Hidayət ORUCOV: Xocalı soyqırımı XX əsrin fəlakətidir

 

 

Azərbaycanın Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov Orta Asiyada, Türkiyə və Şimali Kipr Türk Respublikasında yayımlanan “Türkel” qəzetinin Xocalı soyqırımı ilə bağlı suallarına cavab vermişdir. Həmin müsahibəni ixtisarla oxuculara təqdim edirik.

– Hidayət müəllim, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi?

– Xocalı Yuxarı Qarabağda çox mühüm strateji əhəmiyyət daşıyan bir yaşayış məntəqəsi idi. Həmin bölgədə yeganə hava limanı burada yerləşirdi. Yeddi min nəfər əhalisi olan Xocalıda yalnız azərbaycanlılar yaşayırdı.

Xocalı öz tarixinə, milli-mədəni abidələrinə görə yalnız Yuxarı Qarabağda deyil, ümumilikdə bölgənin ən qədim yaşayış məskənlərindən biri olub. Buranın özünəməxsus tarixi, mədəniyyəti, adət-ənənələri vardır. Xocalıda qədim tarixi abidələr işğala qədər qalmaqdaydı. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyət abidələri mövcuddur. Bu, bir məktəb hesab edilir. Burada son tunc və ilkin dəmir dövrlərinə aid edilən daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada qədim memarlıq abidələri – dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, tunc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birinin üzərində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır. Ermənilərin Xocalını yer üzündən silmək niyyətləri eyni zamanda qədim Azərbaycan abidələrini məhv etməklə, oranı da özününküləşdirmək arzusunu həyata keçirmək istəyi ilə də bağlı idi.

 Mən təkrarən demək istəyirəm ki, Xocalı müsibəti çox amansız bir qətliam kimi tarixə daxil oldu. Ümummilli lider Heydər Əliyev demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

– Xocalı faciəsi baş verməyə bilərdimi?

– Bilirsiniz, bunlar əvvəllər SSRİ rəhbərliyi tərəfindən istiqamətləndirilir və idarə olunurdu. 1990-cı ilin 20 Yanvarı da belə törədildi. Şəxsən Mixail Qorbaçov tərəfindən Kremldə hazırlanan ssenari əsasında bu faciələr baş verirdi. Xocalı soyqırımınadək Yuxarı Qarabağın idarəetmə sisteminin Azərbaycanın nəzarətindən çıxarılması, yaxud, Poqosyan kimi antiazərbaycan ruhlu ekstremistin 1988-ci ilin fevralında vilayətə rəhbər təyin edilməsi, sonra azərbaycanlıların sıxışdırılması və Yuxarı Qarabağdan çıxarılaraq öz doğma ölkəsində məcburi köçkünə çevrilməsi, Xankəndinin bir yaşayış məntəqəsi, mikrorayonu olan, azərbaycanlılardan ibarət Kərkicahan qəsəbəsinin yandırılması, həmin dövrə qədər isə Qərbi Azərbaycandan (indiki Ermənistan) 150 000-dən çox soydaşımızın deportasiya edilməsi və s. Bunların hamısı Moskvanın yalnız “xeyir-duası” ilə deyil, həm də gizli və ya açıq şəkildə iştirakı ilə həyata keçirilən cinayət aktları idi. O vaxtkı Moskvanın Azərbaycana münasibətdə ayrı-seçkiliyi, məntiqsiz “standartı” olmasaydı, şübhəsiz, nə 20 Yanvar baş verərdi, nə 26 fevral, nə də ölkəmizin ərazisinin 20 faizi düşmən tapdağı altında qalardı.

Azərbaycan müstəqil-

liyini əldə edəndən sonra

anti-azərbaycan qüvvələr öz çirkin əməllərini Yuxarı Qarabağda davam etdirir, yerli azərbaycanlılara qanlı divan tuturdular. O dövrdə “Gənclik” nəşriyyatının baş redaktoru işlədiyim zaman bunu dönə-dönə demişəm və yazmışam ki, Azərbaycanın o illərdəki rəhbərliyinin də böyük günahları vardır... Bu fikir vaxtilə Azərbaycan mətbuatında dərc olunmuş “Son iyirmi ildə məni göydə Allah, yerdə ulu öndər Heydər Əliyevlə Prezident İlham Əliyev xilas etdilər, qorudular” sərlövhəli irihəcmli müsahibəmdə də var: “Əgər o illərdə Azərbaycana Heydər Əliyev rəhbərlik etsəydi, nə Qanlı Yanvar baş verəcəkdi, nə Xocalı, nə də torpaqlarımız itiriləcəkdi. Qorbaçov da bunu yaxşı bilirdi, ona görə də Qarabağ “ssenarisinin” həyata keçirilməsinə sayılan həftələr, aylar qalanda Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdı. Ulu öndər Heydər Əliyev yalnız hakimiyyətə qayıtdıqdan sonra istər Qanlı 20 Yanvar, istərsə Xocalı soyqırımı və istərsə də Azərbaycan xalqına qarşı işlənmiş digər cinayətlərə, terror aktlarına, hadisələrə real, obyektiv hüquqi-siyasi qiymət verilmiş, müvafiq qərarlar çıxarılmışdır.

 Bilirsiniz, mən rəngləri o qədər də tündləşdirmək niyyətində deyiləm. Demirəm ki, Azərbaycanın o vaxtkı rəhbərliyi bunu qəsdən edib. Bu dərəcədə laqeydlik, antiazərbaycançılıq mənim ağlıma gəlmir. Məncə, ya bacarmayıblar, ya gücləri çatmayıb edə bilməyiblər, ya başqa səbəblər var. Bunu özləri yaxşı bilirlər. Həmişə demişəm, indi də deyirəm, ölkə rəhbəri öz vətəndaşının təhlükəsizliyini təmin eləyə bilmirsə, o, həmin gün istefa verməlidir.

– Faciənin gedişatı da onu göstərirdi ki, azərbaycanlılar ermənilərin bu xəyanətkar addımı atacağını gözləmirdilər...

– Tamamilə doğrudur, Azərbaycan da, azərbaycanlılar da ermənilərdən belə nankorluq gözləmirdi. Axı, Azərbaycan xalqı son dərəcə humanist, son dərəcə insanpərvərdir. Xalqımızın mentaliteti belədir ki, həmişə milli azlıqlara böyük məhəbbətlə, hörmət-izzətlə yanaşıb. Vaxtilə Azərbaycanda yaşayan yəhudilər, eləcə də bütün yəhudilər deyirlər ki, Azərbaycan keçmiş SSRİ-də yeganə bir ölkə idi ki, orada heç bir antisemitizm və milli azlıqlara münasibətdə diskriminasiya hallarına yol verilməyib.

Humanist, insanpərvər və rəhmli olan azərbaycanlılar ermənilərin arxadan ona bıçaq saplayacağını ağlına belə gətirmirdi. Məlum olduğu kimi, hələ 1948-1953-cü illərdə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə 150 000 azərbaycanlını “könüllü” repressiyaya məruz qoyaraq, guya Kür, Araz ovalığında pambıqçılıq və digər kənd təsərrüfatı məhsullarının inkişaf etdirilməsi məqsədilə Qərbi Azərbaycandan deportasiya etdilər. Son 200 ilin müxtəlif vaxtlarında azərbaycanlıların buna bənzər deportasiyaları olmuşdu. Məlumdur ki, indiki Ermənistan əhalisinin böyük əksəriyyəti tarix baxımından bizə yaxın olan Gülüstan və Türkmənçay müqavilələri bağlanana və ondan xeyli sonralara qədər Azərbaycan türklərindən ibarət idi. İndiki Ermənistana ermənilərin köçürülməsi faktı danılmazdır. 1828-ci il fevralın 13-də imzalanan Türkmənçay müqaviləsinin 15 bəndindən ibarət olan sonuncu bölməsində Türkiyə və İrandan ermənilərin İrəvan və Naxçıvan xanlıqlarına köçürülməsi nəzərdə tutulurdu və bu proses həmin dövrdə həyata keçirilmişdir. Azərbaycan xalqının əziz və müqəddəs bayramı olan Novruz bayramında, yəni 1828-ci il martın 21-də çarın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində erməni vilayəti yaradılmışdır. Yəni indiki Ermənistan dövlətinin təməli o vaxtdan qoyulmuşdur. Buna sübut olaraq əlavə edim ki, hələ 1978-ci ildə Yuxarı Qarabağın Ağdərə (Mardakert) rayonunda ermənilərin İrandan köç etməsinin 150 illiyini əks etdirən bir abidənin açılışı da gerçəkləşdirilmişdi. O abidəni öz gözlərimlə görmüşəm. Sonralar o abidəni ermənilərin özü məhv etmişdilər ki, özlərinin yalan tarixini yazsınlar. Erməni mətbuatında da oxumuşdum ki, hətta indiki Ermənistanın Vedi rayonunda da ermənilər buna bənzər bir tədbir keçiriblər. Yəni bir sıra erməni tarixçiləri də, memarları da, ziyalıları da Azərbaycan torpaqlarına köçürülmələrini bu və ya başqa formada təsdiq edirlər. Bu, bizim xalqın son dərəcə humanistliyindən, mehribanlığından irəli gəlirdi. Bu qədər mehriban, ilıq münasibətlərə baxmayaraq, hələ 1905-1907, 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar tükürpədicidir.

 Amma, çox təəssüf ki, erməni millətçiləri də Azərbaycan xalqının humanistliyindən, insanpərvərliyindən, onun ərazisində yaşayan milli azlıqlara mehriban münasibətindən dəfələrlə sui-istifadə ediblər. 1988-ci ildən başlayan hadisələrdə (əslində, elan olunmamış müharibədə) də onlar bu bəd niyyətlərini, bəd əməllərini davam etdirdilər.

– Sizcə, Xocalı soyqırımı günümüzdə lazımınca dünya ictimaiyyətinə tanıdılıbmı?

– Bəşəriyyətə qarşı cinayət hesab olunan Xocalı soyqırımı hələ də dərindən öyrənilməlidir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı müsibəti kimi soyqırımları pisləyir, yolverilməz sayır. Azərbaycan xalqı 1948-ci ilin 9 dekabrında qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması” Konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar – Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı qətliamına, əsl soyqırımı hadisəsi kimi siyasi-hüquqi qiymət verməlidirlər. Xocalı soyqırımı dərindən öyrənilməli, tədqiq olunmalıdır. Ona görə ki, bu gün bizim bölgədə, keçmiş SSRİ-nin bir sıra ölkələrində ekstremist, terrorçu qüvvələr var və onların yenidən baş qaldırmaması, belə bir soyqırımının yenidən törədilməməsi üçün bu cür hadisələrə dünya ictimaiyyəti birmənalı olaraq “yox!” deməlidir. Əlbəttə, Xocalı soyqırımı təkcə Azərbaycanın problemi deyil, bütün bəşəriyyətin problemi olmalıdır, bu sivil dünyanın mövzusu olmalıdır.

– Əslində, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının çox böyük səmərəsi olur. Azərbaycan Prezidenti cənab İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva da öz görüşlərində və çıxışlarında bu mövzunu dönə-dönə xatırladırlar.

– Dediyiniz kimi, Prezi-

dent İlham Əliyevin səyləri, Mehriban xanım Əliyeva və Leyla xanım Əliyeva tərəfindən həyata keçirilən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması qarşıya qoyulan hədəflərdən biridir. Hazırda bu kampaniya dünyanın 50 ölkəsində həyata keçirilir və onun fəallarının yorulmaz əməyinin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalıda törədilmiş vəhşilikləri soyqırımı kimi tanımışdır. “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımına dair çoxlu sayda kitab, buklet, disklər hazırlanıb, dünyanın hər yerində müxtəlif tədbirlər həyata keçirilib.

Xocalı soyqırımının dünya dövlətlərində rəsmən tanınması, ermənilərin işğalçılıq siyasəti, bugünkü Ermənistanın qədim Azərbaycan ərazisi olduğunu sübut etmək üçün çox səmərəli fəaliyyət göstərilir. Artıq Meksika, Kanada, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru dövlətləri, habelə ABŞ-ın Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, West Vircinya ştatları rəsmi olaraq Xocalı faciəsini qətliam kimi tanımışlar. Çox təəsüf ki, nüfuzlu beynəlxalq təşkilatlar bu qətliama hələ də obyektiv münasibətlərini bildirmirlər. Bu da bir həqiqətdir ki, Dağlıq Qarabağ məsələsinin həlli üçün dünyanın aparıcı dövlətləri qətiyyətlilik nümayiş etdirmir, Minsk qrupu isə uzun illərdir fəaliyyət göstərdiyi müddətdə ikili standart yeridir. Nəzərə alınmır ki, Azərbaycan ərazisinin 20 faiz torpağı ermənilərin işğalı altındadır, 1 milyon qaçqınımız var. Münasibətləri bu cür tarazlaşdırmanın özü ədalətsizlik, cinayətkara haqq qazandırmaqdır.

Müsahibəni apardılar:

Ramiz MƏŞƏDİHƏSƏNLİ, Hökümə XƏLİLOVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında