Müsahibimiz “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovdur
– Qorxmaz müəllim, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyası ölkəmizdə ictimai-siyasi sabitliyə və davamlı inkişafa mühüm töhfələr vermişdir. Ulu öndərin respublikamıza rəhbərliyi dövründə əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihələr barədə nə deyə bilərsiniz?
– Azərbaycanda siyasi sabitliyin təmin edilməsi, hüquqi dövlət quruculuğu, yeni iqtisadi kursun müəyyənləşdirilməsi və davamlı inkişaf görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olmuşdur. Ölkəmizdə infrastruktur layihələrinin, o cümlədən istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin böyük bir hissəsi məhz ulu öndərin adı ilə bağlıdır.
Məlum olduğu kimi, şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda sudan səmərəli istifadə tarixin bütün dövrlərində aktual olmuşdur. Bu problem Bakı şəhəri və Abşeron yarımadasında özünü daha qabarıq şəkildə büruzə vermişdir.
Bakı şəhərinin sürətli inkişafı ilə əlaqədar ötən əsrin ikinci yarısında paytaxtda və ətraf ərazilərdə içməli su problemi yaşanırdı. 1969-cu ildə ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra, digər sahələr kimi, su təchizatı sektorunda da dönüş yaranmışdır. 1970-ci ilin iyun ayının 10-da Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan KP MK-nın növbəti iclasında Kür su kəmərinin birinci növbəsinin istifadəyə verilməsinin sürətləndirilməsi ilə bağlı müvafiq təşkilatlara konkret tapşırıqlar verilmiş və bunun da nəticəsində 30 aya görülməli olan işlər qısa müddətdə başa çatdırılmışdır. Nəhayət, 1970-ci il sentyabrın 27-də birinci Kür su kəmərlərinin ilk növbəsi istifadəyə verilmişdir.
Bu sahədə qazanılmış zəngin təcrübə Kürdən Bakıya ikinci xəttin çəkilişini də qısa müddətdə başa çatdırmağa imkan vermişdir. Cəmi bir il sonra - 1971-ci il sentyabrın 15-də birinci Kür su kəmərlərinin ikinci xətti istifadəyə verilmişdir. Bir məsələni xüsusi vurğulamaq istərdim ki, həmin illərdə tikinti işlərinin qısa vaxtda başa çatdırılmasında Heydər Əliyevin SSRİ miqyasında böyük nüfuzu əhəmiyyətli rol oynamışdır. 1980-88-ci illərdə ikinci Kür su kəmərləri sistemi ilə Bakıya daha üç magistral su kəməri çəkilir. Bununla da, Kür su kəmərləri ilə Bakı və Abşerona nəql olunan suyun həcmi 3 dəfəyə yaxın artırılaraq, saniyədə 9,5 kubmetrə və ya sutkada 820 min kubmetrə çatdırılır. Kür su kəmərləri sisteminin yaradılması təkcə içməli suyun Bakı şəhərinə çatdırlması ilə yekunlaşmır. Həmin illərdə Abşeron yarımadasında minlərlə kilometr magistral və paylayıcı su xətləri çəkilmiş, yeni su anbarları, nasos stansiyaları tikilib istismara verilmişdir. Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyət daşıyan Ceyranbatan sutəmizləyici qurğular kompleksinin üçüncü növbəsi də ulu öndərin rəhbərliyi dövründə, 1978-ci ildə işə salınmışdır.
Həmin dövrdə Bakı şəhərinə böyük həcmdə içməli suyun daxil olması kanalizasiya infrastrukturunun genişləndirilməsi zərurətini yaratmışdı. Ümummilli liderin göstərişi əsasında 1970-ci ildə əhalinin 2000-ci ilə qədər perspektiv artımı nəzərə alınmaqla paytaxtın “Böyük kanalizasiya” layihəsi işlənib hazırlanmışdır. Bu layihə çərçivəsində Hövsan aerasiya stansiyası, “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları tikilib istifadəyə verilmişdir. Bunun nəticəsində yalnız mexaniki təmizləmədən keçən və ya təmizlənmədən Xəzər dənizinə axıdılan çirkli suların böyük hissəsinin toplanaraq Hövsan aerasiya stansiyasına axıdılması və burada bioloji üsulla təmizlənib zərərsizləşdirilməsi təmin edilmişdir.
Azərbaycanın şəhər və rayonlarında su təchizatı və kanalizasiya infrastrukturları yaradılması da ulu öndərin respublikaya rəhbərliyi dövrünə təsadüf edir. Həmin illərdə bölgələrdə yeni su mənbələrindən istifadə olunmuş, su anbarları tikilmiş, minlərlə kilometr su və kanalizasiya xətləri çəkilmişdir. Yeri gəlmişkən, hazırda həyata keçirdiyimiz yeni layihələrin bir çoxunda həmin infrastrukturların imkanlarından istifadə olunur.
– Məlum olduğu kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakının və Abşeron yarımadasının keyfiyyətli içməli su ilə təmin olunması məsələsi yenidən aktuallaşmışdır. Müstəqilliyin ilk illərində yaranmış çətinliklərə baxmayaraq, ulu öndərin içməli su təchizatı sektorunun inkişafında göstərdiyi xidmətlər barədə fikirlərinizi bilmək istərdik...
– Ötən əsrin 80-ci illərin sonları 90-cı illərin əvvəllərində baş verən iqtisadi tənəzzül, bütün sahələrdə olduğu kimi, özünü su təchizatı sektorunda da büruzə verirdi. Həmin illərdə mövcud olan infrastruktur obyektlərinin bir çoxu istismar tələblərinə, istehlakçıların artan tələbatına cavab vermirdi. Müstəqilliyini yenicə qazanmış Azərbaycanın məhdud maliyyə ehtiyatları içməli su təchizatı sektorunda irihəcmli layihələri həyata keçirməyə imkan vermirdi. Bütün bunları nəzərə alan ümummilli lider Heydər Əliyev əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün beynəlxalq maliyyə təşkilatlarından kredit cəlb etmək təşəbbüsünü irəli sürdü.
1995-ci ildə ulu öndərin göstərişi ilə fiziki cəhətdən köhnəlmiş Ceyranbatan və Kür sutəmizləyici qurğularının yenidən qurulması üçün Dünya Bankından, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankından dövlət zəmanətli kreditlərin cəlbi üçün danışıqlara başlanıldı. Məhz Heydər Əliyevin böyük qayğısı və şəxsi nüfuzu sayəsində MDB dövlətləri arasında ilk dəfə olaraq ölkəmizin su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu. Həmin danışıqların nəticəsi olaraq “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayrılmasına razılıq verildi. Bu, Azərbaycan hökumətinin infrastruktur layihələrinin icrası məqsədilə xarici banklardan aldığı ilk böyük məbləğli kredit idi.1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində Kür və Ceyranbatan sutəmizləyici qurğular komplekslərində əsaslı yenidənqurma işləri aparılmışdır. Görülmüş işlər nəticəsində təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırılmışdır ki, bu da paytaxt sakinlərinin təmiz içməli su ilə təminatına imkan yaratmışdır.
Daha bir layihə isə Dünya Bankı və İsveçrə Konfederasiyası hökuməti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir. Belə ki, 2000-ci il oktyabr ayının 30-da imzalanmış “Bakı şəhərinin məhəllədaxili nasos stansiyalarının yenidən qurulmasına maliyyə köməyi barədə” qrant sazişinə əsasən, İsveçrə hökuməti 9,9 milyon frank (5,6 milyon ABŞ dolları) maliyyə yardımı ayırmışdır. Bu layihə çərçivəsində Bakı şəhərində 426 məhəllədaxili nasos stansiyasında bərpa işləri aparılmış, nəticədə 350 min nəfər sakinin içməli su təminatı yaxşılaşmışdır.
Bakı şəhərinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan, müstəqillik dövrünün ən böyük yerli infrastruktur layihələrindən olan Oğuz-Qəbələ-Bakı su kəmərinin ideya müəllifi də ulu öndər Heydər Əliyevdir. 2002-ci il dekabrın 19-da keçirilən müşavirədə Prezident Heydər Əliyev paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar vermişdir. Ulu öndərin irəli sürdüyü bu ideya onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi. 2007-ci ilin mart ayında dövlət başçısının iştirakı ilə təməli qoyulmuş Oğuz-Qəbələ-Bakı su kəməri 3 ildən sonra istifadəyə verildi. Bu kəmər istismara veriləndən sonra Bakı şəhərinin içməli su təchizatında sabitlik yaradıldı. Təsadüfi deyil ki, bu mənbədən gətirilən suyun hesabına hazırda paytaxt sakinlərinin 78 faizi fasiləsiz içməli su ilə təmin edilir.
– “Azərsu” ASC-nin yaradılmasının 10 ili tamam olur. Ötən dövrdə əldə olunmuş nailiyyətlər barədə nə deyə bilərsiniz?
– İçməli su təchizatı və kanalizasiya sektorunda vahid idarəetmə sisteminin yaradılması məqsədilə ölkə Prezidenti İlham Əliyev 2004-cü il iyun ayının 11-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalamışdır. Ötən dövrdə cəmiyyətin fəaliyyəti çoxşaxəli olmuş, su təchizatı və kanalizasiya sektorunda mühüm nailiyyətlər əldə edilmişdir. Belə ki, həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində 2004-2013-cü illərdə su təchizatı sektoru üzrə 5130 kilometr içməli su və 1810 kilometr kanalizasiya xətləri çəkilmiş, yeni suqəbuledici qurğular, su anbarları, nasos stansiyası tikilərək istismara verilmişdir. Görülmüş işlərin nəticəsidir ki, 10 il əvvəl ölkə üzrə xidmət göstərilən əhalinin cəmi 26 faizi fasiləsiz içməli su alırdısa, hazırda bu rəqəm 55 faizə çatdırılmışdır.
Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət daşıyan, memarı ulu öndərimiz Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə paytaxtın su təchizatında sabitlik təmin edilmişdir. Bunun da nəticəsində Kür sutəmizləyici qurğularından Abşeron yarımadasına verilən suyun həcminin azaldılmasına və yaranan əlavə ehtiyatın su təchizatı zəif olan bölgələrə yönəldilməsinə imkan yaranmışdır. Beləliklə, 1970-ci illərdə ulu öndər Heydər Əliyevin kənd və qəsəbələrin mərkəzləşdirilmiş qaydada su təminatının həyata keçirilməsi üçün irəli sürdüyü qrup su kəmərləri ideyasının reallaşması mümkün olmuşdur.
Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edərək Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri layihələndirilmiş və real işlərə başlanılmışdır. Artıq Şirvan-Muğan qrup su kəmərinin birinci mərhələsi istismara verilmişdir. 107 kilometr uzunluğunda kəmər cəmi bir il ərzində inşa edilmiş və bu mənbədən Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinə içməli suyun verilməsinə başlanılmışdır. Neftçala və Salyan şəhərlərinə, eləcə də kəmər boyu yerləşən kəndlərə suyun verilməsi ilə bağlı işlər davam etdirilir. Bu layihədən 5 şəhərlə yanaşı, 121 kənd, bütövlükdə isə 470 min sakin faydalanacaq. Eyni zamanda, Kür sutəmizləyici qurğularının imkanlarından istifadə etməklə Saatlı və Sabirabad şəhərləri, həmçinin 36 kəndin su problemi də öz həllini tapacaq.
Bu məqsədlə hazırda uzunluğu 65 kilometr olan magistral kəmər inşa edilir. Tezliklə bu şəhərlərin və marşrut boyunca yerləşən kəndlərin 100 mindən artıq sakini keyfiyyətli su ilə təmin ediləcək. Bununla yanaşı, hazırda Mərkəzi Aran bölgəsini əhatə edən bir sıra rayonların, Gəncə şəhəri, Şəmkir və Samux rayonlarının, eləcə də cənub bölgəsində yerləşən yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə magistral kəmərlərin və sutəmizləyici qurğuların tikintisi uğurla davam etdirilir.
Regionlarda həyata keçirdiyimiz layihələr çərçivəsində içməli su çatışmazlığının müşahidə olunduğu kəndlərdə də bu problemin həllinə xüsusi diqqət yetirilir. Magistral kəmərlərin keçdiyi ərazilərdə yerləşən, eləcə də rayon mərkəzlərinə yaxın kəndlərin bir hissəsi layihələrə daxil edilib. Hazırda “Azərsu” ASC-nin sifarişi ilə 24 rayonda icra olunan layihələr üzrə belə kəndlərin sayı 350-dən çoxdur. Şəhər mərkəzlərindən, su mənbələrindən və magistral xətlərdən uzaqda yerləşən kəndlər üçün fərdi layihələr hazırlanıb həyata keçirilir. Bütövlükdə isə, 2004-cü ildən indiyədək regionların sosial-iqtisadi inkişafı ilə bağlı icra olunmuş iki dövlət proqramı çərçivəsində “Azərsu” ASC tərəfindən bölgələrdə 3430 kilometr içməli su xətti, 1225 kilometr kanalizasiya kollektorları və şəbəkəsi, 96 ədəd su anbarı, 39 ədəd su və kanalizasiya nasos stansiyası tikilmişdir.
– “Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrdə də su və kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı layihələr həyata keçirir. Bu sahədə görülən işlər və perspektiv planlar barədə bir qədər ətraflı məlumat verərdiniz.
– “Azərsu” ASC-nin su təchizatı və kanalizasiya infrastrukturunun yaradılması istiqamətində reallaşdırdığı layihələrin böyük bir hissəsi Bakı şəhəri və Abşeron yarımadasında həyata keçirilir. Qeyd edim ki, layihələrin səmərəliliyini artırmaq məqsədilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması sistemləri üzrə Master Plan hazırlanmışdır. Sənədə əsasən, Bakı şəhəri və Abşeron yarımadasının su-kanalizasiya infrastrukturu xeyli genişlənərək bütün yaşayış məntəqələrini əhatə edəcəkdir. Plana uyğun olaraq, Abşeron yarımadasında 8100 kilometr su, 6400 kilometr kanalizasiya xətləri və 140 kilometr uzunluğunda kanalizasiya kollektoru çəkiləcək. Qarşıdakı illərdə tutumu 650 min kubmetr olan 85 su anbarının, ümumi məhsuldarlığı sutkada 685 min kubmetr olan 7 çirkabtəmizləyici qurğunun tikintisi və yenidən qurulması nəzərdə tutulur. Master Plana əsasən, hazırda Bakı şəhəri və Abşeron yarımadasının 40-dək yaşayış məntəqəsində layihələr icra edilir.
Bakı şəhəri və Abşeron yarımadasında əhalini keyfiyyətli və dünya standartlarına uyğun içməli su ilə təmin etmək əsas prioritetimizdir. Bu məqsədlə inşa edilən Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi davam etdirilir. Məhsuldarlığı saniyədə 6 kubmetr olacaq bu qurğuda müasir metodla təmizlənəcək su Bakı, Sumqayıt və Xırdalan şəhərləri və ətraf qəsəbələrdə yaşayan 1 milyona yaxın insanın içməli su təchizatına öz töhfəsini verəcək. Abşeron yarımadasının mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmayan qəsəbələrini içməli su ilə təmin etmək məqsədilə Ceyranbatan-Balaxanı-Qala magistral kəməri qısa müddətdə tikilərək 2013-cü ilin avqust ayında istifadəyə verilmişdir. Kəmərin istifadəyə verilməsi nəticəsində 20-dək qəsəbənin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır. Layihənin davamı olaraq Zirə və Pirallahı qəsəbələri istiqamətində yeni magistral xəttin tikintisi davam etdirilir. Ümumilikdə, bu layihədən 600 min nəfərin faydalanacağı gözlənilir.
Bakı şəhərinin mərkəzi hissəsində də su təchizatının yaxşılaşdırılması istiqamətində işləri davam etdiririk. Möhtərəm Prezidentimiz İlham Əliyevin əhalinin 24 saat keyfiyyətli içməli su təminatı barədə tapşırığına uyğun olaraq, indiyədək 900-dən artıq çoxmənzilli binanın daxili su təchizatı sistemləri yenidən qurulmuşdur. Nəticədə, binaların alt paylayıcı xətləri və dik dayaqları tamamilə yenilənmiş, hər bir mənzil “smart-kart” tipli sayğacla təmin edilmişdir.
Hazırda tullantı sularının axıdılması istiqamətində də mühüm layihələr həyata keçiririk. 2011-ci ildən bu sahədə başlanan işlər həm paytaxtda, həm də bölgələrdə geniş vüsət almışdır. Bakı şəhərində uzun müddət istismarda olan və yararsız vəziyyətə düşmüş xətlərin bir hissəsi dəyişdirilmiş, yeni kanalizasiya xətləri və kollektorlar çəkilmiş və hazırda bu sahədə işlər davam etdirilir.
Qarşıda içməli su təchizatı və kanalizasiya sektorunda yeni layihələrin icrası dayanır. Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyev həm regionların, həm də Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqramlar təsdiq edib. Proqramların əsas istiqamətlərindən biri əhalinin fasiləsiz içməli su ilə təchiz edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinın yaxşılaşdırılmasıdır. “Azərsu” ASC-nin kollektivi dövlət başçısının müəyyənləşdirdiyi hədəflərə nail olmaq üçün bütün imkanları səfərbər etmişdir.
Müsahibəni apardı:
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.