Azərbaycan və türkman xalqları arasında dostluq telləri qırılmazdır

Bu gün beynəlxalq medianın  diqqəti Şərq regionunda – xüsusilə də Suriya və İraqda baş verən qanlı hadisələrdədir. Demək olar ki, hər gün həmin bölgədə baş verən qanlı olaylar, silahlı toqquşmalar nəticəsində həyatlarını itirən mülki əhalinin ağır durumu haqqında elektron mediadan, internet resurslarından operativ bilgilər əldə edirik.

Bölgədə mövcud olan münaqişələrin belə gərgin xarakter aldığı bir məqamda Dünya Türk Gənclər Birliyinin  və Gənclər Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən “Regional münaqişələr və gənclərin sülhyaratma təşəbbüsləri” adlı beynəlxalq konfransda səsləndirilən fikir və müzakirələr məsələnin nə qədər aktual olduğunu bir daha sübut etdi. Tədbirdə tanış olduğum  İraq türkmanlarını təmsil edən nümayəndə,  Türkmaneli  Mədəniyyət  Mərkəzinin rəhbəri Dr. Mustafa Ziya ilə söhbətləşdik. Onunla bölgədəki münaqişələr, türkmanların acı taleyi, yerli gənclərin vəziyyəti, eləcə də Azərbaycan və türkman xalqlarının ortaq cəhətlərindən söhbət açdıq. Müsahibim dedi:

– Artıq neçə illərdir ki, Mədəniyyət Mərkəzi olaraq, türkmanların təhsil maariflənməsi, öz milli mədəniyyətini öyrənib yaşatması ilə məşğuluq. Mərkəzimiz 2002-ci ildə yaradılıb. Əsasən türkman gənclərinin təhsili ilə bağlı işlər görür, onların ali təhsilli mütəxəssis kimi yetişməsinə dəstək göstəririk.

–  Türkman gəncləri, münaqişəni bilavasitə yaşayan insanlar kimi, problemin həll yolunu nədə görürlər?

 – Bu gün İraqda Türkmaneli bölgəsində münaqişə hökm sürür. Qanlı olaylar Kərkükdən Telaferə qədər bölgəni əhatə edir. Türkmaneli bölgəsindən 200 min insan köç etmək məcburiyyətində qalıb, didərgin düşüb. Minə yaxın insan qətlə yetirilib. Təəssüf ki, türkmanlar münaqişənin bilavasitə iştirakçısı olmadan qurbanlar  verirlər. Dünyadakı əksər münaqişələrə fikir versək, görərik ki, hadisələrə cəlb olunan insanların  əksəriyyəti gənclərdir, döyüşlərdə fəallıq göstərən də, həlak olan da onlardır. Konfransda da vurğulandığı kimi, gənclərin sülh üçün mübarizə aparmalarını istəyirik. Belə olsa, onlar daha yaxşı cəmiyyətdə yaşayarlar. Türkman gənclərinin problemləri, qayğıları çoxdur. Onlar daha çox işsizlikdən əziyyət çəkirlər. Bütün bunlara baxmayaraq, gənclərimiz təhsilə də önəm verir, dil, adət-ənənə baxımından bizə daha yaxın olan ölkələrdə – Türkiyədə, Azərbaycanda oxuyurlar. Azərbaycan onlar üçün doğma bir ölkədir. Gənclərimiz adət-ənənələrimizi, mədəniyyətimizi, musiqimizi yaşatmaq üçün Türkmanelində yaradılan mədəniyyət mərkəzlərində fəallıq  göstərirlər. Kərkük, Mosul, Bağdad şəhərlərində bu cür mədəniyyət mərkəzləri var.

– İraqla Azərbaycanın mədəni əlaqələrini necə qiymətləndirirsiniz?

– İraq türkmanlarıyla ölkəniz arasında ictimai, mədəni, ədəbi münasibətlərin tarixi əskiyə dayanır. Azərbaycanın görkəmli alimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin hələ sovet dövründə İraqda diplomatik fəaliyyəti illərində türkman mədəniyyəti, ədəbiyyatıyla bağlı araşdırmalar aparması, Əbdüllətif Bəndəroğlunun fəaliyyəti türkman xalqı ilə Azərbaycan arasında böyük mədəni, ədəbi körpü rolunu oynadı. O dövrdə  Azərbaycan və türkman yazarları arasında qurulmuş dostluq, qardaşlıq və yaradıcılıq münasibətləri Kərkükü Azərbaycana, Azərbaycanı da Kərkükə tanıtdı. Bu gün bu ədəbi, mədəni əlaqələr yenə də davam edir. Türk dünyasının böyük şairi Füzulinin adına düzənlənən  şeir festivalları buna nümunədir. Şairin uyuduğu Kərbəlada, Bağdadda, Ankarada bu cür şeir gecələri təşkil edilib. Dünya ədəbiyyat xəzinəsinə dəyərli əsərlər bəxş etmiş Füzulinin ədəbi irsi türkman və Azərbaycan xalqlarının daim sevdiyi, araşdırdığı və tədqiq etdiyi qiymətli incilərdir.  İstərdik ki, xalqlarımız arasındakı ədəbi, mədəni münasibətlər bundan sonra daha yüksək səviyyədə davam etsin.

– Bu gün Suriyada baş verənlər bütün medianın diqqətindədir. Bu barədə nə deyə bilərsiniz?

– Suriyada silahlı mübarizənin getdiyi bölgələr əsasən türkmanların kompakt yaşadığı ərazilərdir. Onların  çoxu kəndlidir, obalarda yaşayırlar. Təəssüf ki,  bu günahsız mülki insanlar münaqişədən daha çox əziyyət çəkirlər. Bu gün həmin bölgələr, xüsusilə də Hələb şəhəri xarabalığa çevrilib. Türkiyəyə qaçqın olaraq sığınan bir milyon insanın, demək olar ki, çoxu türkmandır.

– Azərbaycanla bağlı fikirləriniz maraqlıdır...

– Əminliklə deyə bilərəm ki,  Azərbaycan mənim üçün doğma bir ölkədir. Burada özümü vətənimdəki kimi hiss edirəm. Dilimiz, dinimiz, adət-ənənələrimiz birdir. Bundan başqa, Azərbaycan türkmanların gözündə mənəvi himayədardır. İstərdim ki, Suriyada, İraqda münaqişə nəticəsində yaşanan insanlıq faciəsinə, türkmanların acı durumuna Azərbaycan da qardaş əli uzatsın. Bu, orada yaşayan insanlarımız üçün çox böyük bir sevinc və dayaq olardı. Düzdür, biz ziyalılar, yazarlar ədəbi əlaqələrin inkişafına öz töhfələrimizi veririk. İnanıram ki, bundan sonra İraq-Azərbaycan əlaqələrinin inkişafı üçün daha çox işlər görəcəyik.  Çünki Azərbaycan və türkman xalqları arasında dostluq və qardaşlıq telləri qırılmazdır.

 

 Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında