Samirə PATZER-İSMAYILOVA: “Xocalı soyqırımının tanıdılması ilə bağlı ciddi səy göstəririk”

 

 

 

Azərbaycan xalqının XX əsrdə yaşadığı ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının təbliğ olunmasında və tanıdılmasında Qərbi Avropa ölkələrində fəaliyyət göstərən diasporumuz fəallıq nümayiş etdirir. Hər il olduğu kimi, bu il də Azərbaycan diasporu, xarici dövlətlərdəki diplomatik korpuslarımız və Diasporla İş üzrə Dövlət Komitəsi soyqırımının təbliği və tanıdılması istiqamətində ciddi addımlar atmışdır.

 Son illər dünya ictimaiyyətində Xocalı soyqırımı ilə bağlı informasiya blokadasının yarılması və həqiqətlərin çatdırılması istiqamətində xeyli iş görülmüşdür. Bunun da bir qismi Avropa Azərbaycanlıları Konqresinin (AAK) payına düşür. Builki tədbirlər planı və görülən işlərlə bağlı qurumun rəhbəri Samirə Patzer İsmayılova ilə müsahibə apardıq.

– Samirə xanım, AAK builki ildönümlə bağlı konkret olaraq hansı planlarını icra etmişdir ?

– AAK 2014-cü ilin fevral ayında “1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli” ilə bağlı Avropa Parlamentinin  Xarici siyasət komitəsinin sədri Elmar Brok və İnsan hüqüqları komitəsinin üzvü Elizabet Yeqqleyə  bəyanat və sorğu ilə müraciət etmişdir.  Eyni zamanda, AAK Avropa Parlamentinin 300-ə qədər üzvünə ünvanlanmış müraciətdə Avropa Parlamentindən Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirmək, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı aparılmış kütləvi qırğının insanlığa qarşı törədilmiş soyqırımı kimi qiymətləndirməsini tələb etmişdir.  

 Bundan əlavə, müraciətdə Xocalı soyqırımının beynəlxalq ekspetlər komissiyası tərəfindən araşdırılması, ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin başçılarından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli yolunda və sülhün əldə edilməsində cəhd göstərmələri istənilmişdir.  Müraciətin sonunda bildirmişik ki, sülh Cənubi Qafqazda ortaq coğrafi mövqeyə, təbii sərvətlərə və çoxəsrlik mədəni irsə malik xalqların birgə yaşaması və inkişafına təkan verəcək yeganə vasitədir. Bu baxımdan biz bu münaqişənin həlli ilə bağlı indiyə qədər qəbul edilmiş qərar və bəyanatlara istinad edərək  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək məqsədilə Avropa Parlamenti tərəfindən diqqətlə qəbul ediləcəyimizə ümidimizi və istəyimizi ifadə etmişik.

 — Siz həm də 40-a qədər  Azərbaycan cəmiyyətinin daxil olduğu Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzində (AAKM)  icraçı direktorsunuz. Fevralın 22-də Berlin şəhərində bu qurumun da təşkilatçı qismində iştirak etdiyi Xocalı faciəsini yadetmə mərasimi təşkil olundu. Mümkünsə, tədbir barədə məlumat verərdiniz...

  – Biz fevralın 22-də Almaniyadakı Türk-Azərbaycan Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi və  AAKM-ın və Berlin-Brandenburg Atatürkçü Düşüncə Dərnəyinin birgə əməkdaşlığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı Berlindəki “Türk evi”ndə yadetmə mərasimi təşkil etdik. Mərasim zamanı Berlindəki Xocalı abidəsi ziyarət olundu. Tədbirdə Milli Məclisin deputatı Azay Quliyev, professor, tarixçi Qasım Hacıyev, Xocalı soyqırımının canlı şahidi yazıçı və jurnalist Səriyyə Cəfərova, professor Hakkı Kəskin, Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlu və Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxışlar etmişlər. 

– Almaniyadakı Azərbaycan diasporu fevralın 26-da hansı tədbirləri keçirməyi planlaşdırır ?

 – Hər il olduğu kimi, Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri və diasporu bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsini müxtəlif aksiya və tədbirlərlə yad etməkdədir və bu tədbirlər fevralın 26-da xüsusi olaraq davam edəcəkdir. Belə aksiyalardan biri də Berlindəki “Azərbaycan evi” ilə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM)  birgə olaraq keçirəcəyi etiraz nümayişidir. Nümayiş Berlinin mərkəzində yerləşən məşhur “Brandenburq qapıları” qarşısında olacaqdır.

Nümayişdə Xocalı faciəsini əks etdirən fotomateriallar, erməni şovinistlərinin  qanlı hərəkətlərini pisləyən plakat və “Xocalıya Ədalət” kampaniyasının şüarlarından istifadə olunacaqdır. Nümayişdə meqafon vasitəsilə Xocalı soyqırımı haqqında, eləcə də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanmasına dair ictimaiyyətə məlumat veriləcək, alman və ingilis dillərində Xocalı faciəsi və Dağlıq Qarabağ münaqişəsinə dair kitabçalar, informativ vərəqələr şəhər sakinlərinə və turistlərə paylanacaqdır.  Nümayişdən sonra AAKM, “Azəbaycan evi”, Azərbaycan Tələbə Şəbəkəsinin birgə əməkdaşlığı ilə “Unudulmaz ağrı” adlı anım mərasimi keçiriləcəkdir.

– Builki təbliğat və tanıtım kampaniyasından hansı gözləntiləriniz var ?

– Azərbaycan  diasporu hər il daha da güclənir. Bunun səbəblərindən biri də şübhəsiz ki, dövlətimizin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdır. Bu həm də Azərbaycan dövlətinin son illər qazandığı uğurlarla da əlaqəlidir. Soydaşlarımız atılan addımların uğurlu nəticəsini görərək qürurlanır və daha sıx  birləşməyi  Vətən üçün bir borc hesab edirlər. Hər il qan yaddaşımızla bağlı günlərdə diasporumuz fəallıq nümayiş etdirir. Biz artıq bunun uğurlu nəticəsini görürük. Meksika, Kolumbiya, Pakistan, Çexiya, Bosniya və Hersoqovina, Honduras kimi dövlətlərin Xocalı soyqırımını tanıması bu sahədə erməni lobbisinin informasiya blokadasının artıq yarıldığının göstəricisidir.

Azərbaycan dövlətinin prinsipial, vətənpərvər siyasəti nəticəsində və diasporumuzun fəallığı da daxil olmaqla həqiqətlərimizin tanıdılması prosesi uğurla gedir. İnanıram ki, bu il Almaniyada həyata keçirdiyimiz tədbirlər silsiləsi də bu ölkə rəhbərliyi tərəfindən nəzərə alınacaq  və xalqımızın haqlı olması alman ictimaiyyəti tərəfindən qiymətləndiriləcəkdir. İstər Avropa Azərbaycanlıları Konqresi, istərsə də Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi Xocalı soyqırımının tanıdılması və təbliği ilə bağlı bütün səylərini nümayiş etdirir.

Anar TURAN,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında