– Azərbaycanda I Avropa Oyunlarının başlanılacağı gün yaxınlaşdıqca bu mötəbər tədbirlə bağlı hazırlıq işlərinin miqyası da genişlənir. Bu baxımdan paytaxtımızın şimal qapısı sayılan Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinə start verilməsi də xüsusi diqqət çəkir. Layihənin keçirilməsində qarşıya qoyulan əsas məqsədlə bağlı rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov dedi:
– Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi, iqtisadi cəhətdən qüdrətlənməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir.
Son illərdə qlobal maliyyə böhranı bir sıra dünya ölkələrinin iqtisadi inkişafına ciddi zərbə vursa da, Azərbaycanda sistemli və düzgün koordinasiya olunmuş tədbirlərin nəticəsində bütün makroiqtisadi parametrlər üzrə inkişaf təmin edilmişdir. Maliyyə resurslarının səmərəli reallaşdırlması hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaratmışdır. Bu baxımdan cari ilin ötən aylarında əldə olunan makroiqtisadi nəticələr deməyə əsas verir ki, ölkə iqtisadiyyatı davamlı inkişaf edir.
Bəli, bu gün Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə proqressiv proqram və konsepsiyalar həyata keçirilir, respublikamızın intibahının təminatına çevrilmiş sosial-iqtisadi inkişaf strategiyası uğurlu nəticələr verir. Bütün sahələrdə əldə edilən uğurların nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında vaxtaşırı əks olunması da aparılan siyasətin düzgünlüyündən xəbər verir.
Bu gün ölkəmiz elə bir zirvəyə yüksəlmişdir ki, hər bir azərbaycanlı bununla fəxr edir və qürur mənbəyinə çevrilmişdir. Azərbaycanın dünya arenasında stabil siyasət yürütməsi, bəşəri dəyərlərə üstünlük verməsi respublikamızı çoxmilli mədəniyyətin beşiyi funksionerinə çevirmiş və xalqımızın yüksək dəyərlərə əsaslanan tolerantlığı dünyada bir standart kimi qəbul edilmişdir. Şübhəsiz ki, bütün bu uğurların memarı ulu öndərimizin əvəzsiz, layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevdir.
Burada bir məqamı da qeyd etmək yerinə düşər. Hamımız yaxşı xatırlayırıq, 2012-ci ilin sonlarına doğru Azərbaycan idmansevərləri və bütövlükdə ölkə ictimaiyyəti üçün növbəti xoş idman xəbəri Avropadan gəldi. Azərbaycanda idmanın inkişafının, ölkəmizin beynəlxalq olimpiya hərəkatına verdiyi töhfələrin nəticəsi olaraq həmin il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında 2015-ci ildə baş tutacaq tarixdə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edildi.
Olimpiya oyunlarına ev sahibliyi etmək hər bir ölkənin arzusudur. Təsadüfi deyil ki, ev sahibliyi uğrunda çox ciddi mübarizə gedir. Ona görə də hər bir olimpiya oyununa ev sahibliyi edəcək ölkənin adı xeyli əvvəldən məlum olur. Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Olimpiya Oyunları isə tarixdə birinci dəfə keçiriləcək. Prezident İlham Əliyev AOK-un qərarını tarixi hadisə adlandıraraq bunu, həmçinin, ölkəmizin böyük uğuru kimi dəyərləndirmiş və bu oyunların yüksək səviyyədə keçiriləcəyini bildirmişdir: “Azərbaycan bu oyunları yüksək səviyyədə keçirəcəkdir. Beləliklə, Bakı şəhəri birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa Olimpiya Oyunlarının tarixinə daxil ediləcəkdir”.
Prezident İlham Əliyev 2013-cü il 17 yanvar tarixində “I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sədrliyi ilə 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılmışdır.
Artıq I Avropa Oyunlarına bir ildən də az vaxt qalır. Yay olimpiya oyunları üçün 6-7 il vaxt verilsə də, Azərbaycanın Avropa oyunlarına hazırlıq işlərinə cəmi iki il vaxtı vardı. Bundan başqa, yay olimpiya oyunlarının keçirilməsində artıq böyük təcrübə mövcuddur və Beynəlxalq Olimpiya Komitəsi, demək olar ki, hər bir sahə üzrə öz göstərişlərini verir. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var. I Avropa Oyunları üçün isə heç bir təlimat və təcrübə yoxdur. Belə olan halda bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması Azərbaycanın üzərinə düşür. Bakıda yeni infrastrukturun yaradılması və oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hazırlıq işlərini göstərilən vaxtda başa çatdıracaq. Hazırlıq işlərinin böyük bir hissəsi yerinə yetirilmişdir. İnşa olunan idman obyektləri isə yaxın aylarda idmançıların ixtiyarına veriləcək.
Ölkəmiz 2017-ci ildə keçiriləcək İslam Ölkələrinin Həmrəylik Oyunlarına da ev sahibliyi edəcəkdir. Sözsüz ki, “Bakı-2015" ilk Avropa Oyunları Azərbaycana böyük təcrübə qazandıracaq. Lakin ən mühümü ondan ibarətdir ki, Avropa oyunlarının keçirilməsi ilə bağlı standartları ortaya Azərbaycan qoyacaq və dörd ildən bir keçirilən oyunlarda Azərbaycanın nümunəsi əsas götürüləcək.
Onu da deyim ki, Bakı şəhərində Avropa Oyunlarına hazırlığa start verildikdən sonra http://www.baku2015.com elektron saytı vasitəsilə “Bizə qoşulun” çağırışına Binəqədi rayonu olaraq biganə qala bilməzdik. Bəli, göründüyü kimi, bizə Avropa Oyunları ilə bağlı arzumuzu gerçəkliyə çevirmək kimi misilsiz imkan verilmişdir. Ona görə də bu il iyulun 1-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə “Təmiz Binəqədi” layihəsi və Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq, rayon ərazisində görülməsi nəzərdə tutulan işlər barədə tədbirlər planı təsdiq edilmişdir.
Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri, iri transmilli layihələrin həyata keçirilməsi, sakinlərin sosial rifah halının yaxşılaşdırılması üçün bir neçə dövlət proqramının qəbul edilməsi və ekoloji tarazlığın qorunması məqsədilə ictimai zonaların yaradılması barədə artıq bütün dünya məlumatlıdır. Bu baxımdan I Avropa Oyunlarında iştirak etmək üçün coxsaylı idmançı və bu yarışları seyr etmək üçün Bakıya gələcək qonaqlarımıza paytaxtımızı daha təmiz və səliqəli təqdim etmək hər birimizin vətəndaşlıq borcumuzdur. Bax, elə buna görə də “Təmiz Binəqədi” layihəsi ilə I Avropa Oyunlarına hazırlıqla əlaqədar olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti rayon sakinləri ilə bərabər töhfə verməyi qarşıya əsas vəzifə qoymuşdur.
– Adı çəkilən layihədə görüləcək işlərin operativ reallaşdırılması üçün hansı addımların atılması nəzərdə tutulmuşdur?
– Layihədə görüləcək işləri daha da operativ həll etmək üçün məlum sərəncamla “Təmiz Binəqədi” layihəsinin təşkilat komissiyası yaradılmışdır.
Təşkilat komissiyası dörd mərhələdən ibarət olan tədbirlər planının icrası məqsədilə mütəmadi olaraq müşavirələr keçirir və həmin müşavirələrdə iş və vəzifə bölgüsü müəyyən edilərək nəticələr protokollaşdırılır. Eyni zamanda, rayon ictimaiyyətini bu layihəyə cəlb etmək üçün sakinlərə bildirişlər paylanılır, təsərrüfat subyektlərinə elanlar verilir, yerlərdə müşavirələr keçirilir.
Sözügedən layihədə hazırda 100-ə yaxın gənc könüllü cox fəal iştirak edir. “Təmiz Binəqədi” layihəsi artıq nəinki vətəndaşlar arasında maraq yaratmışdır, hətta respublikamızda, o cümlədən, rayonumuzda fəaliyyət göstərən iri müəssisə və təşkilatların diqqətini cəlb etmişdir. Həmin hüquqi şəxslərlə əməkdaşlıq edilməsi layihədə nəzərdə tutulan məsələlərin daha da operativ həyata keçirilməsinə kömək edəcəkdir. Bundan başqa, rayon icra hakimiyyətinin müvafiq sərəncamı ilə yaradılan operativ qərargahda hər həftənin 4-cü günü RİH aparatının şöbə müdirləri, yerli nümayəndələr, bələdiyyə sədrləri və təsərrüfat, xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə müşavirələr keçirilir. Xatırladım ki, bu qərargahda indiyədək yalnız təsərrüfat sahəsində mövcud olan problemlər və onların həlli yolları müzakirə obyekti idi. “Təmiz Binəqədi” layihəsi isə artıq qərargahın gündəliyində duran ən mühüm məsələ kimi qeyd edilir və aidiyyəti üzrə tapşırıqlar verilir.
– Məlum olduğu kimi, artıq iyul ayının 5-də Binəqədi rayonu, 9-cu mikrorayonda Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı ilə sözügedən layihəyə start verilmişdir. Bununla əlaqədar yaxın günlərdə rayonda daha hansı yeniliklər gözlənilir?
– “Təmiz Binəqədi” layihəsi çərçivəsində bir neçə layihəin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, “Təmiz Binəqədi” kuboku uğrunda idman yarışlarının, flaşmobların, sakinlər və təsərrüfat subyektləri arasında təmizlik müsabiqələrinin, tərbiyəvi aksiyaların, xüsusi ekspertlərin iştirakı ilə seminarların I Avropa Oyunları başlayanadək davamlı olaraq həyata keçirilməsi tədbirlər planına daxil edilmişdir.
Eyni zamanda, rayonda insanların asudə vaxtlarını səmərəli təşkil etmək üçün məhəllələrdə yeni ictimai zonaların yaradılması, coxmənzilli binaların bloklarının, liftlərinin və dam örtüklərinin təmiri, məhəllədaxili yolların asfaltlanması və işıqlandırılması təmin ediləcəkdir. Artıq bu istiqamətlərdə işlər rayonun 6, 8, 9-cu mikrorayonlarında, Binəqədi və 28 May qəsəbələrində həyata keçirilir.
Məişət tullantılarının daşınması sahəsində tullantıların ceşidlənməsi üçün yeni müasir konteynerlər quraşdırılacaq, digərləri isə yenilənəcəkdir.
İyul ayının 1-dən başlayaraq “Evimzi təmiz saxlayaq, Binəqədi evimizdir!” devizi altında hər həftənin şənbə günü gənc könüllülərin və sakinlərin iştirakı ilə rayonun müxtəlif yerlərində “Təmizlik günləri” keçirilir və sonda bu aksiyalar bədii hissələrlə yekunlaşır.
I Avropa Oyunları başlayanadək sadalanan aksiyaların davamlı keçirilməsi sakinlərin arzusudur. Artıq rayonda hamı belə tədbirlərin mütəmadi olmasını xahiş edir və iştirakcısı olmaq istəyir.
– “Təmiz Binəqədi” sosial layihəsinin iş planında həm də ənənəvi stereotiplərdən maksimum imtina edilməsi, tamamilə novatorluğu və özünəməxsusluğu ilə diqqəti çəkən, habelə müasir dünyada qəbul olunan metod və yığıncaqlara üstünlük verilməsi nəzərdə tutulmuşdur. Bu, nə ilə bağlıdır?
– “Təmiz Binəqədi” sosial layihəsinə start veriləndə belə düşünülürdü ki, bu layihə özündə yalnız məişət təmizlik işlərinin aparılmasını ehtiva edir.Lakin layihənin tədbirlər planı hazırlananda onun təşəbbüskarı olan rayon icra hakimiyyəti başçısının tapşırıq və tövsiyyələri bundan ibarət oldu ki, burada məişət təmzilik işləri ilə bərabər, insanlarda vətənpərvərlik, dövlətçiliyə sədaqət, böyüyə hörmət hissləri aşılanmalıdır, gənclər tütün və narkomaniyaya, spirtli içkilərə “yox” deməli, qeyri-ənənəvi dini təriqətlərdən uzaq durmalı, təhsilə, elmə diqqət artırmalıdırlar.
Cəmiyyətdə sosial fəaliyyətimizdə bir sıra hallarda müşahidə edilən mənfi meyillərə qarşı müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq sanksiya və cərimələr nəzərdə tutulmuşdur. Lakin təcrübədən bəllidir ki, bu formada inzibati yanaşma insanların belə vərdişlərdən uzaq olmasına bir cox hallarda yardımçı olmur. Bəşəri təcrübədən məlumdur ki, adamlar arasında ictimai qınağın formalaşması məqsədilə maarifləndirmə işlərinin aparılması və gələcəkdə ictimai qınağa səbəb ola biləcək hər hansı bir xətalara yol verilməməsi üçün könüllü əməletmə mədəniyyətinin yüksəldilməsi ən yaxşı sosial üsuldur.
Sakinlərimiz onlar üçün yaradılan hər bir şəraiti dəyərləndirməli və qorumalıdırlar.Bu gün yeni təmir olunmuş coxmənzilli binaların blokları, liftləri, yaşıllıq zonaları, ümumiyyətlə, yaradılmış hər bir yenilik sakinlərin istifadəsinə verilməklə bərabər, onlardan düzgün istifadə edilməsi, qorunması üçün geniş maarifləndirmə işlərinə ehtiyac vardır. Layihənin təbliğat mərhələsində insanların bütün qurulub-yaradılanlara öz mülkiyyətləri kimi yanaşmalarının izah olunması nəzərdə tutulmuşdur. Cünki qeyd edilənlərin hər birinin birbaşa istehlakçısı və istismarçısı məhz sakinlərin özləridir. 2015-ci ilin iyun-iyul aylarında I Avropa Oyunlarının Bakıda keçirilməsi qərarının verilməsi də bu sahədə zəruri tədbirlərin həyata keçirilməsinə bir stimul vermişdir.
Söhbəti qələmə aldı: Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.