Azərbaycanda gedən iqtisadi inkişafdan və ölkəmizin regiondakı rolundan danışan türkiyəli ekspert Mətin Tavukçu belə deyir
Ölkəmizin sürətli iqtisadi inkişafı xarici ekspertlərin də diqqətindən yayınmır. Azərbaycan barədə araşdırmalar aparan türkiyəli siyasətşünas Mətin Tavukçu qlobal maliyyə böhranın yüksək həddə çatdığı bir dövrdə ölkəmizin inkişafını davam etdirməsinin möcüzə olduğunu bildirir. O deyir ki, Azərbaycanın bu sahədə uğur qazanmasının təməlində iqtisadi siyasətin sistemli və ardıcıl şəkildə həyata keçirilməsi dayanır: "Ölkənizin potensialı çox yüksəkdir və şübhəsiz, burada neft və qaz sektoru mühüm rol oynayır. Ancaq Azərbaycanın iqtisadiyyatı təkcə bu amillərdən asılı deyil. Ölkə rəhbərliyinin həyata keçirdiyi düzgün siyasət nəticəsində qeyri-neft sektoru da kifayət qədər inkişaf edib və bu, davamlı və tarazlı yüksəlişə rəvac verib".
Mətin Tavukçunun fikrincə, ölkəmizin qlobal maliyyə böhranından zərər çəkməməsinin səbəbi mühüm tədbirlər planının həyata keçirilməsidir: "Dönün ətrafınıza baxın. İqtisadi böhran regionun bütün dövlətlərinin inkişafına böyük zərbə vurdu. Türkiyə, Rusiya, İran, Gürcüstan da bundan nəsibini aldı. Azərbaycan torpaqlarını işğal edən Ermənistan isə tamamilə iflic vəziyyətinə düşüb. Əgər Türkiyə ilə sərhədlər açılmasa bu ilin sonlarına doğru Ermənistan növbəti daha güclü böhran zərbəsi ilə üz-üzə qalacaq. Ancaq bütün bunların əksinə, Azərbaycan sürətlə inkişaf edir. Dünyada iqtisadi geriləmənin qeydə alındığı bir şaraitdə inkişafa nail olmaq, onu reallaşdırmaq həqiqətən də çox çətindir ".
Türkiyəli siyasətşünas Azərbaycanda regionların inkişafına diqqət yetirilməsini də yüksək qiymətləndirir: "İnanın ki, hər ölkədə bu siyasət həyata keçirilmir. Bu, sizə üstünlük əldə etməyə imkan verir. Bu gün artıq bir sıra beynəlxalq dairələr Azərbaycan təcrübəsindən danışır. Siz regionların inkişafı siyasəti baxımından digər dövlətlərə nümunə göstərirsiniz. Bu, çox mühüm bir məsələdir. Azərbaycanın ən böyük üstünlüyü ondadır ki, regionlarının yüksəlişini xüsusi diqqətlə hazırlanmış Dövlət Proqramıyla gerçəkləşdirir. Görünən odur ki, artıq mühüm nailiyyətlər əldə olunub. Regionlarda yeni iş yerlərinin açılması çox önəmlidir. Türkiyədə məhz bu səbəbdən vaxtilə yüzlərlə ailə öz doğma ocağını tərk edərək böyük şəhərlərə köçməli olub. Bir zamanlar düzgün siyasət həyata keçirilmədiyinə görə, bəzi ucqar kənd və qəsəbələr inkişafdan geri qalıb. Sevindiricidir ki, Azərbaycanda vəziyyət belə deyil. Məndə olan məlumata görə, 5 il ərzində ölkənizdə 840 mindən çox yeni iş yeri açılıb. Bu, böyük rəqəmdir. Həmin iş yerlərinin çox hissəsinin regionlarda olması isə daha böyük uğurdur." Türkiyəli siyasətşünas son vaxtlar dünyanın aparıcı dövlətlərinin Cənubi Qafqaz regionuna böyük maraq göstərdiyini bildirir. O qeyd edir ki, burada da Azərbaycan amili böyük rol oynayır. Çünki Azərbaycan çox əhəmiyyətli geostrateji önəmə malik ölkədir. Onun əhəmiyyətini artıran məsələ, təkcə karbohidrogen yataqları ilə zəngin olması deyil, həm də Avropa və Asiya arasında, necə deyərlər, mədəniyyət və nəqliyyat körpüsü olmasıdır. Azərbaycanın qədim İpək yolunun qovşağında yerləşdiyini xatırladan M.Tavukçu deyir: "Xəzər dənizi ölkənizin nəqliyyat imkanlarını artırır. Bundan başqa, Azərbaycanın enerji dəhlizi olma şansı da yüksəkdir. Hazırda Qazaxıstan öz neftinin bir hissəsini Azərbaycandan nəql edir. Gələcəkdə bunun miqdarı xeyli artırıla bilər. Buna real imkanlar var. Qərb ölkələri Türkmənistan qazının Azərbaycan üzərindən nəqlində maraqlı olduqlarını bəyan ediblər. Bunun bir sıra səbəbləri var. Həmin səbəblərdən ən önəmlisi rəsmi Bakının bütün tərəflər üçün etibarlı tərəfdaş olmasıdır.
Azərbaycanın yürütdüyü çox uğurlu xarici siyasət də dünya ölkələrinə nümunə təşkil edir. Məlumdur ki, indiki dövrdə ölkələrlə münasibətdə siyasi tarazlığı qorumaq çox çətindir. Xüsusən, Cənubi Qafqaz kimi mürəkkəb regionda bir sıra aparıcı dövlətlərin maraqlarının toqquşması bu çətinliyi daha da artırır. Lakin bu regionda, bir az əvvəl qeyd etdiyim kimi, Azərbaycan möcüzəsi var. Rəsmi Bakının uğurlu və çevik siyasəti Azərbaycanı böyük dövlətlərin maraqlarının toqquşma məkanına deyil, əməkdaşlıq məkanına çevirib. Həmin siyasət sayəsində bütün maraqlı tərəflərlə bərabər səviyyədə bərabərhüquqlu əməkdaşlığa nail olunub. Təbii ki, bu zaman Azərbaycan dövlətinin milli mənafeyi ön plandadır.
Bütün bunları nəzərə alaraq mənim qan qardaşlarım fəxr edə bilərlər ki, onların sayın İlham Əliyev kimi lideri var və o, hər addımda xalqının maraqlarını inamla qoruyur. Ümid edirəm ki, Prezident İlham Əliyevin siyasəti türk dünyasının ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkün edəcəkdir".
Amerika Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin "erməni soyqırımı"na dair son qərarına toxunan Mətin Tavukçu belə hesab edir ki, bu, həm Türkiyənin, həm də qardaş Azərbaycanın maraqlarına ziddir. Onun fikrincə, rəsmi Vaşinqton "soyqırımı" oyunundan istifadə edərək, Türkiyəni Ermənistan ilə sərhədləri açmağa vadar etməyə çalışır. Ermənilər isə bu fürsətdən istifadə edərək qondarma iddialarının tanınmasına cəhd göstərirlər. Ona görə də Azərbaycan və türk diaspor təşkilatları fəaliyyətlərini daha da genişləndirməli və rəsmi Ankaraya qarşı haqsız təzyiqlərin qarşısını almaq üçün bütün diplomatik vasitələrdən istifadə olunmalıdır. Onun fikrincə, bu məsələdə Azərbaycan ilə Türkiyənin qətiyyətli mövqe nümayiş etdirməsi çox vacibdir.{nl}
Söhbəti yazdı: Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.