Azərbaycan Prezidenti İlham Əliyevin AŞPA sessiyasında iştirakı və çıxışında səsləndirdiyi bəyanatlarla bağlı müzakirələr bir neçə gündür ki, ölkəmizin xəbər gündəmində aparıcı yer tutur. Dövlətimiz üçün əlamətdar hadisələrlə yadda qalan bu sessiyaya dəvət olunan və Azərbaycan rəhbərinin çıxışını canlı izləyənlər arasında olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev qəzetimizə müsahibəsində səfər təəssüratlarını böyük həvəs və iftixarla bölüşdü.
Parlament Assambleyasının sessiyasında Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədrinin sözlərinə görə, Strasburqa səfəri sessiyaya 1 gün qalmış başlayib . O, bazar günü Strasburqda yaşayan icma üzvləri , o cümlədən yerli fransızlar arasında kifayət qədər dinlənilən RBS radiosunun canlı efirinə dəvət olunub. “Azərbaycan” saatı adlanan verilişdə milli musiqilərimiz səsləndirilir, ölkəmizlə bağlı xəbərlər dinləyicilərə təqdim olunur.
Verilişə qatılan Umud Mirzəyev ölkəmizdə vətəndaş cəmiyyəti təmsilçiləri , o cümlədən media mənsubları üçün yaradılan şərait, aparılan demokratik islahatlar və ölkəmizin iqtisadi inkişafı ilə bağlı geniş məlumat verib.
BAMF sədri daha sonra bildirdi ki, sessiya Azərbaycan üçün xoş təəssüratlar və fəxr dolusu anlar bəxş etdi . Sessiyanın ilk günü Avropa Şurasının iqamətgahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Nizami Gəncəvi yaradıcılığı layihəsi çərçivəsində sərginin açılışı oldu. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimində xarici işlər naziri Elmar Məmmədyarov, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizin üzvləri, eyni zamanda, quruma üzv ölkələrin deputatları, təşkilatın rəsmiləri iştirak etdilər.
Çıxışlarda Azərbaycanın birinci xanımı, YUNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsinin qorunması, təbliği, dünyada tanıdılması istiqamətində gördüyü işlər yüksək qiymətləndirildi.
Sessiyanın ilk günü xarici işlər naziri Elmar Məmmədyarovun, daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyevin sessiyada geniş çıxış etmələri və ölkənin daxili və xarici siyasəti haqqında avropalı parlamentarlara ətraflı məlumat vermələri qürurverici haldır: “Xüsusilə, ölkə başçısının çıxışı ciddi rezonans oyatdı və Azərbaycana qarşı qərəzli mövqe tutan deputat və xarici təşkilatlara tutarlı cavab oldu.
Dövlət başçısı Azərbaycanı əsassız yerə tənqid edən deputatlara üzünü tutaraq onları obyektiv olmağa çağırdı, heç bir fakta əsaslanmayan məsələləri əllərində bayraq tutaraq Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməkdə günahlandırdı. Cənab İlham Əliyev bəyan etdi ki, Azərbaycanı əsassız tənqid edən, bu yolla ölkəmizə təzyiq göstərmək istəyənləri, əslində, demokratiya və insan azadlıqlarının inkişafı yox, öz məkrli istəkləri maraqlandırır.
Prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışı da vacib əhəmiyyət daşıdı. Azərbaycan torpaqlarını işğal etməsi və bu işğalı hələ də davam etdirməsi Ermənistanın destruktiv siyasətindən xəbər verir. Bu faktı Ermənistanı AŞPA-da təmsil edən deputatların da çox yaxşı bildiyini, lakin onların hər dəfə Parlament Assambleyasının iclaslarında çıxış edərkən yalan danışdıqlarını qeyd edən İlham Əliyev, bir mötəbər qurum kimi AŞPA-nı da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnaməni icra etməyə çağırdı".
U. Mirzəyevin sözlərinə görə, Prezident İlham Əliyev kifayət qədər vacib məqamlara toxunaraq, bir sıra deputatların təxribat xarakterli suallarına da layiqli və cəsarətli cavablar verdi: “Təəssüf ki, şurada Azərbaycanın inkişafını və regionda söz sahibi ölkə olmasını istəməyən dairələr var. Məhz onların dəstəyi nəticəsində prezidentin çıxışı zamanı bir qrup gənc təxribata əl ataraq, assambleyanın gedişinə mane olmaq istədi. Amma havadarlarının cəhdlərinə baxmayaraq, onların bu istəyi alınmadı.
Dövlət başçısının çıxışı yüksək səviyyədə baş tutdu. Mən hesab edirəm ki, bütün bu tipli xoşagəlməz hallara rəğmən Azərbaycanın bu qurumla əlaqələri və əməkdaşlığı davam etməlidir. Elə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi siyasi iradə də bundan xəbər verir. Xüsusilə, bu qurumla tərəfdaşlıq əlaqələrində vətəndaş cəmiyyəti təmsilçiləri və Qeyri-Hökumət Təşkilatları da öz rolunu artırmalıdır. Bu, artıq günümüzün tələbidir”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri bildirdi ki, bu məsələni assambleyanın yay sessiyası çərçivəsində AŞPA-nın sədri, xanım Ann Brassörlə görüşündə bir daha gündəmə gətirib: “Xanım Ann Brassörün ofisində bir saata yaxın davam edən görüşümüzdə Azərbaycanda aparılan demokratik islahatlar və insan hüquqları ilə bağlı durumu geniş müzakirə etdik. Azərbaycanın bu istiqamətdə ciddi addımlar ataraq regionun aparıcı Avropa ölkəsinə çevrildiyini assambleya sədrinin diqqətinə çatdırdım.
Bununla yanaşı, müşahidə olunan bəzi problemlərin məhz hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsindən qaynaqlandığını söylədim. Bu münaqişənin mövcudluğu təkcə Azərbaycanın yox, bütün Cənubi Qafqaz regionunda demokratiyanın mövcudluğu üçün ciddi təhlükə olduğunu qeyd etdim və xanım Brassörü beynəlxalq bir qurumun vacib post tutan rəhbəri kimi məhz münaqişənin tənzimlənməsi istiqamətində səylərini əsirgəməməyə çağırdım”.
Umud Mirzəyevin sonda vurğuladı ki, o, bu sessiyadan çox böyük ruh yüksəkliyi və öyünc hissi ilə ayrılıb. Çünki avropalı siyası elita, President İlham Əliyevin timsalında, azərbaycanlıların yüksək intellekt, vətənpərvərlik, siyasi təfəkkürə malik olduqlarının bir daha şahidi oldular. Azərbaycan Prezidenti AŞPA ilə münasibətlərini yüksək səviyyədə ortaya qoyan konkret faktlarla, arqumentlərlə göstərdi ki, heç kim onun rəhbərlik etdiyi dövlətlə təzyiq və təhdid dilində danışa bilməz.
Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.