AzərTAc-ın “Səfir saatı”nın qonağı Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hamidir
“Mərakeş Krallığı ilə Azərbaycan arasında bütün sahələrdə, xüsusilə siyasi sahədə çox yaxşı əlaqələr mövcuddur. İqtisadi müstəvidə əlaqələrin səviyyəsinə gəldikdə, onları da yüksək ikitərəfli əlaqələr müstəvisinə qaldırmaq istəyirik”.
Bu fikirləri AzərTAc-ın yeni layihəsi olan “Səfir saatı”nın qonağı, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami demişdir.
Səfirlə müsahibəni təqdim edirik.
– Mərakeşlə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirdiniz. Bununla bağlı daha nə deyə bilərsiniz?
– Zati-aliləri Kral VI Məhəmmədlə cənab Prezident İlham Əliyev arasında sıx dostluq əlaqələri vardır. Biz səfirlərə də aydın şəkildə tapşırılıb ki, bu əlaqələrin səviyyəsini daha da yüksəldək. Mədəniyyət sahəsində də, təbii ki, əlaqələrimiz yaxşıdır və Mərakeş xalqı ilə Azərbaycan xalqı arasında sıx dostluq münasibətləri mövcuddur.
Bildiyiniz kimi, Mərakeş Krallığı parlamentinin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyətinin Azərbaycan parlamentində və bir sıra dövlət qurumlarında görüşləri planlaşdırılır. Eyni zamanda, bu il Azərbaycan-Mərakeş Müştərək Komissiyasının iclası keçiriləcəkdir. Hazırda tədbirin keçirilmə vaxtı razılaşdırılır. İclasın Bakıda hər iki ölkənin xarici işlər nazirinin Elmar Məmmədyarov və Səlahəddin Mizvarın sədrliyi ilə keçirilməsi nəzərdə tutulur.
– Mərakeş və Azərbaycan arasında mədəni və təhsil sahəsində əlaqələrin gələcəyini necə görürsünüz? Bu il iki dövlət arasında hansısa yeni layihələrin işlənib həyata keçirilməsi gözlənilirmi?
– Mədəni əlaqələrimiz də çox yaxşıdır. 2009-cu ildə Mərakeşin Bakıda və 2007-ci ildə isə Azərbaycanın ər-Rabatda səfirliyi açılandan bəri hər iki ölkədə mədəniyyət günləri keçirilmişdir. Yaxın vaxtlarda Mərakeşdə Azərbaycanın daha bir mədəniyyət günlərinin keçirilməsi gözlənilir. Bundan əlavə, Mərakeş Beynəlxalq Muğam Festivalında, Azərbaycanın ev sahibliyi etdiyi sivilizasiyalar və mədəniyyətlərarası dialoqa həsr olunmuş konfranslarda müntəzəm şəkildə iştirak edir. Bundan əlavə, səfirlik Azərbaycanda akademiyaların, universitetlərin təşkil etdiyi bütün simpoziumlara qatılır.
Təhsil sahəsində əməkdaşlığa gəldikdə, demək lazımdır ki, ölkələrimizin təhsil nazirlikləri bununla bağlı saziş imzalamağa hazırdır. Müştərək komissiyanın iclasında bir çox sazişin - iqtisadiyyat, təhsil, mədəniyyət, səhiyyə, baytarlıq və başqa sahələrdə təqribən 12-dən artıq sazişin imzalanması gözlənilir.
Keçən il V Məhəmməd Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq sazişi imzalanmışdır. Bizi maraqlandıran məsələlərdən biri də Mərakeş universitetlərində Azərbaycan dilinin tədrisi bölməsinin açılmasıdır.
– Həm Mərakeş, həm də Azərbaycan geniş turizm imkanlarına malikdir. Bu sahədə əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz?
– 2007-ci ildə Mərakeşlə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq sazişi imzalanmışdır. Səhv etmirəmsə, bu saziş təkcə turist mübadiləsinə, qarşılıqlı səfərlərin təşkil olunmasına deyil, həm də turizm infrastrukturu sahəsində əməkdaşlığa imkanlar açır. Mərakeş öz turizm müəssisələrini yaratmaqla, köməyini göstərməyə hazırdır. Ölkəmizin turizm sahəsində böyük təcrübəsi vardır. 2013-cü ildə Mərakeşə 10 milyondan artıq turist gəlmişdir. Böyük turizm imkanlarına malik olan Azərbaycan Mərakeşin təcrübəsindən yararlana bilər. Biz bu köməyi göstərməyə hazırıq.
Ötən il Mərakeşə təqribən min nəfərdən çox azərbaycanlı turist gəlmişdir.
– Hökumətlərarası komissiyanın iclasında daha hansı sazişlərin imzalanması gözlənilir?
– Bu barədə söhbətin əvvəlində bir qədər danışdım. Əlavə olaraq demək istəyirəm ki, bir çox sazişlər üzərində iş artıq bitib, qalan bəzi kiçik məsələləri də bu yaxınlarda həll edəcəyik. Bu sazişlər ikiqat vergitutmadan azad olmağı, investisiyalar, səhiyyə, baytarlıq, təhsil, İKT və başqa sahələri əhatə edir. Digər bir mühüm saziş də fövqəladə hallarda əməkdaşlıqla bağlıdır.
Fürsətdən istifadə edərək, demək istəyirəm ki, Heydər Əliyev Fondu ilə Mərakeşdəki müvafiq cəmiyyətlər arasında əlaqələr də qurula bilər. Heydər Əliyev Fonduna Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir, Mərakeşdəki oxşar cəmiyyətlərə isə Kralın həyat yoldaşı şahzadə Səlma və bacıları başçılıq edirlər. Bu cəmiyyətlər səhiyyə, qadın məsələləri ilə məşğuldurlar. Burada əməkdaşlıq imkanları vardır.
– Siz həm də yazıçısınız. Novellalarınızın birində əsərin əsas personajı Qafqazla Skandinaviya arasındakı oxşar kökləri axtaran azərbaycanlı qadındır. Eyni zamanda, iki romanınızın qəhrəmanları da azərbaycanlılardır. Niyə məhz azərbaycanlılar?
– Bunun sadə səbəbi var. Mən diplomat kimi müəyyən ölkədə yaşadığım zaman təkcə siyasi, iqtisadi vəziyyət haqda məruzələr hazırlamaqla kifayətlənmirəm, eyni zamanda ölkələrin xalqları haqqında yazıram. Bu, bir diplomat kimi mədəniyyətləri başa düşməkdə mənə kömək edir. Xalqların düşüncələri, adətləri çox maraqlıdır. Məhz bunların vasitəsilə siyasəti, iqtisadiyyatı başa düşə bilərsən. Bundan qabaq bir çox ölkələr haqqında yazmışam.
Sizin dediyiniz novellada isə Orta Asiyada, Qafqazda neft, enerji, qaz uğrunda mübarizədən danışılır. Bu mübarizənin mənfi təsirləri də vardır- ekologiyaya, iqlimə təsir edir. Azərbaycan və başqa xalqların tarixi kökləri barədə oxuyarkən, gördüm ki, vikinqlərin buradan getməsi haqda mülahizələr vardır. Mən Norveçdə işləmişəm, bu ölkənin şimalında bişirilən bir yemək var. Onu buxarda hazırlayırlar. Əhalinin fikrincə, bu xörək yalnız Skandinaviya ölkələrinə xasdır. Amma Mərakeşin şimalında da buna oxşar yeməyi eyni üsulla bişirirlər. İki il bundan qabaq Şəkiyə səfər edərkən orada da bu yeməyin eyni üsulla bişirildiyinin şahidi oldum. Müəyyən etdim ki, burada da oxşar köklər vardır.
Mən ekologiya məsələləri ilə də çox maraqlanıram. Bu haqda roman yazmaq qərarına gəldim. Romanın dörd qadın qəhrəmanından biri azərbaycanlıdır. Mövzusu isə iqlim dəyişikliyi barədədir. Qadınlardan ikisi amerikalı (biri Danimarka əsilli), biri azərbaycanlı, digəri isə mərakeşlidir. Onların sosial, psixoloji ortamda dialoqları ekologiya ilə bağlıdır. Azərbaycanlı qadın jurnalistdir. Onu Kopenhagenə göndərirlər ki, orada keçirilən konfransı işıqlandırsın. O, səfəri zaman Skandinaviya ilə Azərbaycan arasında oxşar köklər üzə çıxarır.
Başqa bir novellam ailə münasibətlərinə həsr olunub. Ər əcnəbi, onun həyat yoldaşı isə azərbaycanlıdır. Qadının əvvəlki azərbaycanlı ərindən bir qızı vardır. Novellada Azərbaycan ənənələri və mədəniyyəti vasitəsilə şəxsiyyətlər arasında dialoq qurmaq üçün yeni informasiya texnologiyalarından istifadə etmişəm. Əsərlərimin hamısını ingilis dilində qələmə almışam. Oxusanız görərsiniz ki, mən xalqların mədəniyyəti ilə necə yaxından maraqlanıram. Hesab edirəm ki, hər bir diplomatın birinci missiyası məhz mədəniyyətdir.
– Cənab səfir, maraqlı söhbətə görə təşəkkür edirəm, sizə diplomatik və ədəbi fəaliyyətinizdə uğurlar arzulayıram.
– Mən də sizə, bütün jurnalistlərə təşəkkür edirəm. Mən özüm də jurnalist olmuşam.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.