Cefri Ouens: "Azərbaycan heyranedici nailiyyətlər əldə etmişdir"

Bu günlərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) vergi siyasəti və vergi administrasiyası üzrə direktoru Cefri Ouensin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Qonaqlar ölkəmizin vergi sistemi ilə yaxından tanış olmuş, təcrübə mübadiləsi aparmışlar. C.Ouens səfərinin yekunları ilə bağlı AzərTAc-a müsahibə vermişdir.
- Əvvəlcə, ölkəmizə səfərinizin məqsədi və ilk təəssüratlarınız barədə məlumat verməyinizi xahiş edirik.
- Həmkarımla birgə Azərbaycana səfərimizin əsas məqsədi ölkənizlə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı arasında vergi sahəsində əməkdaşlığı möhkəmləndirməkdir. Əməkdaşlığımız artıq yüksək səviyyədədir, lakin onu daha da təkmilləşdirə bilərik.
Düzünü desəm, ölkəniz mənim üçün maraq kəsb edirdi. Azərbaycan və onun paytaxtı haqqında çox eşitsəm də, burada olmamışdım. Son 48 saat ərzində gördüklərim bu ölkənin nəhəng potensiala malik olduğunu təsdiqləyir.
- Artıq Azərbaycanın vergi sistemində həyata keçirilən islahatlar barədə müəyyən qədər məlumatlısınız. Bu islahatları necə xarakterizə edərdiniz?
- Qısa müddət ərzində belə böyük nailiyyətlər əldə etmək heyranedicidir. Müstəqillik əldə etməyinizdən cəmi 19 il keçib və apardığınız vergi islahatlarından sonra bu gün sizin rəqabət qabiliyyətli vergi sisteminiz vardır, vergi inzibatçılığınız olduqca səmərəlidir. Ən əsası odur ki, yerli vergi ödəyiciləriniz bunları dərk edir, xarici vergi ödəyiciləri isə Azərbaycana gəldikdə ədalətli vergi sistemi ilə qarşılaşacaqlarını bilirlər.
Buna görə də, düşünürəm ki, son 10 il ərzində böyük nailiyyətlər əldə etmisiniz, hökumətiniz iqtisadi inkişafa təkan vermək məqsədi ilə vergi sistemindən xarici investisiyaların təşviqi, iqitsadiyyatın müxtəlif sahələrinin dinamik inkişafı üçün məqsədyönlü istifadə etmişdir.
Lakin ən vacib məsələ ondan ibarətdir ki, siz verginin dövlət quruculuğunun bir hissəsi olduğunu hələ keçid dövrünün əvvəlində düzgün dəyərləndirmisiniz. Məlumdur ki, işlək vergi sistemi olmadan bazar iqtisadiyyatı prinsipləri ilə düzgün işləyən dövlət qurmaq mümkün deyildir. Məhz bu məqamlara lazımi diqqət yetirildiyindən aparılan bütün islahatlar xeyli sürətlənmişdir. Sizin uğurlarınız verginin ÜDM-də xüsusi çəkisində və ardıcıl olaraq son 5 il ərzində vergi daxilolmalarının artımında özünü göstərir. Mənə xüsusilə xoş təsir bağışlayan Azərbaycanın vergi inzibatçılığı oldu. Bir çox keçid iqtisadiyyatlı ölkələrə səfər etdikdə, nəzarət funksiyalarına üstünlük verildiyinin şahidi olmuşam. Buna görə də, ölkənizdə vergi ödəyicilərinə xidmətə etdiyiniz vurğu məndə xoş təəssürat yaratdı. Hesab edirəm ki, yanaşmanız düzgündür, çünki əməletmə səviyyəsinin yüksəldilməsi üçün güclü nəzarət funksiyaları ilə yanaşı, vergi ödəyicilərinə xidmət də olmalıdır.
Bununla belə, mənə elə gəlir ki, növbəti illər ərzində sizin qarşınızda vergi daxilolmalarında artımı qoruyub saxlamaq, vergi sisteminizin rəqabət qabiliyyətliliyini yüksəltmək, vergidənyayınmanın qarşısını almaq kimi çətin vəzifələr durur.
Məlum olduğu kimi, nə qədər ki vergi var, vergidən yayınmaq istəyənlər də olacaq. Lakin ƏDV depozit hesablarını tətbiq etməklə sizin ƏDV, mənfəət və gəlir vergilərində yayınma ilə mübarizədə böyük uğurlar əldə etdiyinizi də söyləyə bilərəm. Bu nailiyyətləri qoruyub saxlamaq olduqca vacibdir.
Digər vacib vəzifə Azərbaycanın beynəlxalq, eləcə də OECD-nin vergi sahəsində son 50 il ərzində hazırladığı standartlara uyğunlaşmasıdır.
-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında ikitərəfli əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, qurduğumuz əməkdaşlığı daha da inkişaf etdirə bilərik. Artıq müəyyən özül olduğundan, təbii ki, sıfırdan başlamayacağıq və həmin özül əsasında əməkdaşlığımızı daha da intensivləşdirə biləcəyik. Azərbaycanı digər MDB ölkələrinə aparan körpü kimi görmək istərdik və arzu edərdik ki, ölkəniz vergi inzibatçılığında öz uğurlu təcrübəsini digər inkişaf edən dövlətlərlə bölüşməyə hazır olsun.
Həmçinin hesab edirəm ki, MDB regionunda Azərbaycanın vergi administrasiyası model kimi istifadə oluna bilər. Bu, həm vergi yoxlamalarına, həm də vergi ödəyicilərinə xidmətə aiddir. Bunların hamısına necə nail olmaq mümkündür? Azərbaycanla OECD arasında uzunmüddətli əməkdaşlığın əsası olacaq müqavilə imzalanmasını istərdim. Biz 1-2 illik deyil, uzunmüddətli əməkdaşlıqda maraqlıyıq. Elə bir əməkdaşlıqda ki, bundan həm siz, həm də biz bəhrələnək.
- Bu əməkdaşlığın inkişaf etdirilməsi üçün ilk növbədə hansı addımların atılmasını zəruzi hesab edirsiniz?
- Baxmayaraq ki, vergi sahəsində xeyli işlər görmüsünüz, sizin təcrübəniz hələ yalnız bir neçə ölkəyə məlumdur. Məhz buna görə mən sizin nazir müavinini İstanbulda keçiriləcək Vergi Administrasiyaları Forumunda səbirsizliklə gözləyəcəyəm. Həmin forumda 48 ölkənin vergi administrasiyalarından nazirlər, nazir müavinləri, komitə sədrləri, direktorlar iştirak edəcəklər. Azərbaycan foruma qatılmaqla qazandığı nailiyyətləri bütün dünyaya nümayiş etdirmək imkanı əldə edəcəkdir. Həmçinin siz daim çalışmalısınız ki, nəzarət funksiyaları və vergi ödəyicilərinə xidmət arasında balansı qorumaq üçün vergi sahəsində beynəlxalq standartlara cavab verəsiniz.
- Müsahibə üçün təşəkkür edirik. Əlavə nələri söyləmək istərdiniz?
- Səfərimiz həm mənim, həm də həmkarım üçün çox gözəl keçdi. Paytaxtınızda gəzmək imkanımız oldu və gördük ki, Bakı çox gözəl şəhərdir. Məndə xoş təəssürat yaradan digər məsələ hökumət qurumları arasında olan sıx əlaqədir. Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün hökumətin digər qollarının həyata keçirdiyi tədbirlərlə vergi orqanlarının işləri üst-üstə düşür. Bunu "bir pəncərə"nin tətbiqindən və Dünya Bankının hesabatlarında ölkənizin daim irəliləməsindən görmək olur.
Sonda qeyd edim ki, vergilərin sadəcə texniki məsələ olmadığını dərk etmək vacibdir. Çünki vergilər vasitəsilə dövlət qurulur, vergilər vasitəsilə inkişafa nail olunur, vergilər vasitəsilə ədalətli cəmiyyət yaradılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında