İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxış etmiş və AŞPA-nın deputatlarının suallarını cavablandırmışdır. Dövlət başçısının düşmən ölkənin atəşkəsi pozması və hələ də sərgilədiyi qeyri-konstruktiv mövqe ilə bağlı məntiqli fikirləri ölkə ictimaiyyəti tərəfindən də müsbət qarşılanmış və ekspertlər tərəfindən yüksək qiymətləndirmişdir.
Ceyhun ƏLƏKBƏROV, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri:
– Azərbaycan Prezidenti İlham Əliyevin AŞPA-dakı çıxışı, həmişə olduğu kimi bir daha məntiq və məzmun cəhətdən uğurlu alındı. Prezidentin Azərbaycanda gedən proseslərlə bağlı verdiyi geniş məlumat, suallara dəqiq, səlis, analitik mühakimə qabiliyyətli, diplomatik normalara tam uyğun cavabları həqiqətən təqdirəlayiqdir. Bu, bir daha ölkə rəhbərinin dəmir iradəyə, prinsipiallığa, sistemli təhlil qabiliyyətinə malik olmasını ortaya qoydu. İstər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulması, istər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dövlət başçısının çıxışı düşündürücü idi. Əminəm ki, bir sıra Avropa parlamentariləri dövlət başçısının onlara verdiyi bu informasiyada olan doğru paralelləri və məntiqi izahı görməyə bilməzdilər. Çünki onların çoxu Azərbaycana səfərləri zamanı bu inkişafı əyani olaraq görmüş və qiymətləndirmişdir.
Ən vacib məqam isə hər zaman olduğu kimi, xalqımızın hələ də həll olunmayan problemi sayılan Qarabağ münaqişəsi barədə Prezidentin çıxışı və verilən suallara qətiyyətli cavabları idi. Dövlət başçısı bir daha həm Avropa parlamentarilərini, həm də düşmən ölkə rəhbərliyini tutarlı arqumentlər qarşısında qoydu. O, həm dünya birliyinin ikili standartları probleminə toxunmuş, həm də Ermənistanı işğalçı dövlət olmaqda ciddi ittiham etdi. O, Sarkisyan rejimini suçlayaraq bu günə qədər təmas xəttində sakitliyin bərqərar olmamasının günahkarlarının məhz onlar olduğunu bildirdi və Avropanın üst qurumlarını bu həyasızlığa biganə qalmamağa çağırdı.
Eyni müsbət fikirləri iyunun 26-da keçirilən irimiqyaslı hərbi təlimlərdə dövlət başçımızın çıxışı barədə də vurğulmaq olar. Cənab Prezident çıxışında qeyd etdi ki, biz müharibə istəmirik. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin. Ancaq görürük ki, iyirmi il ərzində bu məsələ öz həllini tapmır. Bu məsələni dondurulmuş vəziyyətdə saxlamaq istəyən qüvvələr, əfsuslar olsun ki, öz niyyətlərinə, öz məqsədlərinə nail olurlar. Biz isə bu vəziyyətlə barışmaq istəmirik və barışmayacağıq. Biz sülh istəyirik. Amma, eyni zamanda, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır.
Fikrimizcə, düşmən dövlət Prezident İlham Əliyevin hər dəfə onlara qarşı səsləndirdiyi bu ağır ittihamlardan nəticə çıxarmalı və nə qədər ki, gec deyil Azərbaycan torpaqlarını tərk etməlidirlər. Əks halda Azərbaycanın hazırki hərbi durumu Ermənistana da onun havadarlarına da yaxşı bəllidir. Müharibə olarsa, bunun nə ilə nəticələnəcəyi onlara agah olmalıdır. Beləliklə, bütün parametrlər baxımından cəsarətli və məntiqli çıxış edən ölkə rəhbəri bu dəfə də Qarabağ problemini başlıca məsələ kimi gündəmə gətirdi. Bu amil bir daha ulu öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət kursunun Prezidentimiz İlham Əliyev tərəfindən ugurla həyata keçirilməsini sübut etdi. Son zamanlar Azərbaycan dövlətinin uğurlu xarici siyasəti və cənab Prezidentimizin qətiyyətli addımları bunu deməyə əsas verir ki yaxın bir zamanda Qarabağ problemi öz həllini tapacaqdır.
Mübariz GÖYÜŞLÜ, “Müasir İnkişaf “İctimai Birliyinin sədri:
– Həmişə olduğu kimi, bu dəfə də Prezident İlham Əliyev öz cəsarətli çıxışı ilə yadda qalmağı bacardı. Doğrusu, şablon və əvvəlcədən hazırlanmış sualları ilə Prezidenti çaşdıracağını düşünən bəzi avropalı deputatların bu cəhdi uğursuz oldu. Ən yaddaqalan məqam isə Prezidentin Ermənistana qarşı ağır ittihamlar səsləndirməsi oldu. Azərbaycan abidələrinin dağıdıldığı, Qarabağda mədəni irsin məhv edildiyi, azərbaycanlı əhalinin izlərinin silindiyi haqda bəhs edən dövlət başçısı düşmən dövlətin BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsinə məhəl qoymadığını və heç bir beynəlxalq prinsip tanımadığını bununla belə, onlara qarşı heç bir cəza sanksiyası tətbiq olunmadığını təəssüf hissi ilə bir daha bəyan etdi.
Bundan əlavə, təmas xəttində atəşkəsin pozulması barədə verilən sualı cavablandıran Prezidentin “Təmas xəttində atəşkəsin pozulmasına gəlincə, işğalçı ordunu ordan çıxarmaq lazımdır. Erməni hərbi qüvvələri orada nə edir?- bildirməsi Ermənistan və onun işğalçı mövqeyinə hələ də göz yuman tərəfləri pis vəziyyətdə qoydu. Prezident İlham Əliyevin çıxışı bir daha təsdiq etdi ki, o, siyasi, iqtisadi və humanitar sahələrdə regionda və dünyada cərəyan edən prosesləri, baş verən hadisələri yaxından izləməklə yanaşı, onların arasında bağlılığı aydın görür və öz fəaliyyətində bunları nəzərə alır.
Cənab Prezident 26 iyun-Silahlı Qüvvələr Günü münasibətilə keçirilən hərbi təlimlərdə çıxışı zamanı da bu məsələnin üstündə xüsusi dayanaraq qeyd etdi ki, biz hamımız yaxşı bilirik və operativ məlumat da alırıq ki, Ermənistan ordusu təşviş içindədir. Biz təmas xəttində üstünlüyü tam şəkildə əldə etmişik. Təmas xəttində vəziyyətə tam şəkildə biz nəzarət edirik. Ancaq Azərbaycan dövlətinin sülhsevər siyasəti bu gün sabitliyin qarantıdır. Heç bir kənar qüvvə bu bölgədə sabitliyin qarantı ola bilməz. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz.
Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.