Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent, siyasi şərhçi Elman Nəsirovdur.
- Elman müəllim, Türkiyənin rəsmi dövlət dairələri Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini yenidən gündəmə gətiriblər. Sizə elə gəlmirmi ki, ermənilərə olan bu hüsn-rəğbət Ankaranın "səssiz diplomatiyasının" təzahürüdür?
- Bəli, onu qeyd edim ki, bir ilə yaxın idi ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəlikdən çıxmışdı. Bu, artıq dalana dirənmiş məsələ idi. Lakin son günlər bununla bağlı yeni yanaşmalar özünü göstərir. Xüsusilə də Türkiyə Prezidenti Abdullah Gülün Bakıya səfəri zamanı keçirdiyi mətbuat konfransında müxbirin ona Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə əlaqədar verdiyi sualdan yayınması və "səssiz diplomatiya"dan bəhs etməsi, təbii ki, narahatçılıq üçün əsas yaradıb. Ardınca Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın mətbuata açıqlamasında "Türkiyə-Ermənistan sərhədinin sadəcə təlim avadanlığını daşıyan maşınların keçməsi üçün istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant kimi dəyərləndirilməkdədir" deməsi bu narahatçılığa tam əsas yaradıb.
Azərbaycan cəmiyyətində ona görə narahatçılıq yaranıb ki, indiyə kimi nə Türkiyənin Prezidenti, nə Baş naziri, nə xarici işlər naziri, nə də digər dövlət rəsmiləri öz bəyanatlarında heç zaman deməmişdilər ki, ola bilsin müəyyən beynəlxalq statuslu tədbirlərdə, NATO, ATƏT və yaxud Avropa Birliyinin tədbirlərində qısa müddətli olsa belə Türkiyə-Ermənistan sərhədlərinin açılması baş tutsun. Heç vaxt belə fikirlər səsləndirilməyib. Səfir Hulisi Kılıçın bu sözləri yeni fikir, yeni tendensiyadır. Ona görə də cəmiyyətdə haqlı narazılığa səbəb olub. Çünki əvvəllər belə "ehtiyat variantlar" yox idi, bu barədə söhbət belə aparılmırdı. İndi isə sərhədlərin açılması başqa ad altında, nəyisə bəhanə gətirərək meydana atılır. Səfirin bu açıqlamasından bir gün əvvəl Rusiyanın Gümrüdəki hərbi bazasının müddətinin 49 ilə qədər uzadılması barədə Rusiya ilə Ermənistan arasında müqavilə imzalandı. Ermənistan bütün mənalarda Rusiyanın tam təsir dairəsinə keçdi. Bir çox dairələrdə Ermənistana artıq Rusiyanın quberniyası kimi, Serj Sarkisyana isə Rusiyanın qubernatoru kimi baxırlar. Belə reallıq fonunda NATO-nun tədbiri keçirilir, həmin tədbir çərçivəsində sərhədlər açılır. Heç şübhəsiz, Ermənistan rəhbərliyi bunu qarşı tərəfin geriyə çəkilməsi kimi dəyərləndirəcək. Hesab edəcək ki, artıq hərbi baxımdan Rusiyanın dəstəyi ilə daha da gücləndirilən Ermənistan qarşısında Türkiyə geri çəkilir və eyni zamanda Qərbin, NATO-nun və ABŞ-ın Ermənistana deyil, daha çox Türkiyəyə təzyiqləri artır. Əvvəllər belə bir fikir var idi ki, sərhədlərin açılması üçün hər iki tərəfə təzyiqlər göstərilir. Lakin tərəflərdən biri olan Ermənistan heç cür geri çəkilmir. Digər tərəfin belə bir addım atması isə Türkiyənin zəifliyi, cəsarətsizliyi və qorxaqlığı kimi qiymətləndirilə bilər. Məlumdur ki, ATƏT-in həmsədr dövlətləri Ermənistana yeniləşmiş Madrid prinsipləri təklif edib. Ancaq yeddi aydır ki, Ermənistan tərəfi bu təklifə nə "hə", nə də "yox" cavabı verib və qeyri-konstruktiv yoldan bir addım da geri çəkilməyib. Türkiyənin bu məsələdə azca da olsa geri çəkilməsi Ermənistanın aqressivliyini daha da artırır.
- Türkiyə rəsmiləri NATO-nun Ermənistanda keçirdiyi təlimləri bəhanə gətirərək sərhədlərin müvəqqəti olaraq açılmasını ehtiyat variant kimi dəyərləndirir. Türkiyə çoxlu sayda beynəlxalq təşkilatların üzvüdür. Hər dəfə bu təşkilatlar hər hansı bir tədbir keçirəndə Türkiyə Ermənistanla sərhədləri müvəqqəti açıb-bağlayacaqmı?
- Türkiyə 1952-ci ildən NATO dövlətidir. Son zamanlar Türkiyə dövlətinin çoxvektorlu və dünyada çox fəal siyasət yeritməsi, bütün qonşularla münasibətləri nizama salmaq xətti, eyni zamanda daha çox regional dövlət statusundan çıxış etməsi onun güclü dövlət olduğunu təsdiqləyir. Bir faktı da qeyd edim ki, bu günlərdə Fransanın məşhur "Le Fiqaro" qəzetində belə bir sərlövhəli baş məqalə dərc olunub: "Türkiyəli diplomatlar dünyanı fəth etməyə yollanırlar". Yəni Türkiyə getdikcə regionda güclü dövlətə çevrilir. Bundan da bir sıra qüdrətli dövlətlər narahatdır. Bəzi nüfuzlu kütləvi informasiya vasitələrinin siyasi şərhçiləri, hətta analitiklər belə fikirlər səsləndirirlər ki, Türkiyə indi Qərbdən çox, üzünü Şərqə tutub və NATO dövlətinə xas olmayan bir şəkildə davranış nümayiş etdirir. İkincisi, Türkiyənin indiki hakimiyyəti 2005-ci ildən başlayaraq cidd-cəhdlə Avropa İttifaqına daxil olmaqla bağlı danışıqlar aparır, lakin nəticəsi yoxdur. Avropa İttifaqının Türkiyə qarşısında irəli sürdüyü çoxsaylı tələblərdən biri də Ermənistanla sərhədləri açmaq məsələsidir. Belə olan təqdirdə istisna deyildir ki, NATO-nun tədbirindən bir müddət sonra Avropa İttifaqından da belə bir sifariş gəlsin. Məlum olduğu kimi, Avropa İttifaqı Ermənistanla yaxın qonşuluq, Şərq tərəfdaşlığı siyasətində birgə fəaliyyət göstərir. Yerevanda onların xüsusi bir tədbiri keçirilsin və bu nöqteyi-nəzərdən müəyyən diplomatik heyətin quru yolla gəlib-getməsi tələbi irəli sürülsün. O zaman çox qəribə bir situasiya yarana bilər. Əgər Türkiyə bu gün NATO-nun Ermənistanda keçirilən tədbirinə quru sərhədini açırsa, onda niyə görə Avropa İttifaqının eyni məqsədli, eyni tipli tədbirinin keçirilməsində sərhəd qapılarını bağlasın. Onda belə çıxır ki, Türkiyə özü NATO-ya münasibətdə bir davranış, Avropa İttifaqına isə başqa bir davranış nümayiş etdirməlidir.
Əgər Türkiyə NATO və ABŞ-ın təzyiqi ilə Ermənistanla sərhədləri açsa, növbəti oxşar proseslərin baş verəcəyi qətiyyən istisna deyil. Ona görə də Azərbaycan ziyalıları, ictimaiyyəti Türkiyə hökumətinin qətiyyətsiz mövqeyindən narazı qalır. Türkiyə iqtidarı bilməlidir ki, Azərbaycan əvəzolunmaz tərəfdaşdır. Bu günlərdə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanması da onu təsdiqlədi. Lakin Türkiyə-Ermənistan sərhədləri açılacaqsa, heç şübhəsiz ki, Azərbaycan-Türkiyə münasibətlərində müəyyən soyuqluq elementləri yaranacaq.
- 1993-cü ildə Türkiyə Ermənistanla sərhədləri bağlayanda əsas səbəb Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsi olmuşdur. Hətta Türkiyənin dövlət rəsmiləri, indiki iqtidarı dəfələrlə bəyan ediblər ki, işğal olunmuş Azərbaycan torpaqları azad edilməyənə, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq, diplomatik əlaqələr bərpa olunmayacaq...
- 2009-cu il may ayının 14-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan parlamentindəki məşhur çıxışını xatırlatmaq istərdim. O, hətta jurnalistlərə bir ironiya ilə də müraciət edərək dedi ki, siz kimə inanırsınız, jurnalistlərin yazdığına, yoxsa Türkiyənin Baş bakanı Ərdoğanın dediklərinə? Hətta yazarlara ciddi etirazını da bildirərək dedi ki, Türkiyə-Ermənistan sərhədləri açılmayacaq və diplomatik əlaqələr bərpa olunmayacaq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etdikdən sonra bu məsələlər müzakirə mövzusu olacaq. İndi isə Türkiyə rəsmilərinin səsləndirdikləri fikirlər başa düşülən deyil. Çünki hər hansı bir səbəb Türkiyə rəhbərliyinin sərhədlərin açılmaması ilə bağlı verdikləri vədlərin pozulmasına bəraət qazandıra bilməz.
Yeri gəlmişkən qeyd edim ki, Kanadanın Toronto şəhərində böyük iyirmilərin toplantısında Barak Obama Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana hətta İranla bağlı siyasətinə görə narazılığını bildirmişdi və Türkiyənin yeritdiyi siyasətin bəzi məqamlarından narazı qaldığını Ərdoğanın diqqətinə çatdırmışdı. İstisna deyil ki, Amerikanın müəllifi olduğu Türkiyə-Ermənistan sərhədlərinin açılması layihəsinin hələ də baş tutmamasında daha çox Ərdoğan hədəf qismində seçilib. Ona görə də Türkiyəyə təzyiqlər mütəmadi xarakter daşıyır. İndi də sanki ABŞ-ın əlinə bəhanə düşüb ki, Türkiyəyə növbəti dəfə təzyiqlər etsin. NATO-nun bu tədbiri də bəhanə kimi vasitə olub.
Lakin Türkiyə rəsmiləri də dəfələrlə verdikləri vədləri hər hansı bir bəhanəyə qurban verməməlidirlər. Əgər sərhədlər bir dəfə açılsa, artıq bu mütəmadi xarakter daşıyacaq və Ermənistan tərəfi bunu Türkiyənin zəifliyi, güzəşti, beynəlxalq təşkilatların təzyiqlərinə davam gətirə bilməməsi kimi dəyərləndirəcək. Bundan sonra Ermənistanın azğınlığı daha da artacaq.
Avqustun 22-də Ermənistan Prezidenti Serj Sarkisyan Yevronyus televiziya kanalına verdiyi müsahibəsində bir daha təkrarladı ki, biz Türkiyə ilə sərhədlərin açılması məsələsində hər hansı bir şərtin irəli sürülməsini qəbul etməyəcəyik. Bu, bizim dəyişməz mövqeyimizdir. Hətta Sarkisyan beynəlxalq birliyi də ittiham etdi. Müxbir ona belə bir sual verdi ki, siz deyirsiniz, Dağlıq Qarabağ sizin ərazinizdir. Lakin bütün dünya birliyi onu Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Serj Sarkisyan dünya birliyini ittiham edərək dedi ki, onlar düzgün fikirləşmirlər, düzgün qənaətə gəlməyiblər. O, öz mövqeyini Yevronyus kanalına müsahibəsində bir daha nümayiş etdirdi və bir daha bəyan etdi ki, o, Türkiyənin irəli sürdüyü hər hansı bir şərti qəbul etmir. Yəni, Türkiyə ilə sərhədlərin açılması o halda mümkündür ki, Türkiyə Dağlıq Qarabağ şərtini irəli sürməsin. Belə bir mövqe nümayiş etdirən Ermənistan Prezidenti ilə danışıqlara girib sərhədləri açmaq Türkiyə rəsmilərinə yaraşarmı? Bu, Türkiyənin müsəlman aləmindəki, islam dünyasındakı nüfuzuna ciddi xələl gətirən bir işdir. Bütün bunlardan sonra Türkiyə hansı "səssiz diplomatiya"dan söhbət aça bilər? Bu, Ermənistan qarşısında məğlubiyyətdən başqa bir şey deyil.
Bu, Sarkisyan rejimini daha da şirnikləndirəcək. Biz tarixdən bilirik ki, təcavüzkarın şirnikləndirilməsi nə deməkdir. Mən bununla bağlı bir faktı xatırlatmaq istərdim. 1939-cu ildə qərb dövlətləri Almaniyanın qarşısından çəkilməsəydilər, onu şirnikləndirməsəydilər və Münhen sazişini imzalamasaydılar, yəqin ki, Hitler də sonrakı qəddarlıqlarını həyata keçirməzdi. İndi Serj Sarkisyanı, daha dəqiq desək, Ermənistanı şirnikləndirib daha da azğınlaşdırırlar. Təcavüzkar cəzasız qalmamalıdır. Cəzasızlıq rejimi cinayətkarı hər zaman daha ağır cinayətlər törətməyə sövq edir.
- Sizcə Türkiyənin Azərbaycandakı səfiri dövlət rəhbərlərinin xəbəri olmadan belə bir bəyanatı səsləndirə bilərmi?
- Heç bir halda belə şey ola bilməz. Hər bir səfir təmsil etdiyi dövlətin siyasətini həyata keçirir. O cümlədən Hulusi Kılıç da Türkiyə dövlətinin siyasətini həyata keçirir. Əgər Türkiyənin Prezidenti, Baş naziri, xarici işlər naziri bir şey fikirləşir, səfir isə başqa addım atırsa, belə olan halda təbii ki, həmin səfir dərhal geri çağırılır. Deməli, əslində səfirin dedikləri rəsmi Ankaradan qaynaqlanıb. Siz dediyiniz kimi, Türkiyə - Ermənistan sərhədlərinin açılması söhbəti AKP iqtidarı dövründə aktuallaşıb. Türkiyənin əvvəlki rəhbərliyi dövründə bu barədə söhbət belə olmayıb. Son iki ildə Türkiyə rəhbərliyi ilə təcavüzkar Ermənistan rəhbərliyi arasında gizli danışıqlar aparılırdı. Bu fakt üzə çıxanda Türkiyə rəhbərliyi əvvəlcə bunu təkzib etdi. Sonra isə indiki iqtidarın yeni xarici siyasət kursu kimi irəli sürdülər.
Bu da Türkiyəyə edilən təzyiqlər nəticəsində yarandı. Əgər Türkiyə belə təzyiqlər fonunda geri çəkilirsə, idman dilində desək, o, noqdaund vəziyyətinə düşəcək. Noqdaund vəziyyətində isə qarşı tərəfin yenidən oyuna başladıqdan sonra necə hücuma keçdiyinin şahidi olmuşuq. Ona görə də Türkiyə heç bir halda Ermənistanla sərhədləri açmamalıdır. Çünki belə bir hal baş verərsə, Azərbaycanla münasibətləri xeyli gərginləşdirə bilər. Bütövlükdə Azərbaycansız, Azərbaycanın iştirakı olmadan regionda heç nə həll etmək mümkün deyil. Bu reallıqdan da çıxış edərək Türkiyə qardaş, dost Azərbaycanla ənənəvi siyasəti bundan sonra da davam etdirməlidir. Hakimiyyətdə hansı siyasi partiyanın, hansı siyasi qüvvənin olmasına baxmayaraq, Azərbaycan və Türkiyənin qardaşlığı, dostluğu sarsılmazdır. Türk dünyasının liderləri Atatürkün və Heydər Əliyevin əsasını qoyduqları dostluq ənənələri bundan sonra da qorunmalı və inkişaf etdirilməlidir. Necə deyərlər, qərbdən əsən küləklər bu dostluq və qardaşlığı zəiflətməməlidir.{nl}
Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.