Yüksək dinamika ilə inkişaf edən Azərbaycan gömrüyü ölkəmizin ümumi tərəqqisinə xidmət edir

 

 

2013-cü ildə Azərbaycanın strateji prioritetlərinin böyük uğurla reallaşdırılması ölkəmizin dinamik inkişafının təmin edilməsi, cəmiyyətimizin qarşısında duran vəzifələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ötən il respublikamızın iqtisadi qüdrəti, siyasi-diplomatik təsir gücü daha da artmış, xalqımızın rifah halı xeyli yüksəlmişdir. Ümumiyyətlə isə ötən il 2003-2013-cü illəri əhatə edən taleyüklü bir dövrün başa çatması ilə də əlamətdardır. Bu dövr ölkəmiz üçün çox uğurlu olmuşdur.

Son on il ərzində dünyada iqtisadi cəhətdən Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. Belə ki, iqtisadiyyatımız 3,4 dəfə artmış, ölkəmizdə 1 milyon 200 mindən çox yeni iş yeri açılmış, işsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə enmişdir. Bütün bunlar təbii ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin konseptual iqtisadi siyasət kursunun bu gün yüksək səviyyədə davam etdirilməsi ilə bağlıdır. Artıq iqtisadi inkişafın Azərbaycan modeli dünya ölkələri üçün bir nümunəyə çevrilmişdir.

Hazırda dünyanın diqqətini özünə cəlb edən ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsində və regional liderə çevrilməsində gömrük sistemi də müstəsna rol oynayır. Müstəqil Azərbaycanın 1992-ci il yanvarın 30-da yaradılmış ilk gömrük qurumu ümummilli lider Heydər Əliyevin iqtisadi siyasətinin tərkib hissəsi kimi formalaşaraq, dövlətimizin müstəqilliyinin əsas atributlarından birinə çevrilməklə üzərinə düşən missiyanı şərəflə yerinə yetirir.

Ölkəmizin gömrük sisteminə diqqət və qayğının nəticəsidir ki, ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla yanvarın 30-u gömrük işçilərinin peşə bayramı günü müəyyən edildi. Həmin il Dövlət Gömrük Komitəsinin yaranmasının 5-ci ildönümü münasibətilə keçirilən mərasimdə ümummilli liderin verdiyi tapşırıq və tövsiyələrin icrası Azərbaycan gömrük sisteminin dünya gömrük ailəsinə inteqrasiyasını sürətləndirdi, onu iqtisadi təhlükəsizliyimizin etibarlı təminatçısına çevirdi. İlk mərhələdə gömrük sisteminin qanunvericilik bazası təkmilləşdirildi. 1997-ci ildə ulu öndərin sərəncamı ilə “Dövlət Gömrük Komitəsinin strukturu və əsasnaməsi” təsdiq edildi. Elə həmin il “Gömrük Məcəlləsi” və “Gömrük Tarifi haqqında” Qanun da qüvvəyə mindi. 1999-cu ildə isə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə qəbul olundu.

Yola saldığımız 2013-cü ildə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi respublikamızda geniş şəkildə qeyd olundu. Ümummilli lider Heydər Əliyevin iqtisadi siyasətinin tərkib hissəsi kimi formalaşaraq dövlətimizin müstəqilliyinin əsas atributlarından birinə çevrilən respublikamızın gömrük xidməti də ulu öndərin 90 illik yubileyi çərçivəsində bir sıra tədbirlər həyata keçirdi.

Mayın 10-da yubiley tədbirləri çərçivəsində Dövlət Bayrağı Meydanında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirildi. Hər il gömrükçülər ümummilli liderin doğum günündə Heydər Əliyev siyasətinə, dövlətçiliyimizə sədaqət nümunəsi olaraq Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər.

May ayında Dövlət Gömrük Komitəsi respublikamızın hüdudlarından kənarda Makedoniyada da xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar bir sıra təntənəli mərasimlər gerçəkləşdirdi.

İlk olaraq Skopyedə yerləşən Müqəddəs Kiril və Mefodi Universitetində ümummilli liderimizin 90 illik yubileyinə və Azərbaycan gömrüyünün inkişafındakı misilsiz roluna həsr olunmuş mərasim keçirildi. Mərasim iştirakçıları əvvəlcə universitetin foyesində yubileylə əlaqədar təşkil olunmuş sərgiyə baxdılar. Sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən məqamlarını özündə əks etdirən fotostendlərlə, kitablarla tanışlıq qonaqlarda zəngin təəssürat yaratdı. Mərasimdə “Heydər Əliyev və Azərbaycan gömrüyü” mövzusunda ulu öndərin müstəqil Azərbaycanın qurulmasında və tərəqqisindəki xidmətlərindən, o cümlədən, gömrük sahəsində həyata keçirdiyi tarixi islahatlardan bəhs edildi, sonra isə xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş film makedon dilində nümayiş olundu.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən makedon dilində çap edilmiş “Heydər Əliyev və Azərbaycan gömrüyü” adlı broşürlər, eləcə də xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətlərini özündə əks etdirən, ingilis dilində nəşr edilmiş nəfis tərtibatlı kitablar universitetə hədiyyə edilmişdir.

Skopyedə keçirilən tədbirlər silsiləsi mayın 15-də “Gömrük mədəni irsin keşiyində” adlı sərgi ilə davam etdirilmişdir. Həmin sərgidə Dövlət Gömrük Komitəsinin muzeylərində saxlanılan və qaçaqmalçılardan müsadirə olunan qədim və dəyərli incəsənət əsərləri nümayiş olunmuşdur. Qonaqlara Dövlət Gömrük Komitəsinin mədəni dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində gördüyü işlərdən, sərgidə nümayiş etdirilən eksponatların yüksək bəşəri dəyərindən danışılmış, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağda mədəni dəyərlərimizin ermənilər tərəfindən dağıdıldığı barədə məlumat verilmişdir. Skopyenin Opera və Balet Teatrında Azərbaycan və Makedoniya incəsənət ustalarının birgə konserti də tədbir iştirakçılarına xoş anlar yaşatmışdır.

Azərbaycan gömrüyünün inkişaf dinamikası son 10 ildə də uğurla davam etdirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda yaşanan iqtisadi inkişaf prosesləri gömrük xidmətinin də həyatından yan keçməmişdir, ölkəmizin ümumi tərəqqisində aparıcı qüvvəyə çevrilən gömrük orqanlarının fəaliyyəti günün tələbləri səviyyəsində qurulmuşdur. Bu sahədə həyata keçirilən islahatlar gömrük qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə davamlı töhfə vermişdir. Beynəlxalq aləmə inteqrasiya nəticəsində Azərbaycan gömrüyü daha müasir və dünya standartlarına uyğun yeni mərhələyə qədəm qoymuşdur. Bu proses dövlət başçısının 1 fevral 2007-ci il tarixli “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamının uğurlu icrası ilə daha da sürətlənmişdir. Proqrama əsasən 5 il ərzində gömrük sərhədində mal dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq subyektlərinə əlverişli şəraitin yaradılması təmin edilmiş, gömrük nəzarəti metodları beynəlxalq standartlara uyğunlaşdırılmış, gömrük prosedurları  avtomatlaşdırılmış, qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə gücləndirilmiş, gömrük infrastrukturu inkişaf etdirilmiş, kadr hazırlığı və beynəlxalq əməkdaşlıq genişləndirilmişdir. 2009-cu ildən dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tətbiqinə başlanması, 2012-ci il yanvarın 1-dən qüvvəyə minən yeni Gömrük Məcəlləsi, elə həmin il Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi, Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq olunması bu prosesə öz töhfəsini vermişdir.

Azərbaycan gömrüyü ötən ildə də fiskal siyasətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsi və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görmüşdür. Dövlət Gömrük Komitəsi 2013-cü ildə nəzərdə tutulan 1 milyard 380 milyon manat illik büdcə proqnozu əvəzinə 1 milyard 383,2 milyon manat gömrük vergi və rüsumu toplayaraq proqnoza 100,2 faiz əməl etmişdir.

 

 Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycana mal və nəqliyyat vasitələrinin axını artmaqdadır. Dövlət Gömrük Komitəsi bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün mühüm addımlar atır. Sərhədyanı ərazilərdə mallar daşınarkən yükləmə, boşaltma, yoxlama əməliyyatlarını operativ icra etmək üçün müasir terminallar və gömrük anbarları yaradılır. Bunu Prezident İlham Əliyevin iştirakı ilə ölkəmizin müxtəlif bölgələrində açılan sərhəd-buraxılış məntəqələri də təsdiqləyir. Ən müasir avadanlıqla təchiz edilən, o cümlədən, nəzarət kameraları, elektron lövhələr, proyektorlar və digər informasiya texnologiyaları ilə təchiz olunmuş bu obyektlərdə müxtəlif beynəlxalq görüşlərin, seminarların və tədbirlərin keçirilməsi üçün də geniş imkanlar yaradılmışdır. Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə, texniki nəzarət vasitələri, həmçinin statistika və informasiya texnologiyaları bölmələri fəaliyyət göstərir. İstifadəyə verilən bütün məntəqələrdə inzibati bina, yük xətti, rəsmiləşdirmə binaları və gömrük laboratoriyası, həmçinin kinoloji xidmət yaradılmışdır.     

Azərbaycanın gömrük keçid məntəqələrində yaradılan şərait, tətbiq olunan müasir vasitələr Cənubi Qafqazın digər ölkələrində hələ ki, mövcud deyil. Narkotik və partlayıcı maddələrin, həmçinin gizli saxlanc yerlərinin aşkarlanması, metal və kimyəvi maddələrin tərkibini və radioaktiv sızıntıları müəyyən edən qurğular, baxış alətləri və digər müasir avadanlıqlar əməkdaşlara işi ən yüksək səviyyədə həyata keçirməyə imkan verir. Bütün bunlar daxili və beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin hərəkətinə normal şərait yaradır, xarici ticarətin inkişaf etdirilməsi, idxal-ixrac prosedurunun sadələşdirilməsi və gömrük işinin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.

2013-cü ildə Azərbaycan gömrüyü iqtisadi təhlükəsizliyin təmin edilməsi, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunması istiqamətində qətiyyətlə mübarizə aparmışdır. Qeydə alınan 12475 hüquqpozma hadisəsindən 347-si cinayət xarakterli olmuşdur. Bu sırada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı faktlar çoxluq təşkil edir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ötən il 133 fakt aşkar edilmişdir. Bu faktlar üzrə ümumilikdə, 135 kq 376,674  qram narkotik vasitə və psixotrop maddələr, o cümlədən, 33 kq 185 qram həşiş, 18 kq 223,834  qram tiryək, 37 kq 717, 571 qram heroin, 198,567  qram kokain, 35 kq 628,38  qram marixuana, 10 kq 159,986  qram metamfetamin, 217,723 qram  metadon və s. gömrükçülər tərəfindən aşkarlanaraq dövriyyədən çıxarılmışdır. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 138 nəfəri kişi, 14 nəfəri qadın olmaqla, ümumilikdə, 152 nəfər barəsində müvafiq tədbirlər görülmüşdür.

Azərbaycan gömrük sistemində informasiya texnologiyalarından istifadəyə geniş yer verilməsi işin səmərəli təşkilinə önəmli təsir göstərir. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2012-2016-cı illər üzrə inkişafına dair Fəaliyyət Planı”na uyğun olaraq, ölkənin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin - VAİS-in yaradılması, məlumatların yoxlanılması və emalı, informasiya texnologiyalarının tətbiqi, korporativ şəbəkənin genişləndirilməsi və müasirləşdirilməsi, elektron gömrük xidmətlərinin təşkili, Azərbaycan Respublikasının xarici ticarətinin təhlilinin aparılması və gömrük statistikasının təkmilləşdirilməsi sahələrində mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, “e-gömrük ödənişləri” elektron gömrük xidməti istismara verilmişdir. Gömrük xidmətinin informasiya sistemlərində elektron imzanın tətbiqi sahəsində işlər davam etdirilir və komitə aparatının, strukturuna daxil olan gömrük orqanlarının və tabeliyində olan digər qurumların 2450-dən artıq əməkdaşı “elektron imza” kartları ilə təmin edilmişlər.

“Azərbaycan Respublikasının gömrük ərazisində tranzit yüklərin daşınmasına avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemi” istifadəyə verilmişdir. Bu sistem vasitəsilə sərhəd-gömrük buraxılış məntəqələrindən ölkə ərazisinə idxal və ya tranzit rejimində daxil olan yükdaşıyan avtomobillər xüsusi mexaniki-elektron kilidlə - elektron plombla bağlanır və bu kilidlər eyni zamanda GPS sistemi ilə təmin olunduğu üçün yükə təyinat gömrük orqanına çatana qədər nəzarət edilməsinə imkan verir. Layihə Dövlət Gömrük Komitəsi ilə BMT-nin İnkişaf Proqramının birgə maliyyələşdirdiyi DGK-nın Hədəf Mərkəzinin yaradılması layihəsinin davamı olaraq həyata keçirilmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsində - Binə, Gəncə, Lənkəran və Zaqatala hava limanlarını əhatə edən Hədəf Mərkəzi istifadəyə verilmiş, DGK-da yaradılmış mobil gömrük bölmələrinin xüsusi avtomobillərində də yüklərin hərəkətinə elektron nəzarət sistemi quraşdırılmış və onlar müvafiq mobil kompyuter avadanlıqları ilə təmin olunmuşlar. Komitənin mövcud “192” qaynar xətti beynəlxalq standartlara cavab verən və İP telefon sistemi üzərindən işləyən yeni “192 çağrı mərkəzi” ilə əvəz edilmişdir. DGK-nın inzibati binasında istifadədə olan ATS və komitə ilə onun struktur bölmələrini birləşdirən birbaşa rabitə xətləri ləğv edilərək Dövlət Gömrük Komitəsinin Aparatını, strukturuna daxil olan gömrük orqanlarını və tabeliyində olan digər qurumları əhatə edən yeni İP telefon sistemi qurulmuşdur.

“Elektron Azərbaycan” Dövlət Proqramının bir komponenti olaraq elektron gömrüyün təşkili istiqamətində elektron yük gömrük bəyannaməsinin tətbiqi mal və nəqliyyat vasitələrinin sərhəd-keçid məntəqələrindən keçməsini sürətləndirməyə xidmət edir. 2013-cü ildən etibarən respublikanın bütün sərhəd-buraxılış məntəqələrində quraşdırılmasına başlanılan “X-REY SMİT Heymann” rentgen avadanlığı dünyanın az sayda inkişaf etmiş ölkəsində tətbiq olunan ən müasir müayinə sistemidir. Müxtəlif növ yük avtomobillərinin 3 dəqiqə ərzində tam şəkildə rentgen müayinəsini aparan bu avadanlıq son illərin istehsalıdır. Belə yüksək texnologiyalı avadanlığın Azərbaycan gömrük orqanları tərəfindən əldə olunaraq ölkəmizə gətirilməsi və onun tətbiqi qaçaqmalçılıq hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

Azərbaycan gömrüyündə Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin yaradılması və tətbiqi post və keçid-buraxılış məntəqələrinin də veb-texnologiyalar əsasında tam modern olmasını tələb etməklə yanaşı, gömrük nəzarətinin daha müasir qaydada həyata keçirilməsinə imkan verir. Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsi olan www.customs.gov.az informasiya resurslarından daha səmərəli istifadəyə, gömrük orqanları və biznes strukturları arasında əlaqələrin genişlənməsinə, əhalinin və sahibkarların maraqlarının daha çevik təmin olunmasına lazımi şərait yaradır. Vahid avtomatlaşdırılmış informasiya sisteminin texniki bazasını təşkil edən korporativ şəbəkə təkmilləşdirilmişdir. Azərbaycan gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi yaradılmışdır. “Bir pəncərə” sistemi isə mal və yüklərin dövriyyəsinin sürətlənməsinə, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılmasına imkan verir və ölkənin sərhəd-buraxılış məntəqələrində həyata keçirilən nəzarət növləri 20 dəqiqə ərzində tamamlanır.

 “Elektron hökumət”in qurulması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərin uğurlarıdır ki, ötən ilin mayında Qəbələdə Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “e-Hökumət: Gömrük sahəsində innovasiyalar” mövzusunda 5-ci beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. 55 ölkə və 5 beynəlxalq təşkilatdan 102 nümayəndənin iştirak etdiyi konfransda gömrük sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin səmərəli olduğu bildirilmiş, tədbirin gömrük-biznes əməkdaşlığının müasir səviyyədə qurulmasına xidmət göstərəcəyi vurğulanmışdır.

Azərbaycan gömrüyü dünyanın bütün aparıcı beynəlxalq qurumları və müvafiq təsisatları ilə sıx əməkdaşlıq edir. Gömrüyün yeni mərhələdə dövrün tələblərinə uyğun olaraq inkişaf strategiyasını müəyyənləşdirən Dövlət Proqramında da beynəlxalq əməkdaşlığın  genişləndirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulmuşdur. Bunu 2013-cü ilin iyununda Ümumdünya Gömrük Təşkilatının Brüsseldəki Baş Qərargahında keçirilən Gömrük Əməkdaşlıq Şurasının növbəti sessiyasında Azərbaycana göstərilən etimad da təsdiqlədi. Sessiyada ÜGT sədrinin müavinləri vəzifəsinə dünyanın müxtəlif regionlarından seçilən ölkələrin adları açıqlanmış, Avropa regionu ölkələri üzrə bu vəzifəyə Azərbaycan seçilmişdir.

Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müavini seçildikdən sonra qısa vaxtda səmərəli fəaliyyəti ilə diqqəti cəlb etmişdir. Ötən ilin noyabrında Skopye şəhərində Azərbaycan və Makedoniya gömrük xidmətlərinin birgə təşkilatçılığı ilə Avropa ölkələrinin gömrük təhqiqat və istintaq xidmətləri rəhbərlərinin 20-ci iclası keçirilmişdir. 40 ölkənin gömrük strukturlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin, biznes dairələrinin nümayəndələrinin qatıldığı iclasın iştirakçıları əvvəlcə Dövlət Gömrük Komitəsinin təşkil etdiyi narkomaniyaya qarşı mübarizə mövzusunda rəsm və fotolardan ibarət sərginin açılışında iştirak etmişlər. Tədbirin açılış mərasimində iştirakçılara Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisinin və digər rayonların narkotik vasitələrin yetişdirilməsi və daşınmasında əsas məkan kimi istifadə olunması barədə məlumat verilmişdir. Bundan başqa, iclasda Azərbaycanda gömrük sahəsində görülən işlər, o cümlədən, transmilli şəbəkələrin qaçaqmalçılıq cəhdlərinin qarşısının alınması məsələsi diqqət mərkəzində olmuşdur. İclasın yekun sənədində Azərbaycanın beynəlxalq gömrük internet portalının yaradılması təşəbbüsü əksini tapmışdır.

 İki gün davam edən iclasdan sonra, Skopye şəhərində “Mədəni irsin qorunmasında gömrük təşkilatlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransa Avropa regionu üzrə 20-yə yaxın ölkənin gömrük xidməti, Ümumdünya Gömrük Təşkilatı, eləcə də Mərkəzi və Şərqi Avropa üzrə regional kəşfiyyat idarələrinin və beynəlxalq şirkətlərin nümayəndələri, həmçinin Makedoniyanın elm-təhsil, mədəniyyət və digər müvafiq müəssisələrinin təmsilçiləri qatılmışlar.

 Beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirən Dövlət Gömrük Komitəsinin nümayəndələri ötən il bir neçə ölkəyə səfər etmişlər. Fevral ayında DGK nümayəndə heyətinin Əfqanıstan İslam Respublikasına rəsmi səfəri zamanı keçirdiyi görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılmış, təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyi xüsusi vurğulanmışdır. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Kabul Gömrük İdarəsində olmuş, Kabul Beynəlxalq Hava Limanında Əfqanıstan Gömrük Xidmətinə iki ədəd “informasiya köşkü” hədiyyə edilmişdir. 

Noyabr ayında Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin Toqo Respublikasına səfəri də eyni məqsədə xidmət etmişdir: Azərbaycanla Toqo gömrük xidmətləri arasında əməkdaşlığın inkişafına nail olmaq. Səfər zamanı Azərbaycan və Toqo hökumətləri arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında sazişin imzalanması təklif olunmuşdur. Dövlət Gömrük Komitəsi Toqo gömrük xidmətinə də narkotik vasitələrin axtarışı üzrə təlim keçmiş iki kinoloji xidməti it, iki informasiya köşkü və bir interaktiv yazı lövhəsi hədiyyə etmişdir. Səfər çərçivəsində Azərbaycan nümayəndələri Toqonun ən böyük limanı ilə tanış olmuşdur. Limanda yüklərin geolokalizasiyası sahəsində Azərbaycan Gömrük Xidmətinin təcrübəsinə böyük ehtiyacın olduğu bildirilmişdir.

Dövlət Gömrük Komitəsinin dəvəti ilə ötən ilin oktyabrında ölkəmizdə səfərdə olan Qabon Gömrük Xidmətinin nümayəndə heyətilə keçirilən görüşlər də səmərəli olmuşdur. Qonaqlar DGK-nın Hədəf Mərkəzində, Mərkəzi Gömrük Hospitalında və Kinoloji Mərkəzdə yaradılan şəraiti yüksək dəyərləndirmişlər. Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük buraxılış məntəqəsinə də baş çəkən qonaqlara burada tətbiq olunan yeniliklər, “bir pəncərə” sisteminin üstünlükləri barədə ətraflı məlumat verilmişdir.

Onu da qeyd edim ki, Dövlət Gömrük Komitəsinin bu və digər obyektlərində yaradılan şərait il ərzində Azərbaycana səfər edən digər nümayəndə heyətlərinin də diqqət mərkəzində olmuşdur.

2013-cü ildə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəmizin müxtəlif tədbirlərlə zəngin həyatında Dövlət Gömrük Komitəsi də öz fəallığı ilə seçilmişdir. Komitənin təşkilatçılığı ilə paytaxtımızda və bölgələrimizdə bir sıra beynəlxalq və regional əhəmiyyətli tədbirlər, konfrans və seminarlar keçirilmişdir. Bu baxımdan, oktyabrın 15-dən 17-dək Bakıda Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində 32 ölkədən gələn 50 nümayəndənin iştirakı ilə ticarət strategiyasına nəzarət üzrə regional seminarın keçirilməsi xüsusi qeyd olunmalıdır.

Noyabrın 7-də paytaxtımızda daha bir mötəbər tədbir — Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 10-cu iclası keçirilmişdir. İclasın məqsədi müvafiq bölmələr arasında əlaqələrin yeni istiqamətlərini müəyyənləşdirmək, informasiya və təcrübə mübadiləsi aparmaq, həmçinin qarşıda duran vəzifələrin həyata keçirilməsinə birgə səy göstərməkdən ibarət idi.

 Qəbələdə 14-15 noyabrda keçirilən İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair 6-cı Beynəlxalq Forumda isə 11 ölkə və 5 beynəlxalq təşkilatdan nümayəndələr iştirak etmişlər. İpək Yolu ölkələri arasında dostluq münasibətlərinin və səmərəli əməkdaşlığın inkişafında mühüm rol oynayan bu tədbir qarşılıqlı maraq kəsb edən bir çox məsələlərin müzakirəsinə geniş imkanlar açmışdır.

Mədəni dəyərlərimizin qorunması, onların qaçaqmalçılıq alətinə çevrilməməsi üçün xüsusi fədakarlıq göstərən Azərbaycan Gömrük Xidməti 2013-cü ildə də ənənəsinə sadiq qalaraq bu problemlə bağlı bir sıra mühüm addımlar atmışdır. Bununla bağlı tədbirlərə ilin əvvəlində Amerika Birləşmiş Ştatlarında start verilmişdir. Dövlət Gömrük Komitəsi və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Kaliforniya ştatının Los-Anceles və San-Dieqo şəhərlərində Azərbaycana həsr olunmuş geniş tədbirlər keçirilmişdir.

Fevralın 5-də Los-Anceles şəhərinin nüfuzlu “Skirball” Mədəniyyət Mərkəzində “Azərbaycan Los-Anceles ilə görüşür” adı ilə gerçəkləşən tədbirdə Los-Anceles şəhəri və vilayətinin təmsilçiləri, Kaliforniya yerli qanunvericilik orqanının nümayəndələri, elmi ictimaiyyətin təmsilçiləri, iş adamları, xarici ölkələrin baş və fəxri konsulları, KİV nümayəndələri, Hollivud filmlərinin bəstəkarları və digər mədəniyyət xadimləri, eləcə də Azərbaycan və yəhudi icmalarının üzvləri iştirak etmişlər. Tədbir zamanı əvvəlcə Azərbaycan muğam triosunun və Amerika caz qrupunun ifasında muğam-caz sintezi konserti keçirilmişdir. Konsertdən sonra “Azərbaycan gömrüyü mədəni dəyərlərin keşiyində” adlı sərginin rəsmi açılış mərasimi olmuşdur. Sərgidə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin muzeylərində saxlanılan, gömrük orqanları tərəfindən zaman-zaman qaçaqmalçılardan müsadirə olunmuş qədim və dəyərli incəsənət əsərləri nümayiş etdirilmişdir. Los-Anceles şəhərində Azərbaycan nümayəndə heyəti bir sıra mühüm ikitərəfli görüşlər keçirmişdir. ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin Los-Anceles bölməsinin direktoru Todd Ouen ilə görüşdə birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmiş, tərəfləri maraqlandıran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılmışdır.

Dövlət Gömrük Komitəsi və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə növbəti belə tədbir fevralın 8-də Kaliforniya ştatının San-Dieqo şəhərində keçirilmişdir. Şəhər meriyasının yaxınlığında yerləşən “Westin Gaslamp Quarter Hotel” mehmanxanasında təşkil olunmuş “Azərbaycan San-Dieqo ilə görüşür” adlı tədbirdə Kaliforniya Ştat Senatının və Assambleyasının San-Dieqodan olan üzvləri, San-Dieqo şəhər Meriyasının və Dəniz Limanı Administrasiyasının nümayəndələri, yerli universitetlərin professorları, konsulluq korpusunun və mədəniyyət ocaqlarının təmsilçiləri, KİV nümayəndələri, eləcə də Azərbaycan, yəhudi və İran icmalarının üzvləri iştirak etmişlər. Tədbir zamanı Azərbaycan muğam triosunun və San-Dieqodan olan Amerika caz kvartetinin ifasında muğam-caz sintezi konserti keçirilmişdir. Konsert proqramından sonra “Azərbaycan gömrüyü mədəni dəyərlərin keşiyində” adlı sərginin açılışı olmuşdur. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti San-Dieqo şəhərinin meri Bob Filner, ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin San-Dieqo bölməsinin direktoru Pit Flores və San-Dieqo Dəniz Limanı Administrasiyasının direktoru Veyn Darbo ilə görüşlər keçirmişdir. Görüşlərdə ikitərəfli əlaqələrin, o cümlədən, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanmış, birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir.

 Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə sentyabr ayında Bakıda Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının 21-ci konfransı və Baş Assambleyanın iclası keçirilmişdir. 20 ölkədən nümayəndə heyətlərinin iştirak etdiyi tədbirin açılışında Azərbaycan gömrüyünün inkişaf tarixi və bu günü barədə məlumat verilmiş, bu sahədə müstəqillik illərində ölkəmizin əldə etdiyi naliyyətlərdən bəhs olunmuşdur. Tədbirdə Azərbaycan gömrük muzeylərinin fəaliyyəti yüksək dəyərləndirilmiş, bu muzeylərdə nümayiş olunan eksponatların bəşəri önəmi vurğulanmışdır. Belə tədbirlərin mədəniyyətlərarası dialoqun inkişafı baxımından əhəmiyyətli olduğu bildirilmişdir. Konfrans çərçivəsində müxtəlif tədbirlər də keçirilmişdir: “Bakı gömrüyünün inkişaf mərhələləri: dünən, bu gün və sabah” mövzusunda reallaşan tədbirdə Bakı gömrüyünün tarixindən, eləcə də Bakı Baş Gömrük İdarəsinin fəaliyyətindən geniş söhbət açılmışdır. Daha sonra konfrans iştirakçıları Bakı şəhərindəki Dövlət Bayrağı Meydanına ekskursiyaya çıxmış, burada Rusiya Federal Gömrük Xidməti tərəfindən keçmiş Bakı gömrüyünün müxtəlif dövrlərə aid gömrük bayraqlarının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən isə rəssam Sabir Çopuroğlunun çəkdiyi “Köhnə Bakı Gömrüyü” adlı tablonun və  Azərbaycan gömrük orqanlarında istifadə olunan xüsusi geyim forması, medal və döş nişanlarının Dövlət Bayrağı Muzeyinə təhvil verilməsi mərasimi keçirilmişdir.    

Ötən ilin oktyabrında Moskva şəhərində keçirilən XIV Beynəlxalq “Gömrük xidməti: Xarici İqtisadi Fəaliyyət Texnologiyaları - 2013" sərgisi də Azərbaycan Gömrük Xidməti üçün uğurlu və yaddaqalan tədbirlərdəndir. 30-a yaxın ölkənin təmsil olunduğu bu sərgiyə iki gün ərzində iyirmi min ziyarətçi gəlmişdir. Burada Azərbaycan tərəfinin stendi sərginin ən parlaq və informasiya tutumlu stendlərindən biri kimi diqqəti cəlb etmişdir. Sərginin Azərbaycan pavilyonuna Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalov, Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov və digər rəsmi şəxslər xüsusi maraqla tamaşa etmişlər. Dövlət Gömrük Komitəsinin pavilyonundakı sərgi ekspozisiyasını Uruqvay Milli Gömrük Xidmətinin direktoru, Ümumdünya Gömrük Təşkilatının Amerika və Karib regionu üzrə sədr müavini Enrike Kanon və digər ölkələrin səlahiyyətli şəxsləri də ziyarət etmişlər. Burada gənc və müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu ilə sıx bağlı olan Azərbaycan gömrüyünün bütün tarixi öz əksini tapmışdır.

Yola saldığımız 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər. Öz növbəsində Dövlət Gömrük Komitəsinin rəhbərliyi də şəhər və rayonlarda vətəndaşların qəbulunu təşkil etmiş, müraciətlər dinlənilmiş, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.

 Beləliklə, Dövlət Gömrük Komitəsi ötən ildə də öz fəaliyyətini ölkəmizdəki inkişaf dinamikasına uyğun qurdu. Azərbaycanda gedən iqtisadi inkişaf proseslərinin ön sırasında yer alan komitənin fəaliyyəti nəticəsində ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunmasına yönəlmiş strategiyanın həyata keçirilməsinə təqdirəlayiq töhfə vermişdir.

 İnanıram ki, gələcəkdə də gömrük işi respublikamızın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun reallaşmasında mühüm rol oynayacaq, gömrük əməkdaşları bu vəzifələrin reallığa çevrilməsi üçün səylə çalışacaqlar. Azərbaycan gömrükçüləri dövlət başçısının qayğısını daim hiss edir, bu qayğıya əməli işlə cavab vermək üçün bütün qüvvələri səfərbər edirlər. Dövlət başçımızın imzaladığı sərəncamlarla bir qrup gömrük əməkdaşına fəxri adların, ali xüsusi rütbələrin verilməsi, eləcə də əməkdaşlarımızın bir qisminin orden və medallarla təltif edilməsi ölkəmizin gömrük orqanlarına yüksək diqqət və dövlət qayğısının əyani sübutudur. Çoxsaylı gömrük işçiləri adından bu diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına sonsuz təşəkkürümüzü bildirməklə yanaşı, dövlət başçımızı və eləcə də hökumətimizi əmin edirik ki, müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda aparılan mübarizədə bundan sonra da yaxından iştirak edəcək, qarşımızda qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığımızı sərf edəcəyik.

Azərbaycan Gömrük Xidmətinin yaradılmasının 22 illiyi münasibətilə bütün gömrük əməkdaşlarını təbrik edir, onlara cansağlığı və işlərində daim uğurlar arzulayıram!

 

Aydın ƏLİYEV,

 Dövlət Gömrük Komitəsinin sədri,

 gömrük xidməti general-leytenantı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında