Azərbaycanda informasiya texnologiyalarının tətbiqinin geniş vüsət alması, ilk növbədə, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəni inkişafımızın prioritet istiqaməti kimi daim diqqət mərkəzində saxlaması ilə bağlıdır. Hələ 2003-cü ildə ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya - kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu gün böyük uğurla həyata keçirilir və heç də təsadüfi deyil ki, Azərbaycan bu sahədə indi regionun lider dövlətinə çevrilmişdir.
Bu strategiyanı həyata keçirmək üçün ölkədə davamlı tədbirlər həyata keçirilir. 2005-ci ildə cənab İlham Əliyevin sərəncamı ilə İKT-nin inkişafına dair 2005-2008-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olunmuşdur. 2010-cu il avqustun 11-də isə cənab Prezident "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" qəbul edilməsi ilə bağlı yeni sərəncam imzalamışdır. Artıq bu Dövlət Proqramının həyata keçirilməsi üçün yeni işlərə başlanılmışdır.
Dövlət Proqramında hansı yeniliklərin nəzərdə tutulması və onun əsas istiqamətləri ilə bağlı suallarımızı rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov cavablandırır.
- İltimas müəllim, yeni Dövlət Proqramının məqsəd və məramı barədə nələri demək istərdiniz?
- Bildiyiniz kimi, bu gün informasiya - kommunikasiya texnologiyaları sosial-iqtisadi, siyasi və mədəni inkişafa təsir etməklə dünyada yeni quruluşun - informasiya cəmiyyətinin əsasını qoyur. Bu baxımdan yaxın illərdə İKT sahəsinin dinamik yüksəlişini, ölkədə geniş tətbiqini və onun imkanlarından əhalinin bəhrələnməsini təmin etmək üçün qəbul edilmiş yeni Dövlət Proqramının əsas məqsədi ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)" ilkin dövründə reallaşdırılmış "Elektron Azərbaycan" Dövlət Proqramının icrasından əldə olunan nəticələrin davam etdirilməsi və genişləndirilməsidir.
Yeni Dövlət Proqramına uyğun olaraq, yaxın üç il ərzində qarşıda duran prioritet vəzifələr ölkədə informasiya cəmiyyətinə keçidin təmin edilməsi, İKT-nin inkişafı ilə informasiya və biliklərə əsaslanan iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi, həmçinin cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatın dolğun ödənilməsindən ibarətdir. Bu vəzifələrin həlli üçün Dövlət Proqramında informasiya və kommunikasiya infrastrukturunun və xidmətlərinin yeni texnologiyaların tətbiqi ilə modernləşdirilməsi, ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, rəqəmli televiziya yayımının və internetin milli seqmentinin inkişaf etdirilməsi, dövlət idarəçiliyinin bütün səviyyələrində e-hökumət həllərinin, o cümlədən e-imza və e-sənəd dövriyyəsinin geniş tətbiqi ilə "bir pəncərə" prinsipi əsasında e-xidmətlərin təşkili, habelə rəqabət qabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi istiqamətində tədbirlər müəyyənləşdirilib.
- Dövlət Proqramı çərçivəsində ölkə əhəmiyyətli müxtəlif sahələri əhatə edən bir sıra İKT layihələrinin reallaşdırılması nəzərdə tutulur. Bu layihələr hansı sahələri əhatə edəcək?
- İlk növbədə qeyd etməliyəm ki, Azərbaycanın İKT sahəsində dinamik inkişafı və əldə etdiyi göstəricilər yüksək texnologiyalara əsaslanan iri infrastruktur və elmi tutumlu innovasiya layihələrinin həyata keçirilməsinə geniş imkanlar yaradıb. Məhz buna görə yeni Dövlət Proqramında təhsil, səhiyyə, mədəniyyət, ədliyyə, vergilər və digər sahələrdə ayrı-ayrı dövlət qurumları tərəfindən həyata keçirilməsi planlaşdırılan ölkə əhəmiyyətli İKT layihələri daxil edilib. Onların arasında "Dövlət orqanlarının vahid multiservis rabitə şəbəkəsinin inkişaf etdirilməsi", "Təhlükəsiz şəhər", "Vətəndaşların Elektron sağlamlıq kartı", "Azərbaycan Respublikası əhalisinin Dövlət Reyestrinin inkişafı", "Sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidməti"nin və "Mədəniyyət və turizm üzrə vahid informasiya portalı"nın yaradılması layihələrini xüsusən vurğulamaq lazımdır. Qeyd etdiklərimlə yanaşı, yeni proqram çərçivəsində dövlət qurumları, biznes sektoru və cəmiyyətə dünya standartlarına uyğun xidmətlərin göstərilməsini şərtləndirən ölkə əhatəli layihələr reallaşdırılacaq. "Rəqəmli televiziya yayımına keçid", "E-ticarətin inkişaf etdirilməsi", "Mərkəzləşdirilmiş avtomatik radiomonitorinq sisteminin yaradılması", "Poçt şəbəkəsində poçt-maliyyə xidmətlərin inkişafı", "E-imza sisteminin tətbiqi" və s. layihələri bunlara aid etmək olar. Bu gün istənilən sahədə İKT-yə keçid prioritet sayılır.
- Dövlət Proqramında İKT sahəsində kadr hazırlığına xüsusi önəm verilir. Bu istiqamətdə hansı işlərin görülməsini vacib hesab edirsiniz?
- Hər bir dövlətin və ümumiyyətlə, cəmiyyətin inkişafı və tərəqqisi üçün bütün sahələr üzrə yüksək səviyyəli və ixtisaslı kadrların hazırlığı məsələsi çox vacib amillərdəndir. ‘'2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı''nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ölkə rəhbərliyinin bu məsələyə böyük önəm verdiyinin təzahürüdür. Bu proqram üzrə çoxlu sayda gənclər hazırda dünyanın tanınmış universitetlərində təhsil alırlar. Bunların içərisində İKT-nin bu və ya digər istiqamətləri üzrə təhsil alan tələbələr də az deyil. Yeni Dövlət Proqramına dəstək olaraq, RİTN tərəfindən də müəyyən işlər görülür. Bir çox tanınmış xarici universitetlərlə anlaşma memorandumları imzalanıb. Tələbələrimiz əsasən Macarıstanın Mərkəzi Avropa Universiteti, ABŞ-ın Corc Meyson, Varvik və Viskonsin universitetləri, İsveçrənin Bern və İsveçrə Beynəlxalq universitetləri, Cənubi Koreyanın İxtisaslaşmış Elm və Texnologiya İnstitutu, Böyük Britaniyanın London City Universiteti, Ukraynanın Odessa Milli Rabitə Akademiyası, Türkiyənin Orta Doğu Texniki və Ankara universitetləri və s. təhsil alırlar. Görülən işlərin səmərəliliyini artırmaq üçün dövlət və özəl şirkətlərin iştirakı ilə "İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu" yaradılıb.
Yeni təsdiq olunmuş "Elektron Azərbaycan" Dövlət Proqramında da İKT, o cümlədən informasiya təhlükəsizliyi üzrə kadr hazırlığına xüsusi diqqət yetiriləcək.
- İnformasiya cəmiyyətinə doğru irəliləyirik. Sizcə, cəmiyyət informasiya texnologiyalarından kifayət qədər bəhrələnə bilirmi?
- Əhalinin İKT-dən istifadəetmə səviyyəsinin artırılması RİTN-nin həmişə diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl addımlar atılır. İnternet istifadəçilərinin və əhalinin istifadəsində olan kompyuterlərin sayının artırılması, əhalinin kompyuter savadlılığının yüksəldilməsi üçün tədbirlər görülür. İnternetin qiymətinin aşağı salınması, regionlarda əhalinin müxtəlif təbəqələri arasında İKT üzrə təlim kurslarının keçirilməsi, müxtəlif olimpiadaların, viktorinaların təşkili, "Xalq kompyuteri" layihəsinin həyata keçirilməsi bu istiqamətdə atılan addımlardır. Eyni zamanda əməliyyat sistemlərinin və ofis proqramlarının Azərbaycan dilinə tərcümə edilməsi istifadəçilərin kompyuterlə ünsiyyətinin təşkilinə və kompyuterlərin, xüsusən də bölgələrdə, geniş yayılmasına kömək göstərir.
Görülən tədbirlər nəticəsində bu gün ölkəmizdə hər 100 nəfərdən 41-i internet istifadəçisidir. Hər 100 nəfərə düşən kompyuterlərin sayı 12-yə çatdırılıb. Bildiyiniz kimi, bu ilin may ayında Nazirlər Kabineti tərəfindən E-hökumətin Fəaliyyət və Tədbirlər Planı təsdiq edilib. Bu proqram çərçivəsində e-xidmətlərin təşkili nəzərdə tutulur. Təbii ki, vətəndaşların bu xidmətlərdən istifadə edə bilməsi üçün internet və kompyuterlərdən istifadə səviyyəsini artırmaq lazımdır. "Elektron Azərbaycan" Dövlət Proqramında bu məqsədlə xüsusi bir istiqamət - İnformasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması istiqaməti nəzərdə tutulmuşdur. Güman edirəm ki, nəzərdə tutulan tədbirlərin, həmçinin digər sahələrdə, xüsusilə də təhsildə həyata keçirilən İKT layihələri ümumilikdə cəmiyyətin İKT-dən istifadə səviyyəsini yaxın bir zamanda xeyli yüksəldəcək.
- Ölkəmizdə elektron sistemlərin təkmilləşdirilməsi sahəsində yeniliklər gözlənilirmi?
- Dövlət Proqramında qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması üçün dörd əsas istiqamət üzrə fəaliyyət həyata keçiriləcək. Bu istiqamətlərdən biri və mən deyərdim ən əhatəlisi dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi səviyyəsinin yüksəldilməsi və xidmətlərin elektron şəkildə təqdim olunmasıdır. Bu istiqamət üzrə müəyyənləşdirilmiş tədbirlər dövlət idarəetməsində e-hökumət həllərinin tətbiqini, həmçinin müxtəlif dövlət orqanlarında mövcud olan və yaradılması planlaşdırılan informasiya sistemləri və resurslarının inkişaf etdirilməsini və inteqrasiyasını nəzərdə tutur.
İlk növbədə ayrı-ayrı dövlət qurumlarında toplanan informasiyalara əsaslanan "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri", "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi, Vətəndaşların "Elektron sağlamlıq kartı" sistemi, "Dövlət Qulluqçuları Reyestri", "Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə sistemi və "Nümunəvi tibbi-informasiya sistemi"nin təkmilləşdirilməsi və genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, Dövlət Proqramına uyğun olaraq, dövlət qulluğuna qəbul prosesinin müasir tələblər səviyyəsində təşkili məqsədilə "Dövlət qulluğuna qəbul" informasiya sistemi, Azərbaycan dilində terminlərin elektron bazasının formalaşdırılmasını nəzərdə tutan "Azərbaycan terminoloji informasiya sistemi" və Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin iştirakı ilə virtual konfransların təşkili üzrə informasiya sistemi yaradılacaq.
Bu tədbirlərə paralel olaraq dövlət orqanlarında e-imzanın və e-sənəd dövriyyəsinin mərhələlərlə tətbiqi, həmçinin dövlət orqanlarının vahid informasiya mübadiləsi şəbəkəsinin inkişaf etdirilməsi ilə bağlı işlər aparılacaq. Bütün bunlar vətəndaşların, təşkilatların hökumət orqanları ilə əlaqələrinin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsinə geniş imkanlar yaradacaq.
- Yeni proqramın tətbiqindən nələri gözləyə bilərik?
- Proqramda nəzərdə tutulmuş məqsəd və vəzifələrin reallaşması ölkə əhalisinin İKT-dən istifadəyə fəal cəlb olunmasına, kompyuterlərin və internetin yayılma səviyyəsinin artmasına və respublika daxilində "rəqəmli geriliyin" azalmasına səbəb olacaq. Bütün bunlar da öz növbəsində ölkəmizdə informasiya cəmiyyətinə keçid üçün əlverişli şərait yaradacaq.
E-hökumət həllərinin geniş tətbiqi dövlət idarəetməsində şəffaflığın, operativliyin və səmərəliliyin artmasına, vətəndaşların asan və sərbəst şəkildə dövlət orqanları ilə əlaqə yaratmasına gətirib çıxaracaq. Fiziki və hüquqi şəxslərə keyfiyyətli və qənaətbəxş İKT xidmətlərinin təqdim olunması, milli informasiya resurslarının formalaşdırılması, maddi-mədəni irsin qorunub saxlanılması və təbliğində İKT-dən istifadənin təmin olunması, e-ticarət həllərinin geniş tətbiq edilməsi, İKT bazarının inkişafı, milli İKT şirkətlərinin potensialının güclənməsi, yeni iş yerlərinin açılması və məhsul ixracı imkanlarının artırılması gözlənilən nəticələrdəndir.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.