Ərəbcədə “ada” mənasını versə də, onun təqdim etdiyi xəbərlərin əhəmiyyəti, yayım miqyasının genişliyi materikləri belə aşıb keçir. Söhbət mərkəzi Qatar dövlətində yerləşən “Əl-Cəzirə” kanalından gedir. Bu kanal ilk olaraq yalnız ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla və xüsusilə 2001-ci ildə ABŞ-ın Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra İraq və Əfqanıstanda aparılan antiterror əməliyyatları zamanı dünya səviyyəsində özünə diqqət çəkmişdir. Hazırda “Əl-Cəzirə” ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil olub. Böyük nüfuza malik olan “Əl-Cəzirə” Media Şəbəkəsi hər il ənənəvi olaraq Qətərın paytaxtı Doha şəhərində beynəlxalq forum təşkil edir. “Ərəb dünyasında dəyişikliklər: istiqamət haradır?” mövzusunda olan beynəlxalq forumda Azərbaycanı Umud Rəhimoğlunun sədri olduğu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndələri təmsil etmişlər. Forumda bir neçə müzakirə panelində çıxış edən fondun sədri Umud Rəhimoğlu tədbirin əhəmiyyəti və “Əl-Cəzirə” kanalı ilə əməkdaşlığın perspektivləri ilə bağlı suallarımızı cavablandırmışdır.
– Umud müəllim, dünyanın hər yerindən QHT rəhbərlərinin və təmsilçilərin, o cümlədən beynəlxalq media qurumlarının rəhbərlərinin iştirak etdiyi bu forumun sizcə, beynəlxalq əhəmiyyəti nədən ibarətdir?
– Bu, tarixi bir forum idi. “Ərəb dünyasında dəyişikliklər: istiqamət haradır?” mövzusunda, müxtəlif başlıqlar altında panellər baş tutdu. May ayının 25-28-də dünyanın media nəhəngi “Əl-Cəzirə” Media Şəbəkəsi tərəfindən təşkil olunan bu tədbir, Şərq dünyasında baş verən münaqişələrin yaranma səbəbləri, sülh quruculuğu prosesində medianın və vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılması, dövlət və vətəndaş cəmiyyəti təşkilatlarının birgə fəaliyyətinin gücləndirilməsi istiqamətində müzakirələrlə yadda qaldı. Regionda böyük nüfuza sahib olan “Əl-Cəzirə” son illər belə beynəlxalq tədbirlər təşkil edir. Bu tədbirlər dövrün aktual mövzularına həsr olunur. 500 nəfərdən çox nümayəndənin iştirak etdiyi foruma dünyanın aparıcı beynəlxalq qurumlarının rəhbərləri qatılmışdı. Türkiyənin də tədbirin təşkilində fəallığı müşahidə olunurdu . Baş nazirin köməkçisi Bülənt Arınç da 2 gün tədbirdə fəal iştirak etdi, iclas apardı və nitq söylədi. O, çıxışında Suriya və Ukraynada baş verənlərin bütün region ölkələrini ciddi narahat etdiyini dilə gətirdi.
– “Əl-Cəzirə” kanalının bu forumları təşkil etməsində məqsədi nədir? Ümumiyyətlə, bu kanalın nüfuzu və regionda baş verən hadisələrə baxışı haqqında nə deyə bilərsiniz?
– “Əl-Cəzir”ənin fenomen olması inkarolunmaz bir faktdır. Regionda böyük bir dominantlığı olan media strukturuna çevrilib. Avropadan və dünyanın digər ölkələrindən gələnlərin əksəriyyəti bunu vurğulamışdır. Kanal heç də nüfuzuna görə CNN və BBC -dən geri qalmır. Regionda böyük bir söz sahibidir və şərqdə, necə deyərlər, əlinin çatmadığı yer yoxdur. Keçən il “Ərəb dünyasında dəyişikliklər: imkanlar və çətinliklər” mövzusunda, bu il isə “Ərəb dünyasında dəyişikliklər: istiqamət haradır?” mövzusunda təşkil olunan 8-ci forumda ərəb ölkələrində dəyişikliklər zamanı gənclərin rolu, media təlimləri və sosial dəyişikliklər, böhran dövründə insan haqlarının və medianın rolu , Türkiyənin regiondakı siyasətində baş verən dəyişikliklər və onun tətbiqi adı altında panel müzakirələr keçirildi. Panel müzakirələrdə gənclərin, dini icmanın, medianın cəmiyyətdə rolu, beynəlxalq təşkilatların cəmiyyətdə və humanitar prosesdə iştirakı, böhran situasiyalarında jurnalistlərə edilən basqılar, azad media geniş nəzərdən keçirildi. Bütün bu mövzulara 2 günlük tədbir çərçivəsində dünyanın ciddi ekspertləri, konfliktoloqları rəylərini bildirdilər, hadisələrin gələcək inkişaf tempi haqqında ehtimallarını açıqladılar. Tədbirdə Tunisin keçmiş baş naziri, Suriya Milli Şurasının keçmiş rəhbəri, Mərakeşin Təhsil naziri, Yəmənin hökumət rəsmiləri , Beynəlxalq Qızıl Xaç Federasiyasının Baş Katibi, BMT baş katibinin xüsusi məsləhətçisi Camal Benomar, Baş katibin xüsusi nümayəndəsi Tarek Mitri kimi nüfuzlu şəxslər çıxış etdilər. Bu da “Əl-Cəzirə”nin nüfuzundan, regiondakı proseslərə təsir etmək qabiliyyətində olan media qurumu olmasından xəbər verirdi. Tədbir çərçivəsində mən “Əl-Cəzirə”nin icraçı direktoru Mustafa Soujla görüşdüm. Təkbətək görüşümüz zamanı “Əl-Cəzirə”nin bizim regionla bağlı xəbərlərin, reportajların verilməsində istifadə olunan informasiya mənbələri, hesabatlarla bağlı dostcasına iradımı bildirdim. Bəzi yanlış informasiyaların Əl-Cəzirənin obyektivliyi haqqında haqlı narazılıq yaratdığını da ifadə etdim. Mustafa Souj da iradlara konstruktiv yanaşdığını bildirdi və bu regiondan hazırlanan verilişlər üçün informasiya mənbəyi kimi təşkilatımızla əməkdaşlıq etmək niyyətində olduğunu xatırlatdı.
– Forumda təkcə media deyil, regional, beynəlxalq siyasət də müzakirə olunur. Azərbaycan təmsilçisinin belə bir forumda iştirakı ölkəmizə hansı formada fayda verir?
– Öncə deyim ki, iştirakçısı olduğum tədbirdə mən rəhbəri olduğum təşkilatın adından çıxış edirəm. Bu, bizim beynəlxalq aləmdə olan fəaliyyətimizin nəticəsidir. Amma tədbirin mövzularından, iştirakçıların mənə olan münasibətindən asılı olmayaraq, hər şeydən əvvəl, mən azərbaycanlıyam, bütün fəaliyyətim boyu da bunu nəzərə alıram. Belə forumlarda iştirak edərkən hər zaman ölkənin uğur, itki və problemlərinə öz mövqeyimdən baxıram. Hesab edirəm ki, bu forum ölkə, təşkilat, fərd üçün faydalıdır. Zaman-zaman bu forum əhəmiyyətini göstərəcək. Mən tədbir çərçivəsində “Böhran dövründə insan haqlarının və medianın rolu” mövzusunda çıxış etdim. Mənimlə bərabər paneldə Beynəlxalq Amnistiya təşkilatının baş katibi Stiv Krauşou, Beynəlxalq Qızıl Xaç Komitəsinin baş katibinin müavini Baltasar Stahelin, Beynəlxalq Qızıl Xaç Federasiyasının baş katibi Bekele Geleta, BMT baş katibinin insan haqları üzrə müşaviri, BMİ-nin direktoru Alisson Makkenzi, UNESCO-nun regional təmsilçisi ilə birgə media və insan hüquqları sahəsində səylərin birləşdirilməsi, müvafiq normativ sənədlərin icrasına nəzarət və ümumi fəaliyyətin hüquqi formatının müəyyən edilməsi haqqında geniş müzakirələrə qatıldılar. Humanitar böhran və münaqişələr dövründə medianın rolu, azad sözün və ifadə sərbəstliyinin qorunması, media işçilərinin təhlükəli tapşırıqlarda qorunması, zorakılıqların qarşısının alınması və s. məsələlərə də biz öz münasibətimizi açıqladıq.
Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktına da toxunuldu. Çıxışımda Azərbaycan ərazilərinin işğal faktorunun aradan qaldırılması, bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının bərpa edilməsi istiqamətində səylərin birləşdirilməsinin vacibliyini bildirdim. Qeyd etdim ki, bəzən beynəlxalq təşkilatlar Azərbaycanın bir milyondan çox məcburi köçkününün hüquqlarından , müharibə zamanı öldürülən dinc insanların taleyindən, media işçilərinin yaşamaq hüquqlarından deyil, daha çox maraq dairələrində olan məsələlərdən danışmağa üstünlük verirlər.
– Umud müəllim, bildirdiniz ki, forumda müxtəlif mövzular səsləndirildi. Bəs forumda gələcək üçün görülməsi vacib olan hansı məsələlər gündəmə gətirildi?
– Forumun ana xətti regionda münaqişənin olması, baş verməsi və aradan qaldırılması yolları, münaqişə vaxtı yaranan kataklizmlər, humanitar fəlakət oldu. Bütün çıxışların hədəfi yalnız bu idi. “Ərəb baharı haraya gedir” sualına cavab axtarıldı. Burada münaqişələrin ortaya çıxardığı problemlər, media azadlığına, vətəndaş cəmiyyətinə göstərdiyi təsirlər, fövqəl güclərin maraqları barədə öz fərdi mövqeyimi nitqimdə bildirdim. Beynəlxalq güclərin münaqişənin təkcə mövcudluğundan deyil, həm də bu münaqişədən öz maraqları üçün faydalanması səbəbləri də ortaya qoyuldu. Beynəlxalq təşkilatların Azərbaycana “sülhsevər” istiqamətdən təsir etmək istiqamətindəki fəaliyyətini də dilə gətirdim, çünki orada beynəlxalq təşkilatlardan hesabat yazan nümayəndələr də var idi. Mənim dediklərimin əleyhinə heç bir arqument gətirilmədi, əksinə auditoriya çıxışıma müsbət reaksiya verdi. Bildirdim ki, münaqişələr qeyri-obyektiv informasiya səbəbindən yaranır. Nitqimdə çağırış etdim ki, bu forumun şəbəkəsi genişlənsin, belə tədbirlərin davamlı olaraq keçirilməsi əsas hədəf seçilsin. Media və beynəlxalq təşkilatlardan ibarət şəbəkə formalaşdırılmasına tədbir iştirakçılarını dəvət etdim. Paneldə çıxış edən Beynəlxalq Mətbuat İnstitutunun direktoru Xanım Alisson Makkenzi, Etik Jurnalistika Şəbəkəsi Təşkilatının rəhbəri Aydan Vayt, Keçid Dövrü Hüquqları üzrə Beynəlxalq Mərkəzin direktoru Deyvid Tolbert və digərləri də mənim bu fikrimi dəstəklədilər .
– Forumda sizin iştirakınız zamanı yaddaqalan epizodlar, məqamlar oldumu?
– Əslində maraqlı məqamlar çox idi. Amma bir epizod barəsində danışacam. Türkiyənin baş nazirinin müavini Bülənt Arınç iclasların birində fikirlərini bildirdi. Doğrudan da, yüksək səviyyədə çıxış etdi, hər kəs onun çıxışını izləyirdi. Amma bu çıxışa yaxşı reaksiya verməyənlər də oldu. Sərhədboyu Müdafiəçilər Təşkilatının icraçı direktoru Meri Lavlor Bülənt Arınçın çıxışına eyham vuraraq, “Əl-Cəzirə”nin icraçı direktoru Mustafa Souja sual verdi : - Media azadlıqlarından söhbət edirsiniz, amma necə olur ki, açılış nitqində jurnalistlərin həbsxanalara salındığı bir ölkənin baş nazirinin müavini çıxış edir? Bu, ziddiyyət deyilmi? Mənim həmin bu şəxsə cavab vermək imkanım yarandı . Beynəlxalq təşkilatların rəhbərlərinin də iştirak etdiyi paneldə, söz aldım və sərt şəkildə bildirdim ki, Türkiyə ilə bağlı fikirlər doğru deyil. Siz, hörmətli baş nazirin müavinini yaxşı tanımırsınız və onun barəsində yanlış fikirlər səsləndirməyin! Qeyd etdim ki, Turkiyəyə böyük bir basqılar var və bu, siyasi səbəblərdəndir. Bu gün Bülənt Arınçla burada birbaşa ünsiyyətdə olmaq, problemlərlə bağlı fikir mübadiləsi aparmaq bizim üçün bir fürsətdir. Hər kəs bunun üçün təşəbbüs irəli sürə bilər. Amma onun barəsində belə bir fikir səsləndirmək doğru deyildir...
– Ümumiyyətlə, belə bir forumun Azərbaycanda keçirilməsi ehtimalını necə qiymətləndirirsiniz?
– Orada bizə qarşı böyük bir hörmət və ehtiram gördüm. Əməkdaşlığımızla bağlı nə etmək lazım gəldiyini danışdıq və qərar belə oldu ki, “Əl-Cəzirə” kanalının rəhbər şəxslərini Bakıya dəvət edim, onlarla birlikdə strategiya hazırlayaq. Bu məsələni Bakıya döndükdən sonra BAMF-ın program departamentində də müzakirə etdik və sənədlərin ilkin tezislərini hazırlamağa başlamışıq. Paralel olaraq qarşı tərəf də sənədlər hazırlayır. Onların bunun üçün vaxtı var. “Əl-Cəzirə” ilə normal əməkdaşlıq qura bilsək, əminliklə deyə bilərəm ki, bu kanal Azərbaycanın yanında olacaq. Mən bütün danışıqlarda, bizə münasibətlərdə bunu hiss etdim. Onlara Azərbaycanın iqtisadiyyatı, torpaqlarımızın işğalı, regiondakı mövqeyimiz və mədəniyyətimiz ilə bağlı reportajların hazırlanmasında yaxından kömək edəcəyimizi bildirdim. Bu təklifim çox müsbət qarşılandı. Yaxın gələcəkdə BAMF və “Əl-Cəzirə” Nyu-York və Cenevrədə birgə tədbirlərin keçirilməsi, media və jurnalistlərlə bağlı BMT-də müvafiq sənədlərin qəbul edilməsi ilə əlaqədar birgə əməkdaşlıq edəcək. Düşünürəm ki, “Əl-Cəzirə” yaxın vaxtlarda Azərbaycana gələcək, çəkilişlər həyata keçirəcək. Belə bir faydalı əməkdaşlıq üçün münbit zəmin və qarşılıqlı istək var.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.