Parklar Bakının yaraşığıdır

Bakı  son illərdə tanınmaz dərəcədə dəyişmişdir. Bunu    təkcə  bakılılar deyil, şəhərimizin qonaqları da  etiraf edirlər. Yeni  prospektlər və küçələr, mehmanxanalar, yaşayış evləri, yollar, keçidlər və körpülər, çoxmərtəbəli inzibati binalar, teatr və konsert salonları  onun  füsunkar  gözəlliyinə  yeni  çalarlar bəxş edir.

Bu gözəlliyi tamamlayan  yeniliklərdən biri də şəhərimizdə  salınmış bir-birindən yaraşıqlı  parklar  və xiyabanlardır. Paytaxtımızın  salınan yeni  parklarının müəlliflərindən biri, Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Askademiyasının professoru, Ümumdünya Reklamçılar İttifaqının üzvü, memar Cahid Həsənov bu barədə   bizimlə söhbətində  dedi:

– Hörmətli Prezidentimiz İlham Əliyevin göstərişləri əsasında  son illər  Bakı  şəhərində  və  regionlarımızda  yeni parkların salınmasına  və   mövcud olanların yenidən  qurulmasına  xüsusi diqqət yetirilir.  Prezidentin  dediyi kimi, Bakı gözəl, müasir, inkişafda olan  şəhərdir. Doğrudan da, şəhərimiz günbəgün inkişaf edir, yeniləşir. Şərqlə Qərbin memarlıq ənənələrini özündə  birləşdirir. Şəhərimizdə  sosial obyektlərin tikilməsi, köhnələrin yenidən qurulması  da diqqətdən yayınmır. Görün, son illər nə qədər parklar, xiyabanlar salınmışdır. Bunlar əhalinin istirahəti, asudə vaxtını səmərəli keçirməsi üçün çox əhəmiyyətlidir.

 Bakının elə rayonu  yoxdur ki, orada müasir tipli  parklar salınmasın.

Həm də  bu parklar  tərtibat xüsusiyyətlərinə, memarlıq  üslubuna  görə bir-birindən  fərqlənir. Bakıya  gələn memarlar bizim parklara  həsəd aparırlar. Bu  parkların  milli  dəyərlərimizə uyğun olaraq  qurulması onların   gözəlliyini daha da artırır. Bizim Milli Parkda olanlar  yaxşı bilirlər  ki,  bura  sözün əsl mənasında,  gözəlliklər  diyarıdır. Milli Park   Xəzər  sahili  boyu ilbəil  genişlənir, hər gün  burada minlərlə bakılı və  şəhərimizin  qonaqları istirahət  edirlər.

Bakı parkları, həqiqətən,  füsunkardır. Onların  memarlıq həllində   müxtəlif  materiallardan istifadə olunur. Bunun  çoxu  xarici ölkələrdən  gətirilir. Həm  də onların inşasında    təcrübəli ustalar  işləyirlər.

Adətən,  deyirlər ki,  hər bir ailənin qonaq otağı olduğu kimi  parklar  da şəhərin “qonaq otaqları”dır. Ona görə  də  gözəl və cazibədar olmalıdır. Xarıcdən  gələn  qonaqlar   bu  parklarda istirahət etməyə  daha çox maraq göstərirlər.

Parklar  xalq  üçün yaradılır. Ona görə də onun  tərtibatında  xalqın zövqü, milli mentalitet  nəzərdən qaçırılmamalıdır. Milli atributlar  aparıcı element olmalıdır. Xarici qonaqlar bu parklarda  milli dəyərlərimizin nümunələrini  görməli, onlarla tanış olmalıdırlar.

 Mən  şəhərimizdə salınan  Heydər Əliyev parklarının  tərtibatını olduqca yüksək  qiymətləndirirəm. Bu  parkların ərazisində gənclər mərkəzlərinin yaradılması da  vacibdir. Gənclərin istirahəti  və maariflənməsində   onlar əhəmiyyətli rol oynaya bilər. Bakıdakı  Şəhidlər Xiyabanı,  Fəxri Xiyaban  və başqa  bu tipli   xiyabanlara  vətənpərvərlik ruhu  təlqin edən  məkan kimi  baxmaq lazımdır.

  Mən özüm  memar kimi,  bir neçə parkın layihə müəllifiyəm. Cənab Prezidentin  göstərişi ilə Milli Qəhrəman Koroğlu  Rəhimovun adına park  salındı. Dövlət başçımızın   istəyi əsasında yaradılan bu park   bir sıra  xüsusiyyətlərinə görə  başqalarından   fərqlənir. Biz orada   buta  formasında  fəvvarə  yaratdıq. Baxmayaraq ki, burada modern  ünsürlərdən istifadə olunub, klassik ənənələri də unutmamışıq. Bu  parkda  Şərqlə  Qərbin memarlıq  nümunələrinin  sintezini yaratmağa  çalışmışıq.

 Mənim  bir neçə layihəm  əsasında salınan parkda da bu xüsusiyyətlər nəzərə alınmışdır. Qaradağ rayonu ərazisindəki  Heydər  Əliyev Parkı da mənim layihəm əsasında yaradılmışdır. İlk dəfə olaraq mənim layihəm əsasında   yanacaqdoldurma məntəqəsi ətrafında park salınmışdır. Bu təcrübə, yəqin ki, davam etdiriləcək, onlar da  şəhərimizin gözəlləşməsinə  xidmət  göstərəcək.

Ümumiyyətlə, şəhərimizdəki  parkların hər  biri  füsunkardır. Onların sayı  artdıqca  paytaxtımız daha da   gözəlləşir. Bu yaxınlarda “Böyük Bakının Pegional İnkişaf Planı” hazırlanıb. Bu planda da  yeni-yeni parkların, xiyabanların salınması nəzərdə tutulub.  Elə  tikintisi  sürətlə  davam edən “Ağ  şəhər”də  də belə  parklar çox olacaq. İndi Bakı  təkcə neft şəhəri kimi deyil, həm də  gözəlliklər  şəhəri kimi məşhurlaşacaq. 

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında