“Vergi orqanlarında insan resurslarının inkişafına dair 2014-cü il üçün Tədbirlər Planı”na əsasən, bu il vergi orqanlarında insan resursları sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Vergilər Nazirliyinin İnsan Resursları İdarəsinin rəisi Faiq Şahbazov qəzetimizə müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirmişdir.
- Vergilər Nazirliyinin insan resursları strategiyasının prioritetlərini ümumi şəkildə necə səciyyələndirə bilərik?
- Sürətlə qloballaşan dünyanın yeni aktual çağırışları idarəçilikdə insan resursları strategiyasının düzgün qurulmasını, bu sahədə innovasiyaların tətbiqini obyektiv zərurətə çevirmişdir. Bu reallıqdan çıxış edən Vergilər Nazirliyi insan resursları sahəsində işini müasir tələblərə uyğun qurmağa çalışır. Kadr hazırlığı və ixtisasartırma ilə bağlı mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi, idarəetmə sisteminin elektronlaşdırılması, işə qəbul prosesinin şəffaflaşdırılması, peşə etikasına əməletmə səviyyəsinin yüksəldilməsi prioritet vəzifələr sırasındadır. Ümumilikdə, məqsəd vergi orqanlarının yüksək hazırlıqlı, məsuliyyətli, təşəbbüskar, innovativ yeniliklərə meyilli, kreativ düşüncəli kadrlar hesabına komplektləşdirilməsi yolu ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsidir.
Xüsusi vurğulamaq lazımdır ki, nazirliyin İnsan Resursları İdarəsi bu sahə üzrə strategiya, siyasət və qaydaların müəyyənləşdirilməsi, insan resurslarının idarə edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilərək tətbiqi; vergi orqanlarında kadrlara tələbatın dəqiqləşdirilərək işə qəbulla bağlı müsabiqənin keçirilməsi üçün təkliflərin verilməsi; işə qəbul prosesinin təşkili və uğur qazanmış namizədlərin işlə təmin edilməsi; müvafiq qanunvericilik əsasında vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyasının aparılması və nümunəvi peşə etikasına riayət edilməsinə nail olunması istiqamətində davamlı iş aparır.
- 2013-cü ildə bu istiqamətdə konkret olaraq nə kimi tədbirlər həyata keçirilmişdir?
- Vergilər Nazirliyinin 2013-cü il üçün illik tədris (təlim) qrafikinə əsasən, ötən il vergi orqanı əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi məqsədilə bir sıra tədbirlər, o cümlədən üç ilkin hazırlıq kursu təşkil edilmişdir. Qrafikə əsasən, “Dövlət vergi orqanlarında operativ vergi nəzarəti işlərinin təşkili”, “Dövlət vergi orqanlarında qeydiyyat və uçot işlərinin təşkili”, “Dövlət vergi orqanlarında vergi ödəyicilərinə xidmət işinin təşkili”, “Dövlət vergi orqanlarında kargüzarlıq və koordinasiya işlərinin təşkili” və digər aktual mövzularda keçirilmiş 23 təlim və 28 ixtisasartırma kursunda vergi orqanlarının 1190 əməkdaşının iştirakı təmin olunmuşdur. İdarənin rəhbər heyəti ilkin və ixtisasartırma kurslarının yekunu üzrə keçirilən imtahanların gedişinə ciddi nəzarəti təmin etmişdir.
Vergi orqanı əməkdaşlarının müxtəlif dövlət qurumlarının, ali təhsil müəssisələrinin dəstəyi ilə keçirilən konfrans, treninq və seminarlarda iştirakı da peşə hazırlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2013-cü ildə Azərbaycan Diplomatiya Akademiyasının, Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkil etdiyi bu cür tədbirlərdə nazirliyin əməkdaşları fəal iştirak etmişlər. Məsələn, nazirliyin səkkiz əməkdaşı Maliyyə Elm-Tədris Mərkəzində “Mühasibat uçotunun təşkilində Azərbaycan Respublikası qanunvericiliyinin və vergilərin rolu”, “Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları”, “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzuları üzrə ixtisasartırma kurslarında iştirak etmişdir.
- Kadrların peşəkarlığının artırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, əcnəbi ekspertlərin iştirakı ilə keçirilən treninq və seminarlar barədə də bir neçə kəlmə deyərdiniz...
- İnsan resurslarının inkişafı və idarə edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi son illərdə nazirliyin fəaliyyətində mühüm yer tutur. Ötən illərdə formalaşmış müsbət ənənə əsasında vergi xidməti əməkdaşları beynəlxalq səviyyəli kurslara, seminarlara, treninqlərə göndərilirlər. Paralel olaraq Azərbaycanda təşkil olunan treninq və kurslara dünyanın insan resursları sahəsində ixtisaslaşmış peşəkar ekspertləri dəvət edilirlər. Məsələn, 2013-cü il aprelin 8-dən 12-dək keçirilmiş “İnsan resurslarının inkişafı sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, dünya praktikası və onun ən qabaqcıl nümunələrinin tətbiq edilməsi” mövzusunda beş günlük təlim kursunda vergi orqanlarının 23 əməkdaşı iştirak etmişdir.
Nazirliyin təlimçiləri üçün kursun keçirilməsi barədə vergilər nazirinin 19 mart 2013-cü il tarixli əmrinə müvafiq olaraq ötən il mayın 14-dən 16-dək Avstriya Federal Maliyyə Akademiyasının və yerli ekspertlərin iştirakı ilə təşkil olunmuş üç günlik təlim kursunda nazirliyin funksional struktur bölmələrinin 43 əməkdaşı iştirak etmişdir. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Polşa Respublikasının Baş Nazirinin Dəftərxanası yanında Dövlət Qulluğu İdarəsi və Polşa Respublikasının Dövlət İdarəçilik Milli Məktəbinin birgə təşəbbüsü ilə oktyabrın 21-dən 25-dək Varşava şəhərində keçirilmiş “Dövlət qulluğu: qaydalar, institutlar, təcrübələr” mövzusunda treninqdə idarəmizin əməkdaşı iştirak etmişdir.
- “2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası” ilə bağlı İnsan Resursları İdarəsi hansı işləri yerinə yetirir?
- “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında hazırlanmış strategiya yaxın və ortamüddətli perspektivdə nazirliyin müxtəlif istiqamətlər üzrə fəaliyyət prioritetlərini və əsas hədəflərini müəyyən edir. Strategiyada bir sıra sahələrlə yanaşı, insan resurslarının inkişafı, kadr hazırlığının yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr dolğun şəkildə əksini tapmışdır.
Sənəddə qeyd olunmuşdur ki, qarşıdakı illərdə vergi inzibatçılığında idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı strateji məqsədlərə nail olmaq üçün işçilərin fəaliyyətinin qiymətləndirilməsinin obyektivlik dərəcəsinin yüksəldilməsi, qiymətləndirmənin avtomatlaşdırılması nəzərdə tutulur. Eləcə də nazirliyin strukturlarının və işçilərin fəaliyyətinin qiymətləndirilməsi üzrə avtomatlaşdırılmış sistem vasitəsilə menecerlərə təqdim olunan yekun “e-hesabat” formaları təkmilləşdiriləcək.
Tədris və təlim prosesində vergi orqanları əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində müasir informasiya texnologiyalarından istifadəyə üstünlük veriləcəkdir. Strategiyaya əsasən, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən treninqlərdə vergi orqanları əməkdaşlarının geniş iştirakı təmin olunacaqdır. Bundan başqa, sənəd çərçivəsində vergi sisteminin inkişafı və hüquqi təminatına dair aktual elmi-tədqiqat və araşdırma işlərinin genişləndirilməsi, Vergilər Nazirliyinin Tədris Mərkəzinin bazasında Regional Təlim və Tədqiqat Mərkəzinin yaradılması, əməkdaşların peşə hazırlığı prosesində elektron təhsil (e-learning) sisteminin tətbiqi istiqamətində işlər davam etdiriləcək. Əməkdaşların peşə hazırlığının təkmilləşdirilməsi məqsədilə müasir informasiya texnologiyalarından istifadə yolu ilə beynəlxalq təlim metodlarının tətbiqi də nəzərdə tutulmuşdur.
- “Vergi orqanlarında insan resurslarının inkişafına dair 2014-cü il üçün Tədbirlər Planı”nın imzalanması hansı zərurətlə şərtlənir?
- “2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası”na əsasən, Azərbaycanın iqtisadi inkişaf hədəflərinə nail olmaq üçün mütərəqqi, mükəmməl və beynəlxalq standartlara cavab verən vergi sisteminin formalaşdırılması işi davam etdirilməlidir. Belə bir sistemin yaradılması, ilk növbədə, insan resurslarının idarəedilməsi üzrə mövcud mexanizmin təkmilləşdirilməsini zəruri edir. “Vergi orqanlarında insan resurslarının inkişafına dair 2014-cü il üçün Tədbirlər Planı”nın hazırlanması və təsdiq olunması da məhz bu zərurətdən irəli gəlir.
Tədbirlər Planında insan resurslarının inkişafı ilə bağlı nəzərdə tutulmuş işlərin əlaqələndirilməsi bizim idarəyə tapşırılmışdır. Nazirliyin aidiyyəti struktur və bölmələrinin rəhbərlərinə Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrası ilə bağlı hər altı aydan bir (növbəti ayın 20-dən gec olmamaqla) İnsan Resursları İdarəsinə məlumat vermək tapşırılmışdır. İdarə 2015-ci il fevralın 20-dək bu sahədə görülmüş işlər üzrə yekun hesabat hazırlayaraq vergilər nazirinə təqdim edəcəkdir.
“Vergi orqanlarında insan resurslarının inkişafına dair 2014-cü il üçün Tədbirlər Planı”nda ümumilikdə altı istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İl ərzində vergi sistemi üzrə vəzifə təlimatlarının hazırlanması, insan resurslarının idarə edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin, habelə peşə etikasına əməletmə səviyyəsinin yüksəldilməsi, orta menecerlərlə işin təkmiləşdirilməsi, işə qəbul prosesinin daha da şəffaf mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlı tədbirlərin icrası nəzərdə tutulmuşdur.
Hesab edirəm ki, Tədbirlər Planı əsasında reallaşdırılacaq işlər vergi orqanlarında insan resurslarının inkişafına, kadrların bilik və bacarıqlarının, peşə vərdişlərinin yüksəldilməsinə yeni təkan olacaqdır.
Müsahibəni qələmə aldı: Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.