Stepan MESİÇ: Xorvatiya ilə Azərbaycan arasında həll olunmamış siyasi məsələ yoxdur

 

 

Xorvatiyanın sabiq Prezidenti, Azərbaycan-Xorvatiya Dostluq Cəmiyyətinin sədri Stepan Mesiç AzərTAc-a məxsusi müsahibə vermişdir.

– Cənab Mesiç, Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli əlaqələri necə qiymətləndirirsiniz?

– Sizə məlumdur ki, mən Xorvatiyanın Prezidenti olduğum zaman, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi üçün intensiv işləyirdim. Biz onda gördük ki, ölkələrimiz arasındakı münasibətlərdə həll olunmamış siyasi məsələ yoxdur. Digər tərəfdən isə iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün mühüm potensial mövcuddur. Bu potensialdan daha səmərəli istifadə olunmalıdır. Azərbaycan ilə əlaqələr Xorvatiyanın xarici siyasətində prioritet olmalıdır. Ümumiyyətlə, ölkələrimiz arasında əlaqələrin inkişafına yeni yanaşma mexanizmləri yaradılmalıdır.

– Azərbaycanın müasir tarixində Xorvatiya ilə çox oxşarlıq mövcuddur. Xorvatiyanın da müasir tarixində ərazi problemləri olub. Azərbaycan ərazisinin 20 faizi 20 ildən artıqdır ki, işğala məruz qalıbdır. Xorvatiya Azərbaycanı bu məsələdə dəstəkləyir. Bu kontekstdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini necə görürsünüz?

– Fikrimcə, üçüncü ölkədən olan siyasətçi, eyni zamanda, istefada olan Prezident kimi, mənə ölkələrin daxili mübahisələri, ümumiyyətlə, ölkənin başqa qonşu ölkələrlə malik olduğu münaqişələrin həlli yolları barədə fikir bildirmək münasib deyildir. Prinsipcə isə mən deyə bilərəm ki, hər hansı bir ölkənin ərazi bütövlüyü şübhə altına salına bilməz və hər hansı bir açıq problem sonunda həllini yalnız danışıqlar yolu ilə tapa bilər və tapmalıdır. Mən bir neçə dəfə dediyim fikri təkrar etmək istəyirəm: “On gün müharibə aparmaqdansa, on il danışıqlar aparmaq daha yaxşıdır”.

– Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əlaqələrin gələcəyini necə görürsünüz?

– Zənnimcə, bu əlaqələri inkişaf etdirmək üçün kifayət qədər potensial vardır. Başlıcası isə hər iki ölkə iqtisadi əməkdaşlığı ən yüksək səviyyədə inkişaf etdirmək istəyir. Əlbəttə, Xorvatiyanın iqtisadi potensialını Azərbaycanın iqtisadi imkanları ilə müqayisə etmək düzgün olmazdı. Azərbaycan sürətlə inkişaf edən ölkədir. Mən əminəm ki, Xorvatiya Azərbaycan investisiyası üçün yaxşı bazar ola bilər.

– Siz Azərbaycan-Xorvatiya Dostluq Cəmiyyətinin sədrisiniz. Cəmiyyətin indiki və gələcək fəaliyyəti barədə nə deyə bilərsiniz?

– Azərbaycan-Xorvatiya Dostluq Cəmiyyəti bizim ölkədəki dostluq cəmiyyətləri şəbəkəsinin bir hissəsidir. Bu şəbəkəyə daxil olan bütün cəmiyyətlərin eyni və əsas məqsədləri vardır. Bunlar xalqların və dövlətlərin bir-birilərini daha yaxşı anlaması üçün yardım etmək, bütün sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Məhz Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyəti bu cür fəaliyyət göstərir və göstərəcəkdir. Cəmiyyətin sədri kimi, mən çalışacağam ki, təşkilatımız öz fəaliyyəti ilə Xorvatiyanın xarici siyasəti üçün faydalı əlavə stimulu olsun.

– Sizin qeyd etdiyiniz kimi, Xorvatiyada investisiya yatırımı üçün yaxşı mühit vardır. Deyə bilərsinizmi ki, Azərbaycan iş adamlarını və investorlarını maraqlandıra biləcək sahələr hansılardır?

– Bu suala hazırkı Xorvatiya hökumətindən kimsə cavab verməlidir. Ümumiyyətlə isə, deyə bilərəm ki, biz turizm, kənd təsərrüfatı, infrastruktur sahələrinə investisiyaları alqışlayardıq. Əlbəttə, Xorvatiya üçün çox böyük əhəmiyyət kəsb edən energetika sahəsində müəyyən işlər görülmüşdür və mən bunu səmimiyyətlə alqışlayıram.

İqbal HACIYEV

AzərTAc-ın xüsusi müxbiri

Buxarest

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında