Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə məxsus olduğu xalqın qadınlarına nümunədir. Bu sözləri UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura AzərTAc-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində deyib. Müsahibəni təqdim edirik.
-Cənab Koişiro Matsuura, Siz uzun müddət UNESCO-nun baş direktoru olmuş, bu fəaliyyətinizlə bağlı dəfələrlə Azərbaycana səfərlər etmisiniz. Eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya da UNESCO-nun xoşməramlı səfiri diplomunu Siz təqdim etmisiniz. Mehriban xanım Əliyeva ilə ilk tanışlığınızı necə xatırlayırsınız?
- Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqqında danışmaq mənim üçün çox xoşdur. Çünki o, özünün çoxşaxəli fəaliyyəti ilə məxsus olduğu xalqın qadınlarına nümunədir.
Yaxşı xatırlayıram, düz 10 il bundan əvvəl, 2004-cü ilin avqustunda mən Mehriban Əliyevanı UNESCO-nun xoşməramlı səfiri təyin etdim. Bu, mənim yaddaşımda çox xoş bir hadisə kimi qalıb.
Mehriban xanım ilə 2000-ci ilin aprelində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə təşkil olunmuş türkdilli ölkələrin liderlərinin sammitində iştirak etmək üçün Azərbaycana ilk rəsmi səfərim zamanı tanış olmuşam. Ulu öndər Heydər Əliyev məni nahara dəvət etmişdi. Nahar zamanı mən o vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışan İlham Əliyev və onun həyat yoldaşı Mehriban Əliyeva ilə tanış oldum. Bu tanışlıq mənim üçün çox xoş idi. Vurğulamaq istəyirəm ki, həmin görüş mənim UNESCO-nun baş direktoru seçilməyimdən cəmi 6 ay sonraya təsadüf edirdi və bu mənim üzv ölkələrdən birinə etdiyim ilk rəsmi səfərlərdən biri idi. O zaman mən Mehriban Əliyevanın UNESCO ilə işləmək arzusunda olması barədə təklif aldım və onu böyük məmnuniyyətlə qəbul etdim. Mehriban xanım Əliyeva ilə UNESCO-nun baş qərargahında görüşdük. İlk söhbətdən sonra mən əmin oldum ki, o, çox yaxşı xoşməramlı səfir olacaq. Bundan sonra ən vacib məsələ Mehriban Əliyevanı hansısa sahə üzrə məsuliyyətlə təmin etmək idi. Çünki hər bir xoşməramlı səfirin ona məxsus öhdəliyi olur. Həmin vaxt milli, ənənəvi rəqslər, mahnılar və mərasimlərin daxil olduğu Qeyri-maddi mədəni irsin qorunması haqqında yeni Konvensiya üzrə danışıqlar gedirdi. Bu, Qeyri-maddi mədəni irs üzrə Beynəlxalq Konvensiyanın meydana gəlməsi dövrü idi. Nəhayət, 2003-cü ilin payızında üzv ölkələrin yeni Konvensiyanı rəsmi şəkildə qəbul etmələrinə nail olduq. Mən məhz bu sahənin Mehriban Əliyevanı maraqlandıracağını düşünərək ona bu təkliflə müraciət etdim. Mehriban xanım da öz növbəsində bu təklifə müsbət reaksiya verərək dedi ki, cənab Matsuura, mən Sizdən bu yeni vəzifəni qəbul etməyə və UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə xoşməramlı səfiri kimi məsuliyyət daşımağa çox şadam.
Bu, həm Azərbaycan xalqı, həm region, həm də bütün dünya xalqları üçün müsbət əhəmiyyətli hadisə idi. Buna görə də 2004-cü ilin avqustunda UNESCO-nun baş qərargahında Prezident İlham Əliyevin iştirakı ilə nominasiya mərasimini təşkil etməyə çox şad idim. Bundan sonra bizim Mehriban xanım Əliyeva ilə birlikdə həm Parisdə, həm Bakıda, həm də digər yerlərdə çoxlu sayda yığıncaqlarımız keçirildi. Mən çox şadam ki, Mehriban Əliyeva Qeyri-maddi mədəni irsin qorunması üzrə yeni Konvensiyanın təşviqinə əhəmiyyətli dərəcədə töhfələr verib. Əlavə olaraq, mən Mehriban Əliyeva ilə birlikdə Azərbaycan Respublikasının daxilində müxtəlif bölgələri ziyarət etməyimə çox şadam. Azərbaycana səfər etmək həmişə mənim üçün böyük zövq olub.
- Qeyd etdiyiniz kimi, Siz UNESCO-da Mehriban xanım Əliyeva ilə birlikdə fəaliyyət göstərmisiniz. Onun bu beynəlxalq qurumdakı fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- Bildirim ki, Mehriban Əliyeva UNESCO-nun tamamilə yeni sahəsi olan Qeyri-maddi mədəni irsin qorunması üzrə məsuliyyət daşıyan çox fəal xoşməramlı səfirdir. Belə ki, o, Qeyri-maddi mədəni irs üzrə yeni Konvensiyanı nəinki Azərbaycanda, həmçinin dünyanın digər yerlərində böyük uğurla təşviq edir. Hazırda Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya 160-dan çox ölkə tərəfindən ratifikasiya olunub. Daha məşhur beynəlxalq Konvensiya 190 ölkənin ratifikasiya etdiyi Dünya irsi Konvensiyasıdır. Son zamanlar Qeyri-maddi mədəni irs üzrə konvensiya Dünya irsi üzrə Konvensiyaya böyük sürətlə çatmaqdadır. Söz yox ki, bu işdə Mehriban Əliyevanın xüsusi əməyi var və o, yeni Konvensiyanın təşviqinə çox mühüm töhfələr verib.
Mehriban xanım yalnız mədəniyyət sahəsində deyil, təhsil sahəsində də mühüm görüşlər, müzakirələr təşkil edib. Bəzən mühüm beynəlxalq görüşlərə sədrlik də edib. Əlavə etmək istərdim ki, o, UNESCO-nun əsas səhnəsində Azərbaycanın ənənəvi rəqsləri, mahnıları haqqında təqdimatlar təşkil edərək Azərbaycan mədəniyyətini geniş təbliğ edib. UNESCO-nun baş səhnəsi 1000 nəfərdən çox tamaşaçı tutumuna malikdir. Hər dəfə Mehriban xanımın Azərbaycan mədəniyyəti ilə bağlı təşkil etdiyi təqdimatlarda tamaşaçıların sayı 1000-dən çox olurdu. Məhz Mehriban xanım Əliyevanın sayəsində bu təqdimatlar UNESCO tarixində çox uğurlu hadisələrə çevrilirdi.
- Mehriban xanım Əliyeva həm beynəlxalq dərəcəli xeyriyyəçi, həm ictimai-siyasi xadim, həm də alim kimi dünyada yaxşı tanınır. Onun bir qadın kimi belə genişşaxəli və hərtərəfli fəaliyyətini necə qiymətləndirirsiniz?
- Beynəlxalq karyera baxımından Mehriban Əliyeva bir çox sahələrdə, xüsusilə Qeyri-maddi mədəni irs sahəsi üzrə çox fəaldır. Həmçinin əlavə etmək istərdim ki, Mehriban Əliyeva Azərbaycan siyasi aləmində də çox fəaldır. Onu beynəlxalq səviyyədə çox fəal bir siyasi xadim kimi görməyə çox şadam.
Vurğulamaq lazımdır ki, bütün bunlar Azərbaycan xalqının rifahının inkişafına mühüm təsir göstərir.
- Mehriban xanım Əliyevanın qədim və zəngin ənənələrə malik Azərbaycan mədəniyyətinin, xüsusən muğam, aşıq və xalçaçılıq sənətlərinin dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Mehriban xanımın Azərbaycanın qədim muğam, aşıq və xalçaçılıq sənətlərinin dünyada tanıdılması istiqamətində fəaliyyəti həqiqətən təqdirəlayiqdir. Yeni Konvensiyanın məzmununa uyğun olaraq, Qeyri-maddi mədəni irs üzrə Azərbaycanın təqdim etdiyi ilk element muğam sənətidir. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mənə Bakıda Beynəlxalq Muğam Mərkəzinin qurulmasında iştirakı təklif etdilər. Mən bu təklifi çox böyük məmnuniyyətlə qəbul etdim. Həmçinin Prezident İlham Əliyev və Mehriban Əliyeva ilə birlikdə Beynəlxalq Muğam Mərkəzinin təməlqoyma mərasimində və daha sonra açılışında da böyük məmnuniyyətlə iştirak etdiyimi xoş hisslərlə xatırlayıram. Eyni zamanda, vurğulamaq istəyirəm ki, yeni mərkəzdə muğam da daxil olmaqla, Qeyri-maddi mədəni irs üzrə tamaşaları izləmək mənə xüsusi zövq verdi. 2009-cu ilin noyabrında UNESCO-nu tərk etdikdən sonra belə Azərbaycan hökuməti, xüsusilə Mehriban Əliyevanın dəvəti ilə ölkənizi ziyarət etmək imkanlarım çox olub. Hər səfərimdə mən Beynəlxalq Muğam Mərkəzini ziyarət edib, muğam sənəti və digər ölkələrin milli rəqs və mahnıları da daxil olmaqla çox maraqlı Qeyri-maddi mədəni irs konsertlərini izləməkdən məmnunluq hissi keçirmişəm. Həmçinin mən Azərbaycanın aşıq sənətinin də böyük vurğunuyam. Aşıq ifasını həm Bakıda, həm Nyu-Yorkda, həm də Birləşmiş Millətlər Təşkilatının binasında böyük məmnuniyyətlə dinləmişəm.
2009-cu ilin martında Novruz bayramı mərasimi ilə əlaqədar Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birgə İçərişəhəri bir daha ziyarət etdim. Azərbaycanda çox maraqlı Novruz mərasimi keçirilir və milli xalçalardan, yeməklərdən və s. ibarət stendlər qurulur. Mən də Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə İçərişəhərin qədim küçələrini böyük məmnuniyyətlə gəzdim.
Bundan əlavə, mənim xahişimlə 2009-cu ilin avqustunda Mehriban Əliyeva bir qrup Azərbaycan muğam sənətçisini Yaponiyaya göndərdi. UNESCO-nun Nara şəhərində keçirilən simpoziumu zamanı yapon dinləyiciləri Azərbaycan milli musiqisini dinləməkdən böyük zövq aldılar.
- Cənab Matsuura, bildiyiniz kimi, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə zamanı Xocalı şəhərində və digər yerlərdə baş vermiş faciələrlə əlaqədar həqiqətlərin bütün dünyada yayılması istiqamətində geniş iş aparır. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən Mehriban Əliyevanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə zamanı Xocalı şəhərində və digər yerlərdə baş vermiş faciələrin dünya ictimaiyyətinə çatdırılması ilə əlaqədar fəaliyyətini çox yüksək qiymətləndirirəm. Qeyd edim ki, bu, Azərbaycan xalqı üçün çox böyük faciədir. Mehriban xanım Əliyevanın həm Bakıda, həm də UNESCO-nun baş qərargahında rəsmi çıxışlarında bu hadisələrə istinad etdiyini yaxşı xatırlayıram. Çox təəssüf ki, bu münaqişə hələ də həllini tapmayıb. Amma ümid edirəm ki, münaqişə yaxın gələcəkdə sülh yolu ilə ədalətli şəkildə həll olunacaq.
- UNESCO-nun ötən ilin dekabrında Bakıda keçirilən toplantısında Yaponiya milli mətbəxi Vaşoku Dünya Mədəni İrsi Siyahısına daxil edildi. Siz də həmin toplantıda iştirak edirdiniz. Azərbaycan, onun paytaxtı Bakı haqqında təəssüratlarınızı bilmək maraqlı olardı.
- Keçən ilin dekabrında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Komitəsinin Bakıda çox yüksək səviyyədə təşkil olunmuş iclasına Azərbaycan hökuməti tərəfindən mən də dəvət olunmuşdum. Həmin iclasda Yaponiyanın milli mətbəxi olan Vaşoku UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi. Mən çox şadam ki, indi Vaşoku həmin siyahıdadır və sevinirəm ki, məhz yeni Konvensiyanın qəbul olunmasından 10 il sonra bu məhz Bakıda baş tutdu. Bir daha Mehriban xanıma tədbirin yüksək səviyyəli təşkilinə görə minnətdarlığımı bildirmək istəyirəm.
Azərbaycana, paytaxt Bakıya gəlincə isə vurğulamaq istərdim ki, ölkəniz çox böyük sürətlə inkişaf edir. Bakı hər gün yeniləşir, daha da gözəlləşir. Bunu Azərbaycan paytaxtında təşkil olunan müxtəlif, çoxsaylı beynəlxalq tədbirlərə qoşulan xarici qonaqlar da etiraf edirlər.
Müsahibənin sonunda fürsətdən istifadə edib hörmətli Mehriban xanım Əliyevanı yubileyi münasibətilə ürəkdən təbrik edirəm, ona daim xoşbəxtlik arzulayıram. İnanıram ki, Mehriban xanım həm beynəlxalq səviyyədə, həm də ölkə daxilində öz humanitar missiyasını uğurla davam etdirəcək, bütün insanlığa öz layiqli töhfələrini verəcək. Mən bu gərəkli fəaliyyətində Mehriban xanım Əliyevaya böyük müvəffəqiyyətlər diləyirəm.
Vüqar AĞAYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Tokio
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.