Bu fikri hazırda AŞPA-nın yay sessiyasında iştirak edən Milli Məclisin deputatı Çingiz Qənizadə telefonla Strasburqdan bildirdi. O, dedi:
- Mən hazırda Strasburqdayam və Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında iştirak edirəm. AŞPA-nın yay sessiyasının ən yaddaqalan məqamlarından biri Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı oldu. Azərbaycan Prezidentinin qlobal düşüncə tərzi, qətiyyəti və yüksək məlumatlılıq səviyyəsi hər birimizdə qürur hissi yaratdı. Cənab Prezident bu çıxışı ilə demokratiya və insan haqlarının qorunmasına sadiqliyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı dəmir iradəsi və məntiqli çıxışı, sistemli təhlili ilə Azərbaycan xalqının haqq səsini Avropa parlamentarilərtnə çatdırdı. Eyni zamanda, Azərbaycanın sürətli inkişafı, Dağlıq Qarabağ problemi, Ermənistan dövlətinin işğalçılıq siyasətini hələ də davam etdirməsi və torpaqlarımızın 20 faizinin işğal altında saxlanılması barədə məlumat verdi. Prezidentimiz qətiyyətlə bildirdi ki, bu gün bəzi beynəlxalq təşkilatların Azərbaycana münasibətində ikili standart nümayiş etdirməsi, Ermənistanın beynəlxalq hüququn normalarına açıq-aşkar hörmətsizlik etməsi faktları barədə özlərini görməzliyə vurmaları işğalçı dövləti daha da azğınlaşdırıb. Ermənistana qarşı sanksiyaların tətbiq olunmamasının nəticəsidir ki, işğalçı dövlət öz iddialarından hələ də əl çəkmək istəmir.
Prezidentimizin çıxışındakı güclü məntiq nəticəsində avropalı parlamentarilərə bir daha aydın oldu ki Azərbaycan sülhsevər dövlətdir və ölkədə hakimiyyətlə xalqın sıx vəhdəti var. Ölkəmizdəki sürətli inkişaf, insan hüquq və azadlıqlarının qorunması istiqamətində qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər haqqında məlumatlar sessiya iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı. Azərbaycan Prezidenti ona ünvanlanmış qızışdırıcı və təxribatçı suallara elə qətiyyətli cavablar verdi ki, parlamentarilər buna heyran qaldılar. Ölkə başçısının müstəqil və analitik mühakimə qabiliyyəti, yüksək məlumatlılıq səviyyəsi, dərin təhlili ermənilərin təhriki ilə təxribatçı sual verən deputatları mat qoydu. Dövlətimizin başçısının çıxışı və suallara məntiqli cavabı bir daha təsdiqlədi ki, cənab Prezident İlham Əliyev qlobal düşüncə tərzinə malik dünya şöhrətli siyasi xadimdir. Onun çıxışının avropalı parlamentarilər tərəfindən dəfələrlə sürəkli alqışlarla qarşılanması bizdə qürür hissi oyatdı.
Azərbaycan Prezidenti qətiyyətlə bildirdi ki, ölkəmiz müstəqil siyasət yeridir və heç bir dövlətin təzyiqi və təsiri ilə siyasi xəttini dəyişməyəcək. Bununla bir daha Avropaya belə bir mesaj verdi ki, bu gün Azərbaycan Avropaya daha çox lazımdır, nəinki Avropa Azərbaycana. Həmçinin, ölkə başçısı dəmir iradəsi və məntiqi ilə ikili standart nümayiş etdirən bəzi beynəlxalq təşkilatlara xəbərdarlıq etdi ki, ikili mövqelərinə son qoysunlar. Cənab Prezidentin çıxışının dəfələrlə sürəkli alqışlarla qarşılanması Ermənistan nümayəndələrini miskin görkəmə salmışdı. Gözüm onlarda idi, xəcalət hissi keçirir, gizlənməyə yer axtarırdılar.
Bir daha şahidi olduq ki, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti və bu siyasətin həyata keçirilməsinə rəhbərlik edən cənab Prezidentin uğurlu fəaliyyəti, qlobal düşüncə tərzi, müstəqil və analitik mühakimə qabiliyyəti ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında mühüm rol oynayır.
Sonda qeyd etmək istərdim ki, bir vətəndaş olaraq mən və burada olan çoxsaylı həmkarlarım, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri cənab Prezidentin həm çıxışından, həm də ona ünvanlanmş sualları məharətlə cavablandırmasından zövq aldıq. İnanırıq ki, dövlət başçımızın Avropa parlamentindəki dərin məzmunlu, analitik çıxışı, məğrur və qürurlu davranışı Azərbaycanın dünya birliyində getdikcə artan reytinqinə böyük dəstək olacaqdır.
Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.