Ermənistan müdafiə nazirliyi də, xüsusi xidmət orqanları da yaxşı bilir ki, belə diversiya qrupu olmur

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri Firudin

Sadıqovun AzərTAc-a müsahibəsi.

- Firudin müəllim, Kəlbəcər rayonu ərazisində girov götürülmüş azərbaycanlılarla bağlı komissiya nə kimi işlər görür, hansı nəticələr var?

- Qeyd edim ki, Kəlbəcər rayonu ərazisində iki azərbaycanlının girov götürülməsi, birinin isə qətlə yetirilməsi ilə bağlı məlumatlar yayıldıqdan dərhal sonra Dövlət Komissiyası səlahiyyətlərinə uyğun olaraq onların sonrakı taleyinin aydınlaşdırılması üçün ilkin zəruri addımları atmağa başladı. Müvafiq beynəlxalq qurumlar məlumatlandırıldı və onlarla görüşlər keçirilərək müzakirələr başlandı. Beynəlxalq təşkilatlardan girovlara tezliklə baş çəkilməsi, onların saxlanmasının beynəlxalq humanitar hüquq normalarına uyğunluğuna  nəzarət olunması və azad edilmələri üçün zəruri tədbirlərin görülməsi tələb edildi.

- Ermənistanın hakimiyyət qurumları girov götürülmüş şəxslərin “diversiya qrupu”nun üzvləri olduğunu iddia edirlər. Onlar hansı diversiya hərəkətləri törədiblər?  Buna dair ermənilərin əlində bir dəlil-sübut varmı?

- Əvvəla bildirmək istəyirəm ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev heç bir dövlətin sərhədini pozmayıblar. Onların əməllərində diversiya yoxdur - heç bir yer partladılmayıb, dağıdılmayıb. Onların əməllərində casusluq da yoxdur. Casus öz ölkəsini satana deyilir. Onlar heç bir ölkəni satmayıblar. Yazırlar ki, onlar məxfi məlumat toplayırmışlar. Hansı məlumat, hardadı həmin məlumatlar, kimdən toplayıblar? Ortada heç bir konkret fakt yoxdur.

Hətta az-çox savadı olan, mətbuatı izləyən və adi detektiv əsərləri oxuyanların, eləcə də Ermənistan mütəxəssislərinin yekdil rəyi ondan ibarətdir ki, bu cür kəşfiyyat-təxribat qrupu ola bilməz. Onların nə yaşı, nə sayı, nə də məqsədləri bu növ fəaliyyətə uyğun gəlmir. Girovların özləri sübuta yetiriblər ki, uzun illərdir doğma kəndlərinə - Kəlbəcərin Şaplar kəndinə gedir, ata-analarının, doğmalarının qəbirlərini ziyarət edirlər.

İndi məlum olur ki, Ermənistanda və bu ölkə tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindəki ata-baba ocaqlarını və doğmalarının məzarını ziyarət etməyə Dilqəm Əsgərov və Şahbaz Quliyevdən başqa digər azərbaycanlılar da gedib-gəlir. Bu, insanların təbii istəyidir. Əgər Ermənistan özünün etnik təmizləmə və soyqırımına əsaslanan militarist siyasəti ilə insanların bu təbii hüququnu əlindən almağa davam edəcəksə, belə halların təkrarlanması istisna deyil. Misal üçün, bir neçə gün əvvəl internetdə Ermənistanın Sisiyan rayonundakı ata-baba torpaqlarına gedib-gəlmiş azərbaycanlılar bunu sübut edən videomaterial yayıblar.

Onların “diversant” olduğunu iddia edən ermənilər göstərsinlər görək, bu insanlar hansı diversiya aktını törədiblər. Əgər doğrudan da diversant olsaydılar, təmas xəttindən Şaplar kəndinə qədər olan ərazidə yolları da partlada, su hövzələrini də zəhərləyə, hərbi hissələrdə təxribat törədə, epidemiya, epizootiya yaya bilərdilər. Əgər diversant olsaydılar, onların qarşısında hansısa bir məqsəd olardı: məsələn, hər hansı hərbi, strateji obyekti məhv etmək və sair. Bunların heç biri baş verməyib. Onların buna bənzər heç bir niyyətləri və əməlləri olmayıb. Ora gedərkən niyyətləri o qədər saf olub ki, başqa şey ağıllarına belə gəlməyib.

Klassik mənada diversant qrupun tərkibi 12-14 nəfərdən az olmur. Üstəlik onları müşayiət edən dəstək qrupu da olmalıdır. Kəlbəcərə gedən azərbaycanlılar isə cəmi 3 nəfər olub. Hansı diversant özü ilə diversiya həyata keçirəcəyi yerə ölkəsinin bayrağı ilə gedər? Ermənistanın Müdafiə Nazirliyi də, xüsusi xidmət orqanları da yaxşı bilirlər ki, belə diversiya qrupu olmur. Özü də yüksək dağlıq şəraitində, görüntünün çox məhdud olduğu yerdə və çətin relyef şəraitində üç nəfər nə edə bilər? Təxribat qrupunun üzvləri bir-birini nəzarətdə saxlamalıdırlar. Diversantı göndərəndə onun qarşısına çox məqsəd qoyulmur, yeganə və konkret tapşırıq verilir və o da yerinə yetirilir. Heç kim də bilmir ki, hadisəni kim icra edib. Bu dediklərim nəzəriyyədir, Əfqanıstanda və digər ölkələrdə sınaqdan keçmiş üsullardır.

Hətta erməni hərbi ekspertlər də onların diversant olmasına inanmır. Məsələn, müdafiə nazirinin keçmiş müavini, Qarabağın işğalına rəhbərlik etmiş hərbçilərdən biri, “Dağ tülküsü” təxəllüslü general Ter Tadevosyan deyir ki, hansı diversant gedib dana kəsər, ocaq qalayıb, kabab çəkər və bütün bunları videolentə alar?

Ermənistanın kəşfiyyatçı veteranlar təşkilatının rəhbəri Vova Vardanov da Ermənistan ordusunun doğrudan da diversiya qrupu saxladığına inanmır. O da hesab edir ki, azərbaycanlıların Kəlbəcərə səfər etmələrinin məqsədi diversiya ilə bağlı deyil.

Yuri Manvelyan adlı jurnalist erməni veteran kəşfiyyatçıların fikrinə istinadla yazır ki, “etibarlı mənbə” sayılan Müdafiə Nazirliyi onları diversant adlandırmaqda səhv edir.

- Ermənistan mətbuatı azərbaycanlıların saxlanılması barədə müxtəlif versiyalar yayır. Onların arasında həqiqətə uyğun gələni varmı?

- Öncə qeyd etmək vacibdir ki, bu hadisənin lap əvvəlindən Ermənistan KİV-lərində biri-birini təkzib edən ziddiyyətli məlumatlar yayılmağa başladı. Hadisənin “inkişafı” da məhz bu ziddiyyətlərin fonunda baş verdi. Həmin tendensiya  yenə də davam etməkdədir. İlkin məlumat ondan ibarət idi ki,  2014-cü il iyulun 4-də  Kəlbəcərdə 14 yaşında bir erməni uşaq itib və onu guya azərbaycanlı “diversantlar” girov götürüblər. Lakin elə həmin gün  Ermənistanın Müdafiə Nazirliyi bu versiyanı qeyri-mümkün hesab etdi. Sonradan məlumat yayıldı ki, uşaq 14 yox, 17 yaşındadır. Bir mənbə uşağın atasına istinadən yazdı ki, övladı iyulun 4-də yaşadığı Bağlı Pəyə (ermənilər indi oranı Nor Erkec adlandırır) kəndində evdə tək olub. Evdən çıxıb və geri qayıtmayıb, iyulun 7-də atası polisə müraciət edib. Digər bir mənbə uşağın iyulun 7-də, başqa bir mənbə isə iyulun 10-da itkin düşdüyünü bildirir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Ermənistan xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə həmin uşağın guya iyulun 4-də, əvvəl göstərilən kənddən aralıda yerləşən Almalı (ermənilər indi onu Avsatax adlandırır) kəndindən oğurlandığını, meyitinin isə iyulun 15-də Şaplar və Birinci Milli (ermənilər indi Manaşid adlandırır) kəndlərinin arasındakı meşə massivində tapıldığını bildirib. Bundan əvvəl yayılmış məlumatlarda isə cəsədin guya Şaplar kəndinin qəbiristanlığında, digər məlumatda isə adı göstərilməyən türk qəbiristanlığında tapıldığı bildirilirdi. Eyni zamanda Bağlı Pəyə kəndinin “icma başçısı” da uşağın oradan yoxa çıxdığını bildirmişdi. Həqiqət haradadır? Bilinmir ki, bu erməni uşaq harada itib və meyiti harada tapılıb.

Əvvəla qeyd etmək lazımdır ki, Dilqəm və Şahbazın uzaq məsafə qət edərək Bağlı Pəyə və Almalı kəndlərinə getmə ehtimalı sıfıra bərabərdir. Çünki onların əsas məqsədi Şaplar kəndinə getmək olub və ermənilərə də məlumdur ki, onlar son illərdə dəfələrlə bu addımı atıblar. Adıçəkilən kəndlər isə Şaplar kəndindən təxminən 40 kilometr aralıdır. Heç bir nəqliyyat vasitəsindən istifadə etməyən,  sərt dağlıq relyefə malik ərazidə, daha vacibi isə heç bir səbəb olmadığı halda Dilqəm və Şahbaz nə üçün Şaplar kəndindən 40 kilometr şərqdə yerləşən kəndlərə getməli idilər? Bütün bunlar sübut edir ki, cəsədi tapılmış uşaqla bağlı məsələ düşünülmüş şəkildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərinə atılır. Meyit üzərindəki əlamətlərə gəldikdə isə, biri uşağın güllə ilə, digəri - kəsici-deşici alətlə vurulduğunu, başqa biri isə deyiləsi mümkün olmayan üsulla öldürüldüyünü iddia edir. Kimə və nəyə inanasan?

Ümumiyyətlə, bu məsələ ilə bağlı hədsiz ziddiyyətlər var və məndə belə bir fikir formalaşıb ki, ermənilər aqoniya içindədir, onlar ciddi təlaş və təşviş keçirirlər. Məlumatları elə verməyə çalışırlar ki, ictimaiyyəti sakitləşdirə bilsinlər.

Azərbaycanın “diversiya qrupunun zərərsizləşdirilməsi” barədə məlumatlar isə daha ziddiyyətlidir. Hərəsi bir şey deyir, bir cür yalan uydurur. Hətta, Dağlıq Qarabağdakı separatçı rejimin “rəsmi”ləri ilə Ermənistanın rəsmi dairələrinin fikirləri çox vaxt biri-birini təkzib edir.

Baxın, məsələ ilə bağlı ilk məlumat iyulun 10-da yayılıb. Orada deyilir ki, guya Kəlbəcər rayonu ərazisində itmiş erməni uşağın axtarışı zamanı 2014-cü il iyulun 8-də yerli sakinlər Kəlbəcər şəhərində iki azərbaycanlı ilə rastlaşmışlar. Onlardan biri mülki şəxslər tərəfindən ələ keçirilərək “hüquq-mühafizə orqanları”na təhvil verilsə də, ikincisi qaça bilmişdir. Sonra yazdılar ki, iyulun  10-da Azərbaycanın “diversiya qrupu” Kəlbəcər istiqamətindən Qarabağa daxil olub və erməni tərəfi onların tapılması və zərəsizləşdirilməsi üçün tədbirlər həyata keçirib. Üstündən bir gün keçəndən sonra Şahbaz Quliyevin şəklini göstərib dedilər ki, əməliyyat zamanı qrupun bir neçə üzvü həbs olunub və fotoşəkildəki də onlardan biridir. Digərləri qaçıb və qrupun zərərsizləşdirilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk. Növbəti gün bildirdilər ki, daha bir nəfər tutulub. Polisin, hərbi  və xüsusi xidmət orqanlarının məlumatları əsasında bildirildi ki, guya birgə əməliyyat keçiriblər, ikinci bir azərbaycanlını, onların təbirincə desək “diversantı” tutublar. Kadrlardan isə görünür ki, Dilqəm Əsgərovu tutub aparanlar heç bir tanınma nişanı olmayan qara paltarlı şəxslərdir. Onların hansı xüsusi xidmət orqanlarına məxsus olduqları bilinmir. Həmin şəxslər hərbçi də deyil. Görünən maşınlar isə polisə aiddir. O rəngdə avtomobillərdən polis istifadə edir, hərbçilərin maşınları isə kamuflyaj formasında olur.

Diqqətçəkən daha bir məqam. Ermənistanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə deyir ki,  qondarma Dağlıq Qarabağ rejiminin milli təhlükəsizlik xidmətinə daxil olan məlumata görə, iyunun 29-da Azərbaycan kəşfiyyatının tapşırığı ilə Azərbaycan vətəndaşları Dilqəm Əsgərov, Şahbaz Quliyev və şəxsiyyəti müəyyən olunmayan bir nəfər silah-sursatla dövlət sərhədini (?!) qeyri-qanuni keçiblər.

Digər bir yalan isə qətlə yetirilmiş Həsən Həsənovla bağlı məqamdır. Əvvəlcə iddia olunurdu ki, Vardenis - Kəlbəcər yoluna çıxmış “diversant” “Niva” markalı minik maşınına atəş açmış və maşında olan erməni mayor, Sarkis Abramyan ölmüş, 1 qadın - Karine Davtyan isə yaralanmışdır. Digər məlumatda isə mayorun xüsusi əməliyyat zamanı öldüyü bildirilir. Özü də bu yalanı Ermənistanın müdafiə naziri Seyran Ohanyan söyləyir.

- Firudin müəllim, erməni tərəfi əvvəl diversant adlandırdığı girovların sonradan guya cinayətkar olduqlarını bildirərək barələrində cinayət işi başlandığını və onların Cenevrə Konvensiyalarının himayəsi altında olmadığını bildirir. Bununla bağlı nə deyə bilərsiniz?

- Ermənistan rəsmi dairələrinin yaydığı məlumatların əksinə olaraq bildiririk ki, girov götürülmüş şəxslər 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyalarının himayəsi altındadır və onlarla həmin beynəlxalq sənədlər çərçivəsində davranılmalıdır. Ancaq Ermənistanın Müdafiə Nazirliyi saxlanılan şəxslərə təkcə “hərbi əsir deyil” deməkdə haqlıdır. Ona görə ki, həmin şəxslər Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində böyüyüb başa çatmış və ata-babalarının məzarı həmin ərazilərdə qalmış mülki insanlardır. Mülki şəxslərlə isə “Müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust Cenevrə Konvensiyası”nın tələblərinə uyğun davranılmalıdır. Həmin konvensiyanın 4-cü maddəsində bu, dəqiq ifadə edilib. Bu məqam aidiyyəti beynəlxalq təşkilatların da diqqətinə çatdırılıb.

Kəlbəcər rayonu ərazisində girov götürülmüş şəxslər erməni tərəfinin iddia etdiyi kimi, heç bir dövlətin sərhədini pozmamış və suveren Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış ərazisində olmuşlar. Əslində Dağlıq Qarabağda Ermənistan tərəfindən qurulmuş qondarma rejim özü qeyri-qanunidir. Qeyri-qanuni bir qurum isə heç bir hüquq normalarından danışa bilməz və onun qəbul etdiyi hər hansı “akt” özü cinayətdir.

- Kəlbəcərli girovlarla bağlı Azərbaycan ictimaiyyətinin, beynəlxalq hüquq və insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərin münasibətini necə qiymətləndirirsiniz?

- Əlbəttə ki, ictimaiyyətin belə həssas məsələlərə operativ reaksiyası təqdirəlayiqdir. Mətbuatda yayılmış məlumatlara görə, bəzi QHT-lər beynəlxalq təşkilatlara müraciətlər də ünvanlayıblar. Bununla belə, çox yaxşı olardı ki, beynəlxalq hüquq sahəsindəki mütəxəssislər bu hadisələri insan və humanitar hüquq müstəvisində araşdıraraq dəyərləndirsinlər. Bu, girovların azad olunmasında və cəsədin geri alınması işində bizə kömək edə bilər.

- Girovlardan biri – Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Bu məqam onun azad olunması işində sizə maneə yaratmır ki?

- Humanitar məsələdə vətəndaşlıq vacib deyil və biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olmuş hər bir şəxsin taleyi ilə məşğul oluruq. Komissiyanın fəaliyyət göstərdiyi 21 il müddətində belə hallara çox təsadüf edilib. Bizim üçün vacib olan insan taleyidir.

- Firudin müəllim, girovların azad edilməsi, meyitin qaytarılması ilə bağlı aparılan işlər nə vəziyyətdədir?

- Qeyd etdiyim kimi, bu hadisə baş verən gündə etibarən komissiya onların sonrakı taleyi ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır və bütün zəruri prosedurları həyata keçirir. Ancaq buna mane olan Ermənistan əvvəlcədən tutduğu qeyri-konstruktiv mövqedə qalır. Həmin məqamları bir qədər əvvəl diqqətə çatdırdım. Hələlik görünən odur ki, Ermənistan həmişə olduğu kimi, yenə də humanitar normalara hörmətsizliyini davam etdirir. Buna baxmayaraq, inanıram ki, biz həm cəsədin geri alınmasına, həm də girovların azad edilməsinə nail olacağıq.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında indiyədək neçə nəfər itkin düşmüş, neçə nəfər azad edilmiş şəxs kimi qeydiyyata alınıb?

- 2014-cü il avqustun 1-nə olan məlumata görə, 4015 nəfər itkin düşmüş, 1409 nəfər isə əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçib.

İtkin düşmüş 4015 nəfərdən 877 nəfərinin, o cümlədən 27 uşaq, 99 qadın və 133 qocanın əsir-girov götürülməsi, bu və ya digər səbəbdən işğal zamanı evlərini tərk edə bilməməsi barədə toplanmış materiallar müvafiq beynəlxalq təşkilatlara göndərilib. Erməni əsir-girovluğundan azad edilmiş vətəndaşlarımızın şahid ifadələri əsasında həmin şəxslərin siyahısı tərtib edilib, onların ilkin saxlanma yerləri və digər faktlar dəqiqləşdirilib. Əsaslı dəlil-sübutlara baxmayaraq, Ermənistanın aidiyyəti qurumları bu şəxslərin əsir və girov götürülməsi faktını hələ də inkar edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında