İvo SLAUS: “Biz Azərbaycanda təhsil ocaqları ilə əməkdaşlıq etmək istərdik”

İvo Slaus Dünya İncəsənət və Elmlər Akademiyasının sabiq prezidenti (2011-2013), hazırda isə qurumun fəxri prezidentidir. Yaşı səksəni haqlasa da yenə səmərəli fəaliyyət göstərir. Gənclik illərində elm sahəsində çoxlu işlər görmüşdür. Elmi nailiyyətləri sayəsində fizika üzrə professor elmi dərəcəsinə yüksəlmişdir. Ruder Boskoviç İnstitutunda, Kaliforniya, Dyuk, Corctaun, Kyoto universitetlərində və digər dünyaca tanınmış təhsil ocaqlarında dərs demişdir. Diplomatik sahədə də uğurları çoxdur. Roma Klubunun üzvüdür. Əvvəllər həmin klubun Xorvatiya Assosiasiyasının prezidenti olmuşdur. Bundan başqa, Avropa Akademiyasının yaradıcı üzvlərindəndir. Alimlərin Paquoş Hərəkatının üzvü və Xorvatiya Paquoşunun keçmiş prezidenti olmuşdur. 2000-2003-cü illərdə Xorvatiya Parlamentinə üzv seçilmişdir.

Onu Azərbaycanla Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bağlayır. Mərkəzin üzvlərindən biri olan İ.Slaus dahi şairlə bağlı tədbirlərə qatılır, gələcəkdə onunla bağlı bir sıra layihələr həyata keçirmək niyyətindədir.

Trend Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən layihə çərçivəsində Dünya İncəsənət və Elmlər Akademiyasının fəxri prezidenti İ.Slausla müsahibəni təqdim edir.

 

- Cənab Slaus, prezidenti olduğunuz akademiyada hazırda hansı məsələlər prioritet hesab olunur?

- Dünya İncəsənət və Elm Akademiyasının hazırda ən çox sosial, iqtisadi və siyasi sahələrdəki dəyişikliklərə ehtiyacı var. Bizim işimizə ilk növbədə yeni iqtisadi düşüncənin, həmçinin dünya universitet konsorsiumunun inkişaf etdirilməsi, bütün dünyada ali təhsil məsələsinə yanaşma yolları çağırışları daxildir. Akademiyanın fəaliyyəti çoxşaxəlidir. Lakin mən ən əsası sülhü, bütün dünyada kütləvi dağıntıların qarşısını almaq üçün tərksilah məsələsini vurğulamaq istərdim.

- Akademiya hansı ölkələrlə daha sıx əməkdaşlıq edir?

- Dünyanın bir çox ölkələrində akademiyanın tərəfdaşları var və bu ölkələrin bir neçəsində də bizim əməkdaşlıq etdiyimiz mərkəzlər mövcuddur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi buna bir misaldır. Həmçinin Monteneqro Elm və İncəsənət Akademiyası, eləcə də Buxarestdə mərkəzimiz var. Açıq Cəmiyyətlər Forumundakı müzakirələrimiz zamanı akademiya olaraq məqsədimiz Roma Klubu, Avropa Liderliyi Şəbəkəsi və digər bu kimi təşkilatlarla səylərimizi birləşdirməkdir.

- Dünya İncəsənət və Elmlər Akademiyasının fəxri prezidenti kimi fikrinizi bilmək maraqlı olardı. Hazırda dünyada incəsənətin rolunu necə dəyərləndirirsiniz?

- İncəsənət də elm qədər bərabər səviyyədə vacibdir. Şübhə yoxdur ki, inkişafda olan insan eyni dərəcədə incəsənətdən də asılı vəziyyətdədir. Hər ikisi yaradıcı insanın fəaliyyətinə daxil olsa da, onların arasında fərqlər mövcuddur. Elm daha çox ciddi fəaliyyətdir. Mən bunu öz tələbələrimə də tez-tez deyirəm ki, digər fiziklər Eynşteynin fikirlərini inkar edə bilər. Ancaq incəsənətdən söhbət gedirsə, biz deyə bilmərik ki, müxtəlif əsrlərdə yaşamış Mikelancelo, Leonardo, Motsart və ya Bethoven bir-birilərindən daha yaxşı olub. Bu baxımdan incəsənət çox fərqlidir.

- Siz ötən il Bakıda səfərdə olarkən Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi ilə görüşmüşdünüz. Bu universitetlə hansı layihələri həyata keçirmək fikriniz var?

- Biz görüş zamanı xüsusilə dünya universiteti konsorsiumu istiqamətində səylərimizi müzakirə etdik və ümid edirik ki, Bakı Dövlət Universiteti bizi bu istiqamətdə dəstəkləyəcək.

- Yeri gəlmişkən, Azərbaycanda BDU-dan başqa daha hansı universitetlərlə əməkdaşlıq edirsiniz?

- Bu, bizim hələlik ziyarət etdiyimiz yeganə universitet olub. Biz böyük məmnuniyyətlə digər təhsil ocaqları ilə də əməkdaşlıq etmək istərdik. Bu mənim Azərbaycana ikinci səfərim olduğundan, bu, sadəcə başlanğıcdır.

- Biz bilirik ki, siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüsünüz. Dahi şairimizin yaradıcılığı ilə tanışsınızmı? Akademiyanın onun yaradıcılığı ilə bağlı hər hansı tədbir keçirmək niyyəti varmı?

- Əlbəttə ki, Nizami Gəncəvinin əsərləri ilə tanışam və yaradıcılığını yüksək dəyərləndirirəm. Dünya İncəsənət və Elmlər Akademiyasının noyabr ayında keçiriləcək ümumi yığıncağında bu məsələni Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla müzakirə etməyi planlaşdırıram.

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında