Azərbaycanın parlament diplomatiyası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun AzərTAc-ın müxbirinə müsahibəsi

– Sizin başçılıq etdiyiniz parlament nümayəndə heyəti iyunun 4-5-də Rusiyanın paytaxtı Moskva şəhərində rəsmi səfərdə olmuşdur. Bu səfərin nəticələri barədə nə deyə bilərsiniz?

– İlk növbədə qeyd etməliyəm ki, Rusiya Dövlət Dumasının dəvəti ilə təşkil edilmiş bu səfər çox uğurlu oldu. Bildiyiniz kimi, səfər çərçivəsində biz Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Sergey Narışkin və Rusiya hökuməti sədrinin müavini Dmitri Roqozinlə görüşdük.

Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin və parlamentlərarası əməkdaşlığın dinamik inkişafı qeyd edilmişdir. V.Matviyenko vurğulamışdır ki, Azərbaycan ilə Rusiyanın hərtərəfli əlaqələri strateji xarakter daşıyır. Yüksək səviyyədə siyasi dialoq bütün sahələrdə münasibətlərin dərinləşməsinə müsbət təsir göstərir. Görüşdə Rusiyanın ayrı-ayrı regionları ilə Azərbaycanın əməkdaşlığı mövzusuna da toxunulmuşdur. Bununla əlaqədar Volqoqradda keçirilən regional forumun uğurlu olması qeyd edilmişdir. Bildiyiniz kimi, növbəti regionlararası forumun bu ayın axırlarında Qəbələ şəhərində keçirilməsi planlaşdırılır.

Söhbət zamanı Valentina Matviyenko Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda beynəlxalq humanitar forumların keçirilməsini yüksək qiymətləndirmişdir. Məlumdur ki, Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələri qədim tarixi köklərə malikdir. Görüşdə iki dövlət arasında əlaqələrin və strateji tərəfdaşlığın yüksək səviyyəyə çatmasında Azərbaycanın və Rusiyanın dövlət başçılarının rolu vurğulanmışdır.

Qeyd edilmişdir ki, siyasi, mədəni və humanitar sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrimiz genişlənir. Son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 800 milyon ABŞ dollarına çatmışdır. Azərbaycanda tədrisin rus dilində aparıldığı 300-ə yaxın ümumtəhsil məktəbi, Moskva Dövlət Universitetinin Bakı filialı, Slavyan Universiteti fəaliyyət göstərir.

Görüşdə ölkələrimiz arasında əlaqələrin gələcək inkişafında parlamentlərin rolu xüsusi qeyd edilmişdir.

Biz təkcə ikitərəfli formatda deyil, həm də MDB Parlamentlərarası Assambleyası, digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik.

Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşdə həmkarım qeyd etdi ki, parlamentlərarası əlaqələr iki dövlət arasında böyük siyasi dialoqun tərkib hissəsidir. O, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafında qanunvericilik orqanlarının rolunu xüsusi qeyd etmiş, parlamentlərarası əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğunu vurğulamışdır. Dövlət Dumasının sədri Rusiya tərəfinin Azərbaycan ilə strateji tərəfdaşlığın möhkəmlənməsində və genişlənməsində maraqlı olduğunu təsdiqləmişdir.

Mən də öz növbəmdə, Azərbaycan-Rusiya dövlətlərarası əlaqələrin yüksək səviyyədə olmasını qeyd etdim. Bildirdim ki, Azərbaycanda Rusiya ilə dostluq, mehriban qonşuluq münasibətlərinə çox böyük əhəmiyyət verilir, bu münasibətlər bizim xarici siyasi fəaliyyətimizin prioriteti hesab edilir.

Bu ayın axırlarında Bakıda ATƏT-in Parlamentlərarası Assambleyasının 23-cü illik sessiyası keçiriləcəkdir. Həmin sessiyada Rusiya nümayəndə heyətini görməyə şad olardıq.

Rusiya hökuməti sədrinin müavini Dmitri Roqozinlə görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Adları çəkilən bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunuldu. Mən qeyd etdim ki, bu problem ölkəmizin inkişafı, regionda sülhün və sabitliyin bərpa edilməsi yolunda ciddi maneədir. Təəssüf ki, Azərbaycan bu problemin həllində ikili standartlarla üzləşir. Biz əminik ki, beynəlxalq təşkilatlar bu münaqişənin həlli üçün səylərini fəallaşdıracaqlar.

– Aparıcı informasiya agentliklərindən birinin Dövlət Dumasının sədri cənab Narışkinlə Sizin görüşünüzün yekunları barədə məlumatının sərlövhəsində göstərilmişdi ki, guya ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasında Azərbaycan Ukrayna məsələsində Rusiyanın mövqeyini dəstəkləyəcəkdir.

– Bəri başdan qeyd edim ki, sizin dediyiniz məlumatın sərlövhəsində səhvə yol verilmişdi. Yeri gəlmişkən, həmin informasiya agentliyi bu məlumatın sərlövhəsinə dəyişiklik etmişdir. Üstəlik, ATƏT-in Parlament Assambleyasının sessiyasının gündəliyi hələ təsdiq edilməmişdir.

Əlbəttə, Ukraynada baş verən hadisələr bizi çox narahat edir. Biz Rusiya tərəfinin narahatlığını da başa düşürük. Belə məsələlərdə Azərbaycan həmişə münaqişələrin beynəlxalq hüquq çərçivəsində dialoq yolu ilə həll edilməsinin tərəfdarı kimi çıxış edir. Biz bütün dövlətlərin, o cümlədən Ukraynanın da ərazi bütövlüyünü tanıyırıq.

Rusiya ilə qarşılıqlı maraqlar baxımından mövqelərin yaxınlaşması məsələsinə gəldikdə isə qeyd etmək istəyirəm ki, Azərbaycan və Rusiya parlamentariləri beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlıq edirlər. İki və ya daha artıq dövlətin nümayəndələrinin öz milli mənafelərinə uyğun olaraq vahid mövqedən çıxış etməsi beynəlxalq təcrübədə adi haldır.

Bir daha təkrar edirəm, Azərbaycanın parlament diplomatiyası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu, beynəlxalq parlament strukturlarının tədbirlərində dəfələrlə qeyd edilmişdir.

AzərTAc

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında