu sahənin inkişafı üçün mühüm işləri yerinə yetirib. Bu sahənin gələcək hədəfləri barədə nə deyə bilərsiniz?

- Son illərdə Azərbaycanda mütərəqqi Milli Ödəniş Sisteminin yaradılması üçün qabaqcıl beynəlxalq təcrübədən istifadə olunmaqla elektron hesablaşma sistemlərinin yaradılıb istifadəyə verilməsi istiqamətində bir sıra islahatlar aparılıb. Bu islahatların nəticəsində banklararası hesablaşmalar sistemi və xırda ödənişlər üzrə hesablaşma klirinq sistemi, böyük məbləğli və təcili ödənişlərin real vaxt rejimində (on-line) həyata keçirilməsinə və xırda ödənişlərin, o cümlədən, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödəmələrin elektron daşıyıcılar, habelə plastik kartlar əsasında şəffaf, təhlükəsiz, səmərəli şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradılıb.

Təhlillər göstərir ki, 2012-ci ildə cəmi pul kütləsinin həcmi 20,7 faiz artdığı halda, nağd pul kütləsi 29,3 faiz artıb. Ötən il isə cəmi pul kütləsi 15,4 faiz artdığı halda, nağd pul kütləsinin artımı 13 faiz təşkil edib.

Qeyd edim ki, respublika ərazisində nağd qaydada aparılan hesablaşmaların məhdudlaşdırılmasını və nağdsız ödənişlərin stimullaşdırılmasını nəzərdə tutan müvafiq qanunvericilik aktlarının layihələrindən ibarət təkliflər hazırlanıb baxılması üçün hökumətə təqdim olunub. Bununla yanaşı, ölkə iqtisadiyyatında nağdsız ödənişlərin stimullaşdırılmasında beynəlxalq tələblərə cavab verən daha təkmil qanunvericilik bazasının yaradılmasına texniki kömək üçün Dünya Bankının Azərbaycandakı nümayəndəliyi ilə müzakirələr aparılır.

Vergi xidməti bu sahədə öz üzərinə düşən müəyyən işləri artıq tamamlayıb. 2012-ci ilin aprelindən başlayaraq vergi ödəyiciləri plastik bank kartından istifadə etməklə vergi və rüsumların internet vasitəsi ilə ödənilməsi imkanı əldə ediblər.

POS-terminal şəbəkələrinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb. Bildiyiniz kimi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa edilmiş dəyişikliklərə əsasən, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün müvafiq POS-terminalların quraşdırılması hüquqi və fiziki şəxslərin vəzifələrinə aid edilib. Həmin qanunun icrasından irəli gələrək nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən 2012-ci ildə “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və “POS-terminallar quraşdırılacaq obyektlərin meyarları” təsdiq edilib. Hazırda vergi ödəyicilərinin obyektlərində POS-terminalların quraşdırılması işləri davam etdirilməkdədir.

Görülmüş işlər nəticəsində POS-terminal və ATM-lər vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi artmaqdadır. Bu artım POS-terminal və ATM-lərin sayında da özünü göstərir. İyunun 1-dək respublika üzrə qeydiyyatda olan POS-terminalların sayı ilin əvvəlinə olan göstəriciyə nisbətən 1,6 dəfədən çox artaraq 51773 ədəd təşkil edib. Son üç il ərzində POS-terminal və ATM-lər vasitəsilə həyata keçirilən nağdsız dövriyyənin həcmi 4 dəfəyədək artaraq, 2013-cü ildə 578 milyon manat olub.

 - Hazırda müzakirə olunan aktual məsələlərdən biri də elektron ticarətlə bağlıdır. Bu sahədə hansı işlərin görülməsi nəzərdə tutulur və bu sahəyə vergi nəzarəti necə təşkil edilir?

- İnternet vasitəsi ilə elektron ticarətin həyata keçirilməsi dünyada gedən qloballaşma prosesinin tərkib hissələrindən biridir. Son dövrlərdə inkişaf etmiş ölkələr də artıq yeni inkişaf mərhələsinə - vahid informasiya cəmiyyətinin yaradılması mərhələsinə daxil olmaqdadır. Sahibkarlıq fəaliyyəti sahəsində bu istiqamətdə baş verən yeni dəyişikliklər biznesin elektron qaydada aparılmasında və ya elektron ticarətin tətbiqində öz əksini tapıb.

Dünya miqyasında elektron ticarət deyilən bir yeniliyin meydana çıxması yeni yaranmış münasibətlərin tənzimlənməsinə, o cümlədən texniki, iqtisadi, maliyyə, vergi və hüquq normalarının uzlaşdırılmasına zərurət yaradıb. Son illərdə ABŞ, Kanada, Avstraliya və bəzi Avropa ölkələrində elektron qaydada həyata keçirilən biznesi tənzimləyən qanunvericilik aktları qəbul edilir.

Artıq Azərbaycanda da biznesin elektron qaydada aparılması zamanı meydana çıxan hüquqi və iqtisadi münasibətləri tənzimləyən bir sıra qanunvericilik aktları qəbul olunub. “Elektron sənəd, elektron imza haqqında”, “Elektron ticarət haqqında” qanunları, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə elektron ticarətlə bağlı müddəaların daxil edilməsini misal göstərmək olar.

Hazırda sahibkarlıq fəaliyyətinin bütün sahələrinə, o cümlədən elektron ticarətə vergi nəzarəti Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada aparılır. Lakin elektron ticarətin yuxarıda göstərilən xüsusiyyətləri nəzərə alınaraq bu sahədə vergi nəzarətinin təkmilləşdirilməsi vacib məsələlərdən biridir. Yaxın gələcəkdə elektron ticarətə vergi nəzarətinin həyata keçirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilərək təkmil vergi nəzarəti mexanizminin yaradılması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur.

- Bir müddət əvvəl Vergilər Nazirliyinin dəvəti ilə Avstriya Vergi Administrasiyasının ekspert qrupu Bakıda səfərdə oldu. Həmin qrup nazirlik daxilində fəaliyyətin qiymətləndirilməsi sistemini təhlil edib və onun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr hazırlayıb. Bu sahədə hansı işlərin görülməsi nəzərdə tutulub?

- Vergi sisteminin inkişafı ilə bağlı qəbul edilmiş Strateji Planda nazirliyin strukturlarının və işçilərinin fəaliyyətinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin araşdırılaraq tətbiqi imkanlarının müəyyən edilməsi və digər ölkələrin vergi orqanları ilə təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə Vergilər Nazirliyi tərəfindən fəaliyyətin qiymətləndirilməsi sahəsində mütərəqqi beynəlxalq təcrübə öyrənilib. Bu ilin martında Avropa İttifaqının “TAİEX” proqramı çərçivəsində Avstriya Vergi Administrasiyasının nümayəndələri ekspert missiyası qismində Bakıda olarkən ekspert hesabatı hazırlayıblar. Hesabatda Vergilər Nazirliyində fəaliyyətin qiymətləndirilməsi sisteminin güclü və zəif tərəfləri barədə rəy verilib.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın qərarı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib. “Dövlət qulluğu haqqında” Qanuna uyğun hazırlanan bu qaydalar dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini müəyyən edir. Qanuna əsasən vergi orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinin qiymətləndirilməsi bu qaydalara müvafiq olaraq aparılmalıdır. Vergilər Nazirliyində tətbiq olunan fəaliyyətin qiymətləndirilməsi qaydalarının uyğunlaşdırılması məqsədilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın yeni layihəsi hazırlanıb və layihə üzrə müzakirələr aparılır.

- Bələdiyyələrdə uçot sisteminin təkmilləşdirilməsi və bələdiyyələrə bu sahədə metodiki rəhbərliyin həyata keçirilməsi istiqamətində bir sıra işlər görülüb. Bu barədə nə deyə bilərsiniz?

- Məlum olduğu kimi, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezidentin fərmanına əsasən yerli vergilərin və ödənişlərin düzgün hesablanmasında, tam və vaxtında ödənilməsində, habelə vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsində bələdiyyələrə metodik rəhbərliyi Vergilər Nazirliyi həyata keçirir. Mövcud vəziyyətin yaxşılaşdırılması, bələdiyyələrin vergi xidmətlərinin fəaliyyətinin gücləndirilməsi üçün yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi prioritet məsələyə çevrilib. Bu məsələ “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da nəzərdə tutulan vəzifələrdən biridir.

Bələdiyyələrdə elektron uçotun həyata keçirilməsi ilə bağlı Vergilər Nazirliyinin sifarişi əsasında “Bələdiyyə Vergi İnformasiya Sistemi” (BVİS) proqram təminatı hazırlanıb. Avtomatlaşdırılmış uçot sisteminin tətbiq olunması bələdiyyələrdə geniş məlumat bazasının yaradılmasını təmin etməklə, yerli vergi və ödənişlərin düzgün hesablanmasına, onların tam və vaxtında yerli büdcələrə ödənilməsinə xidmət edəcəkdir.

Vergilər nazirinin müvafiq əmrinə əsasən yerli vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli vergi və ödənişlərin uçotunun tətbiqi üzrə pilot layihə həyata keçirilir. Həmin layihə 8 bələdiyyədə (Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Binəqədi qəsəbə, Binəqədi, Xocasən, Biləcəri bələdiyyələrində, Abşeron rayonunun Saray bələdiyyəsində, Sumqayıt şəhərinin Sumqayıt bələdiyyəsində və Şəmkir rayonunun Şəmkir bələdiyyəsində) icra olunur. Pilot layihə həyata keçirilən bələdiyyələrdə proqram təminatı quraşdırılıb və 14 minə yaxın yerli vergilərin ödəyicisinin BVİS-də elektron qaydada uçota alınması təmin edilib.

Müvafiq proqram təminatının istifadə qaydalarını əks etdirən “Azərbaycan Respublikası Bələdiyyə Vergi İnformasiya Sistemi (BVİS)” adlı istifadəçi təlimatı da artıq hazırlanıb.

- Bu gün sahibkarları narahat edən məsələlərdən biri də mövcud təcrübədə vergi qanunvericiliyi sahəsində yaranmış mübahisəli halların onlara izah edilməsidir. Bu məsələ ilə bağlı hansı işlər görülür?

- Vergi Məcəlləsində vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh olunması öz əksini tapıb. Qanunvericilik Vergi Məcəlləsinə rəsmi şərhlərin hazırlanmasını zəruri edir. Vergilər nazirinin əmrinə əsasən Vergi Məcəlləsinin şərhlərinin hazırlanması ilə bağlı komissiya yaradılıb. Məcəllənin müddəalarının aydın və konkret şərh edilməsi üçün komissiya ciddi işlər görür. Düşünürük ki, şərhlərin hazırlanması məcəllənin maddələri ilə əlaqədar sorğuların sayının da əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaqdır.

- Vergi qanunvericiliyində mütəmadi olaraq dəyişikliklər edilir. Bu dəyişikliklər makroiqtisadiyyat və vergi sistemində olan əsas göstəricilərin təhlili əsasında həyata keçirilir. Vergi qanunvericiliyi və inzibatçılığı sahəsində baş verən bu dəyişikliklərin sonrakı qiymətləndirilməsi və monitorinqinin aparılması zamanı hansı üsullardan istifadə olunur?

- Vergi sisteminin inkişafı üzrə Strateji Plana əsasən bu məsələ də öz həllini tapmalıdır. Həmin planda vergi güzəşti və azadolmalarının monitorinqinin aparılması, təkliflərin verilməsi, vergi potensialının qiymətləndirilməsi, proqnozlaşdırılması modelləri sisteminin və müvafiq tətbiqi proqram paketinin təmin edilməsi nəzərdə tutulub. Qeyd olunan vəzifənin icrası, həmçinin ümumilikdə iqtisadiyyatda və vergi sistemində baş verən dəyişikliklərin qiymətləndirilməsi məqsədilə AVİS-də “Strateji araşdırmalar modulu” proqram təminatının hazırlanması üzrə işlər davam etdirilir.

Vergi potensialının müəyyən edilməsi, vergi güzəştlərinin hesablanması və qiymətləndirilməsi ilə bağlı görülən tədbirlər, ölkə iqtisadiyyatını və vergi sistemini əhatə edən geniş məlumat bazası vergi sisteminin inkişafının monitorinqini aparmağa və onun obyektiv qiymətləndirilməsinə imkan yaradacaqdır.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında