Fazil MUSTAFA: Azərbaycan Prezidenti ölkənin xarici siyasətinin prioritetlərini açıq şəkildə ortaya qoydu

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində Prezident İlham Əliyevin nitqi ölkəmizin tanınmış ictimai-siyasi xadimləri, siyasi partiya rəhbərləri və ekspertlər tərəfindən yüksək dəyərləndirilir. Müşavirənin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan ölkəmizin başçısı demişdir ki, belə toplantılarda xarici siyasətimizin müxtəlif aspektləri müzakirə edilir və yeni istiqamətlər müəyyənləşdirilir.

Müşavirədə qeyd olunmuşdur ki, indiki çətin və mürəkkəb dövrdə Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, təbii ki, güclü siyasi iradənin mövcudluğudur. Güclü siyasi iradə olmayan yerdə, müstəqil siyasət aparmaq mümkün deyil. Son illər ölkəmizin dünya birliyindəki mövqelərinin getdikcə möhkəmlənməsi bir daha təsdiqləyir ki, Azərbaycanda bu siyasi iradə vardır. Bu, həm daxili, həm də xarici siyasətimizdə özünü açıq şəkildə büruzə verir. Bununla yanaşı, ölkəmizin uğurlu inkişafı, beynəlxalq aləmdə reytinqinin getdikcə yüksəlməsi və iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması xarici aləmdə öz sözümüzü deməyə və maraqlarımızı müdafiə etməyə geniş imkanlar yaradır.

Ölkə başçısı İlham Əliyevin müşavirədəki nitqi tanınmış siyasi xadimlər və diplomatlar tərəfindən yüksək qiymətləndirilir. Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa ilə söhbətimiz də bu barədə oldu.

O dedi:

– Azərbaycan Prezidentinin diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki nitqi ölkənin xarici siyasətinin prioritetlərini açıq şəkildə ortaya qoydu. Mənim ən çox qiymətləndirdiyim məsələ ölkə başçısının İrəvanın 1918-ci ildə Ermənistana verilməsi barədə dəqiq faktlar səsləndirməsi oldu. Azərbaycan Prezidenti bu məsələyə Avropa Şurası Parlament Assambleyasındakı nitqində də yer ayırmışdı. Respublikamızın rəhbəri hər iki çıxışında diplomatik jestlərdən çox, tarixi faktlara istinad etmişdir. Məsələn, cənab Prezident söyləmişdir ki, hər yerdə erməni dövləti yaratmağa razısınsızsa, onda hər bir ölkədə Ermənistan dövləti yaradılsın. Ölkə başçısının “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması qətiyyən mümkün deyildir” qətiyyətli fikri işğalçı dövlət üçün ciddi mesaj oldu. Prezident bildirdi ki, Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və heç bir ölkə qondarma “Dağlıq Qarabağ Respublikasını” müstəqil qurum kimi tanımayacaqdır. Orada keçirilən qanunsuz referendumlar dünya birliyi tərəfindən tanınmayıb və tanınmayacaqdır. Məsələnin həlli ölkəmizin ərazi bütövlüyü çərçivəsində olacaqdır. Başqa variant yoxdur. Dövlətimizn başçısı daha inandırıcı bir təbliğat metedologiyası yolunu göstərdi.

Bilirsinizmi, savaş ritorikası nə qədər gündəmdə olursa-olsun, yenə də mövcud dünya düzənində ən doğru yol ağıllı diplomatiya ilə qalib gəlməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin də bu istiqamətə önəm verməsi mütləq ciddi nəticələr ortaya qoyacaqdır.

Ölkə başçısı həm Avropa Şurası Parlament Assamleyasının sessiyasında, həm də diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki nitqində bir daha təsdiqlədi ki, Azərbaycan heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yeridən dövlətdir.

 

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında