Seymur ORUCOV: Biz müstəqil Azərbaycanın inkişafı naminə həyata keçirilən hər bir işdə dövlətimizin yanındayıq və onu dəstəkləyirik

Azərbaycan gəncliyi tarixin bütün dövrlərində xalqın və Vətənin azadlığı, istiqlalı naminə mübarizələrin ön sırasında olmuş və öz bacarığı, intellekti ilə seçilib fərqlənmişdir. Bu gün müstəqil Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında mühüm rola malik qüvvə kimi əhəmiyyətli yer tutur. Gənclər ölkəmizin inkişafının və modernləşməsinin gələcək davamçılarıdır. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərmişdir. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.

Məhz bu uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşmişdir. Sözsüz ki, bu birliyin kökündə, mayasında ölkədə gənclərin hərtərəfli inkişafına yaradılan şərait durur. Dövlətimizin başçısı son illərdə gəncliyin inkişafı ilə bağlı bir neçə  Sərəncam və Fərman imzalamışdır. Bu tarixi sənədlər bir daha sübut edir ki, müasir, müstəqil Azərbaycanda gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında, xalqımızın tarixinə, mədəni irsinə, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və humanitar həyatında fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır.

Sıralarında minlərlə Azərbaycan gəncini birləşdirən Yeni Azərbaycan Partiyası da bu siyasətin uğurla həyata keçirilməsinə töhfə vermək üçün faydalı işlər görür, mühüm layihələr reallaşdırır, konfranslar, forumlar, simpoziumlar keçirir. Məhz bu günlərdə başa çatan Azərbaycan Gənclərinin VII Forumu buna əyani sübutdur.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov forumla, eləcə də Azərbaycan gəncliyinin ölkəmizin ictimai-siyasi həyatındakı rolu ilə bağlı AzərTAc-ın müxbirinin suallarını cavablandırmışdır.

- Həm bir gənc olaraq, həm də nüfuzlu partiyanın gənclər təşkilatının sədri kimi forumla bağlı fikirlərinizi öyrənmək istərdik?

- Sevindirici haldır ki, gənclərin səmərəli dialoq platformasına  çevrilmiş bu forumun təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndərin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ölkənin gənclər siyasətində də əsaslı dönüş yaranmışdır. Ümummilli lider siyasi fəaliyyətinin bütün dövrlərində gənclərlə birlikdə olmuş, onların problemlərinin həlli, cəmiyyətə inteqrasiyası, ictimai-siyasi proseslərdə fəal iştirakı üçün bütün zəruri tədbirləri görmüşdür. Məhz bunun nəticəsində Azərbaycan gəncliyi ölkənin inkişafında aparıcı qüvvəyə çevrilmişdir.

Artıq yeddinci dəfə keçirilən Gənclər Forumu bu dəfə də yüksək səviyyədə təşkil edilmişdir. VII Forum iştirakçılarının sayına və müzakirə olunan məsələlərin aktuallığına görə fərqləndi.  Mən bir Azərbaycan gənci kimi bu forumun işini yüksək qiymətləndirirəm. Belə forumlar gənclərin arzularının reallaşmasına, qarşılaşdıqları məsələlərin müzakirəsinə, birgə layihələrin reallaşdırılmasına müsbət təsirini göstərir.

- YAP Gənclər Birliyinin fəaliyyətini, onun ölkənin ictimai-siyasi həyatındakı rolunu necə qiymətləndirirsiniz?

- Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri kimi öz fəaliyyətimizi yüksək qiymətləndirməyim bəlkə də birmənalı qarşılanmaz. Amma gənclərin və ölkə ictimaiyyətinin fikirlərinə əsaslanaraq deyə bilərəm ki, bizim Birlik həqiqətən Azərbaycan gəncliyinə töhfə verən bir təşkilatdır. Bildiyiniz kimi, YAP Gənclər Birliyi 1995-ci ildə təsis olunmuşdur. 2015-ci ildə biz 20 yaşımızı qeyd edəcəyik. Ötən müddətdə ətrafında çox intellektual gəncləri birləşdirən bu siyasi qurum ölkənin inkişafına mühüm töhfələr vermişdir və verəcəkdir.

Gənc ikən bu təşkilata qoşulmuş yüzlərlə insan var ki, indi onlar ölkəmizin siyasi həyatında artıq nüfuz sahibidirlər. Bu gün də sıralarımıza qoşulan intellektli gənclər inanıram ki, ölkəmizin inkişafına yeni töhfələr verəcəklər.

 Biz YAP gənclər təşkilatı olaraq hər zaman gənclərin milli ruhda böyüməsi, onların ölkənin ictimai-siyasi həyatında iştirakı üçün əlimizdən gələni edirik. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətində bütün bu məsələlər öz əksini tapmışdır. Biz də işimizi bu siyasətə uyğun qurmuşuq və ona görə də minlərlə gənci sıralarımızda birləşdirə bilmişik.

Bu gün YAP Gənclər Birliyi tərəfindən reallaşdırılan bütün layihələrin əsas məqsədi Azərbaycan gəncliyinə fayda verməyə hesablanmışdır. Bizim layihələrdə təkcə YAP-ın üzvləri deyil, bütün Azərbaycan gəncliyi iştirak edir. Ona görə də sıralarımız günbəgün çoxalır.

 Tez-tez sosial sorğular aparır və Azərbaycan gəncliyinin marağını, qayğısını öyrənməyə, onların müasir biliklərə, müxtəlif xarici dillərə yiyələnməsinə çalışırıq. Bu səbəbdən də YAP Gənclər Birliyinin ofisində müxtəlif dil kursları təşkil etmişik. Bu kursların xərcləri partiyanın vəsaiti hesabına ödənilir və gənclər burada pulsuz təhsil alırlar. Eyni zamanda, gənclərimizin intellektual səviyyəsini yüksəltmək üçün müəyyən seminarlar təşkil olunur. Ən böyük layihələrimizdən biri də 2007-ci ildən YAP-ın təşəbbüsü ilə həyata keçirilən ənənəvi yay və qış məktəbləridir. Ötən müddət ərzində 600-ə yaxın gəncin yay məktəblərində iştirakını təmin etmişik. Sevindirici haldır ki, bu məktəblərin iştirakçılarının əlli faizə qədəri region gəncləridir.

 Bizim Birliyin 250 minə yaxın üzvü vardır. Bu gənclərin böyük əksəriyyətinin şəxsi təşəbbüsləri müzakirə olunaraq dəstəklənir. Artıq elə proqramlaşdırılmışdır ki, gənclər özləri müəyyən seminarlar təşkil edir, partiyadan seçilmiş Milli Məclisin deputatları, hökumət üzvləri, Prezident Administrasiyasının məsul şəxsləri ilə görüşlər keçirirlər. Bu da gənclərin formalaşmasında, özünə inamında çox müsbət rol oynayır. Bundan başqa rayon təşkilatlarımızın üzvləri tərəfindən bölgələrdə müxtəlif səpkili tədbirlər keçirilir ki, bu da ümumilikdə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına daha bir bariz nümunədir.

- Yaxın vaxtlarda YAP Gənclər Birliyi tərəfindən hansı layihələrin reallaşdırılması gözlənilir?

- Qarşıdan 15 iyun - Mili Qurtuluş Günü gəlir. Biz bu bayrama ciddi hazırlaşırıq. Bu gün münasibətilə sərgimiz təşkil olunacaq, regionlardakı gənc üzvlərimiz tərəfindən müəyyən tədbirlər həyata  keçiriləcəkdir. Eyni zamanda, bizim gənclərlə Yeni Azərbaycan Partiyasının qurulmasında əməyi olan yaşlı silahdaşlarımızın görüşlərinin təşkilini də nəzərdə tutmuşuq.

Bu il ənənəmizə sadiq qalaraq yenidən yay məktəbini təşkil edəcəyik. Bu dəfə daha çox gənc bu məktəbdə təmsil olunacaqdır. Yay məktəbi Azərbaycanın regionlarında təşkil ediləcəkdir. Əminəm ki, bu məktəbləri təşkil etməklə neçə-neçə istedadlı Azərbaycan gəncini sıralarımıza gətirməklə yanaşı, onların inkişafına da təkan vermiş olacağıq.

Yay məktəbi qruplar şəklində 1 ay müddətində olacaqdır. Hər qrup 6 gün ərzində təlimlərə qoşulacaqdır.

- Hazırda müasir gənclik informasiya-kommunikasiya texnologiyalarına daha çox üstünlük verir. YAP Gənclər Birliyi tərəfindən bu istiqamətdə hansı işlər görülür?

- Təbii ki, YAP-ın sıralarındakı gənclərin əksəriyyəti kreativ, yenilikçi və informasiya-kommunikasiya texnologiyaları ilə birbaşa işləyən insanlardır. Onların bir çoxu sosial mediadan lazımı səviyyədə yararlanaraq bu şəbəkələrdə partiyanın təbliğatını, gənclərlə bağlı fikirlərini bölüşür.

YAP Gənclər Birliyinin özünün rəsmi feysbuk səhifəsi vardır və veb səhifəmizi də yeniləmək ərəfəsindəyik. Təəssüf ki, KİV-lərlə işimiz deyərdim ki, lazımi səviyyədə deyil. Biz bu istiqamətdə düşünürük və inanıram ki, lazımi irəliləyiş əldə olunacaqdır.

Mən yaxın gələcəkdə YAP-ın Gənclər Birliyinin tərkibində media akademiyasının fəaliyyətə başlamasını düşünürəm. Bu akademiya bizim gənclərə çox şey verə bilər. Belə ki, onlar burada təcrübəli, peşəkar jurnalistlərdən lazımi bilgilər ala, hətta bu sahəyə marağı olanlar iş tapa, özünü bu istiqamətdə doğrulda bilər. Həmçinin biz bununla gördüyümüz işləri yüksək səviyyədə cəmiyyətə təqdim edə bilərik.

Ümumiyyətlə gənclərin müasir dünyanın bütün yeniliklərinə açıq olması, ondan yüksək səviyyədə yararlanması və bu müasirliyin müsbət tərəflərinin tətbiqi bizim daim diqqətimizdədir. Düşünürəm ki, inkişafın əsasında hər zaman öyrənmək və bölüşmək dayanır. Bu yolda YAP Gənclər Birliyi hər zaman gəncliyin yanında olub. Biz müstəqil Azərbaycanın inkişafı naminə həyata keçirilən hər bir işdə dövlətimizin yanındayıq və onu dəstəkləyirik.

 

Samirə ALLAHVERDİYEVA

AzərTAc-ın müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında