Bu şirkət zamanın çağırışına vaxtında verilən çevik cavab olaraq yaranmış və bazara gəlişi ilə Azərbaycan qida sənayesinin ət istehsalı istiqamətində ən müasir müəssisə kimi yeni bir yol açmışdır. Xidmətinin səviyyəsi ilə heç də xarici bazardan geri qalmayan restoranlar və marketlər, eləcə də ət məhsullarına önəm verən alıcılar bu məhsulu primitiv istehsal şəbəkəsindən, kustar üsullarla işləyən qəssablardan almağa məcbur olduğu bir vaxtda “AzProtein Foods Group” qida bazarına beynəlxalq standartlar səviyyəsində bəslənmiş, kəsilmiş, emal olunmuş çesidli dana əti və ondan hazırlanmış məhsullar çıxarır.
Bakı səhərinin ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, qısa müddətdə Buzovna qəsəbəsinin “Albalılıq” massivində yaradılmış bu müəssisə iki ildir ki, Azərbaycanın qida sənayesinin ət sektorunda nümünəvi obyekt kimi öncüllük edir. Şirkətin uğurlu fəaliyyəti ölkənin ərzaq təhlükəsizliyi konsepsiyasının gerçəkləşdirilməsinə sanballı töhfə olmaqla yanaşı, turizm sənayesinin inkişafına və işsizliyin aradan qaldırılması siyasətinə də dəstəkdir.
Xatırladaq ki, müəssisə Türkiyənin dünyaca məşhur, İslam ölkələrini halal toyuq əti ilə təchiz edən “Banvit” şirkətinin ölkəmizdəki nümayəndəliyinin çoxillik təcrübəsinə əsaslanmaqla, yüksək keyfiyyətli dana ətinə böyük tələbatı cavablandırmaq üçün, ölkə rəhbərliyinin Bakı və şəhərətrafı infrastrukturu modernləşdirmək proqramına uyğun olaraq yaradılmışdır. Ötən ildən “Banvit” dünya brendini “AzBanvit” milli markasına çevirən “AzProtein Foods Group” ilk addımdan ölkənin qida bazarında mötəbər yer qazanmış, günün müəssisəsi olduğunu təsdiqləmişdir. Artıq Bakı və onun ətrafında beynəlxalq standartlarla fəaliyyət göstərən iaşə obyektləri, beşulduz otel restoranları, xüsusi sifarişli iaşə obyektləri və məşhur marketlər bu şirkətin məhsullarının daimi sifarişçiləridir. “AzBanvit” markası ilə hazırlanan ət və ət məhsullarından xəbərdar olan hər kəs şirkətin müştərisi olmağa can atır.
Müəssisənin yaranma səbəbindən və uğurlu başlanğıcından söhbət açan şirkət rəhbəri Nazim Səfərov bildirdi:
– Hər gün ölkəyə gələn çoxsaylı qonaqlar və turistlər yüksək keyfiyyət təminatı olan qida məhsullarına, şəffaf şəraitdə hazırlanan ət məhsullarına xüsusi diqqət yetirirlər. Restoran, yeməkxana və marketlər bu tələbatı cavablandırmaqda çətinlik çəkirdilər. Bu isə bazarda xüsusi bir boşluq yaradır, ət sənayesinin problemi kimi həllini gözləyirdi. Biz sıx əlaqədə olduğumuz qardaş Türkiyənin və bu sahədə dünyada qabaqcıl yer tutan Amerikanın ət istehsalı, emalı və satışı təcrübəsini dərindən öyrənib bu istehsalatı yaratmağa qərar verdik. Layihəmiz Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edildi.
Yaratdığımız müəssisə xaricdən ətlik cinsli danaların ferma-maşınlarda gətirilməsi, yerli şəraitə uyğunlaşdırılıb-bəslənməsi, halal qaydada kəsilməsi, xüsusi temperatur rejimində və avtomat dəzghlarda dad keyfiyyətinə və istifadəyə uyğun hissələrə ayrılması, sümüklü və sümüksüz, tikə və çəkilmiş şəkildə paketlənməsi, sosis və sucuq kimi emalı və soyuducu konteynerlərdə sifarişçiyə çatdırılmasınadək kompleks istehsal-emal-göndərmə konveyerindən ibarətdir. Biz bununla ölkəmizdə ilk dəfə dünya standartlarına uyğun mal əti istehsalını və emalını qaydaya saldıq, bu sahədə qabaqcıl dünya təcrübəsini respublikamıza gətirdik. Xüsusi qabiliyyət tələb edən kadrları da özümüz hazırlamaqla, şirkətimiz Azərbaycanın qida sənayesində yeni istiqamətin və keyfiyyətin pioneri oldu...
Nazim müəllimlə müəssisənin fermasında, kəsim və emal sexlərində olduq, soyuducu və saxlama kameralarına baxdıq. Hər yerdə yüksək dezinfeksiya və sanitariya qaydaları heyranlıq doğururdu. Ferma o dərəcədə təmizdir ki, heyvandarlığa məxsus ənənəvi iy belə duyulmur. Son dərəcə yaraşıqlı və şux görünən 5-8 aylıq danalar baytarların nəzarəti altında bəslənilir. 600 kiloqrama çatdırtılmış cins heyvanlar tam sağlam halda, ətlərinin ən yumşaq və dadlı çağında təcrübəli qəssabların duası ilə kəsilir, ət iri parçalarda aşağı temperaturda emala hazır vəziyyətə gətirilir. Sexlərdə də ideal təmizlik, səliqə-sahman yaradılıb. Ətin hissələrə ayrılması, emalı və hermetik-vaakum paketlənməsi avtomatlaşdırılmışdır.
İstehsalatla tanışlıqdan sonra şirkətin rəhbəri ilə ayaqüstü söhbəti davam etdirdik. İxtisasca həkim olan, qida sənayesinin ət istetsalı və satışı sahəsi üzrə ixtisaslaşmış Nazim müəllim bildirdi:
– Dana əti ayrı-ayrı hissələrə ayrıldıqdan sonra hər parçanın sənədləşməsi aparılır və spesifik nəzarətdə saxlanılır. Bu zaman ət parçasının çəkisi, rəngi, istiliyi, “pH” göstəricisi və yağlılığı ardıcıl yoxlanılır. Məsələn, sümüklü qoldakı istilik 4 dərəcədən, sümüklü budda isə 7 dərəcədən aşağı düşdükdən sonra sifarişçiyə göndərilir. Məhsulların “pH” yoxlamaları xüsusi diqqətlə yerinə yetirilir, bu göstərici 5,8-dən yuxarı olan məhsul alıcıya göndərilmir. Yağlılığı normadan yüksək, rəngi nəzərdə tutulduğundan tünd ət də satışdan çıxarılır. Ən yaxşı ət isə aşağı temperaturda 1 ayadək saxlanıb xüsusi keyfiyyətə gətirilmiş sümüksüz, yağlı parçalardır. Yağın tədricən ətə hopub onu yumşaltması və dadlandırması prosesi bizdə yüksək səviyyədə həyata keçirilir. Xarici qonaqlar bizim bu məhsula “delikates” kimi yüksək qiymət verirlər.
Müsahibim ölkədə dana əti istehsalı sahəsində analoqu olmayan bu müəssisənin inkişaf perspektivi ilə bağlı sualımızı isə belə cavablandırdı:
– Şübhəsiz, istehsalı genişləndirmək niyyətindəyik, lakin bunu əldə etdiyimiz yüksək keyfiyyət göstəricilərini itirmədən etməyi nəzərdə tuturuq. Biz məhsullarımızı 2-3 qat çoxalda bilərik. Gəlin görək, onu alıcıya lazımi sanitariya qaydasında və temperatur rejimində sata bilən ticarət şəbəkəsi nə qədərdir. Yaxud, bir sıra kulinariya obyektlərinə normal qiymətə başa gəlmiş yüksək keyfiyyətli ət lazımdırmı? Yəqin, telereydlərdə görmüsünüz: adi dönəri ucuz alıcı bazarı üçün necə keyfiyyətsiz, bəzən də mənşəyi gizlədilən ətlərdən hazırlayırlar.
Bizim standart şişlərə yığıb hermetik paketlədiyimiz dönərlik ətin sifarişçisi hələlik xüsüsi müştərisi olan obyektlərdir. O ki qaldı geniş alıcı bazarına, bizim standartlarla uzlaşmayan mağazalara mal vermirik. Onların məhsulumuzu zay edib satması markamızı tanıtmaq üçün çəkdiyimiz zəhmətin yerə vurulması olardı. Zaman keçdikcə yüksək keyfiyyətə önəm verən sifarişçi çoxalır, biz də buna uyğun olaraq istehsalı artırırıq.
– Milliləşdirdiyiniz “AzBanvit” markası özünü doğruldurmu?
– Demək olar ki, işimizi reklam etməsək də bu marka qısa müddətdə kifayət qədər tanındı, müştəri topladı. İndi 20 ilə yaxın müddətdə ölkəyə gətirdiyimiz “Banvit” brendi ilə yanaşı, “AzBanvit” markası da yüksək keyfiyyət zəmanətidir.
– Xarici bazar və sərgilərə çıxırsınızmı?
– “AzProtein Foods Gpoup” şirkətini dünyada qəbul olunmuş normalara uyğun təzə, sağlam, faydalı ərzaq məhsulları istehsalı və satışı üçün qurmuşuq. Bu, həm də dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış milli ərzaq təhlükəsizliyi konsepsiyasının tələbidir.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.