Son on ildə Azərbaycan Respublikası iqtisadi artım sürətinə görə dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Bu inkişaf ölkənin şəhər və kəndlərinin simasını dəyişdirir, insanların həyat tərzini yeniləşdirir. Geniş miqyaslı dövlət proqramları həyata keçirilir, xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə, idmana dövlət qayğısı artır. Aqrar sahədə, ümumiyyətlə, kənd iqtisadiyyatında müsbət dinamika davamlı xarakter alır.
Ölkə rəhbərliyinin sosial-iqtisadi nailiyyətlərin artırılmasını daim diqqətdə saxlaması özünü bir sıra sahələrdə, xüsusən də qeyri-neft sektorunun inkişafı və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlarda əyani göstərir. Martın 3-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə imzaladığı fərman da sahibkarlığın inkişafına müsbət təsir göstərən sənədlərdəndir.
– Dövlət başçısının imzaladığı son sənədlər sahibkarların fəaliyyətinə necə təsir etdi? Ümumiyyətlə, sahibkarlarımız bu gün hansı qayğılarla yaşayırlar? Lənkəran rayonunun İstisu qəsəbəsində fəaliyyət göstərən “Yaşıl çay” fermer təsərrüfatı MMC-nin rəhbəri Araz Yaqubovla söhbətimizə bu suallardan başladıq. A.Yaqubov dedi:
– Ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı hər cür şərait yaradılmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 90-cı illərdə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda torpaq islahatlarının aparılması, həmçinin 2001-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” və cənab İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qəbul edilməsi ölkəmizdə kənd təsərrüfatının inkişafına müsbət təsir göstərmişdir. Respublikamızda əlverişli sahibkarlıq şəraitindən faydalanaraq Azərbaycanda çayçılığın yenidən bərpa olunması və daha da inkişaf etdirilmisi məqsədilə 2006-cı ildə “ Yaşıl çay” fermer təsərrüfatı yaratmışıq. İlkin olaraq 17 hektar sahə ilə fəaliyyətə başlayan təsərrüfatımızın ərazisi hazırda 150 hektara çatdırılıb. İstər respublika, istərsə də yerli icra rəhbərliyinin diqqət və qayğısından bəhrələnən “Yaşıl çay” fermer təsərrüfatının hazırda 40 hektar çay plantasiyası var. Bu bizim üçün son hədd deyildir. 2014-cü ildə isə daha 40 hektara qədər sahədə çay plantasiyası salmağı nəzərdə tutmuşuq. Bunun üçün 1 hektarda şitillik yaratmışıq.
Ötən müddətdə şəxsi vəsaitimizlə xaricdən müxtəlif növ əkin üçün traktorlar, qoşqular və digər texnikalar gətirmişik. Bu gün istər çayçılıq, istər heyvandarlıq, istərsə də taxılçılığın inkişafında həmin mexanizmlərdən səmərəli surətdə istifadə edirik. Həmçinin cari ildə Macarıstanın “HUNLAND” şirkətindən damazlıq məqsədilə 35 baş “Hereford” cinsli boğaz düyə və 1 baş dana gətirmişik. Kənd təsərrüfatı üçün xaricdən gətirilən malların dəyər vergisindən və gömrük rüsumundan azad olunması da biz sahibkarlara əlavə stimul vermişdir.
– Təsərrüfatınızda çayçılıqla yanaşı, heyvandarlıq da inkişaf etdirilir. Bu, çayçılığın inkişafına maneçilik törətmir ki?
– Xeyr. İlk gündən çayçılıqla bərabər, ölkəmizin ərzaq təminatında mühüm rol oynayan heyvandarlığın da inkişafına xüsusi diqqət yetirməyə başladıq. Hazırda Lənkəran rayonunun İstisu qəsəbəsindəki heyvandarlıq fermasında iribuynuzlu heyvanların sayını 17 başdan 180 başa çatdırmışıq. Həmçinin Neftçala rayonunda qoyunçuluq fermamız var. Burada icarəyə götürdüyümüz torpaqlardan bol taxıl əldə edirik. Heyvanları qışda qidalı yemlə təmin etmək üçün hər il qarğıdalı əkini aparırıq. Ötən il 150 ton arpa, 500 ton silos əldə olunmuş, 175 ton quru ot tədarük edilmişdir. Bir sözlə, heyvandarlıq da təsərrüfatımızın ikinci qolu kimi inkişaf edir. Bu sahəni inkişaf etdirməkdə əsas məqsədimiz çayçılığı, necə deyərlər, ayağa qaldırmaq və daha da inkişaf etdirməkdir.
– Araz müəllim, ölkə başçısının sahibkarlığın inkişafına hesablanan son fərmanı sahibkarların bugünki fəaliyyətinə necə təsir edib? Öz fəaliyyətinizdə bunun təsirini hiss edirsinizmi?
– Əvvəla, onu qeyd edim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə bütün sahələrə xüsusi diqqət və qayğı ilə yanaşır. O cümlədən, özəl sektorun da inkişafı üçün indiyədək əhəmiyyətli addımlar atılmış və bu gün də atılmaqdadır. Sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə qeydiyyatının aparılması, birbaşa xarici investisiyalar axınının liberallaşdırılması yüksək iqtisadi səmərəni, rentabelliyi reallaşdırmaqla gəlirlərin artmasına yardım edəcəkdir. Yəni, dövlət özəl sektorun inkişafına istənilən səviyyədə dəstək göstərir, bunun üçün lazımi şərait yaradır. Bu fərman sahibkarların işini yeni müstəviyə qaldırmaqla yanaşı, yeni sahibkarlıq subyektlərinin yaranmasına güclü təkan verir. Sözügedən sənəddə digər ciddi məqam tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin, eləcə də elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, müddət və xərclərin azaldılmasıdır. Bütün bu yeniliklər bizim işlərimizin sürətlənməsi üçün çox vacib amillərdəndir. Fürsətdən istifadə edib diqqətinizə çatdırmaq istəyirəm ki, son illər təkcə bizim qəsəbədə yox, bütövlükdə Lənkəran rayonunda çayçılıq əsl dirçəliş dövrünü yaşayır. “Yaşıl çay” fermer təsərrüfatı ilə yanaşı, Havzava, İstisu, Girdəni kəndlərində indiyədək 190 hektar sahədə çay əkini keçirilmişdir. Cari ildə də yeni çay plantasiyalarının salınması nəzərdə tutulmuşdur. Ölkə başçısının verdiyi fərmanın təsiri konkret bu sahədə özünü belə göstərir.
– Araz müəllim, son fərmanda əsas bir məqam kreditlərlə bağlıdır. Yəqin, elə sahibkar tapılmaz ki, kreditlərin alınması ilə bağlı müəyyən problemlərlə qarşılaşmasın. Bu barədə nə deyə bilərsiniz?
– Son illər ölkə Prezidenti tərəfindən sahibkarlığa dəstək məqsədilə müxtəlif sərəncamlar verilmişdir. Artıq Azərbaycanda həm kiçik, həm orta, həm də iri sahibkarlıq subyektlərinin səmərəli işləməsi üçün geniş imkanlar var. Hər il dövlət büdcəsi hesabına ölkədə fəaliyyət göstərən iş adamlarına 100 milyonlarla güzəştli kredit verilir. Eyni zamanda, hökumət torpaq vergisi istisna olmaqla, kənd təsərrüfatını digər vergilərdən azad etmişdir. Mən özüm də hər il dövlətimizin ayırdığı subsidiyalardan yararlanıram. Bütün bu güzəştlər sahibkarların normal işləməsinə şərait yaradır.
Düşünürəm ki, yeni fərman da ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Kreditlərin verilməsinin daha da sadələşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi biz sahibkarların fəaliyyətinin daha da genişlənməsinə birbaşa yardım edəcəkdir. Bu məqsədlə bürokratik əngəllərin aradan qaldırılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi istiqamətində bir sıra qanunların qəbul edilməsi yaxşı səmərə verir. Belə ki, təsərrüfatımızın əsas problemi tikintisi yarımçıq qalmış heyvandarlıq kompleksinin başa çatdırılması ilə bağlıdır. Əlavə edim ki, indiyədək gördüyümüz bütün işləri öz şəxsi vəsaitimiz hesabına həyata keçirmişik. Dövlətdən və banklardan 1 manat da kredit götürməmişik.
Hazırda heyvandarlıq fermasının və cari ildə 40 hektarda yeni çay plantasiyasının salınmasından ötrü ilkin hesablamalarımıza görə 300 min manat vəsaitə ehtiycımız vardır. Bu məsələ ilə bağlı dəfələrlə əlaqədar təşkilatlara müraciət etsək də, hələ ki, istədiyimizə nail olmamışıq. Müraciət etdiyimiz müvəkkil banklardan isə kreditlərin verilməsi üçün irəli sürülən şərtlər kənddə yaşayan fermerlərin imkanı xaricindədir. Belə ki, istədiyimiz kreditin qarşılığında bizdən 200 faiz məbləğində girov tələb olunur. Bankların bizdən tələb etdiyi girov isə ev və ya obyektlərdir ki, həmin məbləğdə kənd yerində ev və ya obyekt tapmaq qeyri-mümkündür. Təklif edərdim ki, aqrar sahənin daha sürətli inkişafı naminə Sahibkarlığa Kömək Milli Fondunun nəzdində xüsusi bank yaradılsın. Bu, bir çox bürokratik əngəllərə son qoyar, xüsusən, çayçılıq sahəsinə uzunmüddətli faizsiz və ya azfaizli kreditlərin ayrılması, Cənub bölgəsində bu perspektivli sahənin yenidən dirçəlməsinə yardım etməklə yeni iş yerlərinin yaradılmasına böyük təkan verərdi.
– Yəqin ki, bir iş adamı kimi çalışdığınız sahənin, necə deyərlər, əyər-əskiklərini yaxşı görürsünüz. Hansı çətinlikləriniz var, problemlərin həlli üçün nə təklif edərdiniz?
– Təbii ki, dövlət başçımızın aqrar sahənin inkişafı ilə bağlı ciddi fəaliyyəti ölkə vətəndaşlarının dərin razılığına səbəb olur. Yaşadığım Lənkəranda da sahibkarlar daim diqqətlə əhatə olunmuşlar. Rayon rəhbərliyi, xüsusən də icra başçısı Taleh Qaraşov dəfələrlə təsərrüfatımıza baş çəkmiş, problemlərimizlə yaxından maraqlanmış, lazımi köməyi bizdən əsirgəməmişdir. Dövlətin və yerli icra strukturlarının bütün diqqət və qayğısına baxmayaraq, təəssüf ki, bəzi çətinliklərlə də üzləşirik.
Bizi narahat edən əsas məsələlərdən biri də yayda çay sahələrinin su ilə təmin olunması çətinliyidir. Qeyd etdiyim kimi, 40 hektar cavan çay plantasiyasında qapalı suvarma sistemi quraşdırmışıq. Sistemə suyun çatdırılması ilə bağlı müəyyən problemlərlə qarşılaşmışıq. Bu barədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Ə.Əhmədzadəyə müraciət etməli olduq. İşin mahiyyəti ilə yerində tanış olmaq üçün həmin cəmiyyətin nümayəndəsi təsərrüfatımıza baş çəkmiş, çay sahələri, qapalı suvarma sistemi ilə yerində tanış olmuş, bizim istəklərimizi dinləmişdir. Məsələnin həlli ilə bağlı tapşırıqlarını vermişdir. Amma bu məsələ, təəssüf ki, hələ də öz həllini tapmamışdır. “Azərenerji” ilə Lənkəran Yuxarı Xanbulançay İstismar İdarəsi arasında stansiyada sayğacın quraşdırılması ilə bağlı yaranan mübahisə bizi çətin vəziyyətdə saxlamışdır. İnanırıq ki, su problemimiz də tezliklə öz müsbət həllini tapacaqdır.
Söhbəti qələmə aldı: İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.