Azərbaycan Respublikası sərhəd mühafizəsinin 91-ci ildönümü tamam olur

Vətənə məhəbbət, dövlətə və xalqa sədaqət
Müsahibimiz Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyevdir

{nl}

Hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır.
Heydər ƏLİYEV Ümummilli lider

{nl}

Azərbaycan möhkəmlənəcək və zəngin, qüdrətli dövlətə çevriləcəkdir. Bütün bunları təmin etmək üçün sabitlik, təhlükəsizlik, ictimai-siyasi asayiş olmalıdır. Sərhəd Qoşunlarının bu işlərdə böyük əməyi var, mən bunu, görülən işləri də yüksək qiymətləndirirəm. Çox yüksək səviyyədə peşəkarlıq var, hazırlıq yüksək səviyyədədir. Eyni zamanda, vətənpərvərlik ruhu da yüksəkdir. Bu, həmişə lazımdır və bu da var. Mən bunları görəndə çox sevinirəm.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}

- Cənab general-mayor, sizi və ölkəmizin bütün sərhədçilərini peşə bayramınız münasibəti ilə təbrik edirik.
- Çox sağ olun. Ölkəmiz Sərhəd Qoşunlarının yaradılmasının 91-ci ildönümünü qeyd edir. Əslində isə Azərbaycanda sərhədçi peşəsinin tarixi bu ərazilərdə ilk dövlətin yaranmasından başlanır. Çünki hər hansı bir dövlət yaranırsa, demək, onun ərazisi və hüdudları olur. Ərazisi qorunmayan dövlətdə dövlətçilikdən danışmağa dəyməz. Bu baxımdan Azərbaycanda sərhədçi peşəsi, şübhəsiz ki, hələ lap qədim zamandan, yəni miladdan əvvəl 843-cü ildə yaradılmış Manna dövlətinin zamanından mövcud olmuşdur. Avqust ayının 18-nin sərhədçilərin peşə bayramı kimi qeyd olunması isə 91 il əvvəl- 1919-cu il avqustun 18-də Azərbaycan Parlamentinin "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında"Qanun qəbul etməsi ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin imzaladığı 16 avqust 2000-ci il tarixli sərəncamla 18 avqust Sərhəd Qoşunlarının şəxsi heyətinin peşə bayramı təsis edilmişdir. Dahi rəhbərimizin bu qərarı varislik prinsipinin, həm də milli yaddaşın bərpası sahəsində ardıcıl fəaliyyətin nəticəsidir.
Sərhədçi peşəsi Vətənə məhəbbətdən, xalqa və dövlətə sədaqətdən yaranıb, doğma torpağa və xalqa, dövlətə xidmət üçündür. Buna görə də 18 avqust həm də Vətənini, xalqını və dövlətini sevən hər bir şəxs üçün bayramdır.
- Sərhədçilərimiz builki peşə bayramlarını hansı əhval-ruhiyyə ilə qarşılayırlar?
- Dövlət Sərhəd Xidməti Vətənimizin hüdudlarının toxunulmazlığını təmin etməklə yanaşı, sərhədlərimizin mühafizəsi işinin təkmilləşdirilməsi istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhədçilərlə görüşləri, sərhədçilərə yaradılmış şəraitlə şəxsən tanış olması, problemlərin həll edilməsinə yüksək qayğı göstərməsi, görülmüş işləri müsbət qiymətləndirməsi Vətənimizin sərhədləri keşiyində duran hər bir sərhədçinin məsuliyyət hissini xeyli artırır, böyük ruh yüksəkliyi yaradır.
Bu il cənab Ali Baş Komandanın aprel ayının 29-da Göytəpə Sərhəd Dəstəsi qarnizonunun və avqust ayının 10-da Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimlərində iştirak etməsi, avqust ayının 12-də isə Xudat Sərhəd Dəstəsində yeni inşa olunmuş Yuxarı Zeyxur sərhəd zastavasında olması sərhədçilərimizin qəlbini fərəh hissi ilə doldurmuşdur. Sərhədçilər öz peşə bayramlarını məhz bu fərəh hissinin və ruh yüksəkliyinin yaratdığı xoş ovqatla, əzmkar əhval-ruhiyyə ilə qarşılayırlar.
- Bu gün gənclərin çoxu Sərhəd Qoşunlarının əsgəri olmaq istəyir, sərhədçi zabit olmaq istəyənlərin sayı da az deyil. Sizcə, bu, nə ilə əlaqədardır?
- Dövlət Sərhəd Xidməti qısa müddət ərzində böyük inkişaf yolu keçib, formalaşıb və dövlət sərhədlərinin etibarlı mühafizəsini yüksək səviyyədə təşkil etməyə qadir olan bir quruma çevrilib. Bütün bunlar ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin sərhədlərinin mühafizəsinə və sərhədçilərə göstərdiyi böyük diqqət və qayğının nəticəsində mümkün olub. Sərhədçilər üçün yaradılmış xidmət və məişət şəraiti yüksək səviyyədədir. Son illər ölkəmizdə güclü, dünya standartlarına tam cavab verən, texniki cəhətdən ən müasir səviyyədə təmin olunmuş sərhəd infrastrukturları yaradılıb.
Bundan əlavə, təsadüfi deyil ki, ulu öndərimiz sərhədçi peşəsini romantik peşə adlandırıb. Bu peşənin sözlə ifadəsi çətin olan, böyük romantikası var. Gənclər isə romantikaya daha çox meylli olurlar. Əlbəttə ki, Sərhəd Qoşunlarında mövcud olan yüksək mənəvi-psixoloji vəziyyət, əhval-ruhiyyə, nizam-intizam və digər səbəblər də gənclərimizin diqqətindən kənarda qalmır.
- Cənab general-mayor, mümkünsə, Sərhəd Qoşunlarında döyüş hazırlığının vəziyyəti barədə məlumat verərdiniz.
- Müxtəlif döyüş silahları, texnika və texniki vasitələrlə ölkəmizin sərhədləri boyunca fasiləsiz olaraq sərhəd xidmətini təşkil edən sərhədçilər həm mənəvi-psixoloji, həm fiziki, həm taktiki cəhətdən yüksək hazırlığa malik olmalı, həm də hərbi texnikanı və silahları, digər spesifik cihaz, qurğu və vasitələri tam mənimsəməli, gündəlik fəaliyyətdə uğurla tətbiq etməyi bacarmalıdırlar. Daim xüsusi diqqət mərkəzində duran məsələlərdən ən əsası sərhədçilərin döyüş hazırlığının yüksək səviyyədə olmasıdır. Dövlət sərhədinin mühafizəsində ən mühüm amil olan döyüş hazırlığının daha da yüksəldilməsi məqsədi ilə Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev tərəfindən ötən il "Döyüş hazırlığının daha da yüksəldilməsi ili" elan olunmuşdu.
Döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin bütün qurumlarında xüsusi tədbirlər planı tərtib edildi, qarşıda duran vəzifələr dəqiqləşdirilərək ardıcıl şəkildə yerinə yetirildi. Yeni tədris vəsaitlərinin hazırlanması, döyüş atışı ilə taktiki və xüsusi taktiki təlimlərin keçirilməsi kimi tədbirlərin icrası üçün bir sıra konkret addımlar atıldı. Qoşunların maddi-təlim bazasının təkmilləşdirilməsi istiqamətində konkret işlər görüldü. Bir faktı qeyd etməliyəm ki, keçən ilin avqust ayından hərbi hissə və bölmələrdə şəxsi heyət 40 min 974 dəfə "həyəcan" siqnalı üzrə qaldırılmış, müxtəlif kateqoriyalı hərbi qulluqçularla 224 dəfə gecə və gündüz praktiki atışlar keçirilmişdir.
Ümumiyyətlə, döyüş hazırlığının səviyyəsinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər sərhədçilərin xidmətinə çox müsbət təsir göstərmişdir. Döyüş hazırlığının səviyyəsini Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində mütəmadi olaraq keçirilən təlimlər də əyani şəkildə nümayiş etdirir. Ötən il sentyabr ayının 23-25-də Xəzər dənizində, noyabr ayının 11-də Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində, həmin ayın 24-də Şəmkir Sərhəd Dəstəsində, ötən il və bu ilin iyun ayında Müdafiə Nazirliyi ilə birgə keçirilən taktiki təlimlərdə, cari ilin iyun ayının 14-də Xəzər dənizində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Rusiya Federasiyası FTX Sərhəd Xidmətinin birgə keçirdiyi əməliyyat-taktiki təlimlərdə sərhədçilər sübut etmişlər ki, əməliyyat şəraitinin dəyişməsindən asılı olmayaraq qarşıya qoyulmuş vəzifələri daim yüksək səviyyədə yerinə yetirməyə qadirdirlər.
- Xəzər dənizindən söz düşmüşkən... Cənab general-mayor, ölkəmizin dəniz sərhədlərinin mühafizəsi istiqamətində hansı işlər görülüb?
- Müstəqilliyimizin ilk illərində quru sərhədlərimizin mühafizəsini, yalnız fiziki imkanlar hesabına və böyük çətinliklə də olsa, təşkil edən milli sərhədçilərimiz dəniz sərhədlərində dövlətimizin maraqlarının təmin edilməsində daha böyük problemlərlə üzləşmişdilər. Çünki dəniz sərhədlərini nəzarət altına almaq üçün ilk növbədə gəmi və katerlər, digər texniki vasitələr lazım idi ki, bunlar da yox idi. Bakıdakı əlahiddə sərhəd gözətçi gəmilər briqadası Rusiya sərhədçilərindən təhvil alınanda dəniz sərhədlərinə cəlb olunan gəmilərin hamısı, silah-sursat, avtomobil və digər texnika Həştərxana aparıldığından Azərbaycanda yalnız xidmətə yararsız vəziyyətdə olan 2 gəmi, qəza vəziyyətində olan binalar və cəmi 32 hərbi qulluqçu qalmışdı.
Ulu öndər Heydər Əliyev Dövlət Sərhəd Xidmətinin yaradılması barədə qərar verdikdən sonra ölkəmizin sərhəd mühafizəsi tarixində yeni mərhələ başlandı. Sərhəd gözətçi gəmilər briqadasında əsaslı tikinti və təmir işləri aparıldı. Gəmilərin cari və tərsanə təmiri, müasir tipli radioelektron və naviqasiya cihazları, qəza-xilasetmə və digər avadanlıqlarla, katerlərlə təmin edilməsi işləri yüksək səviyyədə həyata keçirildi.
Dəniz sərhədlərimizin mühafizəsini daim xüsusi diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin tərkibində Sahil Mühafizəsi yaradıldı və dəniz sərhədlərimizin qarşısına qoyulmuş vəzifələr daha mühüm xarakter daşıdı.
Son illər Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində də böyük inkişafa nail olunmuşdur. Xızı, Astara, Lənkəran, Türkan, Yalama, Neftçala texniki-müşahidə məntəqələrində xidmət təşkil edilmişdir. Sahil Mühafizəsinin maddi-texniki bazası möhkəmləndirilmiş, döyüş vahidlərinin sayı artırılmışdır, kadr hazırlığına xüsusi diqqət yetirilmişdir. Dəniz sərhədlərinin müasir mühafizə sistemi, Astara şəhərində müasir tələblərə cavab verən cənub katerlər divizionu yaradılmışdır.
2008-ci il noyabr ayının 8-də açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirak etdiyi yeni və regionda bənzəri olmayan bazanın istifadəyə verilməsi, burada ən müasir avadanlıq və vasitələrin quraşdırılması Xəzər dənizinin Azərbaycan hissəsində nəzarətin gücləndirilməsinə, dəniz sərhədlərinin, neft-qazçıxarma rayonlarının, platforma və sualtı boru kəmərlərinin daha etibarlı şəkildə mühafizəsinə, beynəlxalq terrorizmə, qeyri-qanuni miqrasiyaya, qaçaqmalçılıq və narkotik maddələrin, kütləvi qırğın silahlarının komponentlərinin, radioaktiv maddə və materialların qanunsuz dövriyyəsinə, bioresursların qorunmasında müvafiq qurumlara köməkliyin göstərilməsinə, axtarış-xilasetmə əməliyyatlarının keçirilməsinə geniş imkanlar yaratmışdır. Ümumiyyətlə, bu gün Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi dənizdə dövlət maraqlarımızın qorunması və təhlükəsizliyin təmin edilməsi üçün mükəmməl və müasir tələblərə tam cavab verən infrastruktura malikdir.
- Dövlət Sərhəd Xidməti apardığı tikinti-quruculuq işləri, dinamik inkişafı ilə də fərqlənir.
- Düzgün qeyd edirsiniz. Əsaslı tikinti-quruculuq işləri aparmadan, yeni sərhəd infrastrukturları yaratmadan müstəqil dövlətimizin sərhədlərinin toxunulmazlığını lazımi səviyyədə təmin etmək mümkün olmazdı. Müstəqil Azərbaycanın öhdəsinə düşən sərhədlərin uzunluğu sovet Azərbaycanı dövründəki ilə müqayisədə 4 dəfədən də çoxdur. Bilirsiniz ki, sovet dövründə ölkəmizin yalnız cənub sərhədləri mühafizə olunduğundan digər istiqamətlərdə heç bir sərhəd infrastrukturu mövcud deyildi. Buna görə də dövlət sərhədlərimizdə tikinti-quruculuq işləri aparmaq, yeni sərhəd infrastrukturları yaratmaq zərurət idi. Qürur hissi ilə demək olar ki, Dövlət Sərhəd Xidməti dinamik inkişafa nail olmaqla bu vəzifənin öhdəsindən yüksək səviyyədə gəlir.
Sərhədlərimizin etibarlı mühafizəsi üçün çox böyük quruculuq işləri görülmüşdür və bu proses uğurla davam etdirilir. Bütün görülmüş işlərdən danışmaq xeyli vaxt aparar. Mən qısaca olaraq bəzi ümumiləşdirmələr apara bilərəm. Cənab Prezidentin 2005-ci il dekabr ayının 27-də "Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalaması DSX-də quruculuq işlərinə böyük təkan verdi. Bu proqram dövlət sərhədlərimizin mühafizəsinə göstərilən yüksək qayğının təzahürü olmaqla bərabər, həm də böyük stimula çevrildi.
Göstərilən yüksək qayğı dövlət sərhədlərimizin daha etibarlı şəkildə qorunmasında, Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsində, müasir texnika, avadanlıq və ləvazimatlarla təminatda, kadr hazırlığında, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində, yeni sərhəd infrastrukturlarının yaradılmasında öz əksini konkret şəkildə tapmışdır. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, dövlət proqramı uğurla həyata keçirilmiş, qarşıya qoyulmuş vəzifələr, demək olar ki, tam yerinə yetirilmişdir.
Bu isə xidmətin bütün sahələrinə - dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsinə, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizədə imkanlarımızın genişləndirilməsinə, yeni sərhəd məntəqələrinin tikintisinə, dövlət sərhədində mühəndis-texniki qurğuların yaradılmasına və bərpa edilməsinə, qoşunların döyüş və səfərbərlik hazırlığının artırılmasına, müasir idarəetmə infrastrukturunun yaradılmasına, buraxılış məntəqələrində sərhəd nəzarətinin müasir tələblər səviyyəsində təşkil edilməsinə, beynəlxalq sərhəd əməkdaşlığının inkişafına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılmasına, hərbi qulluqçuların maddi, sosial, hüquqi təminatının yaxşılaşdırılmasına çox böyük təsir edir.
Texniki inkişaf, müasir avadanlıq və vasitələrlə təchizat, təbii ki, sərhədlərimizin mühafizəsinin səviyyəsini daha da yüksəldir. Məsələn, sərhəd dəstələrində videonəzarət sistemlərinin yaradılması, sərhəd zastavalarında müşahidə kameralarının quraşdırılması və görüntülərin dəstə qərargahına ötürülməsi nəticəsində bilavasitə sərhəd xəttində xidmətin təşkilinə nəzarəti xeyli gücləndirib. Yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr xidmətin müasir tələblər səviyyəsində qurulmasına geniş imkanlar yaradır.
Dövlət Proqramı çərçivəsində görülmüş işlər arasında Sahil Mühafizəsinin yeni bazasını, aviasiya bazalarını, "Sərhədçi" idman olimpiya mərkəzini, Şüvəlan qəsəbəsində hərbi hissəni, Horadiz, Şəki, Zaqatala, Şəmkir, Göytəpə sərhəd dəstələrinin qarnizonlarını xüsusi qeyd etmək olar. 2007-ci ilin iyun ayının 12-də ölkə Prezidenti İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. 2008-ci ilin sentyabr ayının 14-də Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başladılar. Eyni zamanda, Bakı şəhərində akademiya üçün binanın tikintisinə başlanıldı və bu iş az vaxt ərzində başa çatdırıldı.
Akademiya son illərdə respublikamızda inşa olunan ən böyük və əzəmətli tədris ocağıdır. Bunlardan əlavə, xidməti heyvanlar təlimatçılarının hazırlıq mərkəzində bir sıra yeni tikintilər, yeni sərhəd məntəqələrinin inşaası davam etdirilir. Sovet dövründən qalmış tikintilərdə əsaslı təmir-tikinti və yenidənqurma işləri görülür. Ümumilikdə götürsək, Dövlət Sərhəd Xidməti apardığı quruculuq işləri ilə də fərqlənən bir qurumdur.
- Sərhəd xidmətinin təşkilinə müsbət təsir edən amillərdən biri də sosial məsələlərin uğurlu həllidir.
- Əlbəttə, bu, çox güclü amildir. Buna görə də Dövlət Sərhəd Xidmətinin fəaliyyətində sərhədçilərin sosial məsələlərinin həlli xüsusi diqqət mərkəzindədir. Sosial məsələlərin həllinə göstərilən diqqət də öz mənbəyini Baş Komandanın bu sahəyə göstərdiyi xüsusi qayğıdan alır. Prezident İlham Əliyev sərhədçilərlə keçirdiyi bütün görüşlərdə sərhəd mühafizəsi işinin təşkili, texniki avadanlıqlarla təminat, tikinti-quruculuq işləri, mənəvi, fiziki və psixoloji, döyüş hazırlığı məsələləri ilə yanaşı, şəxsi heyətin sosial-məişət şəraiti ilə də daim maraqlanır, əsgər yataqxanalarına baş çəkir, əsgər yeməkxanalarında nahar edir. Sərhədçilərin sosial-məişət şəraitinə göstərilən bu diqqət isə heç də təsadüfi deyil. Zabit, gizir və əsgərlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sərhəd mühafizəsinin səviyyəsinin yüksəlməsində, uğurlu xidməti-döyüş nəticələrinin əldə olunmasında çox mühüm rol oynayır.
Sərhədlərimizdə yeni inşa olunmuş sərhəd məntəqələrinin hamısında zabit ailələri üçün xüsusi yaşayış binaları tikilir. Qeyd olunmalıdır ki, ucqar yerlərdə inşa edilən zastavalardakı yaşayış binalarının mənzilləri bütün zəruri məişət avadanlıqları ilə təchiz olunur, hətta həmin binaların önündə uşaq şəhərcikləri də salınır. Bu faktın özü sərhədçi zabitlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən yüksək qayğıdan xəbər verir. Gələcəkdə Bakı şəhərində sərhədçilər üçün xüsusi yaşayış massivinin salınması istiqamətində də işlər görülür.
Sərhədçilərin mənzil təminatının yaxşılaşdırılması işləri istirahət və müalicə səviyyəsinin yüksəldilməsi sahəsində həyata keçirilən mühüm tədbirlərlə paralel şəkildə aparılır. Abşeron rayonunun Goradil qəsəbəsində tikilmiş "Sərhədçi" istirahət mərkəzində mənalı istirahət üçün bütün şərait yaradılıb. Yeni istifadəyə verilən obyektlərin əksəriyyətində böyük klublar, yay klubları, çayxanalar, məişət, iaşə və ticarət xidməti obyektləri, tibb məntəqələri, uşaq bağçaları var ki, bu da sərhədçilərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verir. Dövlət Sərhəd Xidmətinin poliklinikasında və hərbi hospitalında sərhədçilərə yüksək səviyyədə tibbi xidmət göstərilir.
Dövlət Sərhəd Xidmətində şəxsi heyətin maddi və mənəvi təminatının yüksək olması üçün mütəmadi şəkildə məqsədyönlü tədbirlər həyata keçirilir. Sərhədçilərin maddi təminatının yaxşılaşdırılması, sosial-məişət şəraitinin günün tələbləri səviyyəsində qurulması, yanacaq, elektrik və su təchizatı daim diqqət mərkəzindədir.
Sərhədçilərin xidməti-döyüş və sosial-məişət şəraiti yaxşılaşdıqca, şəxsi heyətin nizam-intizamı yüksəlir, mənəvi-psixoloji durumu daha da yaxşılaşır. Bu isə sərhədlərimizin mühafizəsi işinin səviyyəsinin artmasında mühüm amilə çevrilir.
- Cənab general-mayor, dövlət sərhədindən buraxılış məntəqələrində vəziyyət necədir?
- "Sərhəd" nəzarət məntəqələrinin tikintisi və sərhəd nəzarətinin müasir tələblərə cavab verən səviyyədə təşkili istiqamətlərində ardıcıl işlər görülür. Açılışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi "Biləsuvar" və "Balakən" SNM-ləri və Lənkəran hava limanı ən müasir xüsusi texniki vasitələrlə təchiz edilmişdir. "Böyük Kəsik" və "Biləsuvar" SNM-lərində sərhədçilər üçün yaşayış binalarının tikintisi davam edir. SNM-lərin beynəlxalq standartlara uyğunlaşdırılması prosesi, sərhəd nəzarəti məsələlərində beynəlxalq əməkdaşlıq, müsbət təcrübənin öyrənilməsi və tətbiqi, müasir iexniki vasitələrlə təminat diqqət mərkəzindədir.
Ötən ilin avqustundan bəri buraxılış məntəqələrində 101 saxta, 17 özgəsinə məxsus sənədlərlə dövlət sərhədindən keçən, 828 nəfər axtarışda olan şəxs saxlanılmış, 449 halda müxtəlif qaçaqmal, o cümlədən 151,727 kiloqram narkotik maddə aşkar edilmişdir.
- Dövlət Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələrinin kifayət qədər yaxşı olduğunu daim müşahidə edirik.
- Belə də olmalıdır. Sərhəd mühafizəsi, əslində, bütün cəmiyyətin işidir. Vətənini sevən onun sərhədini də sevir. Sərhədin toxunulmazlığı Vətənin toxunulmazlığıdır. Buna görə də sərhəd bütün ölkə ictimaiyyətinin, xüsusən sərhədyanı ərazilərdə yaşayan insanların birgə səyi ilə mühafizə edilməlidir. Bu müqəddəs işə ictimaiyyəti cəlb etmək üçün Dövlət Sərhəd Xidməti əhali ilə sıx və isti münasibətlər qurur.
Sərhədçilərin yerli əhali ilə sıx əlaqələri, yerli problemlərin həllində yaxından iştirakı, sərhədyanı kənd və rayonlarda keçirilən kütləvi tədbirlərdəki fəallığı, dövlət sərhədlərimizin mühafizəsinin təşkili, aparılan tikinti-quruculuq işləri, əldə olunan nəticələr barədə kütləvi informasiya vasitələrinə mütəmadi məlumatların verilməsi və s. sərhəd mühafizəsinin ümumxalq işi olması barədə ictimaiyyət arasında sağlam rəyin formalaşmasında, eləcə də Dövlət Sərhəd Xidmətinin nüfuzunun artmasında mühüm rol oynayır.
Təhsil, Gənclər və İdman nazirlikləri ilə hazırlanmış birgə planlar əsasında Dövlət Sərhəd Xidməti hər il müxtəlif məzmunlu və çoxsaylı tədbirlər həyata keçirir. Bu məqsədlə, sərhəd məntəqələrinə ekskursiyalar, Dövlət Sərhəd Xidmətinin aparatında tələbələrlə görüşlər, müxtəlif mövzularda təsviri və tətbiqi incəsənət, musiqi və ədəbiyyat müsabiqələri keçirilir, "Sərhədçi" jurnalının xüsusi buraxılışları, Dövlət Sərhəd Xidmətinin fəaliyyətini əks etdirən kitablar nəşr edilir.
Dövlət Sərhəd Xidmətinin aparatında fəaliyyət göstərən Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinə mütəmadi olaraq gənclərin ekskursiyaları təşkil olunur. Ulu Öndər Heydər Əliyevin ölkəmizin sərhədlərinin mühafizəsi sahəsində göstərdiyi misilsiz xidmətlər, sərhədçi qəhrəmanların şücaətləri, onların xidməti-döyüş yolu barədəki söhbətlər gənclərin Vətənə, onun sərhədlərinə məhəbbət ruhunda böyüməsində mühüm rol oynayır.
Bu sahədə görülən işlər sırasında "Sərhəd" hərbi-idman oyunları xüsusi qeyd olunmalıdır. Dövlət Sərhəd Xidməti, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və "Lider TV"nin birgə layihəsi əsasında keçirilən bu hərbi-idman oyunları digər oyunlardan əsaslı şəkildə fərqlənir və şagirdlərdə Vətən sərhədlərinə, sərhədçi peşəsinə məhəbbəti artırır. Builki oyunlara ötən ildəkindən 48 məktəb, 240 şagird çox qatılmışdı. Yarışlara qoşulan məktəb və şagirdlərin sayının ilbəil artması göstərir ki, oyunlar getdikcə kütləviləşir.
Çoxsaylı nominasiyalar üzrə sərhəd və sərhədçi barədə yaradıcılıq müsabiqələrinin keçirilməsi çoxdandır ki, ənənə şəklini alıb. Yaradıcı insanlar - rəssamlar, musiqiçilər, yazıçı və şairlər, kinematoqraflar, hətta orta məktəb şagirdləri bu müsabiqələrə qoşularaq hər il müxtəlif janrlarda Vətənimizin sərhədini və sərhədçi peşəsini tərənnüm edən yüzlərlə irili-xırdalı əsərlər yaradırlar. Müsabiqələrin qalibləri təntənəli şəkildə mükafatlandırılırlar. Aparılan tikinti-quruculuq işləri, həyata keçirilən digər bütün tədbirlər, sözsüz ki, ən son nəticədə dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunmasına xidmət edir. Son bir il müddətində dövlət sərhədi və sərhəd rejim qaydalarının pozuntularında iştirakı olan 9086 nəfər saxlanılmışdır. Bunların 408 nəfəri sərhəd pozucusu olmuşdur. Tutulan sərhəd pozucularının 138 nəfəri Azərbaycandan müqabil ölkələrə keçərkən, 270 nəfəri Azərbaycana gələrkən saxlanılmışdır.
Sərhəd pozucularının 57,6 faizi Azərbaycan, 11,3 faizi İran, 7,8 faizi Gürcüstan, 6,9 faizi Banqladeş, 3,9 faizi Pakistan, 3,2 faizi Rusiya, qalanları isə Türkiyə, Əfqanıstan, Özbəkistan, Böyük Britaniya, Hollandiya, İspaniya, Suriya, Hindistan, İraq, Ukrayna, Nigeriya, Qazaxıstan vətəndaşları olmuşlar. Son bir il müddətində ümumi dəyəri təxminən 4 milyon 215 min manat məbləğində qaçaqmal saxlanılmışdır. Narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə tədbirləri nəticəsində 296 kiloqram 939,3 qram narkotik maddə aşkar olunaraq götürülmüşdür. Axtarışda olan 906 nəfər dövlət sərhədindən keçərkən saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Dövlət Sərhəd Xidməti ən müasir texniki vasitələrlə təmin olunmuş, Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini, Vətənə məhəbbətini dəfələrlə sübut etmiş bir qurumdur. Sərhədçilərimiz Vətənimizin hüdudlarını böyük sayıqlıqla, yüksək məsuliyyətlə qoruyur, ölkəmizdəki inkişaf və tərəqqinin keşiyində mərdliklə dururlar. Sərhədçilər arasındakı yüksək əhval-ruhiyyə, maddi-texniki təminatın günün tələbləri səviyyəsində olması, aparılan tikinti-quruculuq işlərinin vüsəti və dinamikası deməyə əsas verir ki, ölkəmiz yaxın gələcəkdə təkcə iqtisadi inkişaf tempinə görə deyil, həm də sərhədlərinin ən yüksək səviyyədə qorunmasına görə dünyanın lider dövlətlərindən birinə çevriləcəkdir.

Söhbəti apardı: Elşən MƏMMƏDOV, hərbi jurnalist

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında