Kamran ZEYNALOV: Növbəti Yay Olimpiya Oyunlarında doğma yurdum Azərbaycanı böyük məmnuniyyətlə təmsil etmək istərdim

 

 

 

Azərbaycanda ilk dəfə dünya səviyyəli qolfçuların iştirakı ilə “Challenge Tour” turniri davam edir. Quba Milli Qolf Klubunda birincilik uğrunda mübarizə aparan 156 oyunçu arasında Azərbaycanın ilk peşəkar qolfçusu Kamran Zeynalov da vardır.  

Kamran Zeynalov AzərTAc-a müsahibəsində doğma Vətənində reallaşan yarışda Azərbaycanı təmsil etdiyinə görə qürur hissi keçirdiyini bildirərək deyir: “Mən 1992-ci ildə Bakıda doğulmuşam. 11 yaşımda valideynlərimlə birlikdə Şotlandiyaya köçmüşəm. Orada atam mənə qolf oynamağı öyrədib. Açığını deyim ki, əvvəlcə bu oyuna o qədər də ciddi yanaşmırdım. Sonra gənclər arasında keçirilən turnirlərdə iştirak etməyə başladım. İlk dəfə 2013-cü ilin sentyabr ayında bu yarışlarda peşəkar kimi çıxış etdim”.

Peşəkar qolfçular sırasına yeni qoşulmasına baxmayaraq mütəxəssislər Kamran Zeynalovun potensialını yüksək qiymətləndirirlər. Qolfçu isə öz növbəsində uğur qazanmaq üçün çox çalışmaq lazım olduğunu qeyd edir. O, indiyədək 10-a yaxın yüksək səviyyəli  turnirdə  iştirak etdiyini bildirir. Azərbaycanlı idmançı sözünə davam edərək deyir: “Quba Milli Qolf Klubunda keçirilən  “Challenge Tour” yarışmasında da dünya səviyyəli  qolfçular çıxış edir. Bu yarışmaya dəvət olunduğuma və tanınmış qolfçularla bir turnirdə çıxış etmək şansı yaratdığına görə Azərbaycan Qolf Federasiyasına minnətdarlığımı bildirirəm.  Bundan əvvəl müxtəlif “Junior Tour” və “Amateur Tour” turnirlərdə qalib gəlmişəm. İndi isə “Challenge Tour”da uğur qazanmaq istəyirəm".

Azərbaycanın ilk peşəkar qolfçusu Qubada dünya səviyyəli qolfçuların iştirakı ilə keçirilən “Challenge Tour”un yüksək səviyyədə təşkil olunduğunu bildirir. Qeyd edir ki, qısa müddətdə bu cür müasir qolf meydançasının salınması, ötən ay milli qolf turnirinin, bu gün isə “Challenge Tour”un təşkil olunması Azərbaycanda qolfun inkişafı üçün əla zəmin yaradır. Mən gənclərə qolfla daha yaxından maraqlanmağı məsləhət görərdim. Azərbaycanın milli qolf yığmasının baş məşqçisi Spenser Li Hendersonu tanıyıram. Çox gözəl məşqçidir. Bilirsiniz ki, qolf 1900 və 1904-cü illərdə Yay Olimpiya Oyunlarının proqramında olsa da, sonradan proqramdan  çıxarılıb. Amma Beynəlxalq Olimpiya Komitəsinin 2009-cu ildə Danimarkada  keçirilən sessiyasında qolf yenidən 2016 və 2020-ci illər Yay Olimpiya Oyunlarının proqramına daxil edilib. Mən iki il sonra Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında doğma yurdum Azərbaycanı böyük məmnuniyyətlə təmsil etmək istətdim. Bu istəyimə nail olmaq  üçün əlimdən gələni edəcəyəm”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında