Azərbaycan təkcə Küveyt üçün deyil, bütün ərəb dünyası üçün çox vacib ölkədir

 

 

Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi AzərTAc-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Cənab səfir, Azərbaycan ilə Küveyt arasındakı əlaqələrin hazırkı vəziyyətini və perspektivlərini necə qiymətləndirirsiniz?

– Əvvəla qeyd edim ki, Azərbaycan təkcə Küveyt üçün deyil, bütün ərəb dünyası üçün çox vacib ölkədir. Azərbaycanda yüksək siyasi, iqtisadi sabitlik hökm sürür. Heç də hər ölkədə bu cür sabitlik olmur.

Küveyt ilə Azərbaycan arasındakı əlaqələr yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ildə Küveytə rəsmi səfəri əlaqələrimizin inkişafına təkan verdi. Bu yaxınlarda isə Küveytin Baş nazirinin Azərbaycana səfəri planlaşdırılır.

Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, iqtisadi sahədə əməkdaşlıq hələ kifayət qədər inkişaf etməyib, ticarət dövriyyəsi lazımi səviyyədə deyil. Bu sahədə əməkdaşlığı inkişaf etdirməliyik. Mən Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşmüşəm. Onların arasında iqtisadiyyat və sənaye naziri də var idi. Həmin görüşdə Azərbaycan ilə Küveyt arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri və bu sahədə əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edildi. Bu yaxınlarda bəzi məsul şəxslərlə görüşüb investisiyalarla bağlı müzakirələr aparmağı da planlaşdırıram.

Əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi çox önəmlidir. Bu istiqamətdə artıq irəliləyişlər var. Küveytdə bir sıra sərgilər keçirilir. Bu sərgilərə Azərbaycandan da nümayəndə heyətləri dəvət olunur ki, onlar öz məhsullarını nümayiş etdirsinlər. Həmçinin Küveytdən də nümayəndələr, xüsusilə, Küveyt Ticarət Palatasının təmsilçiləri Azərbaycana gəlirlər və öz həmkarları ilə görüşürlər. Qarşılıqlı səfərlərin intensivləşdirilməsi əlaqələrin daha da inkişafında mühüm rol oynayacaq.

– Azərbaycandakı hansı sahələr Küveyt üçün daha cəlbedicidir?

– Bir çox sahələri qeyd etmək olar. Bizim üçün turizm sahəsi də cəlbedicidir. Mən Qəbələ rayonunda oldum. Qəbələ gözəl turizm bölgəsidir və bizim üçün maraqlıdır. Biz Küveytdən Bakı ilə yanaşı, Qəbələyə də birbaşa hava xəttinin açılmasına çalışırıq. Hazırda Küveytdə turizm bürosunun açılması ilə bağlı danışıqlar gedir. Məqsəd turistləri Qəbələyə və Azərbaycanın başqa turizm bölgələrinə cəlb etməkdir. Ölkələrimiz arasında birbaşa hava xəttinin açılması barədə görüşlər davam edir. Biz bu məsələni diqqət mərkəzində saxlayırıq. Eyni zamanda, digər sahələrdə, xüsusilə neft və neft-kimya sahəsində əməkdaşlıq etmək üçün imkanlarımız var.

– Ölkələrimizin mədəniyyətinin qarşılıqlı təbliği istiqamətində nə kimi işlər görülür?

– Bizim mədəniyyətimiz, adət-ənənələrimiz oxşardır. Ümumiyyətlə, bildiyiniz kimi, İslam dünyasının xalqları oxşar mədəniyyətə və adət-ənənələrə  malikdirlər. Ölkələrimizin mədəniyyətinin qarşılıqlı təbliği istiqamətində də çalışırıq. Məsələn, Azərbaycanda Küveyt mədəniyyət həftəsi keçirmək üçün danışıqlar aparırıq. Burada Küveyt milli folklor kollektivinin də iştirak etməsini planlaşdırırıq.

– Cənab səfir, Küveytin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bilmək istərdik.

– Küveyt hər zaman haqq-ədalətin yanında olub. Bu baxımdan biz BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri dəstəkləyirik.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında