Bir müddət əvvəl Azərbaycanın Vergilər Nazirliyi ikinci dəfə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İcraiyyə Şurasına üzv seçilib. Xatırladaq ki, nazirlik MDB ölkələrinin vergi xidmətləri arasında bu mötəbər qurumun İcraiyyə Şurasına üzv seçilmiş ilk vergi admınistrasiyasıdır. IOTA-nın son Baş Assambleyasında iştirak etmiş vergilər nazirinin müşaviri Ələkbər Məmmədovla söhbətimizə də elə bu əlamətdar hadisə ilə başladıq.
- Vergilər Nazirliyinin IOTA-nın İcraiyyə Şurasına ikinci dəfə üzv seçilməsi hansı cəhətdən faydalıdır?
- Azərbaycan Vergilər Nazirliyinin IOTA-nın İcraiyyə Şurasına yenidən növbəti birillik müddət üçün üzv seçilməsi mühüm bir hadisədir. Bu təşkilat Avropa Birliyi ölkələrinin vergi sahəsində ən vacib strukturlarından biridir. Azərbaycan 2002-ci ildən IOTA-nın üzvüdür və bu təşkilatla sıx əməkdaşlıq edir. Bir qayda olaraq, belə nüfuzlu qurumlarda İcraiyyə Şurasına üzvlər Avropa Birliyinin (AB) aparıcı dövlətlərindən təşkil olunur. Buna səbəb belə qurumların idarə olunması və menecmentində AB-nin mənafelərinin qorunması, eyni zamanda, həmin dövlətlərdə formalaşmış böyük təcrübələrin IOTA-ya üzv ölkələrə ötürülməsidir.
Azərbaycanın İcraiyyə Şurasında təmsil olunması, əslində, ölkəmizə göstərilmiş böyük bir etimad, IOTA ilə uzun müddət davam edən səmərəli əməkdaşlığa verilən bir qiymətdir. Ölkəmizin vergi xidməti bu təşkilatın, demək olar ki, bütün tədbirlərində fəal iştirak edir və beynəlxalq təcrübənin öyrənilməsi, onun tətbiqinin genişləndirilməsi istiqamətində daim iş aparır. Təsadüfi deyildir ki, bu ilin may ayında İcraiyyə Şurasının 92-ci iclası Bakıda təşkil edilmişdi. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Niderland, Avstriya, İrlandiya, İspaniya, Finlandiya, Fransa, Çex Respublikası və Rumıniyanın vergi orqanları ilə birlikdə İcraiyyə Şurasının üzvü seçildi. Bu, bir daha ölkəmizin Avropanın aparıcı strukturlarında mühüm vəzifələrin öhdəsindən gəlməsinin bariz sübutudur.
- Ələkbər müəllim, mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi bu gün vergi xidmətləri qarşısında duran aktual məsələlərdən biridir. Vergilər Nazirliyi hazırda beynəlxalq əlaqələrin genişləndirilməsi və müasir beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində hansı işləri görür?
- “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası bir çox dövlət qurumları kimi, Vergilər Nazirliyi qarşısında da mühüm vəzifələr müəyyən etmişdir. Bu konseptual sənəddən irəli gələn məsələləri həll etmək məqsədilə nazirlikdə “Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan” və “2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası” təsdiq edilmişdir. Bu iki mühüm sənəd vergi xidmətinin yaxın perspektivdə inkişaf istiqamətlərini, eyni zamanda, beynəlxalq sahədə fəaliyyətinin növbəti illər üçün əsas hədəflərini müəyyən edir.
Vergilər Nazirliyində beynəlxalq təcrübənin öyrənilməsi daim ön planda olsa da, milli vergi qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində işlərin daha da sistemləşdirilməsi məqsədilə Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin tərkibində xarici ölkələrin vergi sisteminin tədqiqi şöbəsi yaradılmışdır. Hazırda həmin şöbə xarici ölkələrin vergi sisteminin araşdırılması və zəruri təcrübələrin icmallaşdırılması istiqamətində zəruri işlər görür.
Bundan başqa, şöbədə vergi qanunvericiliyini, xarici ölkələrin vergi təcrübəsini, Vergilər Nazirliyi əməkdaşlarının xarici ezamiyyə hesabatlarını, beynəlxalq təcrübənin araşdırılması istiqamətində müxtəlif icmal hesabatları və digər zəruri materialları əhatə edən çoxfunksiyalı imkanlara malik geniş məlumat bazasını əhatə edən elektron kitabxana da təşkil olunmuşdur.
Hazırda milli vergi qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniyanın GİZ təşkilatı ilə də sıx əməkdaşlıq edilir. Əlbəttə, qarşılıqlı səfərlər, təcrübə mübadiləsi konkret hədəflərə yönəlir. Bu səfərlər sadəcə tanışlıq xarakteri daşımır, tətbiq olunan mütərəqqi təcrübə əvvəlcədən araşdırılır, sonra həmin məsələ ilə bağlı işçi səfərlər reallaşdırılır.
Portuqaliya Vergi və Gömrük İdarəsi ilə aparılan təcrübə mübadiləsi nəticəsində vergi ödəyiciləri ilə əlaqənin idarə edilməsi sisteminin yaradılması, bütün vasitələrlə vergi ödəyicilərinə göstərilən xidmətin vahid sistemdə aparılması geniş öyrənilmiş və nəticə olaraq vergi ödəyicilərinə xidmət mərkəzlərində tətbiq olunan AVİS-in xidmət alt sistemində belə bir sistem qurulmuşdur. Yaxın gələcəkdə Vergilər Nazirliyinin Çağrı Mərkəzinin və digər xidmət kanallarının da bu sistemə inteqrasiyası həyata keçiriləcəkdir. Portuqaliya təcrübəsindən yararlandığımız daha bir məsələ İnternet Vergi İdarəsində fərdi vergi təqviminin yaradılması ilə bağlıdır. Hazırda bu məqsədlə icraçı şirkət tərəfindən proqramlaşdırma işləri həyata keçirilir.
İsveç Krallığının Vergi Agentliyi ilə apardığımız təcrübə mübadiləsi prosesində həmin ölkədə vergi ödəyicilərinə xidmət sahəsində tətbiq olunan vahid xidmət mərkəzi ideyasından ötən il Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin yaradılmasında geniş istifadə edildi.
Türkiyə Respublikasının Gəlirlər İdarəsi Başkanlığı ilə əməkdaşlıq prosesində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin fəaliyyəti tamamilə yenidən qurulmuş və tətbiq edilmiş qabaqcıl təcrübə nəticəsində mərkəzin fəaliyyəti “EN 15838" standartlarına uyğunluq sertifikatı almış, bununla yanaşı, ikitərəfli SMS xidməti yaradılmışdır.
- Son illər Azərbaycanın vergi xidməti beynəlxalq təşkilatlarla intensiv əməkdaşlıq edir. Bu, xüsusilə də ölkəmizdə vergi sahəsində keçirilən tədbirlərin sayının artmasında özünü göstərir. Çoxtərəfli əməkdaşlığın bugünkü səviyyəsini necə qiymətləndirərdiniz?
- Vergilər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə IOTA, OECD, IACA və s. kimi təşkilatların forum, seminar və iclasları uğurla keçirilir. Eyni zamanda, 2012-ci ildən başlayaraq, hər ilin fevral ayında vergi orqanı əməkdaşlarının peşə bayramı ərəfəsində Bakıda “Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq vergi forumları təşkil olunur. Bu forumlar vergi sahəsində qarşıda duran bir çox qlobal məsələlərin müzakirə edildiyi mühüm bir tərəfdaşlıq platformasına çevrilmişdir. Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də donor təşkilatlar - ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə əməkdaşlıq nəticəsində müxtəlif layihələr həyata keçirilməkdədir.
Yeri gəlmişkən, qeyd edim ki, 2013-cü ildə BMT-nin vergi məsələlərində beynəlxalq əməkdaşlıq üzrə Ekspertlər Komitəsinin yeni tərkibi təsdiqlənərkən təşkilatın baş katibinin qərarı ilə dünyanın müxtəlif regionlarını təmsil edən namizədlər arasından seçilmiş 25 ekspert sırasında Vergilər Nazirliyinin əməkdaşı da vardır.
V. BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.