Dövlət idarəçiliyində dövlət qulluqçularının üzərinə böyük məsuliyyət düşür 23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovdur

–  Bəhram müəllim, müsahibəmizə başlamazdan öncə Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə sizi və rəhbərlik etdiyiniz kollektivi təbrik edirik və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

– Çox sağ olun, təşəkkür edirəm. Mən də qəzetiniz vasitəsilə öz adımdan və rəhbərlik etdiyim kollektivin adından bütün dövlət qulluqçularını 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə təbrik edirəm və onlara vəzifə səlahiyyətlərini düzgün və şərəflə yerinə yetirmələrini arzulayıram.

– Dövlət qulluqçusu kimdir?

– Qeyd etmək istərdim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə “dövlət qulluğu” anlayışı məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumunda qəbul edilən Konstitusiyada öz əksini tapmışdır. “Dövlət qulluğu” anlayışının açıqlanması 2000-ci il 21 iyul tarixdə qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda verilmişdir. Həmin qanuna görə, dövlət qulluqçusu maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.

– Dövlətin idarə edilməsində dövlət qulluqçularının üzərinə böyük məsuliyyət düşür. Dövlət-vətəndaş, dövlət-cəmiyyət münasibətlərinin qarşılıqlı inam və etibar müstəvisində qurulması dövlət qulluqçusunun öz vəzifələrini necə həyata keçirməsindən çox asılıdır. Ümumiyyətlə, dövlət qulluqçularının fəaliyyətinə nəzarət necə həyata keçirilir?

– Öncə onu qeyd etmək istərdim ki, dövlət qulluqçuları fəaliyyətləri dövründə insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və bu qaydalara əməl etməyə borcludurlar. Hər bir dövlət qulluqçusu çalışmalıdır ki, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu səmərəli yerinə yetirsin və hər bir şəxs üçün vicdanlılıq nümunəsi olsun. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalı, xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı, hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. Bütün bu qeyd olunan məsələlərə isə ilk növbədə, əlbəttə ki, dövlət qulluqçusu özü nəzarət etməli və fəaliyyətində bunlarla bağlı hər hansısa bir yanlışlığa yol verməməlidir. Bundan əlavə, dövlət qulluqçularının bilavasitə tabe olduqları struktur bölmə rəhbərləri, eləcə də çalışdıqları dövlət orqanlarının rəhbərləri onların xidməti fəaliyyətlərinə daim nəzarət edirlər. Qeyd etmək istərdim ki, dövlət qulluqçusunun öz xidməti vəzifələrinə nə dərəcədə əməl edib-etməməsi onun xidməti fəaliyyətinin qiymətləndirilməsində nəzərə alınır.

– Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi məsələsinə toxundunuz. Bilmək istərdik ki, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi dedikdə, nə nəzərdə tutulur və bu məsələ nə kimi əhəmiyyət daşıyır?

– “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunur ki, inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir. Qiymətləndirmənin əsas məqsədi isə dövlət qulluqçusunun il ərzində vəzifəsinin öhdəsindən nə dərəcədə gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini və gələcək inkişafını müəyyən etməkdən ibarətdir.

Nəzərinizə çatdırım ki, 2012-ci ildən başlayaraq Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi sahəsində pilot layihələr həyata keçirilirdi. Layihələr həyata keçirilərkən xidməti fəaliyyətin qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübə də öyrənilirdi. Məsələn, 2012-ci ildə “Azərbaycanda Dövlət Qulluğu Sektorunda İslahatların Dəstəklənməsi” layihəsi çərçivəsində Komissiya və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi adından Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda “Xidməti fəaliyyətin qiymətləndirilməsi vasitəsilə dövlət qulluğunda səmərəliliyin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda ABŞ, Almaniya, Avstriya, Belçika və s. ölkələrin dövlət qulluğu və inzibati idarəetmə sahəsində müvafiq qurumlarının nümayəndələri ilə yanaşı, SİGMA, GIZ, UNDP və s. beynəlxalq təşkilatların nümayəndələri də iştirak etmişlər. Məqsəd isə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqi ilə bağlı təcrübənin əldə edilməsi və bu təcrübədən pilot layihədə istifadə etməklə qiymətləndirmə sisteminin təkmilləşdirilməsi olmuşdur.

Pilot layihə Dövlət Sosial Müdafiə Fondunda və Sumqayıt Şəhər İcra Hakimiyyətində tətbiq edilmişdir. 2013-cü ilin iyun ayında Dövlət Sosial Müdafiə Fondunda komissiyanın təşəbbüsü ilə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə pilot layihənin nəticələrinin təhlili və müzakirəsi məqsədilə tədbir keçirilmişdir. Tədbirdə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə pilot layihənin nəticələri, həmin nəticələrə uyğun olaraq müvafiq qaydaların təkmilləşdirilməsi ilə əlaqədar verilən təkliflər qiymətləndirmə sisteminin iştirakçıları olan bilavasitə rəhbərlər, sektor müdirləri, dövlət qulluqçuları və kadr qurumunun işçiləri tərəfindən müzakirə olunmuşdur.

Nəhayət, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 10 fevral 2014-cü il tarixli qərarı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilmiş və 22 fevral 2014-cü il tarixdən qüvvəyə minmişdir.

– “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiq olunub dediniz. Deməli, qiymətləndirməyə artıq start verilib.

– Xeyr, hələ başlanmayıb. Qanunvericiliyə görə, hər bir dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir. Burada söhbət yalnız inzibati vəzifə tutan dövlət qulluqçusundan gedir. Bildiyiniz kimi, dövlət qulluğunda iki növ vəzifə var: inzibati vəzifə və yardımçı vəzifə. Yardımçı vəzifə daşıyan dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilmir. Qiymətləndirməni aparmaq üçün, ilk növbədə, qiymətləndirməni aparacaq rəhbər vəzifəli dövlət qulluqçuları üçün müvafiq təlimlərin keçirilməsi tələb olunur. Bu ayın əvvəllərində xidməti fəaliyyətin qiymətləndirilməsi qaydalarını tətbiq etmək, təkmilləşdirmək və dövlət orqanlarının nümayəndələrini təlimçi kimi yetişdirmək üçün komissiya tərəfindən təlimlər təşkil edilmişdir.Tədbir xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri, qiymətləndirmə sisteminin idarə edilməsi, qiymətləndirmə zamanı hədəflərin müəyyən edilməsi, qiymətləndirmə meyarları, sistemin tətbiqi, çətinliklər və onların aradan qaldırılması ilə bağlı mövzuları əhatə etmişdir.Təlim bütün mərkəzi icra hakimiyyəti orqanlarında qiymətləndirməni həyata keçirəcək struktur bölmə rəhbərləri və qiymətləndirmənin tətbiqinə məsul olan nümayəndələrin və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə xarici mütəxəssislərin iştirakı ilə keçirilmişdir. Qanunvericiliyə görə, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçirilməlidir və qiymətləndirmə zamanı dövlət qulluqçusunun peşə bilikləri, yaradıcılıq, təşəbbüskarlıq, əmək intizamı və s. kimi keyfiyyətləri əsas götürülməlidir. Bütün bunlar nəzərə alınaraqdövlət qulluqçusunun xidməti fəaliyyəti “əla”, “yaxşı”, “kafi” və “qeyri-kafi” kimi qiymətləndirilməlidir.

Həmçinin qeyd etmək istərdim ki, xidməti fəaliyyətin qiymətləndirilməsi ilə bağlı bu cür təlimlər bu ilin oktyabr-noyabr aylarına kimi davam edəcək və yerli icra və məhkəmə hakimiyyəti orqanları üçün də təşkil olunacaq. Bundan başqa, hər bir dövlət orqanı üçün ayrı-ayrılıqda təlimlərin keçirilməsi dəplanlaşdırılır.

– Çox vaxt eşidirik ki, dövlət qulluğunda çalışmaq üçün staj tələb olunur. Bu, gənclərin, daha dəqiq desək, universiteti yeni bitirən məzunların dövlət qulluğu ilə bağlı keçirilən müsabiqələrdə iştirakına mane deyilmi?

– Məlumdur ki, komissiya dövlət orqanlarında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunur ki, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müsabiqə elan olunan andan etibarən komissiyanın rəsmi internet səhifəsində və kütləvi informasiya vasitələrində yerləşdirilir. Elanlarda vakant vəzifələr barədə ətraflı məlumat – iş yerinin ünvanı, vəzifə maaşı, qulluq funksiyaları, vəzifənin tutulması şərtləri, ali ixtisas təhsilinə, staja, xarici dil və kompyuter biliklərinə dair tələblər və sənəd qəbulu şərtləri öz əksini tapır. Onu da qeyd edim ki, qanuna əsasən müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqə elan olunan tarixdən başlayaraq 30 gün ərzində komissiyanın saytına daxil olaraq, gənclər öz ixtisaslarına uyğun və sizin də qeyd etdiyiniz kimi, vəzifə təlimatlarında tələb olunan staj müddətlərini nəzərə almaqla özləri üçün vakant dövlət qulluğu vəzifəsi seçə bilərlər.

Əvvəllər ali təhsil müəssisələrini yeni bitirmiş məzunların dövlət qulluğuna gəlməsində maneələr var idi. Bəzi dövlət orqanları tərəfindən müsabiqəyə təqdim edilmiş bütün vəzifələrə, yerli bölmələrində olan vəzifələr də daxil olmaqla, staj tələbi qoyulurdu. Ali təhsil müəssisələrini yeni bitirmiş gənclərin dövlət qulluğuna cəlb edilməsi, habelə vakant dövlət qulluğu vəzifələrinin tutulması zamanı vəzifənin təsnifatının və funksiyalarının nəzərə alınması, həmçinin dövlət orqanından asılı olmayaraq, bu vəzifələrə iddia edən şəxslər üçün ümumi tələblərin müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş ümumi şərtlərdə qeyd edilən təsnifatlara uyğun olan vəzifələrin tutulması üçün təhsil, iş təcrübəsi və zəruri minimal biliklərə dair ümumi tələblər nəzərdə tutulmuşdur. Şərtlərə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatında olan “aparıcı məsləhətçi” və “məsləhətçi” vəzifələrinə, habelə aşağı təsnifat vəzifələrinə, rəhbər vəzifələr istisna olmaqla, apellyasiya və birinci instansiya məhkəmələri üzrə müsabiqəyə çıxarılan bütün vakant dövlət qulluğu vəzifələrinə staj tələbi qoyula bilməz.

Buna görə də ali məktəbi yenicə bitirmiş və heç bir iş stajı olmayan istənilən vətəndaş ixtisasına uyğun gələn və staj tələb etməyən istənilən vəzifənin tutulması üçün müsabiqələrə qatıla bilər.

– Bəhram müəllim, bəzi hallarda məzun olmuş gənclərimizə ali təhsillərini təsdiq edən sənəd ali məktəblər tərəfindən gec verilir. Bu, həmin gənclər üçün problem yaratmır ki?

– Təbii ki, müəyyən problemlər yaradır. Bayaq qeyd etdim ki, qanunvericiliyin tələblərinə görə müsabiqədə yalnız ali təhsil müəssisəsini bitirmiş və bu barədə müvafiq sənədi, yəni diplomu olan vətəndaş iştirak edə bilər. Nəzərinizə çatdırım ki, komissiya fəaliyyəti dövründə hər zaman vətəndaşlara layiqli xidmət etməyi öz qarşısına məqsəd qoymuşdur. Komissiyanın əməkdaşları da çalışırlar ki, vətəndaşların maraqlarına, istəklərinə uyğun fəaliyyət göstərsinlər. Bütün bunları nəzərə alaraq, artıq 2 ildir ki, biz yeni məzun olan və diplom almayan vətəndaşlara komissiyaya ali təhsillə bağlı arayış təqdim etməklə müsabiqələrdə iştirak etmək hüququ vermişik. Bu, gənclərin dövlət qulluğuna cəlb edilməsi üçün komissiyanın atdığı addımlardan biridir.

– Dövlətimizin siyasətində gənclər siyasəti xüsusi yer tutur. Komissiya bu yöndə hansı tədbirləri görür?

– Komissiya gənclərin dövlət qulluğuna marağının artırılması yönündə davamlı olaraq zəruri tədbirlər həyata keçirir. Komissiyanın əməkdaşları tərəfindən keçən ilin noyabr və dekabr aylarında, bu ilin isə aprel ayında tələbələrlə və magistrlərlə görüşlər təşkil olunmuşdur. Görüşlər həm Bakıda, həm də regionlarda yerləşən, ümumilikdə 14 ali məktəbdə keçirilmişdir. Görüşlərdə tələbələrə komissiyanın məqsəd və funksiyaları, fəaliyyəti və qarşısında duran vəzifələri, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər barədə, eyni zamanda müsabiqələr zamanı dövlət qulluğuna qəbulun şərtləri, vəzifə seçimi zamanı nələrə diqqət edilməsi, ixtisas tələbi, vəzifə seçərkən vəzifəyə qoyulan staj tələbi, sənədlərin hansı formada təqdim olunması barədə komissiyanın əməkdaşları tərəfindən ətraflı məlumat verilmişdir.

Bundan başqa, komissiyanın əməkdaşları, hər il olduğu kimi, bu il də keçirilən “Məzun - 2014” ümumrespublika, “Karyerada ilk addım” yarmarkalarında və “ADA: karyera həftəsi” mövzusunda təşkil edilən əmək sərgisində iştirak etmişdir. Onu da bildirim ki, komissiya 2010-cu ildən başlayaraq bu yarmarkaların iştirakçısıdır.

– Gənclərin müsabiqələrdə iştirakı üçün komissiyanın atdığı addımları nəzərə alarkən bir sual ortaya çıxır: Gənclərin dövlət qulluğuna qəbulla bağlı elan olunan müsabiqələrdə iştirak səviyyəsi hansı vəziyyətdədir?

– Qeyd edim ki, dövlət qulluğuna qəbulda gənclərin fəallığı hər zaman olduğu kimi çox yüksək səviyyədədir. İndiyə kimi komissiyanın keçirdiyi müsabiqələr nəticəsində qeydiyyatdan keçmiş namizədlərin 79 faizini, test qalibi olmuş namizədlərin 84 faizini, müsahibə mərhələsində uğur əldə edən namizədlərin 81 faizini, vəzifəyə təyin olunanların isə 81 faizini, gənclər təşkil etmişdir.

– Komissiya novator bir qurum kimi tanınır, demək olar ki, hər müsabiqədən–müsabiqəyə yeniliklər edirsiniz. Keçən illə müqayisədə dövlət qulluğuna qəbulla bağlı bu il hansısa bir yenilik etmisinizmi?

– Komissiya keçirdiyi müsabiqələrin həm test imtahanı mərhələsində, həm də müsahibə mərhələsində obyektivliyi və şəffaflığı təmin etmək üçün bütün zəruri addımlar atır. Test imtahanları mərhələsində obyektivliyin və şəffaflığın qorunması, o cümlədən, ictimai nəzarətin artırılması məqsədi ilə daha bir yenilik edilərək komissiyanın rəsmi internet saytı vasitəsilə test imtahanlarının gedişinin canlı izlənilməsi imkanı yaradılmışdır.

Artıq hər bir Azərbaycan Respublikasının vətəndaşı, o cümlədən media və qeyri-hökumət təşkilatlarının nümayəndələri test imtahanının gedişini onlayn izləyə bilirlər. Bu imkan dövlət qulluğuna qəbulla bağlı komissiyada qeydiyyatdan keçmiş namizədlərin özləri, valideynləri və yaxınları üçün daha böyük önəm daşıyır.

Vətəndaşların dövlət qulluğuna qəbulu zamanı test imtahanı mərhələsində tələb olunan test imtahanı proqramı üzrə daha yaxşı hazırlaşmaları və bu sahədə əldə etdikləri bilikləri yoxlamaları üçün isə komissiya tərəfindən “Onlayn sınaq test imtahanlarının keçirilməsi” elektron xidməti göstərilir. Artıq hər bir vətəndaş bu elektron xidmətdən rahatlıqla istifadə edə bilər.

Müsahibə mərhələsində edilən dəyişiklik kimi isə onu qeyd etmək istərdim ki, namizədin qiymətləndirilməsi zamanı müsahibə qrupunun üzvlərinin namizəd barəsində verdiyi ümumi ballar arasında əhəmiyyətli fərq 3 və daha çox bal olduqda, (əvvəllər bu bal 4 və daha çox kimi nəzərdə tutulmuşdur) və ya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulduqda müsahibənin nəticəsi ləğv edilə bilər. Bu halda yeni müsahibə qrupu yaradılır.

Əlavə olaraq bildirim ki, “Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi Qaydaları”na edilmiş dəyişikliyə əsasən namizədlərin vakant vəzifəyə uyğunluğunu müəyyən edən qiymətləndirmə meyarları təkmilləşdirilmişdir.

– Elektron xidmətlərdən söz düşmüşkən, bildirmək istərdim ki, son illər ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində bir sıra ciddi addımlar atılmış və bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. İKT-nin yaratdığı imkanlardan komissiya öz fəaliyyətində nə dərəcədə istifadə edir?

– Komissiya vətəndaşlarla əlaqələrini daha çox özünün internet saytı vasitəsilə qurur və qeyd etmək istərdim ki, saytımız vətəndaşlar arasında kifayət qədər populyardır. 2008-ci ildən indiyə kimi komissiyanın rəsmi saytında verilən yazılara 8 milyon 600 mindən çox baxış olub, istifadəçilərin sayı isə 14700-dən çoxdur. Bütün bunlar komissiya ilə vətəndaşlar arasında yaranmış qarşılıqlı etibar və etimadın göstəricisidir.

Komissiya sayt vasitəsilə vətəndaşlara 7 növ elektron xidmət göstərir. “Onlayn sınaq test imtahanlarının keçirilməsi” elektron xidməti ilə yanaşı, “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu”, “Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi”, “Dövlət Qulluqçularının Reyestrindən məlumatların verilməsi”, “Dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi”, “Dövlət qulluğu stajı kalkulyatoru” və “Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu”dur.

Bütün bunlarla yanaşı, bildirmək istərdim ki, 2013-cü ildə Media Hüququ İnstitutu dövlət qurumlarının internet saytlarının monitorinqinin nəticələrini özündə əks etdirən “Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı”nın təqdimatını keçirmişdir. Həmin təqdimatda informasiya açıqlığını əks etdirən reytinq cədvəlində 56 faizlə birinci yerdə komissiyanın saytı olmuşdur.

2014-cü ildə Multimedia Mərkəzi tərəfindən dövlət qurumlarının informasiya açıqlığı vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticəsində isə komissiyanın saytı mərkəzi icra orqanları arasında üçüncü yeri tutmuşdur.

– Bəhram müəllim, elektron xidmətlərdən bəhs edərkən ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsini də qeyd etdiniz. Buradan bir sual ortaya çıxır: Dövlət qulluğuna elan olunan müsabiqələrdə iştirak edib uğur qazanan, lakin vəzifəyə təyin edilməyən vətəndaşlar ümumiyyətlə, dövlət orqanlarında işlə təmin olunurlarmı?

– Bildirmək istərdim ki, bu günə kimi komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı elan olunan müsabiqələrdə 50 mindən çox vətəndaş iştirak etmişdir. Əlbəttə ki, onların arasından müəyyən bir qismi müsabiqənin həm test imtahanı mərhələsindən, həm də müsahibə mərhələsindən uğurla keçmişdir. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul” Qaydalarında qeyd olunmuşdur ki, elan olunmuş müsabiqədə iştirak edərək test imtahanından və müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün müvafiq dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri həmin namizədlərdən yalnız birini seçərək bir il müddətinə stajçı kimi qulluğa qəbul edir və vakant vəzifəyə təyin edir.

Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunan, lakin vakant vəzifəyə təyin edilməyən namizədlər isə iki il müddətində komissiyada və həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifələr olduqda, namizədlər onların razılığı ilə analoji vəzifələrə təyin edilir və yaxud digər dövlət orqanlarında analoji vakant vəzifələr olduqda, komissiya qeyd olunan namizədləri onların razılığı ilə analoji vəzifələrə təyin olunmaq üçün müvafiq dövlət orqanının rəhbərinə təqdim edir. Müəyyən olunmuş iki il bitdikdən sonra və ya həmin müddət ərzində namizədlər inzibati vəzifələrə təyin edildikdə isə onlar, əlbəttə ki, ehtiyat kadrlar siyahısından çıxarılırlar.

Bu məsələ ilə bağlı onu qeyd etmək istərdim ki, keçən ilin sonlarında komissiyanın dövlət qulluğuna qəbulla bağlı keçirdiyi müsabiqələrdə uğur əldə edən və ehtiyat kadrlar siyahısında olan 16 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə qəbul edilmişdir.

Ümumilikdə, komissiya tərəfindən elan olunan müsabiqələrdə iştirak edərək uğur qazanan, lakin ehtiyat kadrlar siyahısına daxil olan 300-ə yaxın vətəndaş dövlət orqanlarında inzibati vəzifələrə təyin edilmişlər.

– Dövlət qulluğu sahəsində beynəlxalq əməkdaşlıq barədə nə deyə bilərsiniz?

– Bildiyiniz kimi, komissiya dövlət qulluğu sahəsində vahid dövlət siyasətini həyata keçirən orqandır. Təbii ki, dövlət qulluğu sahəsində beynəlxalq əməkdaşlığı da əsasən komissiya həyata keçirir.

Dövlət qulluğu sahəsində digər dövlətlərlə əməkdaşlığımız yüksək səviyyədədir və bu əlaqələrin daha da dərinləşməsi üçün zəruri addımlar atılır.

Qeyd etmək istərdim ki, bu ilin yanvar ayında komissiya qardaş Türkiyənin və Monteneqronun analoji qurumları ilə 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı imzalamışdır.Fəaliyyət planlarında 2014 və 2015-ci illər ərzində hər il üçün qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Türkiyə ilə imzalanan Fəaliyyət Planına uyğun olaraq, bu ilin may ayında Azərbaycanın müxtəlif dövlət orqanlarını təmsil edən dövlət qulluqçularından ibarət nümayəndə heyəti Türkiyə Respublikasına səfər etmişdir. Türkiyəli dövlət qulluqçularının Azərbaycana təcrübə mübadiləsinə gəlməsi isə avqust ayına planlaşdırılır.

Onu da qeyd edim ki, dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər xarici tərəfdaşlarımızda kifayət qədər maraq yaratmışdır. Buna görə də, təcrübə mübadiləsi məqsədilə təşkil olunan qarşılıqlı səfərlərdən Azərbaycan da öyrənir, xarici dövlətlər də. Qeyd etmək istərdim ki, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlər mütəmadi xarakter daşıyır.

– Sonuncu sualımız isə vətəndaş cəmiyyəti ilə qurduğunuz münasibətlərlə bağlı olacaq. Bilirik ki, vətəndaş cəmiyyəti hər bir dövlətin inkişafında önəmli rol oynayır. Komissiyanın vətəndaş cəmiyyəti ilə münasibətləri necədir?

– Bu sualla bağlı onu deyə bilərəm ki, dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin həm test imtahanı, həm də müsahibə mərhələlərində komissiyanın dəvəti ilə qeyri-hökumət təşkilatları və media nümayəndələri müşahidəçi kimi iştirak edirlər. Eyni zamanda, keçirilən müsahibələrdə şəffaflığın artırılması və vətəndaş cəmiyyəti üzvlərinin qəbul edilən qərarlarda iştirakının təmin edilməsi məqsədilə vətəndaş cəmiyyəti üzvlərinin müsahibələrdə qrup üzvü kimi iştirakını nəzərdə tutan müddəalar “Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi Qaydaları”na əlavə edilmişdir. Artıq vətəndaş cəmiyyəti üzvləri həm də müsahibə qrupunun üzvü kimi iştirak edir, namizədin dövlət qulluğuna uyğun olub-olmaması barədə qiymətləndirmə aparırlar. Bu da vətəndaş cəmiyyəti ilə münasibətlərimizin faydalı əməkdaşlıq müstəvisi üzərində qurulduğunun göstəricisidir. Artıq neçə ildir ki, komissiya qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi sahəsində bir sıra tədbirlər görür, görüşlər təşkil edir, həmçinin il ərzində gördüyü işlər barədə hesabatlarla qeyri-hökumət təşkilatlarını və müstəqil ekspertləri tanış edir. Qeyd edim ki, 2012-ci ildə komissiya vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi üçün Dövlət İdarəçilik Akademiyası, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və qeyri-hökumət təşkilatlarının iştirakı ilə əməkdaşlıq şəbəkəsi yaratmışdır. Qeyd etdiyim əməkdaşlıq şəbəkəsinin koordinatorunun seçilməsi məqsədilə 2013-cü ildə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə şəbəkənin ilk toplantısı keçirilmişdir. Toplantıda iştirakçıların səs çoxluğu ilə “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev əməkdaşlıq şəbəkəsinin koordinatoru seçilmişdir.

 

Müsahibəni apardı:

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında