20 Yanvar xalqımıza dostlarını və düşmənlərini tanıtdı

 

 Dağlıq Qarabağ münaqişəsi ilk gündən dünyanın nəzərini Qafqazın iki xalqına yönəltdi. Siyasi dividend dairələri iki qonşu xalqı – azərbaycanlıları və erməniləri düşmənçiliyə, faciə və qana aparan yolun qarşısını kəsmək əvəzinə, münaqişəni qəsdən körüklədilər. Xalqımızın iradəsini qırmaq üçün hakim Moskva rəhbərliyi müxtəlif bəhanə və təxribatlarla 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya zəhmli hərbi qüvvə yeritdi, dinc insanların qanını axıtdı. O günlərdə xalqımıza olmazın böhtan və çirkab atılması bir yana, Azərbaycanın səsi də batırılmışdı. Buna baxmayaraq bütün mümkün yollarla törədilmiş misilsiz cinayət dünyaya çatdırılmışdı. Yazıçı-publisist, əməkdar jurnalist  Vasif  Səmədovun o günlərdə və aylarda gördüyü işlər, yazdığı yazılar düşmənləri tanımaq və tanıtmaq, haqq işimizə dəstək qazandırmaq baxımından olduqca gərəkli idi. Həmkarımızın o vaxt “Krasnaya zvezda” və “İzvestiya” qəzetlərində dərcinə nail olduğu silsilə yazılar dostlarımıza təsəlli oldu, düşmənlərimizi xar etdi.

– Vasif müəllim, 20 Yanvar faciəsindən 24 il keçir. O faciəli, ağrılı-acılı günləri xalqımızla birlikdə biz jurnalistlər də yaşamışıq. O günlərdə,  həftə və aylarda dərdlərimizin həddi-hüdudu, səddi-sərhəddi  olmasa da,  qələmə sarılıb ittifaq dövləti rəhbərliyinin qanlı cinayətinin mənzərəsini əlimiz yetən, ünümüz çatan hər yerə yaydıq. Özümüz isə saxta qardaşlığın son gecəsindən həqiqətin ilk səhərinə göz açıb, milli haqlarımıza üz tutduq. Siz o dövrdə respublika mətbuatında,  sonra isə  “İzvestiya” kimi SSRİ-də  və dünyada yayılan qəzetin,  populyar  “Oqonyok” jurnalının səhifələrində bu mövzuda çoxsaylı yazılar dərc etdirmisiniz. Hələ kitablarınızı demirəm. Qanlı faciənin 24-cü ildönümündə  bu yazıların, kitabların meydana gəlməsilə bağlı ən mühüm  məqamları, dramatik anları, epizodları yada salaq.

– Bunlar bir deyil, iki deyil, beş deyil...

–  Bilirəm. Heç olmasa, bir-ikisini – ən təsirlisini xatırlayaq. Məsələn, donanma admiralı Vladimir Çernavinlə müsahibəni, “Müdaxilə” silsiləsini...

– 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başlayanda “Kommunist” qəzetində işləyirdim, müxbir idim. Hadisələr gərginləşdiyi günlərdə və aylarda mən də bir jurnalist kimi tez-tez “Azadlıq” meydanında, ayrı-ayrı müəssisələrdə olur, Sov.İKP-nin rəhbəri Mixail Qorbaçovun apardığı  riyakar və ermənipərəst siyasətə, daşnakları, erməniləri açıq-gizli himayə edən qüvvələrin Qarabağda törətdikləri vəhşiliklərə  qarşı  günbəgün geniş miqyas alan etiraz mitinqlərini, tətilləri  imkan daxilində işıqlandırmağa çalışırdım.

O  vaxtkı müti respublika rəhbərliyi Moskvanın fitnə-fəsadlarına uyaraq bizi yenə də xalqlar dostluğunun sarsılmazlığından bəhs  edən materiallar hazırlamağa məcbur  edirdi.  Xalqda yerli hökumətə, ölkə rəhbərliyinə inam qırılmışdı.  Ehtiraslar getdikcə qızışır, meydan cuşa gəlirdi. Qəzəb dalğası rayonlarımızı, şəhərlərimizi, qəsəbə və kəndlərimizi bürüməkdə idi. Xalq qarşısıalınmaz  bir qüvvəyə çevrilmişdi, artıq öz iradəsini  diqtə edirdi. Hakimiyyət dairələri çaş-baş qalmışdı. Bu nə qədər davam edə bilərdi? Yerli rəhbərlər onların hakimiyyətini təmin edən Kommunist Partiyasının nüfuzunu, öz vəzifə kürsülərini qorumağa çalışırdılar. Beləliklə də qanlı Yanvar faciəsi baş verdi. Oyanmış, haqqını tələb edən xalqımızın üstünə açıq-aşkar ordu yeridildi.

– Çox ağır günlər idi. Yəqin ki, ömrümüz boyu unuda bilməyəcəyik o qanlı günləri.

  – O günlərdə  mən də ayrı-ayrı respublikaların jurnalist təşkilatlarına teleqramlar vurdum, haray saldım, onları bizimlə həmrəy olmağa çağırdım. İstəyirdim həmkarlarımız səsimizə səs versin, başımıza gələn  müsibətlər  barədə dünya xəbər tutsun. Bizim üçün rusdilli mərkəzi mətbuatda həqiqəti demək çox çətin idi.  Baş alıb gedən ədalətsizliklər hamı kimi məni də yaman sarsıtmışdı. Uzun müddət çox acı hisslər yaşadım. 1991-ci ildə iş elə gətirdi ki, “Kommunist” qəzetindən “İzvestiya”ya  keçdim.

– Bununla da həmin qəzetin Azərbaycana münasibətində istiləşmə yarandı. Çox keçmədi ki, 20 Yanvar həqiqətləri də qəzetə yol tapdı. Bundan əvvəl isə siz bir sıra ciddi məqamlara özümüzdə aydınlıq gətirmişdiniz...

– Yanvar faciəsi baş verən kimi  Bakıda, respublikamızın bir sıra bölgələrində komendant saatı qoyulmuşdu. Bununla yanaşı,  mətbuatda  hərbi senzura tətbiq olunmuşdu. O zaman  hadisələr yalnız hərbi senzuranın  ciddi nəzarəti altında işıqlandırılırdı. Hərdən, çox  nadir hallarda cəsarətli jurnalistlərimizin  həyatı bahasına, böyük risk hesabına  həqiqəti, günün reallıqlarını  əks etdirən  materiallar çap etdirmək mümkün olurdu.

Faciənin ilk günlərində xalq, əsasən, hadisələrin şahidi olan ayrı-ayrı adamlar vasitəsilə həqiqəti öyrənirdi. Mən də bir jurnalist kimi, insan kimi fikirləşirdim ki,  nəyin bahasına olursa-olsun, bu müsibətləri dünyaya  çatdırmaq lazımdır. Gecə-gündüz  düşünür, baş sındırır, yollar axtarırdım.

Yeri gəlmişkən deyim ki, o vaxt Lənkəranda da ordu hissəsi ilə əhali arasında toqquşma olmuşdu. SSRİ müdafiə nazirinin müavini, Sovet İttifaqı Qəhrəmanı, donanma admiralı Vladimir Nikolayeviç  Çernavin Lənkərandan SSRİ Ali Sovetinə deputat seçildiyi üçün onunla görüşmək istəyirdim. Məqsədim Dağlıq Qarabağ hadisələri, 20 Yanvar faciəsi ilə bağlı bu yüksək çinli hərbiçi və mötəbər şəxsin mövqeyini öyrənmək, ondan müsahibə alıb, Moskva qəzetlərinin birində dərc etdirmək idi. Admiralla görüşüb söhbət etmək  üçün əlimdə kifayət qədər materialım, faktlarım var idi.

Xeyli tərəddüddən  sonra qəti qərara gəldim. İşdən icazə alıb, gedişimin məqsədini heç kimə bildirmədən Moskvaya uçdum. Bir həftəyə yaxın orada qaldım. Hər gün SSRİ  Müdafiə Nazirliyinə gedir, səhər saat ondan axşam saat səkkizə qədər, bəzən  də daha gec  qəbul otağında  gözləyirdim  ki, deputatımız  Vladimir Nikolayeviçlə  görüşüm.  Lakin buna nail ola bilmirdim. Oradakı zabitlər Azərbaycandan gəldiyimi bildikləri üçün hər dəfə bir bəhanə gətirirdilər: “Çernavinin vaxtı yoxdur, işi çoxdur”.

– Bəs necə görüşə bildiniz?

– Bir dəfə onlarla lap əlbəyaxa oldum, əsəbi halda bildirdim ki, deputatımızla  mütləq görüşməliyəm, əks halda buradan getməyəcəyəm! Növbətçi polkovnik məni kabinetinə çağırdı. Ona dedim: “Mən Bakıdan gəlmişəm, Çernavinin  seçicisiyəm, həmin bölgənin seçicilərinin  nümayəndəsi kimi  gəlmişəm, onunla mütləq görüşməliyəm”. Polkovnik nazir müavininin köməkçisinə  zəng etdi. Nə cavab aldığını bilmədim. Mənə dedi ki, bayıra çıx, yarım saat gözlə. Heç on dəqiqə keçməmişdi ki,  məni yenidən kabinetinə dəvət etdi. Adıma buraxılış vərəqəsi yazdılar. Sonra məni bir miçmanla qəbul  otağına qaldırdılar.

Polkovnik  içəri keçib, məlumat verdi. Çernavin  məni öz seçicisi kimi qəbul etdi, çay, peçenye gətizdirdi. Görüşümüz zamanı seçici kimi deyil, “Kommunist” qəzetinin müxbiri kimi ondan müsahibə almaq istədiyimi söylədim. Sözün doğrusu, pis qarşılamadı.

– Deməli, tilsimi sındırdınız? Bəs niyə məhz Çernavindən başladınız?

– Bəli, bu səbəbsiz deyildi. Çernavinin Lənkəranda baş verə biləcək faciələrin qarşısının alınmasında  təşəbbüs göstərdiyi barədə ətraflı məlumatım var idi.

– Yəqin,  sizi maraqlandırırdı ki, onun bu hadisələrə münasibəti necədir?

– Şübhəsiz. Gəlişimin əsas məqsədi hadisələrə onun münasibətini öyrənmək idi. Donanma admiralı səmimi cavab verməyə çalışırdı, bəzən də “dövlət sirridir, filandır”– deyib sualdan yayınırdı. O, başqalarından fərqli  olaraq  mənə obyektiv, Azərbaycanın dərdlərinə, faciələrinə yanan bir insan təsiri bağışladı. Verdiyim sualları , əsasən, cavablandırdı. Beləcə, söhbətimiz xeyli çəkdi. Mehmanxanada yazını qaydaya saldım. Sonra zəng vurub, köməkçisindən xahiş elədim  ki, imkanı varsa, məni yenidən qəbul etsin.

Fikrim bu idi ki, müsahibəni nazirliyin makina bürosunda yazdırım. Nəhayət, çətinliklə də olsa, onu çap etdirib özünün oxuması üçün razılıq aldım. Nazir müavini materialı diqqətlə oxudu, bəzi yerləri düzəltdi. İkinci dəfə çapa göndərmək istəyirdik ki, köməkçisi gəlib dedi ki,  sizi filan general gözləyir. Çernavin “qoy gəlsin”–dedi. Həmin adam milliyyətcə erməni idi.  Qəribə bir vəziyyət yarandı...

Məlum oldu ki, makinaçı erməni qızıymış. O, həmin generala xəbər çatdırıb ki, Çernavin Azərbaycan jurnalistinə  müsahibə verib. O da bir bəhanə ilə Çernavinin yanına gəlib. Hiss olunurdu ki, isti münasibətləri var.  Xeyli müddət nə barədə isə üstüörtülü söhbət etdilər. Bu arada materialı gətirdilər.

Donanma admiralı materialı oxuduqca səhifələri  üst-üstə qoyurdu. Erməni generalı müsahibə ilə tanış olmaq arzusunu bildirdi, Çernavin etiraz etmədi. O, hərdən  başını yelləyir, nazir müavininə  xeyirxahlıq etmək istəyirmiş kimi ən obyektiv, kəskin məqamları dəyişdirməyi ona tövsiyə  edirdi: “Siz bu cür desəniz milli münasibətlərdə gərginlik yarana bilər, nə bilim filan olar”.

Çernavin isə onun dediklərinə məhəl qoymadan dedi: “Yoldaş general,  jurnalist mənim fikrimi, mövqeyimi öyrənməyə gəlib, sizin yox. Xahiş edirəm qəbul otağında gözləyin. Sonra özüm sizi çağıraram.” erməni generalı qapıdan çıxar-çıxmaz Çernavin başını yellədi: “Belə hallar çox olur, fikir verməyin.”

Materialı oxuyub sona çatanda Çernavin soruşdu:

– Mənə dair başqa bir qulluğunuz varmı?

Dedim:

– Xahişim budur ki, hər səhifəyə qol çəkib, nazirliyinizin  möhürü ilə təsdiq edəsiniz. Belə olmasa, hərbi senzura Bakıda müsahibənin dərc olunmasına etiraz edəcək .

Bir az fikrə getdi. Sonra bütün səhifələrə imza atıb, köməkçisinə göstəriş verdi ki, imzanın yanına  möhür vurdursun. İmzalı, möhürlü materialı alıb,  təşəkkürümü  bildirdim. O, sözarası hansı mehmanxanada, hansı otaqda qalmağımla, Bakıya nə vaxt qayıdacağımla maraqlandı. Köməkçisini çağırıb, məni maşınla mehmanxanaya yola salmaq barədə göstəriş verdi...

Mehmanxanada təhlükəsizliyim baxımından nələr baş verdiyini söyləmək istəməzdim. Nə isə... Bir neçə saat sonra məni hərbi komendaturaya gətirdilər, bilet aldılar. Təyyarə tərpənənə qədər oradan  aralanmadılar. Bərk-bərk tapşırdılar ki, Bakıya çatan kimi Çernavinə zəng vurum.      Çernavin öz vizit kartını mənə vermişdi. Çatan kimi ona zəng vurdum. Sevindiyini bildirdi:

– Çox şadam ki, sağ-salamat gedib çatmısan.

Vaxt itirmədən müsahibəni “Azərinform”un (AzərTAc) əməkdaşları Sevinc Abdullayeva və Vaqif Rüstəmovun yaxından köməyilə respublika  qəzetləri üçün hazırladıq. Şübhəsiz ki, MK-nın icazəsi, hərbi komendantın razılığı olmadan müsahibəni dərc etdirmək mümkün deyildi. Azad Şərifov müsahibənin tərcüməsini orijinalla birgə  MK-ya göndərdi. Təxminən iyirmi günədək material qaldı orada.

– Səbəb nə idi?

– Süründürməçilik, qorxaqlıq, nə bilim daha nə... Axır ki, materialı geri qaytardılar, xatalı iş saydılar. Yenidən uçdum Moskvaya.

– Çernavinin yanına?

– Bəli, Çernavinin yanına. Zəng elədim, birbaşa özü ilə danışdım. Ondan xahiş etdim tapşırsın ki, materialı “Krasnaya zvezda” dərc etsin.  Səbəbini də belə izah etdim: hərbi senzura rusdilli oxucular üçün müsahibənin Azərbaycanda dərcinə razılıq vermir. Dedi ki, telefonda gözlə. Kiminləsə danışdı. Razılıq əldə olunmuşdu. Getdim  “Krasnaya zvezda” qəzetinin  baş redaktoru general  Panovun yanına. O, məni çox səmimiyyətlə qarşıladı. Müsahibəni alıb oxumağa başladı. Baxdı, gördü ki, hər səhifədə Çernavinin imzası möhürlə təsdiqlənib. Deyəsən, bu onun yamanca xoşuna gəldi. Belə olanda əsas məsuliyyət Çernavinin üzərinə düşürdü. Xeyli söhbətdən sonra dedi: “Müsahibən yaxın günlərdə  dərc ediləcəkdir”.

  Bilirsiniz, necə sevinirdim!

  Üç gün  idi ki,  Bakıya qayıtmışdım. Dedilər ki, “Krasnaya zvezda” qəzetində müsahibən dərc olunub. Sən demə, müsahibə çıxan kimi Moskvada böyük hay-küyə səbəb olub, Azərbaycan nümayəndəliyi də dərhal qəzeti Bakıya – MK-ya göndərib. Çap  olunan tarixə diqqət edin: 22 may 1990-cı il. Azərbaycanın ən təlatümlü günləri idi o vaxt.

Bu, bəlkə də, mənim həyatımda ən böyük qələbəm idi. Respublika qəzetləri də onu iki dildə - Azərbaycan və rus dillərində dərc etdilər. Bütöv halda isə müsahibəni Sabir Rüstəmxanlı  “Azərbaycan” qəzetində verdi. O vaxt, doğrudan da, əhali arasında böyük çaşqınlıq yaranmışdı. MK-da da qorxu var idi.

– Bəs “Müdaxilə” necə ərsəyə gəldi ?

–  O  vaxt hamı deyirdi ki, xata məndən uzaq olsun. “Krasnaya zvezda”da material çıxandan sonra MK-da mənimlə maraqlandılar. Sonra mənə “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri vəzifəsinə getməyi təklif etdilər.

Nə isə... Bir müddət “Krasnaya zvezda”da məqalələr çap etdirdim.  Sonra “İzvestiya”da işə başladım. “İzvestiya”da erməni lobbisi möhkəm kök salmışdı. İstədiklərini eləyirdilər. Xoşbəxtlikdən az müddət ərzində kollektivlə dil tapa bildim. Yanvar faciəsini isə unuda bilmirdim. Qarşıdan onun birinci ildönümü gəlirdi. Bilirdim ki, bu barədə təkbaşına özüm məqalə yazsam, əngəllərlə üzləşəcəyəm. “İzvestiya” qəzeti kimi çox böyük oxucu auditoriyası olan qəzetin tribunasını  itirmək olmazdı. Hər an sayıqlıq tələb olunurdu. Həyatımızın, humanist dəyərlərin  təqiblərə məruz qaldığını nəzərə alsaq, xalqımızın yanvar faciələrini  bütün dünyaya car çəkmək məqamı yetişmişdi. Mən bunu açıq-aydın hiss edirdim. Odur ki, müstəqil jurnalist  təhqiqatı aparıb, silsilə material hazırlamaq üçün əməkdaşlardan  birinin Azərbaycana ezam edilməsini redaksiya rəhbərliyindən xahiş etdim. Təklifim çox çətinliklə də olsa bəyənildi. Siyasi icmalçı Valeri Vıjutoviçlə Bakıya ezam olunduq. 20 Yanvarın ildönümü günü idi. Şəhidlər Xiyabanını ziyarət etmək üçün xalq axınına qoşulduq. İstəyirdim ki, bu qəm, kədər dənizini, sonu görünməyən insan axınını seyr etdikcə mənim xalqım, millətim kimi o da sızıldasın, o da bu faciəni qəlbən duyub yaşasın. Mən şəhidlərimizin baş daşlarındakı yazılar barədə jurnalist dostuma məlumat verdikcə onun gözlərindəki qəzəbi, sifətindəki nifrəti açıq-aşkar duyurdum. O, çox kövrəlmişdi, gördüyü dəhşətli mənzərələrdən sarsılmışdı. Biz məzarları ziyarət eləyə-eləyə, ağır addımlarla irəliləyirdik. Yavaşca pıçıldadı:

– Biz nə qədər yanılmışıq. Nə həqiqəti bilmişik, nə də  ki, həqiqəti yazmışıq. Bax, indi gördüklərimizdir əsl həqiqət! Ziyarəti başa vurub, gəldik mehmanxanaya. Əvvəlcədən topladığım materiallarla  onu tanış etdim. Bir çox faktları götür-qoy etdik, düşündük-daşındıq. İki həftə müddətində biz şahidlərlə, zərərçəkənlərlə, bir sıra rəsmi şəxslərlə,  hərbçilərlə, mütəxəssislərlə görüşdük. Neçə gün audiokasetləri dinlədik,  videokasetlərə  baxdıq. Bunlarla yanaşı, arxiv və istintaq sənədlərilə tanış olduq.

Çox çətinliklə də olsa, “Müdaxilə” silsiləsini   “İzvestiya”nın səhifələrinə çıxara bildik. “Müdaxilə” böyük sensasiya yaratdı... Sonra ona ön söz yazıb Azərbaycan və rus dillərində yüksək tirajla “Müdaxilə” adı ilə kitab şəklində çap etdirdim.

Nəşrlərin ikisi də böyük uğur qazandı. Bakıdan dünyanın müxtəlif ölkələrinə uçan təyyarə reyslərinə verirdim ki, “Müdaxilə” də, “Vtorjeniye” də daha çox oxucu qazansın. Qazandı da. Bunu aldığım çoxsaylı məktublar da deyir.  

 Yazı təkcə yanvarın 20-də Bakıda baş verən faciəli hadisənin səbəblərini deyil, həmçinin məqsədini, belə bir müsibəti törətməkdə əli və iradəsi olan kəslərin məkrli fəaliyyətini də açıqlamışdı.  Əlbəttə, üç qəzet yazısında (“İzvestiya” 13,14,15 fevral, 1992-ci il ) bunları təhlil, təsdiq etmək asan olmamışdı. Ancaq, hər halda, ictimaiyyətin fikrini düzgün istiqamətləndirmək, hətta siyasi komissiyaların və istintaq işçilərinin  təhqiq və tədqiq yollarına müəyyən qədər işıq salmaq, şəksiz,  mümkün olmuşdu.

  – Aradan illər keçdikcə o vaxt baş vermiş hadisələr daha aydın görünür. Siz necə fikirləşirsiniz, o vaxt Bakıda nə baş vermişdi?

Bir həqiqət aydındır: o vaxt ərazi bütövlüyünün qorunmasını tələb edən, əslində, suverenliyinə sahib çıxmaq istəyən  xalqı cəzalandırmaqla başqalarını da bu yoldan çəkindirmək, onlara ibrət dərsi vermək əsas götürülmüşdü. Məqsəd sovet imperiyasını yaxınlaşmaqda olan iflasdan qorumaq, sütunları laxlamış totalitar rejimi onun sınaqdan çıxmış üsulu ilə – zorla qoruyub saxlamaq olmuşdu. O vaxt Bakı hadisələrindən sonra digər yerlərdə baş verən faciələr də bir zəncirin halqaları olduğunu təsdiqlədi. Belə güman edirəm ki, Qarabağda törədilən sonrakı soyqırım faciələri də, Xocalı qətliamı da xalqımızı cəzalandırmaq siyasətinin davamı idi. Güman ki, düşmən bu niyyətinə nöqtə qoymayıb.

Ordu o vaxt Bakıda totalitar rejimi, Sov.İKP-nin  hakimiyyətini, sovet imperiyasını, eyni zamanda, mərkəzin ermənipərəst marağını qorumuşdu.  Oxucuya bunun üçün uydurma sübut-dəlillər təqdim olunurdu.  Biz Qara Yanvar hadisələri barəsində mərkəzi KİV-in yaratdığı yanlış təsəvvürdən, əlverişsiz ictimai rəydən sonra insafən, istəyimizə nail olduq. O vaxt bu yazılar dostun dostluğunu, düşmənin isə düşmənliyini göstərməkdə çox təsirli oldu.

– Vasif müəllim,  gələcək planlarınız  barədə nə deyə bilərsiniz?

– Təxminən iki ilə yaxındır ki,  həmkarım Rövşən Vəlizadə ilə birgə çox mühüm bir mövzu – Xocalı faciəsi ilə bağlı elmi axtarışlar, jurnalist təhqiqatları ilə məşğuluq.

Uzun illər  azərbaycanlılara  qarşı  ermənilərin törətdikləri terrorlar, cinayətlər, işğal etdikləri torpaqlarımızda  maddi, mənəvi, mədəni sərvətlərimizi məhv etmələri, mənimsəmələri faktlarını araşdırıb qiymət verərkən, diqqətimizi Leyla xanım Əliyevanın  şəxsində Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən fəaliyyətləri cəlb etdi. Bu istiqamətdə  də araşdırmalarımızı davam etdirdik. Nəticə ümidverici və sevindirici idi. 

Leyla xanım Əliyevanın  “Xocalıya ədalət!” çağırışı artıq beynəlxalq  aləmdə  erməni separatizminə, beynəlxalq terrorun  bir qolu olan  erməni terroruna qarşı ən  ciddi, inandırıcı bir mübarizə  forması  kimi nüfuz qazanmaqda idi.

Nəhayət, qərara gəldik ki, erməni vandalizmini, terror aktlarını, Ermənistanın işğalçı dövlət olduğunu  sübut və ifşa  edən materialları bir yerə toplayıb, onlara qarşı  beynəlxalq aləmdə  mübarizə kampaniyasına başlamış  Leyla Əliyevanın “Xocalıya Ədalət!” çağırışının  uğurlu nəticələrini ümumiləşdirib  kitab yazaq. Xocalı soyqırımının 22-ci ildönümü   ərəfəsində  bu mövzuda yazdığımız “Leyla Əliyevanın “Xocalıya Ədalət!” çağırışı beynəlxalq erməni terroruna qarşı mübarizədə yeni strateji  modeldir” adlı iki cildlik kitab artıq  hazırdır və yaxın günlərdə nəfis tərtibatda  nəşr ediləcəkdir.

Kitabda qeyd etdiyimiz kimi, Leyla xanım Əliyevanın “Xocalıya Ədalət!” beynəlxalq  kampaniyası terrora  məruz qalmış  insanların  haqlarının müdafiəsində dünya xalqlarını,  dünya  birliyini humanizmə, ləyaqətə, nəcibliyə, vicdana, haqqa, ədalətə, yüksək mənəvi dəyərlərə  səsləyən strateji bir model  kimi bütün  xalqlar üçün  bəşər tarixində rolu əvəzolunmaz    olacaqdır.  Yaşadığımız  yüzillikdə  dünyamızın bu cür çağırışa ehtiyacı olduğunu gələcəkdə tarix özü təsdiqləyərək dəyərləndirəcəkdir.        İki cildlik  bu kitabda  beynəlxalq  terrorun  bir qolu olan erməni  terrorçularının  müxtəlif dövrlərdə  Azərbaycan  torpaqlarında,  xüsusilə ötən əsrin  son illərində Ermənistan və onların  havadarlarının köməyi ilə  işğal  olunmuş Dağlıq Qarabağ  ərazisində,  o cümlədən Xocalı yaşayış   məntəqəsində  törətdikləri kütləvi  qırğınlardan,  vəhşiliklərdən,  soyqırımdan  bəhs edilir.  Kitabda  Heydər Əliyev   Fondunun  vitse-prezidenti,  fondun RF-dakı Nümayəndəliyinin  rəhbəri Leyla Əliyevanın  “Xocalıya Ədalət!”  kampaniyası çərçivəsində  beynəlxalq  aləmdə   həyata keçirdiyi  təqdirəlayiq  tədbirlərdən  söhbət açılır.

Şübhəsiz , zəngin fakt  və sənədlərlə, sübutlarla əhatələnmiş bu kitab dünyada terrora və zülmə, işgəncəyə və amansız qətliamlara   qarşı mübarizədə tarixi həqiqətlərin  önəmli  bir toplusu  kimi oxucuların  diqqət mərkəzində olacaqdır.

– Maraqlı müsahibəyə görə sağ olun. Sizə gərəkli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Müsahibəni hazırladı:

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında