Cənubi Qafqazın və Mərkəzi Asiyanın “elektron hökumət” modelinin tətbiqi istiqamətində ixtisaslaşan aparıcı şirkətlərindən biri olan SİNAM artıq 20 ildir ki uğurla fəaliyyət göstərir. Şirkətin prezidenti Elçin Əliyev Azərbaycanda informasiya–kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafı haqqında və SİNAM-ın fəaliyyəti ilə bağlı suallarımızı cavablandırdı.
– Beynəlxalq təcrübə göstərir ki, uğurlu özəl biznes yalnız İKT sektorunun dinamik inkişaf etdiyi bir mühitdə formalaşa bilər. Azərbaycanda bu sektorun inkişaf vektorunu necə qiymətləndirirsiniz?
– Qeyd etməliyəm ki, Azərbaycanın İKT sektoru bu gün çox mühüm bir dövrünu yaşayır. Artıq uzun müddət İKT sektorunda müşahidə olunan davamlı dinamik inkişafa baxmayaraq son 1-2 il ərzində bu istiqamətdə formalaşan dövlət strategiyası qlobal texnoloji lider ölkələrdə tətbiq olunan dövlət dəstəyi modelinin Azərbaycanda tətbiqinə tam şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək texnologoyalara olan diqqəti və ölkənin iqtisadi siyasətində bu istiqaməti prioritet sahələrdən biri seçməsi İKT sektorunda özəl biznesin fəaliyyəti üçün çox əlverişli şərait yaratmışdır.
Mən bu istiqamətdə əsas layihələrdən bəzilərinin üzərində dayanmaq istərdim. Ölkə rəhbərinin təşəbbüsü ilə İKT sektoruna dəstək naminə yaradılan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dünyanın aparıcı dövlətlərində analoji qurumlardan nəinki geri qalmır, hətta bəzi komponentlərinə görə üstündür. Bu istiqamətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməyini də qeyd etmək lazımdır. Nazirlik tərəfindən dünyanın ən qabaqcıl təcrübəsi öyrənilmiş və sadalanan qurumların ən optimal modelinin Azərbaycanda tətbiqinə start verilmişdir.
Fondun və parkın yaradılması ilə İKT sektorunda innovativ ideyaların reallaşdırılması üçün effektiv model formalaşır. Belə ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu perspektivli innovativ layihələri qrant, güzəştli kredit və digər formalarda maliyyələşdirəcəkdir. Məsələn, kreditlər üzrə faiz dərəcələri orta hesabla 4-5 faiz olacaqdır. Qrantların məbləği isə hətta 300 min manata qədər çata bilər. Pirallahı yarımadasında yaradılan Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən innovativ şirkətlərə müasir infrastruktur və müxtəlif vergi güzəştlərindən istifadə imkanı yaradılacaqdır.
Dövlət təşkilatları tərəfindən əhaliyə elektron xidmətlərin göstərilməsini də qeyd etmək zəruridir. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılan “ASAN xidmət” bu istiqamətdə böyük sıçrayışdır. Bildiyiniz kimi, “ASAN xidmət” vasitəsilə əhaliyə son dərəcə şəffaf şəraitdə müxtəlif xidmətlər göstərilir. Hazırda bu xidmətlərin həm də elektron formatda göstərilməsi üçün fəaliyyətə başlanılmışdır. Əminəm ki, yaxın bir müddət ərzində əhali “ASAN xidmət”-in imkanlarından məsafədən qoşulmaqla da müvəffəqqiyyətlə istifadə edəcəkdir. Bu istiqamətdə Azərbaycan hətta bəzi Qərb ölkələrini də qabaqlayacaqdır.
2013-cü ilin “İKT ili” elan edilməsi də dövlətin yüksək texnologiyalara olan marağını sübut edir. Keçən il ərzində İKT sektorunun qazandığı nailiyyətlərin bəzilərini mən artıq qeyd etdim. SİNAM şirkəti üçün də 2013-cü il uğurlu oldu. Mən regionda əldə etdiyimiz bəzi nailiyyətləri diqqətə çatdırmaq istərdim.
SİNAM 2013-cü ildə Qırğızıstan hökumətinın sifarişi ilə vergi sisteminin informasiyalaşdırılması layihəsini başa vurdu. Həmçinin, Dünya Bankının “Mərkəzi Asiyada hidrometroloji xidmətlərin modernləşdirilməsi” layihəsi çərçivəsində Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi yanında Hidrometrologiya Agentliyi üçün “QırğızHidroMet-in arxivinin uzunmüddətli saxlanma üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda Hidrometroloji Məlumatlar (HM) Fondunun yaradılması” layihəsinin icrası üzrə tenderin qalibi olduq. GoMap.az xəritəsinin Gürcüstan üzrə daha da genişləndirilməsinə müvəffəq olduq. Qeyd etməliyəm ki, SİNAM şirkətinin geoinformasiya sistemləri üzrə təcrübəsi digər ölkələrdə də böyük marağa səbəb olmuşdur. Artıq bizim şirkət Əfqanıstanın da elektron xəritəsini yaratmaq niyyətindədir. Ümid edirəm ki, layihə 2014-cü ildə reallaşacaqdır.
– SİNAM şirkətinin Azərbaycanın informasiya texnologiyaları sahəsinin inkişafında rolu danılmazdır. 20 il ərzində ölkəmizin müasir İKT tarixində uğurlu nailiyyətləri ilə seçilən şirkətin inkişafı hansı mərhələlərdən keçmişdir?
– 20 il əvvəl kibernetika sahəsində çalışan bir qrup elmi həmkar Azərbaycana yeni texnologiyalar gətirmək naminə birləşərək SİNAM-ın təməlini qoydu. Məqsədimiz Azərbaycanı kompyuterləşdirmək, ən müasir proqramları təşkilatlarda tətbiq etmək idi. Komandada yüksək səviyyəli proqramçıların olması bizə həmin dövrdə yaranan digər şirkətlərlə müqayisədə daha mürəkkəb sistemlər qurmağa imkan verirdi və fəaliyyətimizin növbəti mərhələsində SİNAM elektron hökumət texnologiyalarının tətbiqi istiqamətində Azərbaycanda nüfuz qazandı. Bu, bizə son illər ərzində nəinki Azərbaycanda, hətta başqa ölkələrdə də elektron hökumət texnologiyalarını tətbiq etməyə imkan verdi.
Qeyd etməliyəm ki, SİNAM-ın biznesdə bugünkü yeri 20 il əvvəl bizim planlaşdırdığımız biznes-strategiyanın reallaşdırılması nəticəsində mümkün olmuşdur. SİNAM şirkəti həmişə müasir trendlərə uyğun fəaliyyət göstərmişdir. Məhz belə biznes-strategiyamızın olması bizə Azərbaycanda ilk şirkətlərdən biri kimi elekton hökumət sahəsində ixtisaslaşmağa, ilk elektron imzanı bazarda təklif etməyə, indi isə bulud texnologiyalarına keçidi dəstəkləməyə imkan verir. Bizim, demək olar ki, bütün strateji layihələrimiz müəyyən mənada Azərbaycan miqyasında öz zamanını qabaqlayır. Texnoloji trendləri qlobal şirkətlərlə eyni zamanda mənimsəyir və tətbiqinə hazır oluruq. Komandamızın bu qabiliyyəti bizə bir çox hallarda rəqiblərimizdən daha üstün olmağa imkan verir.
Şirkətimizin davamlı olaraq innovativ texnologiyalara üstünlük verməsi bizə ən müasir təcrübələrdən istifadə edərək informasiya texnologiyalarının dövlət idarəetməsində tətbiqini reallaşdırmağa imkan verir. Beynəlxalq sertifikatlaşma sistemini müvəffəqiyyətlə keşmiş peşəkar komandamızın olması da bu uğurun əsasını təşkil edir.
– Hazırda SİNAM “elektron hökumət” həllinin tətbiqi üzrə ixtisaslaşan aparıcı regional şirkətlərdəndir. Bu istiqamətdə göstərdiyiniz fəaliyyətdən razısınızmı?
– Azərbaycanda “elektron hökumət” həlli artıq 20 ildir ki tətbiq olunur. Bu tarixin SİNAM-ın fəaliyyət dövrü ilə üst-üstə düşməsi bizim üçün çox önəmlidir. SİNAM fəaliyyətinin ilk günündən Azərbaycanın dövlət idarəetməsində informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət vermişdir. Buna görə də Azərbaycanda “elektron hökumət”in bünövrəsini qoyanlardan biri olmaqdan qürur duyuruq.
Bu müddət ərzində şirkətimiz Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Milli Elmlər Akademiyası, Dövlət Neft Fondu, Mərkəzi Bank və s. dövlət təşkilatlarında müxtəlif layihələr həyata keçirmişdir. Azərbaycanda toplanmış təcrübə bizə regionda fəaliyyətimizi genişləndirməyə imkan vermişdir. Məsələn, Qırğızıstan hökuməti üçün artıq bir sıra layihələr həyata keçirmişik və bu gün həmin ölkədə “e-hökumət” üçün texnologiyaların tətbiqi üzrə tərəfdaşlığımızı davam etdiririk. Digər ölkələrlə də Azərbaycanda “elektron hökumət” sahəsində topladığımız zəngin təcrübəni bölüşməyə hazırıq. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.
Həyata keçirdiyimiz layihələr müxtəlifliyi ilə seçilsə də, ümumi tendensiya geniş əhali təbəqəsinə xidmət göstərən layihələrin tətbiqidir. Statistikaya görə, təxminən Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti, biznes fəaliyyəti ilə məşğul olan təşkilatların da çox hissəsi SİNAM şirkətinin Azərbaycanda dövlət sektorunda tətbiq etdiyi mürəkkəb sistemlərdən bəhrələnir. Biz bundan qürur hissi duymaqla yanaşı, əminik ki, Azərbaycanda informasiya cəmiyyətinin qurulmasında daha geniş fəaliyyət göstərə bilərik.
– Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin özəl biznesə verdiyi dəstəyin daha hansı formatları məqsədəuyğun sayıla bilər?
– RİTN fəaliyyətinin ilk günlərindən özəl bisnesə xüsusi diqqət göstərməkdədir. Dünyada qəbul edilən “3p” (public, private, partnership) modeli, yəni dövlət-özəl sektor tərəfdaşlığı Azərbaycanda İKT sahəsində uğurla tətbiq olunur. Artıq uzun müddətdir ki, RİTN öz maliyyəsi hesabına dünyanın aparıcı sərgilərində Azərbaycanın yerli şirkətlərinin iştirakına şərait yaradır. Yerli şirkətlərin xarici bazarlara çıxışı üçün bu, çox önəmli addımdır.
Lakin bu dəstəyi daha effektiv etmək üçün dünyada məlum olan digər uğurlu əməkdaşlıq formatlarını da nəzərdən keçirmək zəruridir. Yüksək texnologiyalar sahəsində şirkətlərin xarici bazarlarda möhkəmlənməsi üçün Çin və Cənubi Koreya təcrübəsindən istifadə etmək məqsədəuyğundur. Çin və Cənubi Koreya xüsusi fondlar vasitəsilə müxtəlif ölkələrdə İKT-nin inkişafına maliyyə dəstəyi ayırmış və həmin layihələrin öz milli şirkətləri tərəfindən reallaşdırılmasına müvəffəq olmuşlar. Beləliklə, Çin və Cənubi Koreya şirkətləri həmin ölkələrdə fəaliyyətə başlamış və tədricən müsbət imic qazanaraq, digər layihələrdə uğurla iştirak etmişlər.
Hesab edirəm ki, RİTN də bu modeldən istifadə etməklə, inkişaf etməkdə olan ölkələrdə Azərbaycanın İKT şirkətlərinin uğurlu fəaliyyətinə şərait yarada bilər. Azərbaycanın maliyyə imkanları buna imkan verir və belə model ölkəmizin ixrac potensialının artırılmasına dəstək olar.
Dövlət daim milli özəl şirkətlərin xarici bazarlarda marağını qorumalı və həmişə dəstək olmalıdır. Bunu bütün aparıcı ölkələr edir və hətta ABŞ hökuməti milyardlarla gəlirləri olan Microsoft, Cisco, Oracle kimi nəhənglərə xarici bazarlarda daimi dəstək verir. Çünki həmin şirkətlərin uğuru dövlət büdcəsinə vergilərin artması deməkdir.
– Azərbaycanda reallaşdırdığınız layihələr sırasında Hökumət Ödəniş Portalı (HÖP) və Büdcə Təşkilatları üçün Maliyyə və Mühasibat Uçotu Hesabatları Sistemi (BTMMH) xüsusi olaraq diqqəti cəlb edir. Bu layihələrin əsas məqsədi nədir?
– Hökumət Ödəniş Portalı 2008-ci ildən fəaliyyətdə olan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) bazasında yaradılmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının sifarişi ilə SİNAM şirkəti tərəfindən yaradılan portala hazırda 59 təşkilat qoşulmuşdur. Portal bir sıra nazirliklərə, Dövlət Gömrük Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna, Baş Dövlət Yol Polisinə, kommunal təşkilatlara və 46 maliyyə qurumuna (banklar, poçt) xidmət göstərir. Sistem vasitəsilə ayda 70 milyona qədər məbləğdə ödənişlər yığılır və respublika büdcəsinə daxil edilir. Ödənişlər 1836 filialda real rejimdə fəaliyyət göstərən ödəniş məntəqələrində, 3286 bank əməliyyatçısı tərəfindən nağd şəkildə və POS terminallardan istifadə edilməklə ödəniş kartları vasitəsilə toplanır. Bundan əlavə, plastik kartlarla internet, bankomat vasitəsilə bank hesabından ödəniş etmək də mümkündür. HÖP sistemi bütün vergilərin, rüsumların və başqa ödənişlərin vahid bir portal vasitəsilə respublika büdcəsinə ödənilməsini və onların respublika xəzinədarlığına çatdırılmasını təmin edir. Yaxın gələcəkdə isə Hökumət Ödəniş Portalına sistem çərçivəsində əlavə ödəniş metodlarının (e-pul, ödəniş terminalları, smart-kartlarla inteqrasiya) tətbiqi və daha geniş funksional imkanların yaradılması nəzərdə tutulur.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Korporativ və büdcə sektorunda hesabatlılıq layihəsi” çərçivəsində yaradılan Büdcə Təşkilatları üçün Maliyyə və Mühasibat Uçotu Hesabatları Sistemi “elektron hökumət” konsepsiyasının reallaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan hesab oluna bilər. Layihənin məqsədi müasir dünya təcrübəsinə əsaslanan maliyyə və mühasibatlıq sistemini respublikanın büdcə təşkilatlarında tətbiq etməklə dövlət siyasəti və vəsaitlərinin təhlili sahəsində potensialın gücləndirilməsi və modernləşdirilməsinə dəstək verməkdir. İngilis dilində FARABI adı altında tanınan BTMMH sistemi büdcə təşkilatları üçün daha müasir uçot və hesabatlılıq, yeni mərkəzləşdirilmiş və müştəriyə hesablanmış informasiya sisteminin tətbiqini, idarəetmə vərdişlərinin yüksəldilməsi və həm də sadələşdirilmiş daxili və xarici hesabatlılıq prosesinin həyata keçirilməsini təmin edəcəkdir. Sistem artıq uğurla tətbiq olunmuşdur və gündəlik istifadədədir. Hazırda həmin sistemin tətbiqinin birinci mərhələsi dövlət sifarişi ilə maliyyələşən 19 ali təhsil müəssisəsini,8 nazirliyin mərkəzi aparatını, 12 komitə və agentliyi əhatə edir.
Gələcəkdə sözügedən sistemə qoşulacaq təşkilatların sayının artırılması və sistemə həmin təşkilatlardan qoşulan istifadəçilərin (lisenziyaların) sayının 4000-ə çatdırılması nəzərdə tutulmuşdur. Ümumiyyətlə, layihəyə Azərbaycanın bütün nazirlikləri və digər dövlət qurumlarının qoşulması planlaşdırılır. Maliyyə Naziliyinə maliyyə hesabatları verən digər qurumlar da bu sistemə qoşulacaqdır.
– SİNAM şirkətinin son uğurlarından biri də regionda ilk mürəkkəb internet layihəsi olan GoMap elektron xəritəsinin yaradılmasıdır. Bu layihə haqqında nə deyə bilərsiniz?
– Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə SİNAM şirkəti tərəfindən yaradılan GoMap.az elektron xəritəsi hazırda Azərbaycanı və Gürcüstanı əhatə edir.
GoMap.az elektron xəritəsinə Azərbaycan üzrə 120 mindən artıq maraq nöqtəsi (POI), 8,4 mindən artıq yaşayış məntəqəsi, 80 şəhər və qəsəbə üzrə ünvan məlumatları, 1 milyondan artıq bina və tikililər, 47 mindən artıq yol və yol qovşaqları (xarakteristikaları və yol hərəkət qaydaları daxil olmaqla) və s. daxildir. Eləcə də GoMap.az xəritəsi üzərində bazada olan 100 000 obyekin foto şəkillərini seyr etmək olar.
Hazırda GoMap.az mobil versiyası vasitəsilə bütün aparıcı platformalarda (Android, iOS, Bada, Windows) istifadə etmək mümkündür. 2013-cü ildə GoMap.az elektron xəritəsinin Android və iOS platformalarında işləyən proqram təminatları da hazırlanıb və AppStore, Play Market və Google marketdən endirilərək müstəqil proqram kimi işləyirlər. Elektron xəritənin yaradılmasında bulud texnologiyasından istifadə edilmişdir. GoMap.az xəritəsinin üzərindən yaradılmış bir məhsul kimi, Yollar.az naviqator proqramı da istifadədədir. Smartfonlarda və naviqator cihazlarında (PND) işləyir. Ayda 130-135 ölkədən 300 mindən artıq istifadəçi GoMap.az-a daxil olur. Mən əminliklə deyə bilərəm ki, GoMap.az Azərbaycan üzrə ən təfərrüatlı elektron xəritədir və digər analoqlarla müqayisədə daha üstündür.
GoMap.az elektron xəritəsinin yaradılmasında əsas məqsədlərdən biri virtual məkanda Azərbaycanın milli maraqlarının qorunmasıdır. Belə ki, mövcud qlobal elektron xəritələrdə Azərbaycanın işgal altında olan ərazilərində toponim adlarının erməniləşdirilməsinın qarşısını almaqla yanaşı, Azərbaycana maraq göstərən dünya ictimaiyyətinə dəqiq alternativ geoinformasiya platforması təqdim olunmuşdur. 130-dan artıq ölkədən olan istifadəçilərin GoMap.az elektron xəritəsinə olan marağı bu siyasətin effektivliyini təsdiqləyir.
– Yeni texnoloji trendləri həmişə diqqət mərkəzində saxlayan SİNAM şirkəti son zamanlar bulud texnologiyalarına üstünlük verməyə başlamışdır. Bulud texnologiyalarının Azərbaycan üçün nə kimi üstünlükləri var?
– Müasir həyatın və idarəetmənin virtuallaşmasını nəzərə alaraq bulud texnologiyalarının bir sıra üstünlüklərini qeyd etmək lazımdır. Yeni texnologiyaların sürətli tətbiqi, yeniliklərin tətbiqi zamanı risklərin azalması, platformalara qlobal çıxış, informasiya texnologiyalarına daha az maliyyə vəsaitlərinin xərclənməsi kimi üstünlüklər bulud texnologiyalarını Azərbaycan üçün çox əlverişli edir.
SİNAM şirkəti bulud texnologiyalarının dövlət sektorunda tətbiqi üçün artıq proqramlar hazırlamışdır və dövlət qurumları arasında bu modelə keçidin üstünlüklərini təbliğ edir. Çünki daha az maliyyə xərcləməklə büdcə vəsaitinə qənaət olunacaq və hər bir qurum platformalardan yalnız real istifadə üçün vəsait ödəyəcəkdir.
Əminəm ki, yaxın 3-5 il ərzində Azərbaycanın dövlət qurumlarının əksəriyyəti bulud texnologiyalarına keçəcəkdir və bu prosesdə SİNAM şirkəti onlara hər cür dəstək verməyə hazırdır.
– Yaxın onillikdə SİNAM şirkətinin strategiyasının əsas istiqamətləri haqqında nə deyə bilərsiniz?
– Artıq qeyd etdiyim kimi, şirəkətimiz öz fəaliyyət strategiyasını “elektron hökumət” sahəsində müasir texnoloji trendlərə uyğun qurur. Bizim Azərbaycan bazarında tətbiq etdiyimiz yeniliklər yaxın illər ərzində qlobal səviyyədə təklif olunan texnologiyalara tam uyğun olacaqdır. Bulud texnologiyaları əsasında görülən işlər bunu bir daha təsdiqləyir.
Bununla yanaşı, biz geniş istehlakçı qrupuna ünvanlanacaq layihələri ciddi olaraq nəzərdən keçiririk. GoMap.az elektron xəritəsi bu istiqamətdə ilk layihəmiz olsa da, uğurludur. Biz daim yeni ideyaları olan komandalarla görüşür, universitetlər çərçivəsində startap formatında biznes təşəbbüslərini təhlil edirik. Bu istiqamət perspektivli olmaqla yanaşı, həm də kiçik sahibkarlığa SİNAM şirkətinin dəstəyi kimi də nəzərdən keçirilə bilər. Azərbaycanda 20 illik fəaliyyət bizə unikal təcrübə toplamağa imkan vermişdir. Yaxın illər ərzində biz təcrübəmizə arxalanaraq fəaliyyət coğrafiyamızı genişləndirməyə çalışacağıq.
Müsahibəni qələmə aldı:
M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.