Səfir Şahin ABDULLAYEV: Qarşıdakı dövr üçün xarici siyasətimizin prioritetləri müəyyənləşdirildi

Respublikanın Xarici İşlər Nazirliyində Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin növbəti beşinci müşavirəsi ölkəmizdə diplomatik xidmətin yaradılmasının 95-ci ildönümü ilə eyni vaxta düşdüyünə görə əlamətdar oldu. İki ildən bir keçirilən belə müşavirələrdə, bir qayda olaraq, ölkənin xarici siyasəti sahəsində hesabat dövründə görülmüş işlərə yekun vurulur və qarşıda duran vəzifələr, yeni istiqamətlər müəyyənləşdirilir. Bu mənada, iyulun 7-də keçirilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi beşinci müşavirə çox böyük əhəmiyyət kəsb edirdi.

Azərbaycanın Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev müşavirə ilə bağlı bunları dedi:

– Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov müşavirəni açdıqdan sonra xarici siyasət sahəsində görülmüş işlər barədə ətraflı məlumat verdi.

Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə proqram xarakterli geniş nitq söylədi. Bizim üçün son dərəcə xoş oldu ki, dövlət başçımız diplomatik orqanlarımızın uğurlu fəaliyyətini vurğuladı və Xarici İşlər Nazirliyinin bütün əməkdaşlarını təbrik etdi. Bildirdi ki, bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır. Bunun əsas səbəbi güclü siyasi iradənin mövcudluğudur.

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı danışan dövlət başçısı təəssüf hissi ilə bildirdi ki, son müşavirədən keçən dövr ərzində bu sahədə heç bir irəliləyiş olmamışdır. Bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməmişdir. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar.

Möhtərəm Prezidentimiz bununla əlaqədar həm vasitəçilərə, həm də məsələnin həllinə mane olan Ermənistan rəhbərliyinə kəskin şəkildə xəbərdarlıq etdi: “Onlar (vasitəçilər - red.) da Ermənistan kimi çox yaxşı dərk edirlər ki, istənilən vaxtda biz hərbi gücümüzdən istifadə edərək Qarabağ məsələsini birdəfəlik həll edə bilərik. Bu gün güc amili, bir daha demək istəyirəm ki, həlledici rol oynayır”.

Prezident bu gün xarici siyasət sahəsində qarşıda duran konkret vəzifələri, fəaliyyət istiqamətlərini aydın şəkildə göstərdi. Bu istiqamətlərdən biri də müsəlman ölkələri ilə əlaqələrin daha da möhkəmləndirilməsidir. Dövlət başçısı qeyd etdi ki, bu əlaqələr çox möhkəmdir və Azərbaycan İslam aləminin bir parçasıdır, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür.

Mənim diplomatik fəaliyyətim bilavasitə İslam ölkələri ilə bağlıdır: Misir Ərəb Respublikası ilə bərabər, Əlcəzair, Sudan və Efiopiya dövlətlərində də Azərbaycanın səfiri vəzifəsini yerinə yetirirəm. Onu da bildirim ki, mən 54 ölkəni birləşdirən Afrika İttifaqında və həmçinin 22 ölkənin birliyi olan Ərəb Dövlətləri Liqasında müşahidəçi statusunda təmsil olunuram. Həm o dövlətlərlə ayrı-ayrılıqda –  əlaqələrin, həm də həmin təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrin qurulmasına çalışırıq. Etiraf edim ki, həmin dövlətlərlə əlaqələrimiz kifayət qədər yüksək səviyyədədir. Beynəlxalq arenada, xüsusilə, BMT-də müsəlman ölkələrinin Azərbaycana dəstəyinin dəfələrlə şahidi olmuşuq. Hazırda həmin dövlətlərlə iqtisadi sahədə əlaqələrimizin daha da gücləndirilməsi üçün yollar axtarılır.

İnanıram ki, respublika diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə Azərbaycanın xarici siyasəti yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır.

 

Qələmə aldı:

Q.PİRİYEV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında