Avropaya inteqrasiya Azərbaycanın qarşısında duran önəmli vəzifələrdən biridir Aktual söhbət

 

 

Ötən əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan ölkənin gələcək inkişafını Avropaya inteqrasiyada və Avropa dəyərlərinin mənimsənilməsində görür. Məhz bu səbəbdəndir ki, son illərdə bu istiqamətdə ciddi addımlar atılmaqdadır. Dünyada qloballaşmanın sürətlə genişləndiyi bir dövrdə keçmiş SSRİ-nin digər respublikaları kimi, Azərbaycan da bu dəyişikliklərdən kənar, qapalı iqtisadi sistemin bir parçası idi və Yer kürəsinin məhdud potensialından istifadə imkanlarına çıxışı yox idi. Buna görə də müstəqillik illərində dünyanın, o cümlədən də Avropanın iqtisadi, siyasi və mədəni mühitinə inteqrasiya Azərbaycanın gələcək inkişafını şərtləndirən mühüm amillərdən biridir. Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisad elmləri namizədi Vüqar Bayramovla söhbətdə də bu vacib məsələyə

aydınlıq gətirməyə çalışdıq.

 – Vüqar müəllim, Azərbaycan Avropa Birliyinə inteqrasiya kursunu tutub və bu qurum ilə ölkəmiz arasında həm iqtisadi, həm də siyasi münasibətlər genişlənməkdədir. Ölkəmizin Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin inkişaf istiqamətlərini necə qiymətləndirirsiniz?

– Bu gün Azərbaycan ilə Aİ arasında əldə edilmiş müxtəlif razılaşmalar və müxtəlif proqramlar çərçivəsində iki tərəfin maraqlarına uyğun səmərəlilik və bərabərlik prinsiplərinə dayanan normal iqtisadi əlaqələr formalaşmaqdadır. Əgər Aİ ölkəmizin iqtisadi, sosial inkişafına və dünya iqtisadiyyatına inteqrasiyasına dəstək olursa, Azərbaycan da Aİ-nın enerji təhlükəsizliyinə töhfəsini verməkdədir.

Qeyd edim ki, Avropa Birliyi ilə münasibətlərin hüquqi əsası 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) ilə qoyulub. Növbəti 3 il müddətində bu saziş üzv dövlətlər tərəfindən ratifikasiya edildi və 1 iyul 1999-cu ildə rəsmi olaraq qüvvəyə mindi. TƏS-in imzalanmasında məqsəd ölkəmizin Aİ ilə münasibətlərinin dərinləşdirilməsi və Azərbaycanda qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması idi. Təbii ki, saziş həyatın bütün sahələrini, o cümlədən iqtisadi sahəni əhatə edirdi. Bu sahədə əməkdaşlığın təmin edilməsi məqsədilə Əməkdaşlıq Komitəsinin nəzdində “Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt komitə” və “Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt komitə” yaradıldı. Bu komitələr Aİ və Azərbaycan arasında ticarət, investisiya, iqtisadiyyat, ekologiya və enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ciddi işlər gördü.

Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ilə Azərbaycan Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edildi. Bu addım ölkəmizin Avropaya inteqrasiyasının sürətləndirilməsində mühüm hadisə oldu. Nəticədə Azərbaycan islahatları sürətləndirməklə vətəndaş, əmtəə, xidmət və kapitalın azad hərəkətini təmin etmək üçün inteqrasiya və liberalizasiya proseslərində iştirak etmək, üzv ölkələrlə güzəştli ticarət əlaqələri, açıq bazar, miqrasiya, investisiyanın stimullaşdırılması, yeni maliyyə mənbələrinə çıxış, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesinin dəstəklənməsi kimi bir sıra üstünlüklər əldə etdi. Ümumilikdə isə Azərbaycan və Aİ-nın əməkdaşlığı ənənəvi olaraq 3 illik, yaxud 5 illik müddəti əhatə edən və hər iki tərəfin maraqlarını qorumaqla hazırlanmış Fəaliyyət Proqramları çərçivəsində həyata keçirilir. Qurumla ilk Fəaliyyət Proqramı 14 noyabr 2006-cı il tarixində Brüsseldə Əməkdaşlıq Şurası tərəfindən qəbul edilib. AQS - ə qoşulmaqla Azərbaycan üçün AQTA(Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti) çərçivəsində TAİEX (Tvinninq, Texniki yardım və Məlumat Mübadiləsi), Büdcəyə dəstək, Tempus, Erasmus Mundus kimi mühüm proqramlarda iştirak imkanı yarandı.

 – Son illər Azərbaycanla Avropa Birliyi arasında münasibətlər Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində tənzimlənir. Bu proqramın inteqrasiya prosesinə təsiri barədə nə deyərdiniz?

– Azərbaycan hazırda sözügedən proqramda təmsil olunan 6 ölkədən biridir. Bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2009-cu ilin may ayında Şərq Tərəfdaşlığı Proqramının təsis edildiyi Praqa Sammitində Avropa Birliyi (AB) ilə birgə anlaşmanı imzalayaraq ölkəmizin Vətəndaş Cəmiyyəti Forumunun formalaşmasında iştirakını təsdiq etmişdir. Həmin bəyannamənin ölkə başçısı tərəfindən imzalanması Azərbaycanda bu foruma ciddi önəm verildiyini və ölkəmizin sözügedən qurumla birbaşa əməkdaşlıqda maraqlı olduğunu göstərir. Praqada imzalanan anlaşmaya əsasən forumun əsas dörd məqsədi göstərilmişdir: vətəndaş cəmiyyətinin Şərq Tərəfdaşlığına cəlb olunması, Şərq Tərəfdaşlığına daxil olan 6 ölkədən olan vətəndaş cəmiyyəti təşkilatları (VCT) arasında əməkdaşlığın qurulması, vətəndaş cəmiyyətinin hökumətlə dialoqu, AB və 6 tərəfdaş ölkədən olan VÇT-lər arasında əməkdaşlıq.

Bundan başqa, ŞTP-nin əsas məqsədlərdən biri Azərbaycan üçün viza rejiminin liberallaşdırılması hesab edilir. İqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi və azad ticarət zonalarının yaradılması da proqramın əsas hədəfləri sırasındadır. Ümumiyyətlə, Şərq Tərəfdaşlığı Siyasəti Avropa Qonşuluq Siyasətinə əsaslanır və burada aparıcı funksiya Avropa Komissiyasına məxsusdur.

 – Azərbaycan Avropanın enerji təhlükəsizliyinə dəstək verən əsas ölkələrdəndir. Bu sahədə münasibətlərin inkişafı hər iki tərəfin maraqlarına tam cavab verirmi?

– Təbii ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olması Aİ ilə iqtisadi və geosiyasi münasibətlərin ana xəttində enerji mübadiləsi və enerji təhlükəsizliyi məsələlərində əməkdaşlığın prioritet olmasını şərtləndirirdi. Bu münasibətlər 7 noyabr 2006-cı il tarixində imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” ilə daha ciddi mərhələyə qədəm qoydu. Memorandum Aİ-nin enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi, eyni zamanda, Azərbaycanın enerji infrastrukturunun inkişafı, yenilənməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsi kimi mühüm sahələri əhatə edir. Bundan başqa, Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq INOGATE layihəsi (Avropaya dövlətlərarası neft və qazın ixracı) çərçivəsində daha da dərinləşib. Bu layihə Aİ-nin gənc dövlətlərə maliyyə dəstəyini nəzərdə tutan vacib regional təşəbbüslərdən biridir. Azərbaycan daxil olmaqla 15 dövlət tərəfindən 1999-cu ilin iyul ayında imzalanan dövlətlərarası neft və qaz ixracını nəzərdə tutan Çərçivə Sazişi INOGATE - nin hüquqi əsasını yaratdı. Eyni zamanda, İNOGATE Avropa Qonşuluq Siyasətinə daxil olan bütün maraqlı tərəflərin iştirakı və dəstəyi ilə enerji əməkdaşlığının genişləndirilməsini, zəngin təbii ehtiyata malik Qafqaz, Şərqi Asiya və Mərkəzi Asiya dövlətlərinin möcud potensialından səmərəli istifadəni nəzərdə tutur.

 Bu əməkdaşlıq 13 noyabr 2004-cü ildə razılaşdırılmış “Bakı Təşəbbüsü” ilə daha da möhkəmləndi. “Bakı Təşəbbüsü” Aİ, Qara Dəniz və Xəzər ölkələrinin enerji sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan siyasi dialoq şəklində başlanıb. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə Aİ-yə birbaşa neft ixracına malik idisə, TANAP və TAP qaz boru xəttinin inşası ölkəmizə yaxın gələcəkdə Aİ ölkələrinə birbaşa qaz ixrac etmək şansı da yaradacaq.

Ötən il dekbarın 17-də Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya sazişi imzalandı. Bu anlaşmaya əsasən Azərbaycan qazının Avropa bazarına birbaşa çıxarılması təmin ediləcək. İlkin qiymətləndirmələrə görə, yatırılacaq sərmayənin həcmi 45 milyard dollardan çox olacaq və bu məbləğin yarıdan çoxu Azərbaycanda investisiya ediləcək.

“Şahdəniz-2” layihəsinin reallaşdırılması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verəcək. Nəticədə Avropanın Rusiyadan mavi yanacaq asılılığı xeyli azalacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə ixrac edilən qazın həcmi 21 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 60 milyard kubmetr olduğunu nəzərə alsaq, bu o deməkdir ki, “Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edə biləcək. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan, 98 faiz asılı olan Macarıstan da TAP-dan yararlanan ölkələr sırasında olacaqlar. Ümumilikdə TAP Avropanın Mərkəzi Şərqində, eləcə də Cənubi Avropada enerji təhlükəsizliyinin formalaşmasına müsbət təsir göstərəcək.

 – Azərbaycan və Avropa İttifaqı arasında yalnız enerji sahəsində deyil, eyni zamanda iqtisadi sektorda da münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir. Avropa Birliyi Azərbaycanın həm də əsas ticarət tərəfdaşıdır...

 – Doğrudur, ölkəmizin geostrateji mövqeyi və enerji ehtiyatları təbii ki, Avropa İttifaqı ölkələrinin diqqətini cəlb etməyə bilməz. Xüsusilə qeyd etmək lazımdır ki, Aİ ilə ikitərəfli münasibətlərin mərkəzində enerji sektorunda əməkdaşlıq dayansa da, ötən illər ərzində iqtisadiyyatın digər sahələrində, o cümlədən sənaye, ticarət, kənd təsərüfatı, nəqliyyat, maliyyə sektorlarında da əlaqələr dərinləşməkdədir. İqtisadi əlaqələrin inkişafı və ticarətin genişlənməsi istiqamətində uğurlu siyasət izlənilmiş və nəticədə ölkəmizin ümumi ixracında Avropa İttifaqının payı 40 faizdən yüksək olmuşdur. Halbuki indi Azərbaycanın xarici ticarətinin cəmi 10 faizi MDB ölkələrinin payına düşür.

Hazırda Aİ-nin üzvü olan İtaliya, Almaniya, Fransa, İngiltərə, Bolqarıstan kimi ölkələr Azərbaycanın əsas ticarət partnyorlarından sayılır. Aİ ölkələri ilə ticarət dövriyyəsi 2009-cu ildə 8 milyard dollar olduğu halda, 2011-ci ildə 19 milyard dollara çatıb. Başqa sözlə, 2 il ərzində təxminən 2,4 dəfə artıb. 2012-ci ildə Aİ ölkələri ilə ticarət dövriyyəsinin təxminən 32 faizi İtaliya, 10,5 faizi Fransa, 9,4 faizi isə İngiltərənın payına düşüb və Avropa İttifaqı ölkələri ilə xarici ticarət dövriyyəsində təxminən 14 milyard manatlıq müsbət saldo yaranıb.

Normal investisiya mühitinin yaradılması və maliyyə təhlükəsizliyinin təmin edilməsi Avropa İttifaqı ölkələrinin Azərbaycan iqtisadiyyatına sərmayə axınını təmin edib. 2002-2012-ci illərdə ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların 50 faizdən çoxu Aİ ölkələrinin payına düşür. Böyük Britaniya, Almaniya, Fransa və İtaliya kimi ölkələr bu istiqamətdə daha fəal siyasət həyata keçirirlər. Aİ ölkələri tərəfindən qoyulan investisiyanın 36 faizi qeyri-neft sektoruna yönəldilib. Hazırda Azərbaycanda Aİ ölkələrini təmsil edən 1200-dən artıq şirkət fəaliyyət göstərir. Güman ki, ölkə qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılması, şəffaf idarəetmə mexanizmlərinin və “elektron hökumət”in tətbiqi, ölkəmizin “Doing bussiness” indeksinin yüksəlməsi, infrastrukturun yenilənməsi Azərbaycan iqtisadiyatına investisiya axınını daha da sürətləndirəcək.

Bundan başqa, Azərbaycanın və Aİ-nin də iştirakçısı olduğu TRACECA proqramının həyata keçirilməsi regionun inkişafı, tranzit daşımaların artımı, ticarət əlaqələrinin genişləndirilməsi baxımından ciddi əhəmiyyətə malikdir. Həmçinin, bu proqram Avropa və Asiya, o cümlədən Qafqazın inteqrasiyasını sürətləndirən amil sayılır. Proqramın əsas hədəfi iştirakçı dövlətlərin iqtisadi müstəqilliyini təkmilləşdirmək, alternativ yollar vasitəsilə dünya bazarlarına çıxış imkanlarını artırmaq, ölkələrin tranzit əhəmiyyətini yüksəltmək və Avropa-Mərkəzi Asiyaya və əks istiqamətdə daha sərfəli və təhlükəsiz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir.

Avropa İttifaqı və Azərbaycan arasında üzunmüddətli əməkdaşlığı nəzərdə tutan proqramlardan biri də TACİS-dir. Bu proqram çərçivəsində Aİ MDB-nin 12 üzv dövləti və Monqolustana texniki yardımları həyata keçirir. TACİS proqramının Azərbaycanla bağlı hissəsində əməkdaşlığın üç istiqaməti vacib hesab edilir: infrastruktur, özəl sektor və insan resurslarının inkişafı. Bundan başqa, proqram çərçivəsində ölkəmizdə idarəetmə, iqtisadi inkişaf, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində bir çox qanunvericilik islahatları aparılıb. Yeri gəlmişkən, bu proqram üzrə Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yekunlaşdırmaq üzrədir.

– Bütün bunları nəzərə alaraq Avropa İttifaqı ilə münasibətlərdə inkişaf perspektivlərini necə görürsünüz?

– Avropa İttifaqının imkanlarını, hazırda yeganə təkmil iqtisadi birlik olduğunu və Azərbaycan kimi gənc dövlətlərin quruma inteqrasiyasına şəraitin yaradıldığını nəzərə alsaq ümid etmək olar ki, yaxın gələcəkdə ölkəmiz Avropa ölkələri ailəsinin fəal üzvünə çevriləcək. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu qurumla əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bəyan edib. Heç şübhəsiz, bu da ölkəmizdə daha liberal Avropa standartlarına uyğun rəqabətədavamlı iqtisadiyyatın formalaşmasına, ixrac imkanlarının genişlənməsinə, innovasiya axınının sürətlənməsinə və ən nəhayət, müasir yaşam standartlarının yaranmasına yol açacaq. Birlik ölkələri ilə enerji sektorunda əməkdaşlığın yeni səhifəsi, yəni Azərbaycan qazının bu ölkələrə ixracını nəzərdə tutan layihələrin gerçəkləşməsi ölkəmizin Aİ-nın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu artıracaq. Bu isə ikitərəfli əməkdaşlıqda ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirəcək. Ümumiyyətlə, Avropa İttifaqı ölkələri ilə Azərbaycanın münasibətləri uzunmüddətli perspektivlər üzərində qurulub və bu əməkdaşlığın növbəti illərdə daha da genişlənməsi gözlənilir. Başqa sözlə, müasir Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin qorunmasında Avropa İttifaqı ilə genişlənən əməkdaşlığın mühüm rolu olacaq.

 – Siz ötən il Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri seçilmisiniz. Bu forum Azərbaycanın Avropa Birliyinə inteqrasiya prosesinə necə kömək edəcək?

– Bildiyiniz kimi, Azərbaycan ötən ilin sonunda keçirilən Vilnüs Samitində Avropa Birliyi ilə viza sadələşdirilməsi haqqında anlaşma imzaladı. Bu anlaşmaya sadəcə şengen vizasının sadələşdirilməsi aspektindən deyil, eyni zamanda, Azərbaycanın Avropa Birliyi standartlarına uyğunlaşdırılması kontekstindən yanaşmaq lazımdır. Belə ki, bu anlaşma ölkədə biometrik pasportların dövriyyəyə buraxılmasını təmin etməklə yanaşı, bu sahədə sənədlərin təhlükəsizliyini də reallaşdırır. Sənəd readmisiya və qeyri-leqal miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi, təhlükəsizlik və ədliyyə sahəsində əməkdaşlıq, Azərbaycanın xarici əlaqələrinin təkmilləşdirilməsi baxımdan da əhəmiyyətlidir. Bu anlaşma Azərbaycan ilə birlik arasında aparılan və başlamalı olan digər əməkdaşlıq istiqamətlərinin gələcəkdə reallaşdırılması baxımdan da pozitiv təsirlərə malikdir. Ümumiyyətlə, viza sadələşdirilməsi Azərbaycanın Avropaya yaxınlaşması baxımdan yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Forum AB ilə Azərbaycan arasında viza sadələşdirilməsi və digər mühim sənədlərin imzalanmasının reallaşması istiqamətində fəaliyyət göstərir. Sözügedən təşkilat AB ilə Şərq Tərəfdaşlığı Proqramına üzv olan ölkələr arasında icra edilən yol xəritəsinin monitorinqini həyata keçirir. Forum həm də yalnız AB ilə Azərbaycan arasında deyil, digər ölkələrlə aparılan danışıqlarda və müzakirələrdə də fəal iştirak edir. Bütövlükdə forum Avropa Birliyinin nüfuzlu qurumlarından hesab olunur.

Vətəndaş Cəmiyyəti Forumunun həmsədri seçilməyim Azərbaycana olan yüksək etimad kimi qiymətləndirilməlidir. Nəzərə alsaq ki, orada bütün Şərq Tərəfdaşlığı ölkələri, eləcə də Avropa Birliyinə üzv olan ölkələr səs verib, o zaman ölkə təmsilçiliyi olduqca əhəmiyyətlidir. Bu, həm də Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişaf göstəricisidir. Artıq Azərbaycan vətəndaş cəmiyyəti institutları Avropanın aparıcı qurumlarına rəhbərlik edirlər. Bu isə təbii ki, sözügedən sektordakı inkişafdan xəbər verir. Yeri gəlmişkən, onu da deyim ki, Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri kimi fəaliyyətim sadəcə Azərbaycanın beynəlxalq aləmdə düzgün və proqressiv təqdim edilməsi baxımından deyil, eyni zamanda, Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə ölkəmizin mövqeyinin müdafiəsi baxımından da əhəmiyyətlidir.

Müsahibəni apardı: Əlipənah BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında