İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazın “Trend”ə müsahibəsi
– İsrail və Azərbaycan arasında ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz?
– İsrail və Azərbaycan arasında münasibətlər çox yaxşı səviyyədədir. Ölkələr arasında dostluq əlaqələri və yüksək səviyyədə sıx siyasi əlaqələr mövcuddur. Dövlət başçıları ildə bir dəfə görüşürlər. Biz Azərbaycanın müstəqillik qazandıqdan sonra əldə etdiyi nailiyyətləri yüksək qiymətləndiririk. Bizim iqtisadi və enerji sahəsində də sıx əməkdaşlığımız var. İsraildə güclü Azərbaycan icması və burada yəhudi icması mövcuddur.
– İsrail Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aktiv şəkildə cəlb olunmaq istəyirmi?
– İsrail və Azərbaycan arasında ümumi cəhətlərdən biri də odur ki, Azərbaycan da, İsrail də çox mürəkkəb geostrateji mühitdə yerləşirlər. Hesab edirəm ki, Azərbaycan çox müdrik siyasət aparır. Dağlıq Qarabağ məsələsinə gəldikdə isə deyə bilərəm ki, biz həqiqətən də münaqişənin sülh yolu ilə həllinə ümid edirik. Biz regionda qazandığımız təcrübəyə əsaslanırıq. İsrail Minsk qrupunun səylərini dəstəkləyir. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq.
Mən yanvarın 20-də Şəhidlər Xiyabanında oldum və oradakı hüznlü mərasimdə iştirak etdim. Bu hadisədə öz yaxınlarını itirən insanlarla tanış oldum. Siz müstəqillik əldə etdiniz və bundan sonra dərhal müharibə oldu. Eyni vəziyyət İsraildə də baş verdi.
– Enerji sahəsində əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz? Azərbaycan və İsrail dənizdə qaz hasilatı layihəsini həyata keçirməyi planlaşdırırdı. Bu layihə indi hansı mərhələdədir?
– İsrailin enerji sahəsində çox az təcrübəsi var. Sizin isə bu sahədə çox böyük təcrübəniz var. İsrail dənizdə böyük miqdarda təbii qaz ehtiyatları aşkar etmişdir. Biz Azərbaycanın bu sahədəki təcrübəsini öyrənməyi çox istərdik. Biz aşkar etdiyimiz təbii qaz ehtiyatlarının 40 faizini ixrac etmək qərarına gəlmişik. Hazırda İsrail öz enerji fondunu yaratmaq prosesini keçir. İsraildə təbii qaz sahəsində ekspertlər sayca çox azdır və buna görə də sizin təcrübənizi öyrənmək niyyətindəyik.
Biz sizi, həmçinin “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının qəbul olunması münasibətilə təbrik edirik. Bu, çox vacib bir məsələdir. Bu, Azərbaycan qazını Avropaya nəql edəcək. Biz həmçinin ümid edirik ki, gələcəkdə “Caspian Drilling Company” şirkəti İsraildə öz fəaliyyətini davam etdirəcək. Bu, sizin təcrübənizi bölüşmək istədiyimiz çox vacib bir sahədir. Biz həqiqətən də başlanğıc mərhələdəyik və bu sahədə əməkdaşlıq bizim üçün çox vacibdir.
– Azərbaycanın turizm potensialı barədə nə deyə bilərsiniz? İki ölkə arasında turizm sahəsində əlaqələri necə dəyərləndirirsiniz?
– Hesab edirəm ki, Azərbaycanın turizm potensialı çox böyükdür. Sizin çox gözəl ölkəniz var. Mən Şəki, Zaqatala, Qəbələ, Quba, Sumqayıt, Naxçıvan və Qobustanda olmuşam və bu yerlər çox gözəldir. Hesab edirəm ki, infrastruktur əhəmiyyətli dərəcədə yaxşılaşıb. İsrailin Azərbaycanın Turizm Universiteti ilə xüsusi bir proqramı var ki, hər il demək olar, 20 azərbaycanlı bu proqram vasitəsilə 6 ay müddətinə İsrailə gedir, hotellərdə işləyir, təlim keçir və geri qayıdır. Biz bu rəqəmin bu il 100 nəfərə çatacağını gözləyirik. Hesab edirəm ki, potensial çox böyükdür. Düşünürəm ki, turizm gələcəkdə ölkənin iqtisadiyyatının vacib komponenti olacaq. Azərbaycan gözəl təbiətə malik ölkədir.
“Azərbaycan Hava Yolları” QSC-nin İsrailə birbaşa reysləri mövcuddur və mən bu reyslərlə səfər etdiyim zaman həmin reyslərin hər zaman dolu olduğunu görürəm. Bu, çox yaxşı bir əlamətdir. Hesab edirəm ki, potensial yüksəkdir.
– İki ölkə arasında tibbi personalın mübadiləsi sahəsində vəziyyət necədir?
– Tibb çox vacib bir məsələdir. Bunun bir neçə aspekti var. Mən Azərbaycanda çox yaxşı təchiz olunmuş bir neçə xəstəxanada olmuşam. Biz bir neçə ay bundan öncə Onkoloji Mərkəzlə müqavilə imzaladıq. Hazırda biz onlar üçün 2014-cü il üzrə təlimlər sahəsində iş planı tərtib etməyə hazırlaşırıq. İsrailin təlimlər sahəsində çox böyük təcrübəsi var. Bu səbəbdən də biz sizinlə tibb və texnologiyalar sahəsində öz təcrübəmizi paylaşmaqda maraqlıyıq.
Biz, həmçinin Azərbaycana öz texnologiyalarımızı gətirməkdə maraqlıyıq. Müxtəlif sahələrdə, həmçinin səhiyyə sahəsində təlimlər keçmək üçün İsrailə gedən azərbaycanlıların sayının artdığını görürük. Bu, əməkdaşlıq edə biləcəyimiz daha bir sahədir.
– Azərbaycanda tolerantlığı necə dəyərləndirirsiniz?
– Azərbaycan tolerantlığa bir nümunədir. Azərbaycanda olan tolerantlığı başqa ölkədə görməmişəm. Yəhudilər burada sülh və təhlükəsiz şəraitdə min illərdir yaşayırlar. Biz bunu yüksək qiymətləndiririk və buna görə Azərbaycana minnətdarıq. Yəhudilər Azərbaycanda yaşamaqdan qürur hissi duyurlar.
– Yaxın gələcəkdə iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin təşkil olunması gözlənilirmi?
– Ötən il bir çox qarşılıqlı səfərlər olub və bu yaxınlarda da bəzi səfərlər gözləyirik. İsrailin İxracat İnstitutunun rəhbəri növbəti həftələr ərzində Azərbaycana səfər edəcək. Biz hər iki tərəfdən də yüksək səviyyəli nümayəndə heyətlərini gözləyirik.
Qeyd etmək istərdim ki, onkoloji sahədə imzalanan sazişlə yanaşı, biz diplomatik və xidməti pasportu olan şəxslər üçün viza rejiminin sadələşdirilməsinə dair ikitərəfli saziş imzalamışıq. Bu çox vacib bir sazişdir. Hazırda sözügedən saziş ratifikasiya prosesindədir. Hesab edirəm ki, bu ilin ortalarına kimi saziş qüvvəyə minəcək. İki ölkə arasındakı əlaqələr çox yaxşıdır və yüksək səviyyəli görüşlər çox yaxın gələcəkdə də davam edəcək.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.