Türkiyə rəsmilərinin Ermənistanla sərhədi açmaq cəhdləri Azərbaycana, dostluğumuza və qardaşlığımıza arxadan zərbədir

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın bu günlərdə mətbuata verdiyi açıqlaması ölkəmizdə ciddi narazılıq yaradıb. H.Kılıçın açıqlamasında Ermənistanda keçiriləcək NATO təlimləri sırasında Türkiyə - Ermənistan sərhədlərinin müvəqqəti də olsa, açılacağı bildirilir. Politoloqların fikrincə, səfirin "Türkiyə - Ermənistan sərhədinin sadəcə təlim avadanlığını daşıyan maşınların keçməsi üçün istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant kimi dəyərləndirilməkdədir" - fikri sərhədlərin ümumiyyətlə açılmasının başlanğıcı ola bilər.
Türkiyəli diplomatın bu açıqlaması politoloqlar və siyasi partiya rəhbərləri tərəfindən çox sərt qarşılanmışdır.
Kamil Seyidov, politoloq, Azad Respublikaçılar Partiyasının sədri:
- Türkiyə dövlət rəsmilərinin ikili standartdan çıxış etmələri üzdə "biz Ermənistanla düşmən, Azərbaycanla bir millətik" demələri, üzlərini yana çevirən kimi ermənilərə dost münasibət göstərmələri başa düşülən deyil. Hələ 2009-cu ildə Türkiyə - Ermənistan sərhədlərinin açılması və iki ölkə arasında diplomatik əlaqələrin qurulması ilə bağlı aparılan danışıqlar zamanı bizim partiyamız kəskin etirazını bildirdi və bəyanatla çıxış etdik. Fikir verin, iki ölkə arasında diplomatik əlaqələrin bərpa olunması ilə əlaqədar Sürixdə protokol imzalanır, Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan və digər dövlət rəsmiləri isə deyirlər ki, Türkiyə - Ermənistan sərhədləri açılmayacaq. Dövlət rəsmilərinin qeyri-ciddiliyi, açıq şəkildə yalan danışmaları, ikili mövqe nümayiş etdirmələri adamda təəccüb doğurur. Yəni doğrudanmı, Türkiyə dövlətinin rəhbərləri ermənilərin türklərə qarşı törətdikləri amansız soyqırımını unudublar? Kim bilir, bəlkə də Türkiyənin indiki rəhbərliyi digər dövlətlərin parlamentlərinin türklərin ermənilərə qarşı qondarma soyqırımının tanınması barədə qərar qəbul etmələrini dəstəkləyirlərmiş. Demək, onların bu qərarlara etiraz etmələri də gözdən pərdə asmaq imiş. Bu gün Türkiyə - Ermənistan sərhədlərinin açılmasında min oyundan çıxan Türkiyə rəsmilərinin ikili mövqeləri də bunu təsdiqləyir.
Əgər 2009-cu ildə Azərbaycan və türk xalqları kəskin etiraz etməsəydilər, bəlkə də sərhəd qapıları indi çoxdan açılmışdı. Yəqin ki, heç kimin yaddaşından silinməyib. 2009-cu ildə Ermənistanla Türkiyə arasında gedən danışıqlar prosesi sonda Sürixdə müvafiq sənədlərin imzalanması ilə nəticələndi və sərhədlərin açılması istiqamətində real addımlar atılmağa başlandı. Onu da qeyd edək ki, Azərbaycan dövlət başçısının qətiyyətli mövqeyi milli maraqlarımıza zidd olan bu prosesin qarşısını aldı. Heç üstündən bir il ötməmiş Türkiyə rəhbərliyi ermənilərə olan məhəbbətini yenidən büruzə verməyə başladılar.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Prezident Abdullah Gülün ölkəmizə rəsmi səfərindən iki gün sonra Türkiyə - Ermənistan sərhədlərinin açılmasında maraqlı olmaları barədə açıqlama verməsinə nə ad vermək olar? Qardaş qardaşa arxadan zərbəmi vurar?! Səfiri danışdıran, onu bu fikri səsləndirməyə vadar edən kimlərdir? Əgər fikir verdinizsə, Türkiyə Prezidenti Abdullah Gül Bakıda rəsmi səfərdə olarkən keçirdiyi mətbuat konfransında 2010-cu il sentyabrın 11-17-də NATO çərçivəsində Ermənistanda keçiriləcək təlimlərlə bağlı Türkiyə - Ermənistan sərhədinin açılması ehtimalı barədə mətbuatda gedən məlumatı konkret cavablandırmaqdan yayındı.
Türkiyənin hazırki hökumətinin ermənilərə olan məhəbbəti, onlara kömək göstərmələri, erməni sevgisi barədə çoxlu faktlar var. Mən bunlardan birini diqqətə çatdırmaq istərdim. Türkiyədə rəsmi səfərdə olarkən bu ölkənin Baş nazirinin xanımı şəxsən özü öz mətbəxində Ermənistan Prezidenti üçün xörək hazırlamışdı və bunu da çox fəxrlə, sevinə-sevinə bəyan etdi. Məgər Türkiyə Prezidentinin Administrasiyasında Ermənistan prezidenti üçün xörək hazırlayan tapılmadımı? Bütün bunlar ermənilərə olan xüsusi hörmətdən irəli gəlmirmi? Elə sərhədlərin açılması məsələsinə diqqət yetirək. Məgər Türkiyənin Baş naziri və Prezidenti bilmirmi ki, Türkiyə Ermənistanla sərhədləri açsa, batmaqda olan Ermənistan iqtisadiyyatı dirçələcək, ermənilər qüvvətlənəcək və yenidən həm Azərbaycana, həm də türklərə qarşı daha kəskin formada soyqırımı törədəcəklər. Yoxsa, Türkiyə rəsmiləri unudurlar ki, Ermənistan Azərbaycanın 20 faizdən çox ərazisini işğal edib və bu işğal nəticəsində 1 milyondan artıq soydaşımız öz doğma ev-eşiklərindən, ata-baba torpaqlarından didərgin salınıblar? Demək, Ankaranın "səssiz diplomatiyasında" əsas maraq "zavallı" ermənilərə qayğıkeşlik imiş. Biz bunu türkiyəli diplomat Hulusi Kılıçın açıqlamasında bir daha hiss etdik.
Bir qədər əvvəl Türkiyənin dövlət rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədr dövlətlər sırasına bu ölkənin də daxil olunmasını israr edirdilər. 2009-cu və 2010-cu il hadisələri (Türkiyə - Ermənistan sərhədlərinin açılması) təsdiqlədi ki, Türkiyə rəsmiləri öz ölkələrinin həmsədr dövlətlər arasında olmasından istifadə edib, çox güman ki, Ermənistanı müdafiə edəcəklərmiş. Onların bu gün ermənilərə olan məhəbbətlərini açıq büruzə vermələri də bunu təsdiqləyir.
Hesab edirəm ki, səfir Hulusi Kılıçın bu açıqlaması Türkiyə - Ermənistan sərhədlərinin açılmasının başlanğıcı ola bilər. Biz bunu kəskin pisləyir və Türkiyə kimi qüdrətli bir dövlətin rəhbərliyində təmsil olunanların ikili mövqe nümayiş etdirmələrindən təəssüfləndiyimizi bildiririk. Onların yenidən sərhəd məsələsini gündəliyə gətirmələri və ya digər vasitələrlə onun açılmasına cəhdlər göstərmələri Azərbaycan - Türkiyə münasibətlərinə ciddi xələl gətirəcək. Hesab edirəm ki, Türkiyə rəhbərliyinin Ermənistanla sərhədləri açmaq cəhdləri azəri-türk xalqlarına xəyanət, Türkiyənin Ermənistan qarşısında məğlubiyyəti, acizliyi, uğursuz diplomatiyasıdır. İnanırıq ki, əzəmətli türk xalqı bu biabırçılığa heç vaxt yol verməyəçək və Türkiyə rəhbərliyinin erməni sevgisini onların gözündə qoyacaq.

{nl}

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında