Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA -ya müsahibəsi
- Bu günlərdə Milli Məclisdə “Prokurorluq haqqında” qanuna ciddi dəyişikliklər nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin statusu artırıldı. Bu onu deməyə əsas verirmi ki, ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı yeni mərhələ başlayacaq?
- Əslində bu yeni mərhələ artıq bir neçə ildir başlayıb və dövrün tələbindən irəli gəlir. İndi isə görülən işlərin xüsusiyyətləri nəzərə alınaraq keyfiyyətcə yeni mərhələyə keçir. Əgər əvvəlki illərdə cəza siyasəti və cinayət təqibi üstünlük təşkil edirdisə, son dövrlər müasir informasiya texnologiyalarının tətbiqi və şəffaflıq siyasəti korrupsiyaya qarşı mübarizədə səmərəli rol oynamağa başlayıb. Bu qəbildən “ASAN Xidmət” Mərkəzinin yaradılması və onun fəaliyyət göstərdiyi cəmi bir il ərzində əldə etdiyi müsbət nəticələr bu siyasətin nə qədər düzgün olduğunu göstərir. Görülən işlər insanların ölkə Prezidentinin bu sahədə həyata keçirdiyi siyasətə inamını daha da artırıb. Bu günlərdə ölkə Prezidentinin sərəncamı ilə “elektron məhkəmə” informasiya sistemi yaradılacaq ki, bu da məhkəmə və hüquq islahatlarına böyük bir töhfədir. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizədə cinayət təqibi və cəza siyasəti aktual olaraq qalır. Bu baxımdan, Baş Prokurorluq yanında ixtisaslaşdırılmış prokurorluq orqanının bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi statusunda olması və bu qurumun strukturunun daha da genişləndirilməsi aparılan siyasətin tərkib hissəsidir. Onu da qeyd etməliyəm ki, korrupsiya ilə bağlı cinayətlər üzrə ixtisaslaşmış prokurorluq orqanı olan bu idarə fəaliyyətini qanunvericiliyə uyğun dəqiq və şəffaf qurmaqla yanaşı ictimaiyyət arasında da nüfuz qazana bilib.
- Parlamentdə bu qanunun müzakirəsi zamanı deputatlar korrupsiyaya qarşı mübarizə komissiyasında parlament müxalifətinin də təmsil olunmasını təklif etdilər...
- Korrupsiyaya qarşı mübarizədə müxalifətin və yaxud parlament müxalifətinin iştirakının səmərəliliyi ideyasını ümumiyyətcə əsaslı hesab etmirəm. Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Komissiyası hakimiyyətin üç qolunun təmsilçilərindən ibarətdir. Parlament təmsilçiləri də bütövlükdə parlamenti təmsil edirlər. Bununla yanaşı, komissiya milli QHT-lər, beynəlxalq təşkilatlarla çox səmərəli əməkdaşlıq qurub. Siyasi mənsubiyyətindən asılı olmayaraq, istənilən şəxs komissiyanın saytına müraciət etməklə korrupsiyaya qarşı mübarizə siyasətinin iştirakçısına çevrilə bilər.
- Korrupsiyaya qarşı mübarizə ilə bağlı yaxın gələcəkdə atılacaq hansısa yeni addımlar gözlənilirmi?
- Bu il fevralın 5-də Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışında da cənab Prezident korrupsiyaya qarşı mübarizənin növbəti dövrdə də prioritet bir məsələ olacağını xüsusi vurğuladı. Qanunvericilikdə də qeyd olunduğu kimi korrupsiyaya qarşı mübarizə bütün dövlət orqanlarının vəzifəsidir. Bu işdə vətəndaş cəmiyyətinin və mətbuatın da rolu böyükdür, amma qərəzsiz olmaq şərtilə. Son dövrlər yeni hökumət formalaşdıqdan sonra müdafiə, təhsil və sosial təminat sahəsindəki islahatlar və görülən işlər də ictimaiyyət arasında böyük ümidlə qarşılanır. Bu onu deməyə əsas verir ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi həm kadr islahatları, həm də institusional islahatlar öz müsbət nəticələrini verir və bu siyasət davam edəcək.
- Milli Məclisin sonuncu iclasında Korrupsiyaya qarşı Mübarizə Komissiyasının üzvü deputat Bəxtiyar Əliyev Azərbaycanın gömrük orqanlarının fəaliyyətini tənqid edib, o cümlədən ölkəyə daxil olan malların qiymətlərinin ilkin ölkədən daxil olduğunu iddia edib. Bir neçə gün sonra onun fikirlərini Müsavat Partiyasının başqan müavini, iqtisadçı Qubad İbadoğlu da təkrarlayıb...
- Əlbəttə, mətbuatın komissiya üzvlərinin çıxışlarına və bəyanatlarına həssas yanaşmasını başa düşürəm. Amma bu sahə ilə bağlı fikirlər söyləmək spesifik bilgilər və məlumatlar tələb edir. Məncə həmkarımız gömrük işinin təşkili və statistikası ilə bağlı spesifik halları araşdırmadan bu qənaətə gəlib. Məlumat üçün bildirim ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iştirakı ilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi 17 iyun 2011-ci ildə qəbul olunub və bu məcəllə Avropa İttifaqı standartlarına cavab verən əsas qanunlardandır. Məcəllənin xüsusi bir bölməsi gömrük işində informasiya sistemləri və informasiya texnologiyalarının tətbiqinə həsr olunub. Hazırda gömrük və vergi orqanları müasir informasiya texnologiyalarının tətbiqi baxımından öndə gedən dövlət qurumlarıdır. O ki, qaldı dövlətlərarası ticarətin gömrük statistikasının müqayisəsi nəticəsində yaranan fərqlərin səbəbləri - bu hal bir çox ölkələr üçün xasdır və beynəlxalq praktikada bu vaxta qədər aktual problem kimi qalır. Amma qeyd etməliyəm ki, Azərbaycan xarici ticarətinin gömrük statistikası BMT və Avropa İttifaqının Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun olaraq aparılır. Ümumiyyətlə isə dövlətlərarası xarici-iqtisadi əlaqələrin göstəricilərinin fərqinin yaranması bir sıra amillərdən, o cümlədən obyektiv səbəblərdən asılıdır: Bilməliyik ki, xarici ticarətin gömrük statistikasında idxal malın mənşə ölkəsi, ixrac isə təyinat ölkəsi üzrə aparılır. Birincisi, alqı-satqı üzrə bağlanmış müqavilələrdən asılı olaraq, idxal olunan malın statistik dəyəri, həmin malın ixrac zamanı statistik dəyərindən daşınma, sığorta, yükləmə-boşaltma xərcləri qədər çox ola bilər. Bundan başqa, tərəfdaş ölkələrdə malların gömrük dəyərinin hesablanmasında bir-birindən fərqlənən üsullar və müxtəlif metodologiyalar tətbiq olunur. Aydındır ki, iki dövlətdə müxtəlif gömrük statistikasının metodologiyası və ya gömrük dəyərinin hesablanma üsulları istifadə edildiyindən bir ölkənin ixracı başqa ölkənin idxalına bərabər olmur. Həmçinin, gömrük statistikasında malın statistik dəyərlərinin müxtəlif valyuta məzənnələri ilə hesablanması da rol oynayır. Malın bir ölkədən başqa ölkəyə çatmasına qədər müxtəlif vaxt keçir və nəticədə kontrakt valyuta ilə ABŞ valyutası arasında məzənnə dəyişir. Beləliklə, mal göndərən ölkədə malın statistik dəyəri bir məzənnə əsasında hesablandığı halda, təyinat ölkəsində başqa məzənnə əsasında hesablanır. Eyni zamanda hərbi və digər konfidensial təyinatlı malların idxalı və ixracına dair məlumatların statistikası da spesifikdir. Sadaladığım halları nəzərə alsanız görərsiniz ki, bu sahə ilə bağlı statistikanı araşdıran və səsləndirən şəxslər bütün faktorları nəzərə almalıdırlar.
- Son vaxtlar mətbuatda məmurların, deputatların özlərinin və ailə üzvlərinin xidməti vəzifə ilə bir araya sığmayan həyat tərzi, bahalı şəxsi əmlakları mütəmadi müzakirə olunur. Qanunvericilik bununla bağlı nə deyir?
- Hesab edirəm ki, bu sahədə hüquqi nihilizm mövcuddur. Yəni, dövlət adamlarının həyat və davranış tərzi ancaq siz dediyiniz kimi rəsmi bəyanat və çağırışlar olarkən aktuallaşır. Əslində bu məsələlər ölkə Prezidentinin imzaladığı qanunlarda da öz əksini dəqiq tapıb. Məsələn, “Dövlət qulluqçularının etik davranış kodeksi” hər bir məmur üçün həm vəzifə səlahiyyətlərinin icrası zamanı, həm də şəxsi davranış üçün rəhbər olmalıdır. O qanunda bütün məsələlər dəqiq göstərilib. O ki qaldı deputatlarla bağlı məsələyə, təəssüf edirəm ki, hakimiyyətin iki qolunun - icra və məhkəmə hakimiyyətinin nümayəndələrinin etik davranış qaydaları mövcud olsa da, parlament üzvünün etik davranışını tənzimləyən sənəd mövcud deyil. Bununla yanaşı, mən konstitusion mülkiyyət hüququna da hörmətlə yanaşmanın tərəfdarıyam. Amma, biz dövlət adamları vəzifə və səlahiyyətlərimizin icrası zamanı maraqların toqquşmasına yol verməməli, şəxsi həyatımızın ictimaiyyət və mətbuat üçün maraq kəsb etdiyini nəzərə almalıyıq.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.