Uğurlu xarici siyasət həyata keçirən Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmlənir. Artıq dünya birliyində Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər. Azərbaycanın bu sahədəki uğurlarını AzərTAc-ın yeni layihəsinin - “Səfir saatı”nın qonağı olan diplomatlar qiymətləndirəcəklər. İlk müsahibimiz Fransanın Azərbaycandakı səfiri Paskal Mönyedir.
- Cənab səfir, söhbətimizə Azərbaycan-Fransa əməkdaşlığından başlayaq. Ölkələrimiz arasında əlaqələrin perspektivlərini necə görürsünüz? Tərəfdaşlıq çərçivəsində ən uğurlu sahə hansı olmuşdur?
- Artıq il yarımdan çoxdur ki, mən Bakıdayam. Azərbaycana gəlişim 2012-ci il mayın 10-a təsadüf edib. Bu tarixin Azərbaycan üçün çox böyük rəmzi mənası vardır - mayın 10-u ümummilli lider Heydər Əliyevin anadan olan günüdür. Mayın 8-i isə Fransada V Respublikanın yeni hökumətinin, solların - Fransua Ollandın hakimiyyətə gəldiyi gündür. Ölkələrimiz arasında siyasi-iqtisadi münasibətlər çox yaxşıdır, Azərbaycan Cənubi Qafqazda Fransanın etibarlı tərəfdaşıdır. Azərbaycan regionda sabitliyə töhfələr verir.
2012-ci ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev Fransaya rəsmi səfər etmişdir. Səfər zamanı hər iki ölkənin prezidentləri arasında çox səmərəli danışıqlar aparılmışdır. Azərbaycan Fransanın strateji münasibətlər qurmaq istədiyi ölkədir. Hazırda Azərbaycan enerji təhlükəsizliyi sahəsində də Fransanın vacib tərəfdaşıdır.
- Sizcə ölkələrimiz arasındakı ikitərəfli əlaqələr çərçivəsində güclü inkişaf gözləyə biləcəyimiz hər hansı bir sahə vardırmı və hansı sahə daha çox diqqət tələb edir?
- Əgər xarici ticarətlə bağlı statistikaya diqqət yetirsək görərik ki, bu sahədə daha böyük potensial vardır. 2011-ci ildə Fransanın Azərbaycana ixracat dövriyyəsi 130 milyon avro idi. Mən səfir kimi fəaliyyətə başlayandan sonra 3 il ərzində bu rəqəmi 1,5 milyard avroya çatdırmaq məqsədi qarşıya qoyulmuşdur. 2012-ci ildə biz ticarət dövriyyəsinin həcmini 164 milyon avroya çatdırdıq. 2013-cü ilin yeddi ayı ərzində isə bu rəqəm 250 milyon avro olmuşdur. Azərbaycanın iqtisadiyyatı sürətlə şaxələndirilir, yeni infrastrukturlar yaradılır, metro, dəmir yolu tikintisi davam etdirilir və s. Əminəm ki, Fransa Azərbaycan ilə bu istiqamətlərdə əməkdaşlığı genişləndirəcək və 2014-cü il yeni müqavilələrin imzalanması baxımından çox məhsuldar olacaqdır.
- Ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətlərindən biri mədəniyyət və təhsil sahəsində əməkdaşlıqdır. Bu sahənin hazırkı inkişafını necə dəyərləndirirsiniz və bu istiqamətdə hansı əhəmiyyətli tədbirlər gözlənilir?
- Mədəniyyət sahəsində ölkələrimiz arasında ikitərəfli əlaqələr mövcuddur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Fransanın bütün əyalətlərində Azərbaycan mədəniyyətini və mədəni irsini fransızlara tanıtmaq üçün bir çox tədbirlər təşkil edilmişdir. Azərbaycanın birinci xanımının Fransaya hər səfəri böyük uğurlu layihələrlə yadda qalır. Bu layihələr sayəsində Fransızlar Azərbaycanı, xalqınızın mədəniyyətini, ədəbiyyatını, incəsənətini daha dərindən tanıyır və heyran qalırlar. Məsələn, fransızlar artıq Azərbaycan ədəbiyyatının klassikləri Nizami Gəncəvinin və Məhsəti Gəncəvinin yaradıcılığı ilə tanışdırlar və muğamlarınız çox sevirlər. Həmçinin “Natiq” ritm qrupu “Azərbaycan Kannda” mədəniyyət günlərində möhtəşəm konsert proqramı ilə çıxış etmişdir. Biz də öz növbəmizdə, xüsusilə universitetlər səviyyəsində bu əlaqələrin genişlənməsində maraqlıyıq. Siyasi əlaqələr isə dediyim kimi, yüksək səviyyədədir.
Bakıda fransız dili liseyi açılmışdır. Bu il liseyə 30 şagird qəbul edilmişdir. Ümid edirik ki, bu rəqəm yeni dərs ilində iki dəfə artacaqdır. İyun ayında Azərbaycan Diplomatik Akademiyasında (ADA) hər iki ölkənin universitetlərinin Fransa-Azərbaycan Forumu təşkil edilmişdir. Fransanın on iki universitetinin nümayəndələri bu Forumda iştirak etmişlər. Onlardan bəziləri artıq əməkdaşlıq sazişləri imzalamışdır. Məsələn, Fransanın nüfuzlu Lil Siyasi Elmlər Universiteti ADA ilə əməkdaşlıq sazişi bağlamışdır. Eləcə də Fransanın Milli Administrativ Məktəbi (ENA) Azərbaycan məmurları üçün təlim stajları təşkil etmiş, Hakimlər Məktəbi isə Azərbaycanın Ədliyyə Nazirliyinin təlim mərkəzi ilə əlaqə qurmuşdur.
- Fransa ilə Azərbaycan arasında bütün sahələri əhatə edən geniş strateji tərəfdaşlıq mövcuddur. Bu məsələ ilə də bağlı fikirlərinizi bilmək istərdik?
- Bizim strateji tərəfdaşlığımızın bir çox tərkib hissələri vardır. Fransanın Azərbaycan ilə bir sıra sahələrdə sıx siyasi əlaqələri mövcuddur. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Fransa ilə bir çox qətnamə layihələrində əməkdaşlıq edir. Azərbaycanın bu layihələrdəki konstruktiv rolu rəsmi Parisdə yüksək qiymətləndirilir. Fransa bu il Azərbaycanın ilk qaz alıcısı olmuşdur. Belə ki, Azərbaycandan ildə 2,5 milyard kub metr qaz almağa imkan verəcək 25 illik saziş imzalanmışdır.
- İndi inkişafın Azərbaycan modelindən tez-tez danışırlar. Bu barədə siz nə deyə bilərsiniz?
- Azərbaycanın öz inkişaf strategiyası vardır. Haqlı olaraq bu barədə danışırlar. Bakıya gələn turistlər bir tərəfdən şəhərin gözəlliyinə, digər tərəfdən sürətli inkişafına valeh olurlar. Şəhərin hər yerində yeni binalar tikilir. Bu da sağlam iqtisadiyyatdan xəbər verir. Fransa 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə inanır.
İqtisadi inkişafdan danışarkən Azərbaycan hökumətinin korrupsiya ilə bağlı mübarizəsini xüsusi qeyd etməliyəm. Bunun bariz nümunəsi kimi “ASAN xidmət”ini göstərə bilərik. Mən “ASAN xidmət”inin ofisində olmuşam. Bu, “elektron hökumət” adlanan qurumdur. “ASAN” bir çox xidmətləri qısa müddət ərzində yerindəcə həyata keçirir.
Azərbaycanda təkcə iqtisadiyyat deyil, mədəniyyət də sürətlə inkişaf edir. Sizin çox istedadlı rəssamlarınız, musiqiçiləriniz vardır. Biz səfirliyimizdə Naxçıvan Muxtar Respublikasından olan rəssam Ülviyyə Həmzəyevanın sərgisini təşkil etmişik.
2014-cü il Fransa-Azərbaycan əlaqələrinin inkişafı baxımından daha zəngin il olacaqdır. Bu il bir sıra yüksək səviyyəli səfərlər gözlənilir.
- Vilnüsdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüş olmuşdur. Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Fransanın mövqeyi necədir?
- Bu münaqişə çox uzandı. Amma hər kəs onun tezliklə həll olunacağına böyük ümidlər bəsləyir və onun dinc yolla həlli arzusundadır. Müşahidəçilər prezidentlər İlham Əliyev və Serj Sarkisyanın Vilnüs görüşü zamanı yeni ümidlərin yarandığına və bunun yeni ildə görüşmək üçün siyasi iradənin təzahürü olduğuna inanırlar. Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Kiyevdə görüşmüşlər. Hər iki nazirin yanvar ayının sonunda Parisdə yenidən görüşəcəyi məsələsi gündəmdədir. Beləliklə, danışıqlarda yeni müsbət dinamika hiss olunur. Əlbəttə, Fransa münaqişənin tezliklə və dinc yolla həlli üçün səylərini əsirgəməyəcəkdir. Biz Strasburqda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrini qəbul etdik. Onlar 2014-cü ildə yenidən Parisdə görüşərək təsdiq olunması nəzərdə tutulan bəyannamə hazırlamaq niyyətindədirlər.
Münaqişənin həlli ilə bağlı ümidlər böyükdür, sadəcə məsələyə real və ehtiyatlı yanaşmaq lazımdır. Hər halda, Fransa bu müsbət irəliləyişə köməyini əsirgəməyəcəkdir.
- 20 ildən sonra Fransanın Azərbaycandakı missiyasını necə görürsünüz? O vaxt artıq indiki prioritetlər, indiki hədəflər olmayacaqdır.
- İnanıram ki, qarşıdakı 20 ildə Azərbaycan daha da inkişaf edəcəkdir. Azərbaycan regionun turizm mərkəzi statusunu daha da möhkəmləndirəcəkdir. Bunu ölkənizdə tikilən yeni otellər, muzeylər, istirahət məkanları təsdiqləyir. Azərbaycan həm də informasiya texnologiyaları sahəsində yeni doğan günəşə bənzəyir. Məncə, 20 il ərzində Bakı indiki kimi yenə də beynəlxalq konfransların keçirildiyi əsas mərkəz olacaqdır. Mənim Azərbaycanın gələcəyi haqqında baxışlarım çox nikbindir. Ümidvaram ki, mən o zaman Azərbaycandakı yenilikləri görmək üçün yenidən buraya gələcəyəm.
- Cənab səfir, bildiyimizə görə Azərbaycan dilini öyrənirsiniz. Bu, sizin üçün çətin deyil ki?
- Azərbaycan dili çox maraqlı və asan bir dildir. Çünki sizin diliniz də türk, macar və həmçinin yapon dilləri kimi Altay dil ailəsinə daxildir. Məsələn, yapon dilində sərbəst danışmağıma baxmayaraq, cümlə qurmaqda kiçik problemlərim vardır. Mənim danışdığım dillərin əksəriyyəti türk dilindən daha fərqli olduğu üçün bu, müəyyən problemlər yaradır. Mən ərəb mənşəli sözləri daha asan qavrayıram. Azərbaycanca elmi, siyasi terminləri daha asan başa düşürəm, amma adi danışıq dilini öyrənməkdə bir az çətinlik çəkirəm.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.