Şriftin ölçüsü:
12.08.2010 08:23 | Oxunma sayı: 1314
Azərbaycan xalqı qədim tarixi, zəngin mədəniyyəti ilə tanındığı kimi, əsrlər boyu dünya şöhrətli şəxsiyyətləri ilə də seçilmişdir. Lakin yüzillər boyu Azərbaycan torpaqları yadellilər tərəfindən işğal, talan edildiyi kimi, onun tarixi, mədəniyyəti, o cümlədən görkəmli şəxsiyyətləri də dəhşətli repressiyalara məruz qalmışdır. Böyük tarixi şəxsiyyətlərimizin əsərlərinin, hətta milli mənsubiyyətlərinin digər xalqlar tərəfindən mənimsənilməsi bunlardan da dəhşətlidir.
Məlum olduğu kimi, yalnız ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyəti dövründə yuxarıda qeyd olunan təcavüz prosesinin qarşısı qətiyyətlə alınmışdır. Həmin dövrdə Azərbaycan xalqı, onun tarixi, mədəniyyəti və eləcə də görkəmli şəxsiyyətləri dünyada olduğu kimi tanıdılmışdır. Zaman ötdükcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü daha aydın görünür, bu dahi insanın əbədiyyətə qovuşmasından keçən zaman məsafəsi bizdən uzaqlaşdıqca onun ölməz ideyaları uca zirvələr fəth edir, ucaldıqca da öz tükənməz şöləsi ilə Azərbaycanın tarixinə və müasirliyinə sönməz şəfəq saçır.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri ilə bağlı fikir və mülahizələrini öyrənmək üçün bu ilin mayında 85 yaşını tamamlamış dünya şöhrətli cərrah, görkəmli alim və ictimai xadim Cavad Heyətə müraciət etdik.
- Cavad Heyət 85 illik yubileyini hansı əhval-ruhiyyə ilə qeyd etdi?
- İlk növbədə mənə göstərilən sonsuz diqqətə görə Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətləri sonsuz sevinc hissi ilə qarşılayıram. Xüsusilə qeyd etmək istəyirəm ki, Sovetlər Birliyi dövründə Azərbaycan dilinin qarşılaşdığı problemlər məni yeniyetmə yaşlarımdan narahat etməyə başlamışdır. Ümummilli lider Heydər Əliyev birinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra totalitar sovet rejiminin amansız qadağalarına baxmayaraq, ana dilimiz dövlət dili kimi qəbul olundu. Bu, yüzillər boyu həllini gözləyən milli məfkurə məsələsi idi. Mən 85 yaşımı böyük iftixarla qeyd edirəm. Çünki ulu öndər Heydər Əliyevin ideyaları yaşayır, Azərbaycan dili digər xalqların dilləri arasında sayılıb-seçilir, hörmətlə qarşılanır.
Hələ rus dilinin hökmran olduğu sovet dövründə ümummilli lider Heydər Əliyevin Azərbaycan dilində saatlarla sərbəst və səlis danışması məni valeh edirdi. Mən həmişə düşünmüşəm ki, ana dilini sevmədən onu dərindən mənimsəmək olmaz. Heydər Əliyev, sözün əsl mənasında, ana dilimizə tükənməz məhəbbəti ilə hamımıza örnək olmuşdur. Sevinirəm ki, ulu öndərimizin müəyyən etdiyi işıqlı yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın dövlət başçısı xalqımıza böyük məhəbbətlə, inamla və cəsarətlə ölkəmizi işıqlı gələcəyə doğru aparır. Mən Prezident İlham Əliyevə daha böyük və möhtəşəm qələbələr, Azərbaycan xalqına xoş rifah və əmin-amanlıq arzulayıram.
- Azərbaycanın indiki inkişaf səviyyəsi sizi qane edirmi?
- Xoşbəxtlik elə bir məfhumdur ki, o, hər adama qismət olmur. Bu mənada mən həqiqətən çox xoşbəxt insanam. Yaxşı yadımdadır, ulu öndər Heydər Əliyevin 1992-ci ildə "Naxçıvan" qəzetində "İnsan xalq üçün yaşayanda xoşbəxt olur" sərlövhəli müsahibəsi dərc olunmuşdu. Müsahibə, sözün əsl mənasında, həyat fəlsəfəsi ilə zəngin fikirlər toplusu idi. Həmin müsahibə məni çox düşündürdü. Deyə bilərəm ki, mən də doğma Vətənimə, ana dilimə və xalqıma qəlbən və ruhən bağlıyam. Hər bir insanın qəlbində gözəl arzular kök salır. Mənim də ən böyük arzum ana dilimizi sayılan, məmləkətimizi gözəl və firavan, xalqımızı azad görmək olmuşdur. Artıq ömrümün 85 ili arxada qalmışdır. Bu uzun zaman kəsiyində dünyada çox şey dəyişmişdir. Bu dəyişikliklər içində xalqımız üçün ən dəyərlisi və tarixi əhəmiyyəti ilə seçiləni Azərbaycan Republikasının müstəqilliyidir. Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq, inkişaf etdirmək, məmləkəti gözəlləşdirmək daha çətindir. Mən sevinirəm ki, Prezident İlham Əliyev bütün bu çətinliklərə əzmlə sinə gərir. Məmləkətimiz gündən-günə gözəlləşir. Doğma Bakımız qısa bir vaxtda böyük inkişaf yolu keçərək Nyu-Yorkun səviyyəsinə yaxınlaşmışdır. Azərbaycanın, Bakının bugünkü inkişafını görmək mənə həyatın bütün nemətlərindən şirindir.
{nl}
Sabir ŞAHTAXTI AzərTAc-ın xüsusi müxbiri
Tehran
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.